Yağış getdikcə güclənirdi, evə çatmağıma isə hələ xeyli yol vardı. Bu il payız girəndən yağışlar heç ara vermirdi. Bir tərəfdən altı deşilmiş idman ayaqqabılarımın içinə dolan su, bir tərəfdən də qarnımdakı körpənin ağırlığı yeyin yeriməyimə imkan vermirdi. Bütün günü də bazarda ayaq üstündə qaldığımdan ayaqlarım şişmişdi. Avtobus dayanacağının yanından keçəndə istədim minib avtobusla gedəm. Əlimi cibimə salıb pulun qədərinə baxdım. Cibimdə yalnız bir çörəyin pulu qalmışdı. Avtobusla getsəydim gecə ac yatmalı olacaqdım deyə yenə də piyada getməyə üstünlük verdim.
İş tapa bilmədiyimdən yun corab, əlcək, stol örtüyü və digər bəzək əşyaları toxuyaraq hər gün bazara çıxarıb satırdım. Neçə gün idi demək olar ki, heç nə sata bilmirdim. Əlimdə olan pul da qutarmışdı. Ümidim Solmaz xalaya idi. Həftədə bir dəfə dayımdan gizlin yanıma gəlir, ya pul verir, ya da ərzaq alıb gətirirdi. Amma bir həftədən çoxdur ki, gəlmir. Yəqin evdən çıxmağa bəhanə tapa bilmir. Qonşularımdan da arada ərzaq yardımı edənlər olur. Üzbəüz qapı qonşum İlahə çox mehriban gəlindir. Evində nə bişirərsə bir qab da hökmən mənə verir. Yazığın əri Ağdamda şəhid olub, qardaşları dolanışığına köməklik edirlər. O halıyla hələ mənə də köməklik edir, əlində nə olur mənim də payımı mütləq verir. Bir də Tubu xala var. O da mənə qarşı çox mehriban və qayğıkeşcəsinə davranır. Tubu xala elə anamla yaşıd olar. Əri elektrik stansiyasında işləyir. Bir oğlu var: Yasin. Məndən üç-dörd yaş balaca olar, məktəblidir, dərslərində çətinliyi olan kimi qaçır üstümə, mən də kömək edirəm.
Dayımgilin qonşularında olduğu kimi burda da məni görəndə üz-gözünü turşudub, ağız büzənlər var.
Qarnım böyüyüb, hamiləliyim özünü biruzə verəndən sonra belələrinin sayı bir az da artdı. Əvvəllər çox pis təsir edirdi. Saatlarla otağıma qapanıb ağlayırdım. Amma sonradan öyrəşdim artıq bəzi insanların bu cür düşüncələrinə. Heç kim başqasının dərdini yaşamadığı təqdirdə onu anlaya bilməz. Birinin dərdi başqasına qınaq hədəfi olub həmişə. Bu düşüncəyə sahib olan insanlar hər zaman olub və olacaq da.
Nəhayət ki, yataqxananın hər cür yemək iyi verən dəhlizinə özümü çatdırdım. Qapıya çatıb açarı kilidə salmışdım ki, İlahə qapını açıb:
− Gəldin? – deyib yenidən içəri qaçdı və əlində iki dolu zənbil qayıtdı:
− Solmaz xala gəlmişdi. Səni gözlədi, gəlmədin, bunları və bunu, − deyib əlini jaketinin cibinə salıb bir büküm pul çıxarıb mənə uzatdı: sənə çatdırmağımı xahiş etdi.
− Çox sağ ol, ay İliş, – deyib pulu və zənbilləri ondan aldım.
− Vay, qız, heç fikir vermirəm, sən təmiz islanmısan ki.
− Hə, yağış güclü yağır. Dayanacaqdan bura gələnə kimi islandım.
Yalan danışmağım yanaqlarımın qızarmasından bilinməsin deyə üzümü çevirib qapını açmağa çalışdım. İlahə yaxınlaşıb əlini alnıma qoyub təşvişlə:
− Ay qız, sən qızdırmadan yanırsan ki, – deyib əlimi kənara itələyib qapını açdı. Bir əliylə zənbilləri götürüb, o biri əliylə qolumdan tutaraq içəri keçməmə kömək elədi. Yaş paltarlarımı çıxarıb stulun başına yığdı. Dəsmal götürüb saçlarımı quruladı və paltarımı geyinməyə kömək elədi. Yastığımı düzəldib məni yerimə uzandırıb: “Gözlə, gəlirəm” deyərək qaçıb otaqdan çıxdı. Beş dəqiqə sonra əlində bir fincan zoğallı çay qayıtdı. Çayı öz əliylə qurtum-qurtum mənə içirtdi. Anamı xatırladım. Hər dəfə xəstələnəndə başımın üstünü kəsdirər, əlimi tərpətməyə belə qoymazdı, yeməyi belə qaşıqla özü yedirərdi mənə. Həmid isə balaca əllərini alnımda gəzdirərək, yanağımdan öpüb ağzının suyunu tökərdi üzümə. Gözümü açıb üzünə baxdıqda mırıq dişlərini göstərib tez də qaçıb gedərdi. Amma indi nə anam mənə qulluq edir, nə də balaca Həmidim gedib-gəlib öpürdü məni. Bəlkə də, ruhları haradasa burda yaxınlığımda, lap yanımda dayanıb mənə baxırlar. Çox darıxdım onlar üçün. Bunları düşündükcə özümdən asılı olmadan göz yaşlarım axıb qulaqlarıma dol- ur, oradan da boynuma axırdı. Bütün gecəni qızdırmanın təsirindən dəhşətli yuxular gördüm. Səhər oyananda İlahə yanımdakı stulda mürgüləyirdi. Yazıq gecəni səhərə kimi yanımda qalmış, məni bu vəziyyətdə tək buraxmamışdı.
