QƏHRƏMAN ÖMRÜ
Şəhid Hüseynzadə Elməddinin Fərman oğluna ithaf olunur.
O gecə, 28.03.1998 – ci il çox güclü külək əsirdi. Əsən güclü külək, rayonun elektrik sistemini sıradan çıxartmışdı. Bütün rayon qaranlığa qərq olmuşdu. Qaranlıq və güclü küləyin uğultusu çox vahiməli idi. Evlərin pəncərəsindən çıraq, şam işıqları əks olunurdu. O, dünyaya gözlərini çıraq işığında açdı. Bu qaranlıq, vahiməli gecəyə gün kimi doğdu. Öz işığı ilə ətrafı aydınlatdı. Ailənin ilk körpəsi dünyaya gəlmişdi. Bu evdə bayram sevinci var idi. Körpənin evinə gəldiyi gün,süfrə açıldı. Onun gəlişi qeyd olundu. Bu sevincli süfrədə, körpənin adıda qoyuldu. Onun adı Elməddin oldu. Balaca Elməddin günü-gündən böyüyürdü. O, artıq iyirmi üç günlük idi. Həmin gün atası, əşyalarını yığıb,
– Mən Rusiyaya gedirəm. Orada qalıb bir müddət işləyib, gələcəm deyib evdən çıxdı. Həmin gün iyirmi üç günlük körpəsini və həyat yoldaşını tərk edib getdi. O, gündən Elməddinin gözlərinə gizli bir qəmginlik çökür.
Atasının gedişi ilə bütün yük anası Arzunun çiyinlərinə düşmüşdü. O, həm oğluna baxır, həmdə tarlada işləyirdi.
Elməddinin bir yaşı qeyd olundu. Elməddin atasından xəbərsiz böyüyürdü. Arzu xanım bu ayrılığın dönüşü olmayacağını anlayıb, ata-anasının evinə döndü. Elməddin bu evin əziz nəvəsi idi. Onun atası ola-ola atasız böyüməsi, hər kəsin ruhunu incidirdi. Körpə vaxtlarından qəmgin gözləri böyüdükcə daha da diqqət çəkirdi. Onun gözlərinə sanki, bir qəm çökmüşdü. Sirli gözləri heç bir zaman gülmürdü. Üzündə yaranan təbəssüm , gözlərinə toxuna bilmirdi.
Günlər keçir artıq balaca Elməddin danışır, şeir belə söyləyirdi. Çox geniş bir ailədə böyüyürdü. Onu hər kəs çox sevir, əzizləyirdi. Elməddin bu sevgidə, bir sevgi daha axtarırdı. Ata sevgisi,ata qayğısı. Lakin onun atası aman- sızca onu tərk edib getmişdi.
Elməddin dörd yaşında çox ağır bir xəstəlik keçirdir. Ölümlə üz-üzə gəlir. Həkimlərin səyi nəticəsində həyatını xilas etmək mümkün olur. Bu acılı günlərdə Arzu xanım övladı üçün əlindən gələni edir. Səhəti günü-gündən yaxşılığa doğru gedir. Nəhayət sağlamlığına qovuşur.
Əziyyətli və keşmə keşli bir həyat yolu ilə davam edir. Günlər aylara, aylar illərə çevrilir. Elməddin orta və peşə təhsilini bitirib,hərbi xidmətə çağrılır.
Arzu xanım oğluna böyük bir qonaqlıq təşkil edir. Yaxınlar, dost, tanış bu məclisdə iştirak edirdi. Hər kəs Elməddinə uğurlar arzulayıb, sağollaşdılar. Səhəri Elməddin hərbi hissəyə yola düşdü. Elməddin ermənilərlə qarşı-qarşıya sərhət bölgəsində, xidmət edirdi. Dövlətini, vətənini qorumağı özünə borc bilirdi. Düşmənə böyük bir nifrət hissi bəsləyirdi. Bir gün öz torpaqlarımızı mənfur düşməndən, geri alacağımızı düşünürdü. Onun xidməti zamanında, düşmən atəşkəs rejimini pozub, ordumuzu atəşə tuturdu. Ordumuz düşməni cavab atəşi ilə susdururdu. Bu zamanlarda, Elməddin özünü təhlükələrə ataraq, düşməni susturmağa, ordumuza zərər gəlməməsinə çalışırdı.
