NƏCMƏDDİNİN BABASI
hekayə – mifologiya
…Nəcməddin qapının açıldığını və babasının içəri daxil olduğunu gördü, həyəcandan tir-tir əsməyə başladı. “Bu kişi məndən nə istəyir? Niyə çıxıb getmir?” deyə düşündü və ani olaraq xatırladı ki, babası çoxdan ölüb. Ölmüş adam onlara necə gələ bilərdi?
-Baba, bəs sən bura necə gəldin? Sən axı çoxdan ölübsən, atamgil sənin meyidini Xanazor pirinin yanındakı qəbiristanlığa apara bilmədiklərindən Xorxor xarabalığında dəfn ediblər.
-… – Kəlbə İsmayıl sol əlindəki şəhadət barmağını dodaqlarına dayayıb “sus, səs salma” işarəsi verdi, sağ əlindəki iki qərənfil gülünü isə ona göstərərək tezcə də yoxa çıxdı, heç elə bil gəlməyibmiş.
Nəcməddin onun arxasınca getmək istəyəndə oyandı, özünü yatağında gördü. Yuxunun təsirindən yatağından dik atılıb durmuşdu, qan-tər içindəydi. Onun həyəcanlı tərpənişinə arvadı Mahirə də qəfil yuxudan oyandı.
-Nə var, səhər-səhər obaşdan nə olub? Qoymazsan yatıb dincələk, bu gün axı bazar günüdür, gedəsi yerimiz yoxdur.
-Bağışla.
-Heç dəxli var? Bağışla! Yatağından elə qalxırsan ki, elə bil “həyəcan” siqnalı veriblər.
Nəcməddin arvadına daha heç nə demədən durub mətbəxə keçdi. Şirin çayla iki yumurta yağa salıb yeyəndən sonra paltarını geyindi və evdən çıxdı. Mahirəni narahat etməmək üçün açarla qapını arxadan bağladı.
-Heç dəxli var? Bu ki, mənim öz işimdir. Hökumət işi deyil ki, deyəm bazar günüdür, dincəlirəm.
Nəcməddin öz-özünə deyinə-deyinə evlərindən iki kvartal o tərəfdə yerləşən internet mağazasına gəldi. Bu gün bazar günü olduğundan işçiləri Tofiq və Nurəddin də işə gəlməmişdilər. İlk olaraq seyfi açıb pulları saydı və dəftərindəki qeydə baxdı. Pullar hamısı yerindəydi. Sonra siyahı üzrə anbardakı malları yoxladı. “Acer” noutbuklarından biri əskikdi. Bəlkə aksesuarlardan da əskik olanı vardı, amma Nəcməddin xırdaçılığa varmadı, yalnız televizorları, kompyuterləri, DV-diləri, proçestirləri, krosna aparatlarını yoxladı, mauslara, klavaturalara, birləşdirici kabellərə, çantalara, zaryad batareykalarına heç gözünün ucu ilə də baxmadı. “Bu da ikinci noutbukdur yoxa çıxır. Kimin işi ola bilər? Anbarın açarı yalnız biz üçümüzdədir. – deyə düşündü və bu dəfə də səbr etməyi qərara aldı. – Eybi yoxdur, sabahı gözləyim, bəlkə uşaqlardan hansısa götürüb. Yaxud satıb, amma qeydiyyatını aparmayıb. Ola bilər ki, qohumlarından, dostlarından kiməsə nisyə veriblər, sabah alqı-satqını reallaşdırarlar. Hər halda sabahı gözləmək yaxşıdır”.
Telefonu götürüb bir neçə yerə zəng etdi, sifarişçilərlə maraqlandı. Telefona cavab verənlər də oldu, verməyənlər də. Bir neçə saat da vaxtını internetdə “öldürdü”, yeni avadanlıqlarla tanış oldu. Bir də başını qaldırdı ki, gün ortanı keçib. Həm də yaxşıca acdığını hiss elədi. Anbarı bağlayıb evə yollandı.
Ertəsi gün anbara günortadan sonra gəldi. Tofiq iş yerindəydi, krosna quraşdırmaqdan indicə qayıtdığını söylədi. İlqar isə hələ də quraşdırmadan qayıtmamışdı. Nəcməddin Tofiqin satdığı avadanlığın pulunu aldı və qeydiyyat dəftərinə yazaraq seyfə qoydu. Sonra İlqarın satdığı malların siyahısına baxdı. Hər şey qaydasında idi. Tofiqə hiss etdirmədən anbarı dolaşdı və kompyuterlərin cərgəsinə yaxınlaşmadan onları da saydı, vəziyyət dəyişməmişdi. Gözləməyi qərara aldı. İlqar anbarın bağlanmasına yarım saat qalmış gəldi.
-Axşamınız xeyir! – deyib Nəcməddinlə görüşdü, satdığı məhsullar haqqında məlumat verdi və pulunu uzatdı.