Günortaya artıq nisbətən yaxşılaşmışdım. Qalxıb geyindim. Özümə yemək hazırlamaq üçün lazımi ərzaqları götürüb mətbəxə getdim. Mətbəxdə əməlli-başlı növbə var idi. Qaz sobasının boşalması üçün divara söykənib gözləyirdim. Həm xəstəlikdən, həm də hamiləlikdən ayaq üstə durmağa çətinlik çəkirdim. Bu vaxt İlahə də əlində kiçik bir qazança içəri girdi. Məni halsız, divara söykənmiş vəziyyətdə görüb:
− Ay qonşular, bu qız həm xəstədir, həm də hamilə. İcazə verin yeməyini bişirsin, sonra biz bişirərik, – deyə içəridəkilərə müraciət etdi.
Əlində doğranmış kartof və yağ ilə dolu tava olan Səyyarə xala adlandırılan kök qadın çevrilib hirsli baxışlarla əvvəl mənə, sonra İlahəyə baxaraq:
− Xəstədir, getsin xəstəxanaya, hamilədir, getsin doğsun. Belə mənim gözüm aydın. Hamiləymiş! Biz necə dayanmışıq növbəyə o da dayansın gözləsin, – uca səslə dilləndi.
− Ay Səyyarə xala, bir az insafın olsun. Görmürsən ayaq üstə güclə dayanır? Nolar ki, beşcə dəqiqəyə yeməyini bişirib gedəcək.
− Biz axşama kimi burda yatmayacağıq ki? Biz də beş dəqiqəyə bişirib gedirik də.
− Axı o, hamilədir, Səyyarə xala.
− Az, belə cəhənnəmə hamilədir. Ermənidən uşaq doğ- acaq, o da böyüyüb burda hamımızın başını kəsib gedəcək də. Nə yapışmısan axı hamilədir-hamilədir, – Səyyarə xala ağzı köpüklənə-köpüklənə növbəsindən çıxıb İlahəyə tərəf bir neçə addım atdı: − Gözləyir, hamı kimi canı çıxsın gözləsin, gözləmir cəhhənəm olub getsin.
İlahəyə tərəf çönüb mübahisə etməməsini demək istəsəm də, qəhər boğazıma dolduğundan danışa bil- mədim. Onun dirsəyinə toxundum ki, lazım deyil. Divardan tuta-tuta dəhlizə çıxdım. Bir neçə addım atmışdım ki, qarnımın altından dəhşətli bir sancı tutdu. Özümdən asılı olmayaraq bir əlimi divara dayaq verərək bir əlimlə qarnımı tutub qışqırdım. Ağrı getdikcə daha da şiddətləndiyindən qeyri-ixtiyari olaraq qışqırırdım. Səsimə mətbəxdəkilər qaçıb gəldilər. İlahə qaçaraq gəlib qoluma girdi. Ətrafa baxıb həyacanlı halda:
− Kömək edin, qurban olum, kömək edin, Elnurə doğur, – qışqırdı.
Lakin heç kim yerindən tərpənmədi. Səsimə Tubu xala da qaçaraq gəlib digər qoluma girib məni pilləkənə tərəf apardılar. Tubu xala üzünü otaqların birindən çıxan cavan oğlana tutub:
− Fərhad, oğlum, xala qurban, qaç aşağıdan təcili yardıma zəng vur, – dedi və dərhal da nə düşündüsə:
− Yox, təcili yardım gec olar, sən qaç bir taksi gətir, – deyə əlavə etdi.
Fərhad başını yelləyib, pillələrlə aşağı yüyürərək yoxa çıxdı.
Yataqxananın həyətinə düşdükdə taksi artıq orda idi. Fərhadın da köməkliyi ilə məni maşının arxa oturacağına uzatdılar. Fərhad qabaqda − sürücünün yanında əyləşdi, İlahə isə arxada mənim yanımda oturub başımı dizlərinə qoyub, əllərimdən bərk-bərk tutdu. Fərhaddan və taksi sürücüsündən utanaraq qışqırmamağa çalışsam da, arada ağrı o qədər güclü olurdu ki, qış- qırmaya bilmirdim.
Artıq yarım saatdan çox idi ki, ana olmuşdum. Oğlum olmuşdu. Uşağı hələ yaxşı görə bilməmişdim. Doğuş olan kimi onu əskiyə bükərək apardılar. İçimdə bir narahatlıq vardı. Birdən uşağıma nəsə olar, ya elə özləri nəsə edərlər. Gözüm qapıda qalmışdı ki, kimsə gəlsin uşağımın necə olduğunu soruşum. Bir az sonra yaşlı bir tibb bacısı içəri girib mənə yaxınlaşaraq:
− Elnurə sənsən? – deyə soruşdu.
− Hə, mənəm. Uşağım necədir, hardadır? − Həyacanlanaraq bir neçə sual dalbadal verdim.
− Qorxma, uşağın top kimidir, bir azdan gətirəcəklər, əmizdirəsən, – deyib azca mənə tərəf əyilərək əlavə elədi:
− Mən bura başqa şeyə görə gəlmişəm. Sevda doktor göndərib məni, pulunu istəyir.
− Nə pul? – təəccüblə soruşdum.
− Necə nə pul, ay qız? Səni o doğuzdurub. Bəs onun haqqını kim ödəyəcək?
− Axı bura dövlətin xəstəxanasıdır, siz burdan maaş alırsız.
− Bura bax, mənə qanun oxuma burda. Camaat sənin dədənin nökəri deyil. Camaat əziyyət çəkib sənin küçüyünü doğuzdurub, haqqını istəyir.
Oğluma “küçük” deyəndə elə bildim ki, üzümə sərt bir şillə dəydi. Özümdən asılı olmadan qalxıb yerimdə oturub, qəfil əlimi atıb yapışdım boğazından:
− Mənim uşağım küçük deyil. Bunu hamınız anlayın artıq. Kimsə mənim uşağımı təhqir edə bilməz. Onu qoruyan bir anası var, − deyib, getdikcə daha möhkəm sıxmağa başladım.
