“Marş irəli! Azərbaycan əsgəri”
Hekayə
(Kəngərli rayonu Xok kəndi şəhidi Ülvi Cəfərlinin əziz xatirəsinə)
Hər bir insanı dünyaya bəxş edən Allah onun taleyini də onunla birgə bu dünyaya ərmağan edir. İnsan doğulur, böyüyür, özünü tanıyır, özünü təqdim və təsdiq edir. Mənəviyyatı ilə, uğurları ilə, vətənsevərliyi ilə, şəxsiyyəti ilə, insanlığı və vicdanı ilə kimliyini aşkar edir.
Bəzən bu məsuliyyətli ömür yolunda alnımıza yazılmayan hissəsini öz əməllərimizlə öz taleyimizə qismət payı kimi özümüz gətiririk. Kim bilir, bəlkə İlahi bir qüvvə bizim düşüncələrimizə siraət edib bizi sanki planlardan bir az kənara çıxarıb taleyimizi dəyişir… Eyni şəhid Ülvi Cəfərli kimi.
Söz açdığım, həyat hekayəsinin mənə təsir etdiyi bu qəhrəman Şərur rayonunun, indi isə Kəngərli rayonuna aid olan Xok kəndinin ölməz şəhidi Ülvi Cəfərlidir.
Ailədən gələn vətənpərvərlik hissini Ülvi, özü ilə birgə böyüdüb, özü ilə ömrünün sonuna qədər vüqarla və qürurla yaşadaraq dillərə dastan etdi.
Ülvi Cəfərli 1998-ci ildə yanvar ayının 16-da, Kəngərli rayonunun Xok kəndində doğulmuşdur. 2004-cü ildə həmin kənddə birinci sinifə daxil olur. Çox sakit və səmimi rəftarına görə məktəbdə müəllim və sinifyoldaşlarının hörmətini qazanmışdı. Onun düşüncə tərzi də başqa idi. Sanki bu özünəməxsusluğu ilə məktəb yoldaşlarından seçilirdi. Birinci sinif şagirdinin bu qədər vətən sevgisi hər kəsi heyran qoyurdu. Təbii ki, bu kimi amillər ailədən başlayır və davam edir. Atası Habil müəllim də iyirmi ildən artıq Hüquq mügafizə orqanlarında məsuliyyətlə və həvəslə çalışmışdır. Onun göstəricisidir ki, Ülvidə vətənpərvərlik hissləri hər zaman özünü biruzə verib. Hələ birinci sinifdə oxuyarkən, əlifba bayramında ona verilən şeiri deyil, “Vətən məni yetişdirib, bu ellərə yolladı. Bu torpağa qurban deyib, Allaha ismarladı.
Marş irəli! Marş irəli!
Azərbaycan əsgəri” deyərək–həmin mahnının sözlərini sona qədər ifa edir. Ülvinin müəllimlərin və orada olan hər kəsin marağına səbəb olan bu nəcib hərəkəti hər kəsi təəccübləndirir. Ona tapşırılan şeirin bir tərəfdə qalması və onun yerinə “Marş irəli! Azərbaycan əsgəri” deyən Ülvinin ülvü hissləri elə ilk günlərdən baş qaldırır. 2015-ci ildə orta məktəbi bitirən Ülvi 2016-cl ildə həqiqi hərbi xidmətə yollanır. 2017-ci ildə hərbi xidməti şərəflə başa vurduqdan sonra yenə də ordu sıralarında qalıb hərbi qulluqçusu kimi Vətənə xidmətini könüllü olaraq davam etdirir. Bir müddətdən sonra Ülvini nümunəvi xidmətinə görə onu vaxtından əvvəl Gizir rütbəsi ilə təltif edirlər. Sevinci yerə-göyə sığmayan Ülvi ilk sevincini atası ilə paylaşır.