Qeydiyyat üzrə hər şey qaydasındaydı. Noutbukdan isə səs-səmir çıxmırdı. Nəcməddin on-on beş dəqiqə işçiləri ilə müxtəlif mövzuda söhbətlər etdi. Fikirləşdi ki, birdən xatırlayıb özləri deyərlər, amma Tofiqlə İlqar özlərini məsələdən tam xəbərsiz aparırdılar. “Oğurluq üstə tutulmayan oğru sayılmaz” deyə Nəcməddin öz-özünə düşündü və məsələni açıb ağartmadı, axı açarın biri də ondaydı. O, dostlarından, işçilərindən şübhələndiyi kimi onlar da Nəcməddindən şübhələnə bilərdilər.
-Rəis, bu gün həm də bizim maaş günümüzdür. – deyə İlqar gülümsədi.
-Hə, az qala yadımdan çıxmışdı. – Nəcməddin qəsdən belə dedi.
Sonra o, seyfi açaraq cədvəli çıxartdı və hər ikisinə qol çəkdirdikdən sonra pullarını verib yola saldı. Özü də onların arxasınca qapını bağlayıb evə yollandı.
Evdə arvadı onun narahatçılığını hiss elədi.
-Babana görə narahatsan? – deyə soruşdu.
-Hə. – Nəcməddin sualı gözləmədiyi kimi cavabını da gözlənilmədən verdi. – Kişi rahat buraxmır də məni.
-Buraxmaz də. Nə vaxt məscidə gedib onun ruhuna salavat çevirmisən? Bir dəfə “Quran” oxutdurmamısan. Başın alverə elə qarışıb ki, hamı yadından çıxıb. – Mahirə gileyləndi.
-Yaxşı, yaxşı, sabah gedib oxutduraram.
-Sabah olmaz, ikinci gündür. “Quran”ı gərək cümə günü oxutdurasan.
-“Quran”ı nə vaxt oxutdursan, olar.
Gecəni birtəhər keçirdilər. Nəcməddin səhər yeməyindən sonra məscid adı ilə Xırdalana, Zöhrə qarının ünvanına yollandı. Zöhrə qarının evini tapmaq onun üçün bir o qədər də çətin olmadı. Həyətdə bir neçə adam qocanın qəbulunu gözləyirdi. Növbə Nəcməddinə çatanda ilk sualı Zöhrə qoca özü verdi.
-Niyə polisə getməyib mənim yanıma gəlmisən?
-… Nəcməddin duruxdu, nə deyəcəyini müəyyənləşdirə bilmədi.
-Yaxşı, madam ki, mənim yanıma gəlmisən, danış.
-Mənim şəxsi ambarım var. Elektronika avadanlıqlarının satışı və quraşdırılması ilə məşğuluq. İkinci dəfədir ki, anbarda əskiyim gəlir.
-Elə ona görə səndən soruşdum ki, niyə polisə getməyib mənim yanıma gəlmisən?
-Gəldim ki, siz kömək edəsiniz. Polisin müdaxiləsini istəmirəm. Axı mənim yanımda işləyənlər dostlarımdır. İlqar tələbə yoldaşımdır, Tofiqlə də neçə ildir yoldaşlıq edirəm. Onların əliəyrilik etdiyinə inana bilmirəm. Mənə kömək edin.
-Sən niyə axşamüstü pul paylayırsan? Bilmirsən ki, günortadan sonra paylamaq yox, toplamaq vaxtıdır. Sən isə pul paylayırsan. Bununla da işinin, evinin xeyir-bərəkətini dağıdırsan. Nə qədər çox qazansan da nə işində, nə də evində bir artımın olmur.
Nəcməddin duruxdu, nə deyəcəyini bilmədi.
-Sənin anbarından oğurluq edən arvadınla yaxınlıq edən adamdır. – Zöhrə qarı sözünü yekunlaşdırmağa çalışdı. – Tezliklə özün bunu araşdırıb üzə çıxaracaqsan.
-Siz nə danışırsınız?! – Nəcməddin hirslənərək ayağa qalxdı və uzaqlaşmağa başladı. O, gedə-gedə qəsdən və ucadan danışırdı ki, qarının qəbulunu gözləyənlər bunu eşidib çıxıb getsinlər, ona inanmasınlar. – Mən gəldim ki, kömək edəsiniz. Əvəzində arvadım haqqında hədyan söylədiniz. Bu ömründə olan iş deyil. Bəs deyirdilər siz hər şeyi görürsünüz?
-Nə görürəm, onu da deyirəm. Gerisini özün bilərsən. – Zöhrə qarı da onun arxasınca deyindi.
Nəcməddin ordan birbaşa evə gəldi, Mahirə evdə yox idi. Masanın üstünə baxıb tez də mətbəxə keçdi, arvadı hara getməsi barədə yazı qoymamışdı. Narahat olmağa başladı, birinci dəfəydi ki, belə hadisə ilə üzləşirdi, arvadı xəbərsiz-ətərsiz yoxa çıxırdı. Dərhal telefonunu cibindən çıxardıb zəng vurdu. “Bu nömrəyə zəng çatmır. Telefon ya söndürülüb, ya da əhatə dairəsindədir”. Oturub arvadını gözləməyi qərara aldı, başqa çıxış yolu yox idi, çünki Mahirənin hara gedə biləcəyini ehtimal etmirdi. Həm də yaxın rəfiqələrinin telefon nömrələrini bilmirdi ki, zəng edib soruşsun.