Sıxdıqca gözləri bərəlir, üzü göyərir və dili ağzından çölə çıxırdı. Onun üzündə gördüyüm ifadələr tanış ifadələr olduğu üçün məni heç də qorxutmurdu. Əsirlikdə olanda ermənilərin öldürdüyü əsirlərin üzlərində çox görmüşdüm bu ifadələri. Artıq yorulmuşdum, əzilməkdən, alçalmaqdan. Həyatın mənə çəkdirdiyi acıların qisasını bu qadından alacaqmışam kimi heç nə düşünmədən barmaqlarımı daha bərk sıxırdım. Onun isə yavaş-yavaş rəngi qaralır, gözləri hədəqəsindən çıxırdı. Əlləri ilə biləklərimdən tutub sıxır, dartınır, xilas olmağa çalışırdı. Hərdən atdığı təpiklər və xilas olmağa çalışdığı zaman mənə vurduğu zərbələr məni daha əsəbiləşdirir və gözümü daha da qaraldırdı. Artıq o xırıldamağa başla- mışdı. Sonra kimsə qolumdan tutub, dartmağa başladı, daha bir kimsə barmaqlarımı açmağa cəhd göstərdi və istədiyinə də nail oldu. Qadın tappıltıyla arxası üstə döşəməyə yıxılaraq xırıldamağa başladı. Hər şey gözümdə dumanlı görünməyə başladı. Beynimdə bir uğultu yarandı. Qarışıq, başa düşülməyəcək səslər, palataya doluşan adamlar, kiminsə qışqıra-qışqıra mənə nəsə deməsi. Bütün bunlar bir yuxu, xəyal kimi gəlirdi mənə. Sonra yəqin ki, huşumu itirmişəm. Çünki gözümü açanda ətrafda tam bir sükut hökm sürürdü. Sadəcə pəncərə şüşəsinə çırpılan yağış damcılarının səsi eşidilirdi. Başımı sağa çevirib döşəməyə baxdım. Qadın orada yox idi. Ayaq səsi eşidib azca dikəldim. Mənimlə bir palatada yatan digər qadın idi. Çarpayısından qalxıb mənə yaxınlaşırdı:
− Ayıldın? – deyə soruşdu.
Göz qapaqlarımı bir birinə sıxmaqla “hə” işarəsini verdim.
− Yazıq Sənubəri az qala öldürmüşdün, − gəlib çarpayımın ayaq tərəfində oturdu, − Həkimlər güclə ayıltdılar.
Cavab vermədim. Gözlərimi bir nöqtəyə zilləyib durmuşdum.
− Gedim deyim ayılmısan, uşağını gətirsinlər əmizdir. Yazıq bayaqdan acından ağlayır, − deyib əlimi yavaşca sıxaraq ayağa qalxdı.
Bir neçə dəqiqə sonra yenidən palataya qayıtdı, arxasınca da bir tibb bacısı və qucağında mənim oğlum. Tibb bacısı uşağı ehtiyatla qucağıma verdi. Oğlumu ilk dəfə görür və ilk dəfə qucağıma alırdım. Analıq hissi sözlə ifadə olunmayacaq bir hisdir. Onu qucağıma aldığım an indiyə kimi çəkdiyim bütün əzabları bir anlıq unutdum sanki. Elə bil ki, yeni bir həyata başlayırdım – analıq həyatına. Onun şirin yatışına baxdıqca, qoxusunu içimə çəkdicə özümü bu zülm və əzablarla dolu dünyada yox, tamam başqa, sakit, rahat bir dünyada hiss edirdim. Bəlkə də, Allah bu dünyada çəkdiyimiz əzablarla, ağrılarla, üzləşdiyimiz çıxılmaz vəziyyətlərin çətinliyi ilə bizə cəhənnəmin, bəzi xoş duyğularla isə (analıq hissi və s.), öz körpənin qığıltısı, qoxusu ilə cənnətin varlığını bizə xatırladır və ya hərəsindən çox cüzi bir hissə göstərməyə çalışır. Yaşadığımız hər əzab, hər çətinlik cəhənnəmin bu dünyada bir parçası, xoşbəxtlik, huzur isə cənnətin bir parçasıdır. Sadəcə şüurumuz bunu dərk etmək istəmir, alın yazısı, taleh deyib fərqinə varmırıq və ibrət götürmürük.
Oğlum elə döşümü əmə-əmə də yuxuya getdi.
Başımla tibb bacısına işarə etdim ki, gəlib götürsün. Dərin bir nəfəs alaraq qoxusunu içimə çəkib, alnından öpərək verdim tibb bacısının qucağına. Onlar qapıdan çıxana kimi gözümlə müşaiyət elədim. Qalxıb pəncərəyə yaxınlaşdım. Hava artıq qaralmışdı. Bəlkə də, gecənin bir yarısıydı, bilmirəm, saatdan xəbərim yox idi. Nə qədər baxdımsa da, islanmış şüşədən uzaqdan işaran bir-iki bulanıq işıqdan başqa heç nə görə bilmədim.
Qayıdıb uzandım yerimə. İçimdə bir rahatlıq vardı. Öz-özümdə düşündüm ki, yaxşı ki, təkidlərə, hədə- qorxulara boyun əyməyib tələf etdirmədim uşağı. Yoxsa bir ömür özümü öz uşağımın qatili kimi görərdim və vicdanım heç vaxt rahatlıq tapmazdı. Hələ Xocalıda olarkən eşidəndə ki, kimsə uşağını abort etdirib o qədər də qəribə gəlməzdi mənə. Düşünürdüm ki, doğulmamış, üzünü görmədiyim bir şeydir, yəni çox adi gələrdi mənə abort. Amma hamilə olduğumu eşidəndə elə bil ki, içimdə hiss etdim o uşağı. Xəyalımda, təsəvvürümdə canlandırdım onu və düşündüm ki, aborta razılıq versəm, qatil olacam. Ondan sonra aborta razılıq vermiş ananı bir məhbusa günahsız olduğunu bilərək ölüm hökmü vermiş hakimə, abort edən həkimi isə günahsız olduğunu bilərək həmin məhkumun qətlini icra edən cəllada bənzədirəm. Elə bu düşüncələrlə də yuxuya getdim.
