.....

.....

MƏDƏNİYYƏTİN  HÖRÜMÇƏKLİ  FƏRYADI – Məhsəti MUSA

MƏDƏNİYYƏTİN HÖRÜMÇƏKLİ FƏRYADI – Məhsəti MUSA

MƏDƏNİYYƏTİN HÖRÜMÇƏKLİ FƏRYADI

Uzun müddətdir kilidli qalan qapı cırıltı ilə açılan kimi içəri gur işıq düşdü. Kənddəki mədəniyyət evinin bu rutubətli, qaranlıq, pəncərələrinə şüşə əvəzinə taxta vurulan, döşəməsi ilə tavanı dəlik-deşik olan zalında yurd-yuva salmış hörümçəklər dəhşət içində qəfil işıq düşən tərəfə boylandılar. Aman, nə baş verirdi? İllərdir hökm sürən sükutu kim idi pozan? Aha, budur, beli, başı yun şalla sarınmış 3 nəfər orta yaşlı qadın tələm-tələsik içəri daxil oldu. Bir kişi isə “ tez olun, tez olun, saat 2-yə hər şey hazır olmalıdır” deyə-deyə hay-küy salır, qadınları bir az da tələsdirirdi. Onlar deyinə-deyinə dərhal işə başladılar. Qadınların əllərindəki süpürgələr hörümçəklər üçün demək olar nadir görünən, amma nadirliyi qədər həm də ən qorxulu silah idi. Vəziyyətin gərginliyini görən 3 yaşlı, qocaman hörümçək dişi hörümçəklərə, balalarını da çağıraraq tavandakı deşiklərə doluşmağı tapşırdı. Erkək hörümçəklər isə zal boyu ətrafa dağılışaraq bu amansız silahlara qarşı əliyalın mübarizəyə başladılar. Onların bəziləri oturacaqların birindən digərinə hoppanır, süpürgəli düşmənlərin fikrini yayındırmağa çalışırdı. Amma xalaların fikri qəti idi. Otaq bütünlüklə təmizlənməli, torlar alınmalı, bir hörümçək də qalmamalıydı. Oturacaqların altında, üstündə, divarlarda qaçışan hörümçəklər süpürgə zərbəsi ilə əzildikcə, zaldakı səhnənin divarında sovet hakimiyyəti illərindən qalma freskalar suvaqqarışıq qopub tökülür, yaranan bu səs-küy sükuta alışmış hörümçəklər üçün bir az da vahimə yaradırdı. Arabir xalalardan birinin ayağı çürümüş döşəməni deşib keçir, xala yıxılır, əlindəki su dolu vedrə yerə düşərək gurultu qopararır, vedrədəki su döşəməyə dağılırdı. Xalanın fəryadına başqa xalalar da səs verir, şivən qopurdu. Tavanın deşiklərinə sığınmış bala hörümçəklər qorxa-qorxa analarına suallar verirdilər: “Ana, axı bunlar kimdir?”, “Ana, biz onlara neyləmişdik ki? “, “Ana, bunlar bizi niyə öldürür?” , “Ana, bəs bundan sonra biz harada yaşayacağıq? Dişi hörümçəklər göz yaşlarını gizlətməyə çalışaraq körpələrinə ümid verir, hər şeyin yaxşı olacağına onları inandırmaq istəyirdilər. Amma özləri bu gurultunun, bu qırğının sonunun yaxşı olmayacağını bilirdilər. Artıq bu binaya insan ayağı dəyirsə, demək buraları sökəcəklər. Yeni bina tikəcəklər. O zaman buradakı bütün hörümçəklərin sonu çatacaqdı. Getdikcə ürəklənərək tavanın deşiklərindən başlarını çıxaran dişi hörümçəklər bir-biri ilə baş verəcəkləri müzakirə edir, vaysınır, talelərinin qara gəlməsidən gileylənirdilər. Biri isə əminliklə əlini yelləyərək dedi: ” Hər şey bitdi. Kişilərimizi aşağıda öldürürlər, ikicə günə binanı da söküb bizi xurd-xəşil edəcəklər. Bu da son!
Bu vaxt 3 yaşlı, qocaman hörümçək özünü dişi hörümçəklərə çatdırıb sevinclə qışqırdı:

– Qorxmayın! Qəti qorxmayın ! Binanı-zadı sökən deyillər. Çöldə danışırdılar, eşitdim. Bu gün iclas olacaq. Mədəniyyət müəssisələrinə yoxlama gəlib. Tapşırıb ki, böyük iclası kəndlərdən birinə salsınlar. Zalı geniş olduğuna görə də buranı seçiblər. İclasdır, ha…ha…ha… Sadəcə iclasdır… Danışıb-danışıb gedəcəklər… Vəssalam. Bu binanın qapısı bir də neçə illərdən sonra açıla, ya açılmaya… Mənim ömrüm başa çatır. Amma məndən əvvəl babam, atam da burda yaşayıb. Onların da danışdıqlarından bilirəm ki, bu illər ərzində binanın qapısı iki dəfə açılıb, ikisində də iclas olub. Sonra hamı çıxıb gedib işinə. Bu da olsun üçüncü iclas. Gedin, gedin torlarınızı qurun, böcəklərinizi tutun, kef eləyin!
Dişi hörümçəklər dərindən nəfəs alaraq 4 cüt ayaqlarının bir cütünün üstündə dayandılar, bir cütünü şükür etmək üçün yuxarı qaldırdılar, bir cütü ilə göz yaşlarını sildilər, bir cütü ilə də balalarını qucaqladılar. Bu vaxt qapını örtərək çölə çıxan sonuncu xalanın telefonuna zəng gəldi : “Bağışla, sevgilim, bağışla, səni gözlətdim yağışda! ”