Mahirə evə günortadan sonra gəldi. Kefi kök idi, geyimindən, bər-bəzəyindən də hiss olunurdu ki, yaxşı istirahət edib, dinclik görübdür. Odur ki, Nəcməddin təmkinli davranmağa, şübhələrini arvadına bildirməməyə çalışdı. Özünü elə göstərdi ki, elə indicə, nahara gəlib.
-Mahirə, əzizim, deyəsən gəzməyə çıxmışdın.
-Elədir. – Mahirə qapının ağzındakı balaca termo kətilinin üstündə oturub ayağını ayağının üstünə aşıraraq başmaqlarını çıxarır, ətəyi yuxarı dartındığından sanki, baldırlarını nümayiş etdirib ərinə yandıq verirdi. – Evdə oturmaqdan darıxdım bir az, çıxıb mağazaları dolaşmaq qərarına gəldim.
-Kiminlə? – Nəcməddinin sualı qəflətən səslənsə də Mahirə özünü itirmədi.
-Tək çıxmışdım. Torqovıda Vəfa ilə rastlaşdım. O da oğlu Elgizi gəzdirməyə çıxarmışdı. Birlikdə mağazaları dolaşdıq, əyləndik bir az. – Mahirə ayaqqablarını çıxardıb yerinə qoyduqdan sonra güzgünün qabağına keçdi. Diqqətlə, bir az da müştəri gözü ilə özünü süzdükdən sonra əli ilə sol yanağına düşmüş telini qulağının arxasına keçirdi. – Bir az pul xərclədim. Elgizə velosiped aldım, otuz manata, axı o, mənim sirdaşımın, ən yaxın rəfiqəmin oğludur. Hə, nədir, olmaz?
-Əzizim. – Nəcməddin yaxınlaşıb arxadan Mahirəni qucaqladı, ağzını doldurub istədi desin ki, indi bədxərclik haramıza yaraşır, anbarda əysiyimiz əysik dalınca çıxır, amma demədi, əyilib arvadının yanağından öpməyə cəhd göstərdi. İçkinin iyi onu vurduğundan sifətini tez geri çəkdi. – Fuu… Səndən araq iyi gəlir ki… Deyəsən, Vəfaynan yaxşıca vurmusunuz?
-Adama bir neçə bakal şirin çaxır içmişik, həm qan qaldırandır, həm də nastroyeniyamız yuxarı olsun deyə.
Mahirə heç təmkinini pozmadan fitil-fitil ötürdü. Onun bu hərəkəti Nəcməddini lap qıcıqlandırırdı.
-Bəs, yaxşı, telefonun niyə bağlıydı?
-Zaryadkası ölmüşdü. – Mahirə bunu deyib gözlərini Nəcməddinin gözlərinə zillədi.
Nəcməddin söhbəti uzatmağın mənasız olduğunu görüb bir söz demədi, mətbəxə keçib yeməyini qızdırdı, sakitcə naharını etdi. Mahirə isə yataq otağına yollandı, yəqin ki, uzun gəzintidən sonra yorulub yatmaq istəyirdi.
Nəcməddin on beş-iyirmi gündən artıq güclü müşahidə apardı, amma Tofiqlə İlqarın işində nə isə bir əyrilik hiss etmədi. Heç arvadının hərəkətlərində də ona qarşı bir soyuqluq tuta bilmirdi. Həyat öz axarı ilə davam etməkdəydi.
Amma noutbukların itgisi onun ürəyindən ağır bir daş olaraq sallanmaqdaydı. Həm də anbar boşaldıqca kiçik aksesuarlardan da nasazı, əysiyi üzə çıxırdı ki, bunlar da Nəcməddinə rahatlıq vermirdi. Tez-tez də bir yandan yalançılıqda qınadığı, bir yandan da xoşagəlməz sözlər deyib ürəyinə şübhə toxumu səpdiyi Zöhrə qarının sözləri qulağında cingildəyirdi: “Sən onların toxunduqları əşyalardan bir şey gətir, mən də sənə kömək edə bilim. Anbardan oğurluq edən kimdirsə arvadınla gizli görüşən də odur!” Bir tərəfdən də babası rahatlıq vermirdi ona. Daha təkcə yuxularda deyil həyatda da qarşısına çıxırdı. Küçə ilə gedərkən ağacların arasında peyda olub, tez də qeybə çəkilirdi. Bir də görürdün anbarın lap dib tərəfində, yaxşı işıqlandırılmamış bir yerdə dayanıb ona baxır, əlini yuxarı qaldıraraq nə isə işarələr verirdi. Nəcməddin yazı masasından ona tərəf gedəndə babasının yoxa çıxdığını görürdü. Nəcməddin lap dəng olmuşdu, bilmirdi nə etsin.