Səhər Solmaz xala yanıma gəldi. Uşaq üçün müxtəlif oyuncaqlar və bir neçə dəst paltar almışdı. Ona da İlahə zəng vurub xəbər vermişdi. Dünən dayım evdə olduğu üçün gələ bilməmişdi, ona görə də bu gün dayımı işə yola salan kimi qaçıb gəlmişdi yanıma. Dayımdan gizlin gəldiyi üçün qalxıb alnımdan öpüb:
− Mən gedim, qızım. Ya uşaqlar, ya dayın bilsə məni öldürər, − dedi.
− Çox sağ ol, Solmaz xala, çox əziyyət çəkirsən üstümdə. Heç bilmirəm borcundan necə çıxacam.
− Qızım, mənim sənə etdiklərim sənin ananın mənə etdiklərinin yanında heç nədir, − dedi və gözləri yol çəkərək davam elədi, − Məni dayın qaçıranda babangil qəbul etmirdilər. Heç kimin məni görməyə gözü yox idi. Bircə anan durdu arxamda. Qorudu hamıdan, müdafiyə elədi, qoymadı kimsə məni əzə, alçalda. Mənə demək olar ki, bacı oldu o vaxtı anan… − dərindən ah çəkdi Solmaz xala. Atan da bizə çox kömək edib. Biz Xocalıda yaşayanda dayın işsiz idi. İki körpə uşaqla çox çətin dolanırdıq. Amma atan heç vaxt bizi nədənsə korluq çəkməyə qoymayıb. Zənbil-zənbil bazarlıq edib gətirərdi hər həftə. Dayının cibinə pul qoyardı. Elə dayının bu işə düz- əlməsində də, Mingəçevirdə ev almağımıza da atanın çox köməyi oldu. Dayın bütün bunları unutsa da, mən sənin ananın, atanın üstümüzdə olan haqqını itirmərəm, mənim balam.
Gözlərindən yanaqlarına süzülən yaşı silib ayağa qalxıb gülümsündü:
− Yaxşı, qızım, mən gedim, gecdir daha. Nəyəsə ehtiyacın olsa, İlahəyə deyərsən mənə zəng vurar.
− Çox sağ ol, Solmaz xala.
Yerimdən qalxıb onu bərk-bərk qucaqladım.
Solmaz xala gedəndən sonra oğlumu gətirdilər, əmizdirdim. Bir saata yaxın da yanımda qaldı. Uşağı aparmağa gələn tibb bacısı əlində bir dənə qönçə qızılgül gətirib mənə çatacağını dedi.
− Kim verdi? – deyə soruşdum.
− Bir oğlan verdi. Xahiş etdi ki, sizə çatdırım.
− Oğlan? Necə oğlan idi?
− Vallah, fikir vermədim, yalan deyərəm, − deyib uşağı götürüb getdi.
Fikir məni götürdü, kim göndərə bilərdi bu gülü mənə? Axı mənim bu şəhərdə tanıdığım elə bir adam yoxdur. Nə qədər fikirləşdimsə ağlıma bir kimsə gəlmədi. Qalxıb stəkanı götürüb dəhlizə çıxıb tualetin yerini soruşdum. Dəhliz boyu arxamca deyilən “ermınidən uşaq doğan bu qızdır” sözlərini eşidirdim. Əsəblərim gərilsə də, özümü eşitməzliyə vurub, keçib getdim. Stəkanı suyla doldurub palataya qayıtdım. Gülün saplağını kəsib stəkana qoydum.
Uşaq qucağımda əlimdə iki selafon torba avtobus dayanacağına tərəf gedirdim. Arxadan kimsə adımı çağırdı, çevrilib baxdım. Bu həmin oğlan idi − sancım tutanda Tubu xalanın xahişi ilə mənə taksi gətirən oğlan. Hə, adı, deyəsən, Fərhad idi.
− Məni Tubu xala göndərib. Dedi piyada gəlməyəsən, − deyib başıyla yanında dayanmış taksini göstərdi.
− Tubu xala hardan bildi ki, bu gün çıxacam? Gülümsünərək çiynini çəkdi və maşının arxa qapısını açdı. Yol boyu heç birimiz danışmadıq. Yataqxanaya çatanda uşağı mən götürdüm, torbalarımı isə Fərhad. İkinci mərtəbəyə qalxanda dəhlizdə Tubu xala ilə qarşılaşdıq. Məni görüb həm təəcübləndi, həm də sevindi.
− Ayy mənim gözəl balalarım gəlmiş. Mən də bayaq İlahədən soruşurdum ki, Elnurə nə vaxt çıxacaq gedək gətirək, − dedi.
− Çox sağ olsun Fərhad. Yolda təsadüfən rastlaşdıq, maşın tutub gətirdi − deyib Fərhada gözucu nəzər saldım, yanaqları qan çanağına dönmüşdü. Başını aşağı dikib dayanmışdı.
Otağıma keçəndə səsimizə İlahə də gəldi. Mənə uşağa baxmağın qaydalarını, bələməyi, altını dəyişməyi, hansı saatlarda yemək, hansı saatlarda su verməyi başa saldı. Tubu xala isə heç kimə fikir verməməyimi, başımı aşağı salıb uşağımla məşğul olub, həyatımı yaşamağımı tapşırdı. Həqiqətən, hər ikisinə necə təşəkkür edəcəyimi bilmirəm. Onlar olmasaydılar, mənə bu qədər dəstək olmasaydılar, çox çətin olardı mənə.
Fevral ayı olmasına baxmayaraq gün çıxmışdı, hava mülayim idi. Uşaq doğulandan bəri ancaq çörək almaq üçün mağazaya getdiyim istisna olmaqla evdən çölə çıxmamışdım. İlahə, Tubu xala və Solmaz xala sağ olsunlar, imkan vermirdilər ki, nədənsə korluq çəkim. Amma düşünürdüm ki, belə də olmaz, ömrümün axırına kimi kiməsə möhtac qala bilmərəm. Bir azdan uşaq böyüyəcək, xərcləri artacaq. Ona görə də bir iş tapıb özümü və uşağımı dolandırmalıyam.