Zaman o zaman olur ki, artıq otuz il işğal altında olan torpaqlarımızın azad olunması üçün Ali Baş Komandan İlham Əliyevin göstərişi nəticəsində ordumuza əkshücum əmri verilir. Ülvi də bu Vətən müharibəsində könüllü olaraq iştirak etmək məqsədi ilə digər yoldaşları ilə birgə Qarabağın xilası üçün sərhəddə döyüş bölgəsinə yollanır. Yola düşməmişdən iki gün öncə evə zəng edib onun üçün bəzi əşyaların hazırlanmasını istəyir və təlimə gedəcəyini bildirir. Qeyd edim ki, Ülvi həm də nişanlı idi. O evə gəlıb əşyaları götürüb sağollaşıb gedərkən ata-anasından halallıq istəyir. Sanki şəhid olacağını əvvəldən hiss etmişdi. Hətta atasıgil biləndə ki, Ülvi artıq döyüş bölgəsindədir, onunla telefon əlaqəsi zamanı nigaran qaldıqlarını deyəndə, o, belə cavab verirdi; “Az qaldı, təqribən iyirmi günə qələbə bizimdir. Evə qayıdacağam”. Ülvi Cəfərli Cəbrayıl, Xocavənd, Hadrut, Şuşa uğrunda gedən döyüşlərdə və “Daşaltı” əməliyyatında qəhrəmancasına vuruşmuşdur. Oktyabr ayının 31-də Şuşa döyüşləri zamanı yaralanmış döyüş yoldaşını qurtarmağa çalışarkən qəhrəmancasına həlak olur. Hətta yaralı yoldaşını ondan öncə digər döyüş yoldaşı qurtarmağa getmək istəyib, amma Ülvi; “sən evlisən, evdə səni ata-anandan başqa həyat yoldaşın və övladın gözləyir” deyərək– onu geri qaytararaq özü gedir. Düşmən tərəfindən atılan minamyot atəşi nəticındə Ülvi ağır yaralanaraq Şəhidlik zirvəsinə ucalır.
Özünün dediyi kimi də olur iyirmi bir gündən sonra özü deyil üçrəngli Bayrağa bükülü nəşi doğulduğu Xok kəndinə gətirilərək orada dəfn olundu.
Anası Cavan xanımın oğlu üçün xoş xəyalları puç olur.
Oğlunun nakam ömrü, nakam sevgiyə qərq olur. Ananın arzuları xoşbəxtliyin qənşərindən üz döndərir. Amma bir amal var ki, Cavan ana artıq məqamı uca olan ölməz qəhrəman anası adını qazanır. Azərbaycan xanımları həmişə qürurla düşmən bağrına od-atəş olub. Həmin qürurlu, dəyanətli ata və analardsn biri də Habil ata və Cavan ana oldu.
Allah bütün şəhidlırimizə rəhmət etsin!
Ölümündən sonra isə Azərbaycanın Prezidenti Cənab İlham Əliyevin sərəncamına əsasən, Ülvi Cəfərli torpaqlarımızın azadlığı uğrunda göstərdiyi qəhrəmanlıq və igidliyinə görə, “İgidliyə görə” medalı, “Şuşanın azad olmasına görə” medalı, “Xocavəndin azad olmasına görə” medalı, “Vətən uğrunda” medalı və”Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.
Ondan geriyə qəhrəmanlığı, uca məqamı ilə yanaşı bir də qələmindən süzülən bir neçə bənd şeiri bizlərə əbədi əmanət olaraq qaldı.
Şeirində işlətdiyi və vəsv etdiyi “Xok kəndinin zirvəsi”ndən “Şəhidlik zirvəsinə ucaldı. “Yüz sirli möcüzə” isə elə birinci sinifdə oxuduğu “Marş irəli! Azərbaycan əsgəri” mahnısı oldu. Çox təsirlidir ki, Qarabağa yollanarkən də bu mahnını oxuyaraq yola düşmüşdü. Şeirində dediyi kimi “O qaynayan həyat, o sərin bulaq” Ülviyə həzin ana laylasını oxuyur indi. Ruhun şad olsun, ölməz şəhid!
Xok kəndinin dərin seyrinə dalıb,
Yamacın, zirvəsin keçmisənmi, heş?
Dodağın quruyub çat-çat olanda,
El bulağından su içmisənmi, heç?
“Gəlin dağı” Xokda dağların gözü,
Qoynunda yüz sirli möcüzə oldu.
İgidlər qeyrəti, şairin sözü,
Halilin dağına getmisənmi, heç?
Quşlar cəh-cəhindən tutulur qulaq,
Hüsnünə heyrandır gələn hər qonaq.
O qaynayan həyat, o sərin bulaq,
Gözənin suyunda çimmisənmi, heç?
Şəhid Ülvi Cəfərli.
Yadda qalan Ülvisən.
(Nəzirə)
Sən Qarabağ həsrəti ilə yol alıb,
Sıldırım dağları aşan Ülvisən.
Şəhadətə, şəhidliyə ucalıb,
Könüllərdə ululaşan Ülvisən.
“Gəlin dağı” deyib-qəlbə dağ çəkən,
Yarını, yarıda qoyan Ulvisən.
O şanlı zəfəri bizə gətirən,
Ananı ah-zarda qoyan Ülvisən.
Qurban getdin, sən Bayrağa, Vətənə.
Məqamını tutub gedən Ülvisən.
Sirr vermədin sən hər yoldan ötənə,
Düşmənə dağ vurub gedən Ülvisən.
Adın-sanın, məqamın da ucadır,
O qüdrəti qanla alan Ülvisən.
Elin-oban mərdliyindən güc alır,
Ömür boyu yadda qalan Ülvisən!
Rəqsanə Tapdıqlı (Nəcəfova)
AYB-nin üzvü
Şair-publisist