Belə günlərin birində axşamtərəfi şəvinik vuranda işdən çıxıb evə gedirdi. Yaşadığı binanın həyətinə çatanda babasının oturacaqda oturduğunu gördü. “Baba, burda niyə oturmusan?” deyə soruşmaq istədisə də səsi çıxmadı. Babası şəhadət barmağını ağzına aparıb susmaq işarəsi verdi. Sonra həmin barmağı ilə böyrünü göstərdi. Nəcməddin elə bildi ki, babası ona yanında oturmağı təklif edir. Amma babasının böyrünə baxdıqda oturacağın üstündə iki qırmızı qərənfilin qoyulduğunu gördü. “Bu nədir? Olmaya babam kiminsə ölüm xəbərini gətiribdir?” deyə dəhşətə gəldi, sanki başı havalandı. “Yox” deyib başını silkələdi. Gözləri dumanlandı, tor gördü. Özünə gələndə oturacaqda nə babası vardı, nə də qərənfillər. Dərhal oranı tərk edib evinə yollandı.
Bir neçə gündən sonra axşam evə dönəndə Mahirəni evdə görmədi. Dərhal telefonuna zəng vurdu. Uzun-uzadı zəngdən sonra Mahirə cavab verdi.
-Hə, Nəci, eşidirəm.
-Hardasan?
-İndi gəlirəm.
-Hardaydın?
-Narahat olma, artıq yoldayam, gəlirəm.
Təxminən yarım saat keçəndən sonra Mahirə qapını açıb içəri girdi. Yenə də keçən dəfəki kimi bərli-bəzəkli geyinmişdi. İçəri keçən kimi özünü əzdirərək gülümsədi.
-Nədi, darıxdın mənsiz?
-Ay qız, bu nə özbaşınalıqdır? Bəlkə getdiyin yer barədə məlumat verəsən?
-Haram var, hara gedəm? Dostluq elədiyim bir Vəfadır, onlara getmişdim.
-Xeyir ola?!
-Ərinin vəzifəsini böyüdüblər, ziyafət təşkil etmişdi.
-Bəs deyirdin Vəfanın əri yoxdur?
-Dəxli nədir, saxlayanı olsun. Ərdən də yaxşı baxır ona. Heç ərli qadınlar onun kimi bəxtəvər deyillər. Pulu pul, şəraiti şərait, kefi də kef.
-Bəs o qulağındakı sırqa nədir?
-Vəfa hədiyyə elədi. Nədir ki?
-O sırqanın qiyməti hardasa yüz əlli – iki yüz manatdır, bəlkə də bir az çox olar.
-Mən Elgizə velosiped hədiyyə etdim, Vəfa da mənə bu sırqanı.
-Yaxşıdır, sənin otuz manatlıq hədiyyənin qarşılığında iki yüz manatlıq hədiyyə.
-Hər kəs öz imkanına görə hərəkət edir. Bir də elə bilirsən Vəfanın rəfiqələri çoxdur? Onun ən yaxın, etibar etdiyi adam mənəm.
-Belə de…
-Bəs sən nə bilmişdin. Bu həyat belədir. İnsanlar ya öz adlarına, ya da qarşısındakı adamın adına görə hərəkət edirlər.
Nəcməddin arvadının səmimiliyinə tam olaraq inanmasa da büruzə vermədi. Gümanlar onu fikir-xəyal aləminə qərq etmişdi. Qeyri-müəyyənlik içində Nəcməddin bir daha Zöhrə qarının yanına getməyə ehtiyac duydu. “Sən onların toxunduğu əşyalardan birini mənə gətir, mən sənə nə baş verdiyini bildirim” – Zöhrə qarının sözləri hələ də Nəcməddinin qulaqlarında cingildəyirdi.
Artıq ayın son günü idi. Nəcməddin anbar-mağazasında daxili təftiş apardı. Bu dəfə hər şey qaydasında idi. Heç bir əskiklik üzə çıxmadı. Görünür, onun sayıqlığını hiss edib heç nə oğurlamamışdılar. Bununla belə iki noutbukun oğurlanmasını Nəcməddin özünə bağışlaya bilmirdi. O, hələ də oğurluq edəni tapa bilməmişdi.
Axşamüstü işçilərinin maaşını verməliydi. Quraşdırmadan birinci İlqar qayıtdı.
-Nəci, maaşımızı verəcəksən?
-İndiyə kimi elə hal olubmu ki, sizin maaşınızı gecikdirim? – Nəcməddin İlqarın sualını sualla cavablandırdı.
-Olmayıb. Ancaq fikirləşdim ki, firmaları təzəcə yola salmısan. Bəlkə üstündə nəqd pul yoxdur.
-Hər halda sizin maaşınıza çatar.
Nəcməddin bunu deyib maaş cədvəlini İlqarın qabağına uzatdı. Sonra qələmdandan bir qələm çıxardıb ona verdi ki, imza atsın. İlqar cədvələ imza atıb qələmi cədvəlin üstünə qoydu və Nəcməddinə tərəf itələdi. Nəcməddin əvvəlcə içinə pul qoyulmuş konverti İlqara uzatdı.
-Al, say.
-Hər halda düz olar. – İlqar konverti alıb cibinə qoydu.
-Özün bil, məndən demək. Elə belədən deməyiblər: pulu verəndə də, alanda da say.