Havanın günəşli olmasından istifadə edib bir az gəzməyi qərara aldım. Oğlumu geyindirib arabasına qoydum. Arabanı oğluma İlahə hədiyyə edib. Uşaqları böyüyüb. Daha arabaya ehtiyacı olmadığı üçün, həm də evdə qalıb yer tutduğuna görə hədiyyə elədi. Gödəkcəmi geyinib qapını açmışdım ki, gördüm qapının ağzına bir dənə qönçə qızılgül qoyulub. Doğum evindən çıxdığım gündən hər gün səhər qapının ağzına bir dənə qızılgül qoyulur. Hərdən elə olur ki, gülün yanına uşaq üçün oyuncaqlar da qoyulurdu. Nə qədər güdsəm də, gülü qo- yanın kimliyini tapa bilməmişdim.
Parkın girişindən keçib gün tutan skamyalardan birində oturdum. Uşağın arabasını üzü günə tərəf qoydum ki, üşüməsin. Bir az oturmuşdum ki, bizdən bir az aralıdan üç-dörd oğlanın bizə tərəf baxaraq keçdiklərini gördüm. İçlərindən biri aralanaraq mənə tərəf addımladı. Yaxınlaşanda tanıdım − dayımın kiçik oğlu Rəşad idi. Gülümsünərək ayağa qalxıb ona əlimi uzadıb:
− Rəşad, xoş gördük, necəsən? – dedim.
− Neynirsən burda? – əsəbi bir səslə soruşdu.
− Heç, uşağı çıxarmışam bir az hava alsın, − deyib gözümlə arabanı göstərdim.
− Erməni küçüyünü?
− Rəşad…
− Küçüyünü də götür, rədd ol get bu şəhərdən. − Rəşad…
− Bir də şəhərdə qabağıma çıxsan, küçüyünü gözünün qabağında doğrayacam.
− Mən heç yerə getməyəcəm, sən kimsən ki, mənə qadağa qoyursan? − səsimin tonu nisbətən yüksəldi.
− İnanmırsan küçüyünü doğrayaram? – deyib uşaq arabasına tərəf cummaq istəyirdi ki, qarşısına keçib, iki əlimin içi ilə sinəsindən itələdim.
− Toxunma mənim uşağıma!
Qolumdan tutub, sıxaraq məni kənara itələmək istəyirdi ki, sifətinə dəyən qəfil yumruqdan özünü saxlaya bilməyib səndələyib yıxıldı. Yumruğu vuran Fərhad idi. Bir əli ilə məni arxasına keçirib qarşımda üzü Rəşada tərəf dayanıb onun yerdən durmasını gözlədi. Rəşad yerdən qalxıb baş barmağıyla dodağından axan qanı silib:
− Demək özünə sevgili də tapmısan. Yaxşı mən atama deyərəm, − deyib çevrilib yerə dəymiş çiynini ovxalaya-ovxalaya bir neçə addım atıb, geri çevrilib Fərhada – Səninlə də qalsın sonraya, − deyib getdi.
Fərhada sağ ol belə demədən skamyaya çöküb əllərimlə üzümü tutaraq hönkürdüm. Ağlayıb ürəyimi boşaldıb əlimi üzümdən çəkib arabaya baxdıqda uşağı orda görmədim. Başımı qaldırdıqda gördüm uşaq Fərhadın qucağındadır.
− Mən burda − parkın girişindəki gül dükanında işləyirəm. Bayaq oradan keçəndə gördüm sizi. İstədim gəlib biraz uşaqla oynayım, − mənə belə baxmadan elə uşaqla oynaya-oynaya dedi Fərhad.
− Bağışla, sənə də problem yaratdım − başımı aşağı salıb utana-utana dedim.
− Adı nədir bunun? – sanki məni eşitməyirmiş kimi soruşdu.
− Ad qoymamışam.
− Niyə?
− Bilmirəm, ağlıma elə bir ad gəlməyib.
− Nəsimi olsun adı, − ərklə dilləndi.
− Niyə məhz Nəsimi?
− Sevdiyim şairdir Nəsimi.
− Mən də çox sevirəm Nəsimini. Məktəbdə şeirlərini sevə-sevə oxuyurdum, əksəriyyətini də əzbər bilirdim. Başıma o qədər oyun gəldi ki, hamısını unutmuşam, beynim tamam başqa şeylərlə yüklənib.
− Neçənci sinifə kimi oxumusan?
− On birinci sinifdəydim. Nəsə düşünüb dedi:
− Məncə, sən təhsini davam etdirməlisən. Mayın axırı məktəblər bağlananda sənədlərini hazırla ver məktəblərin birinə. Sentyabrdan on birinci sinfi yenidən oxu. Sonra imkan olar universitetə, ya texnikuma imtahan verərsən.
Fərhadın fikri ağlabatan idi. Heç indiyə kimi ağlıma gəlməmişdi. Həm özümün, həm uşağımın gələcəyi üçün oxumalıydım, yoxsa belə normal bir iş tapmaq mənim üçün çox çətin olacaqdı. Məktəblərin yerini də tapmaqda mənə kömək edəcəyinə söz verib sağollaşıb getdi. Mən də arabanın üzünü evə tərəf döndərdim.
Günlər bir-birini o qədər sürətlə qovurdu ki, yazın nə vaxt, necə gəlməyindən xəbərim olmayıb. Demək olar ki, monoton bir həyat tərzi keçirirəm, hər gün hər şey təkrarlanır. Hər səhər qapımın ağzına bir dənə qızılgül qoyulur. İlahə, Tubu xala hər gün bizə gəlir, hər gəlişlərində də əli boş olmurlar. Solmaz xala həftədə bir-iki dəfə imkan tapdıqca bir neçə dəqiqəlik gəlib dəyib tez də qaçıb gedir. Hər gün səhər uşağı parka çıxarıram və hər dəfə də Fərhad gəlir bir az uşaqla oynayıb gedir. Hər gün günortadan sonra uşağı İlahəyə tapşırıb düşüb iş axtarıram. Fərhad oğluma elə Nəsimi deyə müraciyət edir. Mən də elə öyrəşmişəm, Nəsimi deyirəm. Nəsimi Fərhada çox öyrəşib. Hər dəfə parka gedəndə arabasından boylanaraq onu axtarır, uzaqdan onun gəldiyini görəndə isə gülümsünüb özünə məxsus səslər çıxarırdı.
May ayının axırı sənədlərimi toplayıb Fərhadın məsləhət gördüyü məktəbə yollandım. Məktəb direktoruna başıma gələnləri danışıb təhsilimi davam etdirmək istədiyimi dedim. Uşağım olduğunu biləndə qətiyyətlə “yox” cavabı verdi. Səbəb isə bu oldu ki, mən artıq qadınam, uşağım var. Belə vəziyyətdə orta məktəbdə məktəblilərin tərbiyəsini poza bilərəm. Demək olar ki, şəhərin bütün məktəblərini gəzdim. Amma hamısından eyni cavabı aldığım üçün oxumaq, təhsilimi davam etdirmək sevdamdan əl çəkdim və yenidən iş axtarmağa davam etməyi qərara aldım.
Bu gün yenə iş axtararaq bütün şəhəri gəzib yoruldum. Evə getməmişdən yol üstü bir su alıb parka döndüm ki, biraz oturub, ayaqlarımın dincini alım, sonra yoluma davam edim. Elə bir az oturmuşdum ki, bir qadın da gəlib yanımda oturdu. Oturan kimi də başladı zəmanədən gileylənməyə. Ona qulaq asdıqca arada özümdən asılı olmayaraq ah çəkirdim. Bu qadının nəzərindən yayınmadı.
− Nə olub, qızım? Niyə tez-tez ah çəkirsən? Bir dərdinmi var?
− İş axtarıram, xala, işsizəm. Bir uşaqla yataqxanada qalıram, işə hava, su kimi ehtiyacım var, amma bu lənətə gəlmiş şəhərdə iş sanki bir tikə əppək olub göyə çəkilib.
− Haranısa bitirmisənmi, qızım, təhsilin varmı? – deyə soruşdu. Cavabında başıma gələnləri ona danışdım.
Qadın bir az düşünüb məndən telefon nömrəmi istədi, mən də yataqxananın nömrəsini verdim. İki gün keçmişdi ki, yataqxana komendantı məni telefona çağırdıqlarını dedi. Həmin qadın idi, mənimlə parkda elə həmin skamyada görüşmək istədiyini, mənə iş tapdığını dedi. Sevindiyimdən dəstəyi asıb, komendanta sağ ol belə deməyi unudaraq otağıma qaçdım. Tələsik geyinib Nəsimini İlahəyə verib parka qaçdım. Qadın oturub məni gözləyirdi. İş Gürcüstanın Tbilisi şəhərində idi. Həmidə xalanın (qadının adı belə idi) bir qohumunun orada dərzi sexi var. Tikiş bacaran, əl qabiliyyəti olan qız, qadınları burdan aparıb orda işlə təmin edirdi. Niyə məhz burdan işçi yığırdı ki, istəmir fabrikində azərbaycanlılardan başqa millətlər işləsin ona görə. Düşünəcəyimi deyib, Həmidə xalanın üzündən öpüb, evə gəldim. İlahəyə, Tubu xalaya olanları danışdım. Hər ikisi dedilər ki, bir az risklidir. Çünki burdan qadınları başqa ölkələrdə işə düzəltmək adı ilə aparıb orada fahişəliyə məcbur edən vicdansız adamlar çoxdur.
Gecəni səhərə kimi demək olar ki, gözümə yuxu getmədi. Düşündüm və risk etməyi qərara aldım. Onsuz da burda bir iş tapa bilmirdim və çox güman ki, bu gedişlə heç tapa bilməyəcəm də. Ona görə də qərara aldım ki, onsuzda itirəcək bir şeyim yoxdur, risk edim. Lap görsəm ki, vəziyyət İlahəgilin dediyi kimidir bir yolun tapıb qaçaram.
Səhər Nəsimini İlahənin yanında qoyub, sənədlərimi düzəltmək üçün evdən çıxdım. Hardan başlayacağımı, hansı idarələrə gedəcəyimi bilmədiyim üçün Fərhaddan kömək istəmək qərarına gəlib, onun işlədiyi gül dükanına getdim. O da İlahəylə Tubu xalanın dediyini deyib narazılığını bildirdi, amma israrlı olduğumu görüb mənə kömək eləmək üçün həmin günə işdən icazə aldı. Üç günə mənim və Nəsiminin xarici ölkəyə getmək üçün lazım olan bütün sənədlər hazır oldu. Uşağın adını elə sənədlərdə də Nəsimi yazdırdım. Həmidə xalaya zəng vurub, getməyə hazır olduğumu dedim.
Tbilisiyə çatanda artıq səhər açılmışdı. Şəhər demək olar ki, dağlarla əhatə olunduğundan günəş də elə dağların arxasından boylanaraq öz şəfəqləri ilə şəhəri qıdıqlayıb oyatmağa çalışırdı. Şəhər müasir bina və tikililərlə zəngin olsa da, özünə məxsus qədimliyini də qoruyub saxlamağı bacarmışdı. Tbilisi, ümumiyyətlə, Gürcüstan haqqında o qədər
də məlumatlı deyildim. Hər dəfə Tbilisi adı eşidəndə Şota Rustavelinin yazdığı “Pələng dərisi geymiş pəhləvan” əsəri yadıma düşür, gözümün önündə Avtandil, Tariel və Firidunun qəhrəmanlıqları canlanır.
Tbilisi avtovağzalında bizi bir nəfər oğlan qarşılayıb, qalacağımız yerə onun maşınıyla gedəcəyimizi dedi. Məndən əlavə daha üç nəfər qadın da Həmidə xalanın dediyi dərzi sexində işləmək üçün Azərbaycandan gəlmişdi. Bizi gətirən maşın iki mərtəbəli köhnə bir binanın qarşısında dayandı. Özünü Malik kimi təqdim edən sürücü bizi dördümüzü də həmin binanın birinci mərtəbəsində yerləşən iki otaqlı bir mənzildə yerləşdirib, bu gün dincəlməyimizi, işə sabahdan başlayacağımızı dedi. Yaxınlarda uşaq bağçası olub-olmadığını soruşdum. Çünki uşaqla işləməyim bir az çətin olacaqdı. Malik dedi ki, qonşuluqda Klara xala adlı yaşlı bir qadın var. Dayəlik edir. Sabah danışıb uşağı onun yanında qoyarıq. Gecəni səhərə kimi dəhşətli yuxular görərək tez-tez ayılırdım. Yuxuda gah oğlumu əlimdən alıb satırdılar, gah özümü zorlayırdılar. Hər dəfə tər su içində ayılıb ətrafa baxıb, oğlumun yanımda yatdığını görüb rahatlaşırdım.