-Gedirsiniz, yoxsa hələ burdasınız?
-Tofiqi gözləyirəm, gəlsin onun maaşını da verim, sonra gedərəm.
-Yaxşı, onda mənlik bir işin yoxdursa, gedim. – İlqar bunu deyib getdi. Qapıdan çıxar-çıxmaz Tofiqlə qarşılaşdı. – Nəci, bu da Tofiq. – dedi və getdi.
Nəcməddin İlqarın qol çəkdiyi qələmi boş konvertin içinə qoydu və üstünə onun adını yazıb daxıla atdı. Elə bu vaxt Tofiq ona yaxınlaşdı. Eyni qayda ilə Nəcməddin onun da maaşını ödədi. İşçilər gedəndən sonra anbar-mağazanı bir də gözdən keçirdi. İçinə qələmlər qoyulmuş konvertləri götürdü, anbarın qapısını bağlayıb möhürlədi və astadan fit çala-çala evə yollandı.
Evə çatanda Mahirəni yatağa uzanmış gördü.
-Nə olub? Haran ağrıyır? – dərhal soruşdu.
-Heç özüm də bilmirəm. Başım ağrıyır. – Mahirə başına bərk-bərk bağladığı çalmasını göstərdi və bir də əlini qarnına sürtdü. – Bir də qarnım qıvrılır, sancıdan doğranıram.
-Bəlkə təcili yardım çağırım? – Nəcməddin sual dolu baxışlarla arvadını süzdü.
-Ehtiyac yoxdur. – Mahirə istəmədən belə gülümsəməyə çalışdı. – Vəfaynan zəngləşmişəm. Deyir, biz qadınlarda hərdənbir belə tutmalar olur, yatsam, yəqin ki, keçib gedər.
-Yaxşı, çalış ki, yata biləsən.
Nəcməddin əlini Mahirənin alnına qoydu, azca istisi vardı. Sonra nəbzini tutdu, elə bir dəyişiklik hiss etmədi.
-Exx… siz qadınlar… – deyərək mətbəxə keçdi.
Səhər-səhər yuxudan oyananda Mahirəni də oyanmış gördü.
-Yaxşısanmı?
-Elə bil yaxşıyam. Başım da gicəllənmir.
-Şükür Allaha. Bir şey lazım olsa zəng vurarsan. Telefonunu zaryadkaya qoş.
Nəcməddin səhər qəlyanaltısı edən kimi evdən çıxdı. İşə yox, birbaşa Zöhrə qarının qəbuluna yollandı. İnsafən qəbulda çox adam yoxuydu, ondan qabaq ikicə nəfər vardı. Zöhrə qarı nədənsə nəvəsi Almurada onu çağırmağı tapşırdı. Zöhrə qarının belə işləri vardı, kimin ki, işi tələsikdi, onu qabağa salırdı. Bunu başa düşür, növbədə dayananlardan heç kim ona etirazını bildirməzdi.
-Axşam baban gəlmişdi. – Zöhrə qarı Nəcməddinə ağzını açmağa imkan vermədi. – Səndən yaman narahatdır. Deyir ki, Nəcməddin tezliklə ən yaxın adamını itirə bilər. Ona kömək etmək lazımdır.
Nəcməddinin yadına düşdü ki, babası bir həftə əvvəl yaşadığı binanın önündə onun da qabağını kəsmişdi. Özü də iki ədəd qərənfillə. Doxsanıncı ilin 20 yanvar qırğınından sonra qərənfil ölü gülünə çevrilmişdi. Daha ad günlərində, şənliklərdə, sevgi görüşlərində heç kim heç kimə qərənfil hədiyyə eləmirdi. İndi qərənfillər ancaq qəbir daşlarının üstünü bəzəyirdi. Nəcməddin narahat olmağa başladı. Zöhrə qarı onun narahatçılığını görüb vəziyyətdən çıxartmağa çalışdı.
-Görürəm, sən hələ ki, başqa işlə əlaqədar gəlmisən. Özü də hazırlıqlı gəlmisən. Cibindəkiləri çıxart, qoy masanın üstünə, görüm vəziyyət necədir.
Nəcməddin hər iki cibindəki konvertləri çıxarıb masanın üstünə qoydu, amma adlar yazılmış tərəfi aşağı çevirdi ki, Zöhrə qarı oxuya bilməsin. Onsuz da Zöhrə qarı əllərini sürtməklə oxuyurdu və belə hallarda o, gözlərini yumurdu. Bununla belə Nəcməddin ona hələ də inana bilmirdi.
Zöhrə qarı əlini soldakı konvertin üstünə gəzdirən kimi onu işarələdi.
-Bax, budur! – dedi. – Hər kimdirsə bu qələmə toxunan şəxsdir. Həm xəlvətdə arvadınla görüşür, həm də anbarından oğurluq edir.