Səhər Malik dalımızca gəldi. Nəsimini Klara xala deyilən qadının yanına apardıq. Malik dedi ki, Rza bəyə (Rza bəy işləyəcəyim yerin sahibidir) mənim vəziyyətim haqda məlumat verib, o da mən ilk maaşımı alana kimi dayənin pulunu ödəməyi Malikə tapşırıb. Bura gəldiyim ilk gündən yaxşı adamlarla rastlaşırdım.
Klara xala bizi gülər üzlə qarşıladı. Maliklə rus dilində danışırdılar deyə başa düşmürdüm nədən danışırlar, amma söhbətin məğzindən başa düşdüm ki, Nəsimi Malikin ona gətirdiyi ilk uşaq deyil. Yəqin ki, mənim kimi uşaqlı qadınlar çox olub Rza bəyin dərzi sexində işləyən.
Nəsimini Klara xalaya tapşırıb hər üçümüz Malikin maşınına əyləşərək dərzi sexinə yola düşdük. Həmidə xalanın sex dediyi, əslində, böyük bir tikiş fabriki idi. Fabrikin böyük bir həyətyanı sahəsində üç tikili vardı. Malik tikililərlə bizi tanış etdi. Həyətin tam ortasında yerləşən uzun bina tikiş sexi, sağ tərəf küncdəki bina ofis binası, tikiş sexinə yaxın şüşəli bina isə yeməkxana idi. Söhbət edə-edə sağ tərəfə − ofisə doğru addımladıq. Sənədlərimizi kadrlar şöbəsinə təqdim edib üstündə gürcü dilində nəsə yazılmış bir qapının önündə gözlədik. Malik dedi ki, bura Rza bəyin otağıdır. O hər bir işə götürdüyü işçiylə şəxsən özü tanış olmasa, işə götürmür. Nəhayət ki, mənim növbəm çatdı. Həyəcan və qorxu hissləri bir-birinə qarışmışdı. Həyəcanlanırdım ki, birdən başıma gələnləri eşidib məni işə qəbul etməz, qorxurdum ki, birdən bu da digərləri kimi mənim bədənimə göz dikər. Qapını döyüb içəri daxil oldum. Geniş bir kabineti vardı Rza bəyin. Qapıyla paralel küncdə divardan televizor asılmışdı, hansısa Azərbaycan kanalından veriliş gedirdi. Üzbəüz divarda pəncərələr idi və pəncərə boyu uzun dəri divan qoyulmuş, divanın qarşısında divanın rənginə uyğun mebeldən jurnal stolu vardı. Girən kimi sol tərəfdə Rza bəyin masası yerləşirdi ki, masanın qarşısında iki dənə üzbəüz kreslo qoyulmuşdu. Masanın üstündə Gürcüstan və Azərbaycanın bayraqları Rza bəyin arxasındakı divarda isə Heydər Əliyevlə Zviad Qamsaxurdiya (1991-1993-cü illərdə Gürcüstan prezidenti) portretləri asılmışdı.
Rza bəy 55-60 yaşlarında ağ-gümüşü rəngə çalan saçları olan bir adam idi. İçəri daxil olub, salam verdim, başıyla salamımı alıb, əli ilə kresloların birində mənə yer göstərdi. Həyəcandan əllərimi daraqlayıb bir birinə keçirmişdim ki, əllərimin əsməsini hiss etməsin. Bura kimin vəsitəsilə gəldiyimi soruşduqda Həmidə xalanın adını çəkdiyimdə ciddi çöhrəsində bir təbəssüm yarandı.
− Hə, o körpə uşağı olan qız sənsən, Xocalı qaçqını? – deyə soruşdu.
− Bəli, mənəm.
Həmidə zəng vurub, sənin haqqında danışıb mənə.
Bildiyimə görə başın çox bəlalar çəkib. Nə qədər ki, burdasan − mənim yanımda işləyirsən sən də, övladın da özünüzü güvəndə hiss edə bilərsiz. Get işinlə tanış ol, mən də lazımi tapşırıqları verəcəm Malikə.
Sevindiyimdən az qaldım qalxıb kişini qucaqlayam. Necə təşəkkür edəcəyimi bilmədən “sağ olun” deyib qaçaraq otaqdan çıxdım.
Malikin tapşırığı ilə bir dərzi qadının yanında köməkçi vəzifəsinə təyin edildim. Bir ay köməkçi kimi işləyib işi öyrənəndən sonra dərzi işləyə bilərdim. Afaq − yanında şagird olduğum dərzi qadın otuz yaşında sarışın, şən, zarafatcıl biri idi. Çalışırdı ki, bütün bildiklərini mənə öyrətsin. Gürcüstanda yaşayan azərbaycanlılardan idi.