Nəcməddin sağollaşıb getdi. Yol boyu o, deyilənlərə yenə də inana bilmirdi. Zöhrə qarı İlqarın toxunduğu qələmi göstərmişdi. İlqar isə onun həm tələbə yoldaşı, həm də dostu idi. Xeyli müddətdir yoldaşlıq edirdilər. İlqarın əlləri qızıldan idi, elektrik avadanlıqlarını əzbər bilirdi. Həm də evinə gəlib gedən adamdı, ondan nəinki oğurluq gözləməzdi, heç şübhələnməyə də dəyməzdi.
Gün ərzində Nəcməddin vaxtını işdə keçirdi. Nə İlqara, nə də Tofiqə bir söz dedi. İşçilərinin hər ikisi öz işləri ilə məşğul oldular. Nəcməddin axşam evə gələndə Mahirəni də xoş əhval-ruhiyyədə gördü. Dərhal onu qucaqlayıb üzündən öpdü.
-Sənin sifətin güləndə, mən də sevinirəm. – dedi.
-Yəqin bilirsən? – Mahirə eyhamla vurğuladı.
-Nəyi?
-Testin cavabını.
-Nə test?
-Hamiləlik testi.
-Nə danışırsan? Sən hamiləsən?
-Hə… test belə göstərdi.
Nəcməddin qeyri-ixtiyarı Mahirəni qucaqlayıb öpdü. Sonra əlini onun qarnına sürtdü.
-Muğayat ol. – dedi.
-Ondanmı? – Mahirə soruşdu.
-Elə özündən də.
İki gün idi ki, İlqar işə gəlmirdi. Üçüncü gün İlqar işə gələndə Nəcməddin soruşdu:
-Hardaydın?
-İşim var idi.
-Xəbər verə bilməzdin? Sən nə vaxt icazə istədin, mən vermədim?
-Qızışıb özündən çıxma. Deyirəm çox vacib iş idi. Xəbər eliyə bilmədim.
-Sən axı mənə söz vermişdin. İndi işin ən qızğın vaxtıdır, təzə gələn malları yerbəyer etmək lazımdır. Köhnədən qalanların siyahısını yeniləməliyik, ümumi hesabat hazırlamalıyıq. Nə almışıq, nə satmışıq, qazancımız, əysiyimiz nədir. Sən də özbaşına məni qoyub getmisən. Elə bilirsən sənsiz işləyə bilmərik? İşləyərik, hələ deyirsən o tərəfə də keçərik. Bu gündən azadsan, səni işdən çıxardıram. Hara istəyirsən, çıx get. Bir də buralara gəlmə.
-Acıq çıxırsan məndən eləmi? Mahirənin acığını çıxırsan, bilirəm. Onsuz da o, səni deyil, məni sevir.
-Danışığını bil, əclaf! – Nəcməddin İlqarın sinəsindən itələdi ki, anbar-mağazadan çıxartsın. – Mahirə mənim arvadımdır.
-Nə olsun ki, sənin arvadındır, biz görüşürük.
-Küfür danışma, yaramaz, rədd ol burdan.
Nəcməddin İlqarın sinəsindən itələyə-itələyə onu anbarın çıxışına gətirdi. Bu zaman telefona zəng gəldi. O, dərhal geriyə qayıdıb telefonun dəstəyini qaldırdı.
-Alo… Bəli, mənəm, eşidirəm. Necə..? Hansı xəstəxanaya aparıblar? Aydındır, çox sağ olun. Mən indi…
Zəng vuran Nəcməddingilin qonşusu, həm də Mahirənin rəfiqəsi Amalya idi. O, Mahirənin şiddətli ağrıdığını, təcili yardım maşını ilə 3 nömrəli xəstəxananın doğum şöbəsinə aparıldığını bildirdi. Nəcməddin təcili olaraq həmin xəstəxanaya yollandı.
Tibb bacısı Mahirənin palataya yerləşdirildiyini, ilk yardımın göstərildiyini, vəziyyətinin hələlik normal olduğunu bildirdi. Odur ki, Nəcməddin əvvəlcə həkimin qəbuluna düşüb vəziyyəti öyrənmək qərarına gəldi.
-Hansı həkim baxıb Mahirəyə? – deyə tibb bacısından soruşdu.
-Sevda xanım, soldan ikinci otaqdadır.
Nəcməddin yaxınlaşıb otağın qapısını döydü.
-Buyurun! – İçəridən çox zəif səs eşidildi.
-Salam. – Nəcməddin qapını açıb içəri keçən kimi dərhal özünü təqdim etdi. – Mən Mahirənin həyat yoldaşıyam. Eşidən kimi bura gəldim. Həkim, Mahirənin vəziyyəti necədir? Hamiləliklə bağlı bir problem yoxdur ki?
Sevda xanım onu başdan ayağadək süzüb:
-Məgər siz yoldaşınızın vəziyyətindən xəbərdar deyildiniz?
-Xeyr. Onun vəziyyətinə nə olub ki? Biz cəmisi iki ildir evlənmişik. Mahirə o günü mənə xəbər verdi ki, hamilədir.
-Mahirə hamilə deyil, onun uşaqlığında şiş var, özü də çoxdan əmələ gəlib. Analiz edib şişin vəziyyətini araşdırmaq gərəkdir. Məsləhət olsa əməliyyat edib şişi götürə bilərik.
-Mənə fikirləşmək lazımdır. Mahirəni görə bilərəmmi?
-Hə, gedin, görün. Ancaq indiki vəziyyətdə onu həyəcanlandırmaq olmaz, xəstəliyin inkişafı intensivləşə bilər.
Nəcməddin həkimin yanından çıxıb Mahirənin yerləşdirildiyi palataya yaxınlaşdı. Hal-əhval tutandan sonra Mahirəyə bəzi lazım olan əşyaları gətirmək üçün evə getmək adı ilə palatadan çıxdı, amma evə deyil, Zöhrə qarının yanına yollandı.
-Mən görürəm ki, hər şey səndən asılıdır.
-Məndən nə asılıdırsa, deyin. İndi o, bəzi şeyləri anlamır. Şiş xəstəliyinin dəhşətlərini başa düşmür. O, bir neçə ildən sonra həyatda olmaya bilər. Mən isə onu çox sevirəm.
-Elə o da səni sevir. Gizlətməyəcəyəm, düzdür, ortada axmaqlıqlar edib, amma etdiyinə tez də peşman olub. Günahların çoxu da sənin dostundadır, bir də səndədir ki, onu çox yaxına buraxmısan, ailənin içinə gətirmisən.
-Mən indi nə etməliyəm? Zöhrə qoca, xahiş edirəm, məndən nə asılıdırsa, deyin. Mən hər şey etməyə hazıram, təki Mahirənin həyatını xilas edə bilək.
-Sən təcili həkimin yanına qayıt. Tələb olunan məsrəfi tap ki, həkimlər öz işlərini görsünlər.
-Həkim əməliyyat etmək istəyir. Mən də kimdən soruşmuşam, deyiblər ki, şişə bıcaq vurmaq olmaz. Bıçaq vuran kimi metastaz verir.
-Elə vəziyyət yaranır ki, əməliyyatsız ötüşmək olmur. Görünür, düzünü həkimlər bilir.
-Yaxşı, siz də bunu deyirsinizsə, mən gedim.
-Get. Əməliyyatdan sonra arvadına yaxşı qulluq elə. Sağalan kimi onu bağışladığını mütləq de. Çünki, deməsən, o, özünü həmişə günahkar sayacaq. Arvadın özünə qapılacaq və belə halda damarlarında ilişib qalmış şiş hüceyrələri sürətlə arta və yenidən xəstələnə bilər. Belə olduqda xəstəlik elə şiddətlənər ki, qarşısını heç nə ilə almaq mümkün olmaz.
Nəcməddin Zöhrə qarının məsləhətlərinə qulaq asaraq o, dediyi kimi etdi. Əməliyyatdan bir həftə sonra Mahirəni evə gətirdi. İşlərini Tofiqə həvalə etsə də Amalyanı işə götürüb mağazanı ona tapşırdı. Mağazadan çıxan hər detalı qeydə almağı, ödənilən məbləği dəftərə yazaraq seyfə qoymağı həvalə etdi. Özü isə Mahirənin qulluğunda dururdu ki, arvadı tezliklə sağalıb ayağa qalxsın.
Mahirəni bir an gözündən qoymayan Nəcməddin onu, demək olar ki, rejimlə bəsləyir. Həkimin yazdığı dava-dərmandan savayı özü “Evdarlıq” kitabından öyrəndiyi şirələr çəkərək arvadına içirdirdi. Amma Mahirənin qaşqabağı açılmırdı ki, açılmırdı.
-Əzizim, biz çalışırıq ki, sən tezliklə dirçələsən. Sən isə hisslərə qapılırsan. Belə olmaz axı. Sən əgər hisslərə qapılsan nə bu dava-dərmanın, nə də meyvə, göy və şirələrinin heç bir xeyiri olmaz.
-Əl çək məndən! – Sanki bir himə bəndmiş kimi Mahirə ağlayaraq hirsləndi. – Hamınız məni aldadırsınız. Bu xəstəliyin əlacı yoxdur. Burax, mən rahat ölüm.
-Mən səni necə buraxa bilərəm?
-Başa düşürəm, sən yaxşı adamsan, ancaq mən sənin yaxşılığının əvəzində… – Mahirə başını əlləri arasına alıb hönkürdü.
-De, de ki, ürəyin boşalsın.
-Mən bir il bundan əvvəl bildim ki, şiş xəstəliyim var. Rəfiqələrim dedi ki, vecinə alma. Bu xəstəliyin bircə əlacı var, o da tez-tez başqa bir kişi ilə görüşməkdir. Həmin vaxt idi ki, alveriniz yaxşı gedirdi, sən də tez-tez İlqarla evə gəlirdin. Evdə yeyib-içmək təşkil edirdin. Mənə tərəf heç gözünün ucu ilə də baxmırdın. Hər gün sən işə gedəndən sonra İlqar nəyi isə bəhanə edib bizə gəlirdi. Əvvəllər ya eynəyini, ya yağlı yazan qələmini, ya da başqa bir şeyini bəhanə edirdi. Sonra çay, kofe içmək istədiyini bildirdi. Belə-belə münasibətimiz yarandı, heç özüm də bilmədim ki, necə onun qucağına düşdüm. Sonra evdə görüşməyə qorxdum, o, şəhərdə başqa evdə görüşümüzü təşkil edirdi. Bir gün mənə hədiyyə də verdi – sən şübhələndiyin sırqanı… – Mahirə bir an Nəcməddinin gözlərinə baxdı, onun gözlərində ilanlar oynamırdı, bir yazıqlıq nişanəsi parlayırdı. – İlahi, bütün bunları mən niyə danışıram? Mən ölməliyəm, ölməliyəm. Buraxın məni, rahat ölüm istəyirəm.