Bir ay ərzində dərziliyin bütün sirlərinə yiyələnə bildim. Həm əvvəldən də əl qabiliyyətim yaxşı idi bu sahədə. Ona görə də o qədər çətinliyim olmadı. İşlərim yolunda gedirdi. Otaq yoldaşlarım da yaxşı adamlardı. Nəsimi də Klara xalaya öyrəşmişdi, hələ elə olurdu ki, gecələr də ağlayır, qadından ayrılmaq istəmir, onunla qalırdı. Klara xalanın sayəsində rus dilini də öyrənmişdim, necə deyərlər çulumu sudan çıxarmağı bacarırdım. Hər gün işdən sonra və əsas da istirahət günlərində qızlarla şəhəri gəzirdik deyə artıq şəhəri də tanımağa başlamışdım. Çox vaxtı özüm tək şəhərə çıxır “Köhnə şəhərin” dar küçələrində gəzir, Narikala məbədinin qalıqlarını, Şah Rostomun hamamlarını, Metexi kilsəsini, Tiflis cümə məscidini gəzir, oradan “Yeni şəhərə” düşür, Rustaveli prospektinə çıxır, Kür çayının sahilində saatlarla oturub, gözümü çaya zilləyib xəyallara dalıram. Mingəçevirdə də həmdəmim, sirr ortağım Kür çayı idi, burda da. Getdikcə daha çox bağlanırdım bu çaya. Arada baxdıqca insanlara bənzədirəm Kürü. Sakit-sakit axmağına baxmayaraq arada bir də görürsən suyu bulanır, lilləşir, sanki kiməsə, nəyəsə, bəlkə də, zəmanəyə, bəlkə də, insanlara əsəbiləşir. İnsanlar həyatda hər şeyə məhdudiyyət qoyduqları kimi Kürün də azadlığını əlindən alıb, qarşısında bəndlər tikiblər. Deyirlər insan Allahın şah əsəridir, amma mən düşünürəm ki, insan Allahın səhvidir. Dünyada baş verən bütün nanəcibliklər Adəm övladı tərəfindən törədilir. Ağaclar qırılır, atmosfer korlanır, heyvanların kökü kəsilir, təbiət insan əli ilə məhvə doğru gedir. Əgər bütün bunlar yaşamaq üçün edilirsə, bu gedişlə sonda təbiət məhv olacaqsa, təbiəti olmayan bir dünyada hansı yaşamaqdan söz açmaq olar. İnsan övladı təbiəti məhv etdiyi kimi özü-özünü də məhv edir. Müharibələr, tökülən qanlar, kəsilən başlar, qundaqdaca öldürülən körpələr. Bütün bunları düşündükcə öz fikrimlə tam razılaşıram ki, Allah bir gün insanı yaratdığına peşman olub əsəbiləşəcək və bütün yaratdıqlarını Qiyamət qoparıb məhv edəcək.
Günəş qüruba doğru irəlilədiyindən şəhərin üstünə dağların kölgəsi düşməyə başlayırdı. Evə getmək vaxtıydı. Prospekti keçib avtobus dayanacağına çatdım. Bazar günü olduğundan avtobusda o qədər də adam yox idi. Keçib oturdum. Məndən qarşıdakı oturacaqda gənc qızla oğlan oturmuşdu. Bir-birilərinə çox yaxın oturmaqlarından, qızın arada başını oğlanın çiyninə qoymasından sevgili olduqları bəlli olurdu. Elə hardasa mən yaşda olardılar. Çox xoşbəxt görünürdülər. Baxdıqca içim dağlanırdı. Bir vaxtlar mən də bu cür xoşbəxtliyi yaşayırdım, mən də Sadiqlə gələcəyimizə xəyallar qururdum, xoşbəxt həyat, isti yuva, ailə, uşaq düşünürdüm. Nə vaxtsa arzularımın gerçəkləşəcəyinə, xəyallarımda qurduğum həyatı yaşayacağıma inanırdım. İndi isə bunları xəyal belə edə bilmirdim. Sevdiyim insan − xəyallarımın səbəbkarı həyatda olmayandan sonra necə xəyal edə bilərdim ki? Sadiq mənim üçün cismən ölmüşdüsə də, ruhən yaşayırdı, mən isə cismən yaşayır, ruhən ölümüşəm sanki. İnsanın yaşamaq istədiyi həyatı xəyal belə edə bilməməsi elə cismən yaşayıb, ruhən ölməsi deməkdir.
Evə çatanda hava artıq qaralmışdı. Nəsmini götürmək üçün Klara xalanın qapısını döydüm. Qadın qapını açıb şəhadət barmağını dodaqlarına qoyub sakit olmamı işarə eləyib, pıçıltıyla dedi ki, Nəsimi yatıb. Oyatmayım, qalsın, sabah götürərəm. Təşəkkür edib evə getdim. Qızlar qəhvə falına baxırdılar. Mənə də təklif etdilər, etiraz etdim. Özümə dəftər və qələm almışdım gündəlik yazmaq üçün. Xocalıda olanda yazdığım gündəlik qaldı ordakı evimizdə. Son yazdığım tarix 25 fevral 1992-ci il idi. Həmin gün Sadiq ilk dəfə məni əlimdən öpmüşdü və həmin gün onunla son görüşüm oldu. Unudulmaz günlərimdən olduğu üçün sonda tarixin altından qırmızı qələmlə xətt çəkmişdim. Hardan bilərdim ki, altına qırmızı xətt çəkdiyim bu tarix mənim həyatıma heç zaman unudulmayacaq bir “qırmızı xətt” çəkəcək.
Gecə qızlar yatandan sonra stolüstü lampanın işığında yazmağa başladım. Qırmızıyla xətlədiyim tarixdən bu günə kimi baş verənləri, başıma gələnləri, əsirlikdə yaşadıqlarımı, əsirlikdən sonrakı həyatımı qısaca olaraq yazıb bitirdiyimdə artıq gecə saat üçdən keçmişdi. Dəftəri qatlayıb döşəyimin altında gizlədib uzandım yerimə.
Afaq xanımı sexə briqadir, məni isə onun yerinə dərzi təyin etmişdilər. Çox mehriban qadındır. Bu bir ay ərzində bir-birimizə o qədər bağlanmışdıq ki, iş vaxtı qutarandan sonra da ayrılmaq istəmirdik. Bir dəfə işdən sonra təkid edərək məni evlərinə qonaq apardı, əriylə oğluyla tanış etdi. Gürcüstanın Marnaule rayonundan işsizlikdən qaçaraq paytaxta gəlmişlər. Əri Məhəmməd Azərbaycan restoranlarının birində kabaçı, özü isə bizim fabrikdə işləməyə başlamışlar. Məhəmmdəd də çox mehriban, qayğıkeş və gülərüz bir insandır. Gözlərinin ağı qarası oğullarının altı yaşı var. Gülərkən qabaqdan tökülmüşmırıq dişləri mənə Həmidi xatırlatdığı üçün onu daha da çox istəyirdim.