-Özünü ələ al. Keçənə güzəşt deyiblər. Bu, əlbəttə ki, olmamalıydı. Ancaq nə etməli, bir halda ki, olub. Mən sənin vəziyyətini başa düşürəm. Ürəyimdə heç bir kin saxlamıram, çünki səni dəlicəsinə sevirəm. Neyləyim, ürəyimi heç bir qıza bağlamamışam. Ağıllı başla deyil, dəli kimi sevirəm səni. Olub keçənlərə göz yumuram.
-Niyə? Niyə axı? Mən sənə xəyanət etmişəm. Xəyanətin cəzası çəkilməlidir. Ya özün öldür məni, ya da burax, çıxım gedim, harda olsa it kimi gəbərim. Qoy, meyidimi tapıb sahibsiz biri kimi kimsəsizlər qəbiristanlığında dəfn etsinlər.
-Yox, Mahirə, yox. Səni heç hara buraxan deyiləm. Sən sağalacaqsan, özü də tezliklə, büsbütün. Sənin canında şişdən heç bir əlamət qalmayacaq. Sən hələ məni ata da edəcəksən.
-Sən nə danışırsan? Mən səni başa düşə bilmirəm. Bir bu qədər pisliklər eləmişəm, sən isə məni bağışlayırsan. Niyə..? Nəyə görə..?
-Mahirə, sən doğrudan da ölümcül xəstəydin. Sənin sağalmağın tək mənim bağışlamağımdan asılıydı ki, onu da mən sidq ürəklə etdim. Sən başa düşməlisən ki, mən səni bağışlamışam. Necə bağışlamaya bilərdim? Bir halda ki, sənin həyatın mənim bağışlamağımdan asılıdır və bunu mən bilirəm. Əzrayıl deyiləm ki, bağışlamayıb canını alam. Mən bir Allah bəndəsiyəm. Allah bağışlayırsa, mən də bağışlamalıyam.
-Doğrumu deyirsən? Yoxsa məni ölümqabağı ovundurmaq istəyirsən?
-Doğru sözümdür.
-Onda mən də sənə bir kişi qızı kimi söz verirəm. Əgər mən sağalsam, dünyanın ən ideal qadını olacağam. Səni başımın tacı bilib hər an qulluğunda duracağam. Əgər Tanrı mənə ana olmaq nəsib etsə, onların tərbiyəsi ilə məşğul olacağam.
-Bilirsən də bunun üçün nə etmək lazımdır?
-Bunun üçün nə etmək lazımdır ki?
-Sən bir neçə saat Tanrıya dua etməlisən. Anadan olandan bu günə kimi nə qədər pis hərəkətin yadında qalıbsa hamısını xatırlayıb sadalamalısan, səhv etdiyini başa düşdüyünü bildirməlisən, bağışlanmağını xahiş etməlisən və tövbə deməlisən ki, bir də həmin hərəkəti və oxşar pislikləri təkrar eləməyəcəksən.
-İlahi, mənə güc ver.
Mahirə bunu deyib Nəcməddinin boynuna sarıldı, onlar bir-birini qucaqladılar, bir müddət belə dayanıb birdən hönkürüşdülər, hər ikisinin gözündən yaş sel kimi axmağa başladı. Nəhayət, Nəcməddin sükutu pozdu.
-Yaxşı, özünü ələ al, get mətbəxə və dediklərimi et. – dedi. – Sabah tezdən həkimə yoxlanmağa getməliyik. Özün görəcəksən, hər şey yaxşı olacaq.
Mahirə mətbəxə yollandı, Nəcməddin isə yatağına uzandı. Nə vaxt yuxuya getdiyindən xəbəri olmadı. Ayılanda saata baxdı, əqrəblər beşin üstündəydi. Yataqda isə o, tək idi. Narahat olub dəhlizə çıxdı, mətbəxdən Mahirənin səsi gəlirdi. Mahirə hıçqırıqlarla dolu danışır, bir daha səhv etməyəcəyinə söz verir və bağışlanmasını xahiş edirdi. Qeyri-ixtiyari Nəcməddinin gözləri doldu, belə vəziyyətdə baxışlarını nədənsə qapıya zilləyib yerində kirimişcə qaldı. Qapıda babasını gördü, onun əllərində qərənfil yox idi, sadəcə gülümsəyirdi. Gözlərini yumub-açdı, qapıdan ona gülə-gülə baxanın babası, yoxsa Zöhrə qarı olduğunu ayırd edə bilmədi.
Gözləri yaşla elə dolmuşdu ki…