Hərbi xidməti bitirib, evinə döndü. Keşmə- keşli və çətin həyat yaşayan Elməddin, anasına dəstək olmaq üçün iş axtarır. Çətin də olsa bir sürücü işi tapır və işləməyə başlayır. İllərlə anasının çəkdiyi əziyyətlərin bir gün qarşı- lığını vermək və özü işləyib, anasını rahat yaşatmaq istəyirdi. Bir il bu işdə işləyir. Daha sonra isə ordu sıralarında işləmək üçün hərbi xidmətə çağırış mərkəzinə gəlib, qey- diyyat olur. Üç aylıq sınaq müddətindən sonra, ordu sıra- sında işləyəcəyini bildirirlər. Axşam evə gəlib anasına söyləyir. Arzu xanım bunu eşidəcək, ağlayır. Oğlunu gö- zündən kənara qoymaq istəmir. Onun gözünün ağı-qarası bircə balasının ondan uzaqda, həmdə sərhəddə olmasına razı ola bilmir. Lakin Elməddin onu yola gətirir və bir neçə gün sonra, sınağ üçün çağrılır və başqa bir rayona göndərilir. Onun sınaq müddəti ərzində, Tovuz döyüşləri başlayır. Elməddin bu döyüşdə iştirak etmək istəyir, lakin sınaq müddəti bitmədiyindən, ona icazə vermirlər. Bu döyüşdə xalqımızın birliyi və ordu sıralarında döyüşən hər bir hərbçinin, otuz illik həsrətə son qoymaq istəyi, co- şub, daşırdı. General Polad Həşimovun şəhadəti isə bu xalqın səbrinin son damlası idi. Bir çox cəsurluq və igidlik nümünəsi olan oğullar könüllü olaraq ordu sıralarında döyüşmək üçün qeydiyyat olunurdular. Bu sırada Elməddin də yer alırdı. Onun sınaq müddəti tam bitməmiş orduya yola düşdü. Artıq ordu sıralarında gizir olaraq işə başladı. Bir aydan sonra gəlib anası ilə görüşdü. Arzu xanım onun sevdiyi təamları bişirdi. Bir gün boyunca anası ilə dərdləşib, söhbətləşdi. Doyunca ana qoxusunu ciyərlərinə çəkdi. Onu öpüb, qoxladı. Ağarmış saçların- dan öpüb, hərbi hissəyə geri döndü. Hər gün anası ilə əlaqə saxlayıb, yaxşı olduğu haqqında məlumat verirdi.
Evlərinə gəlib, gedişindən bir həftə keçmişdi. Səhər saatlarında,düşmənin atəşkəs rejimini pozması ilə, ordumuz qarşı tərəfi susturmağa çalışdı. Lakin bu dəfə susturmaqdan çox, öz haqqımızı, öz torpaqlarımızı geri almaq üçün ayağa qalxdı. Döyüş meydanına atılan iğidlər arasında Elməddin də var idi. Vətən müharibəsinin başla- dığını eşidən Arzu xanım, oğlu üçün nigaran qaldı. Telefonlarına cavab ala bilməyib, daha çox narahat oldu. İki gün oğlundan xəbər ala bilmədi. Bu iki gündə rayon, bir – birinə qarışmışdı. Qarabağ bölgəsinə yaxın yaşadıq- larından, həm atəş səslərinin gəlməsi və oradan yaralı və şəhidlərin gəlməsi, Arzu xanımı qorxuya salmışdı. Hər gün gələn acı xəbərlərlə yanaşı ordumuzun torpaqlarımızı addım-addım geri aldığı xəbərləri sevindirdi.
29.09.2020 – ci il Arzu xanım oğlundan xəbər almışdı. Lakin o xəbər Elməddinin şəhid xəbəri idi. Elməddin Talış kəndi istiqamətində gedən döyüşdə şəhid olmuşdu. Arzu xanımın dünyası dağıldı. Tək oğlunu itirdi. Varlığını, nəfəs almağa səbəb olan oğlu artıq bu dünyada yox idi. Onun nəşini qarşıladı. O, Elməddini tək böyüt- müşdü. Onunla bu həyatda addımlayan yalnız oğlu var idi. Oğlunu tanımayanlar belə onun nəşini qarşılamağa gəlmişdi. Onun bu həyatda bu qədər tanışı yox idi. Lakin onu qarşılamağa minlərlə kədər içində gələnlər var idi. Elməddin son mənzilə yola salınır. Yaşadığı Bərdə rayonunun şəhidlər xiyabanında dəfn olunur. Yalnız onunla birgə anası Arzu xanımında ruhu dəfn olunur. Oğluna sağ-salamat qovuşmağı gözləyən ana, onun cansız bədənini qarşıladı. Elməddinlə çiyin-çiyinə döyüşən silahdaşları, onun cəsurluğundan, qəhrəmanlığından danışıb, Arzu xanımı təsəlli edirdilər. O, oğlunun sücaətini dinləyib, onunla qürur duyurdu. Ən azından bu söylənilənlər ona bir təsəlli olurdu. Oğlunun sayəsində bir neçə mənfur düşmən öldürülmüşdü. Elməddindən anasına yalnız xatirələri, fotoları və birdə on bir yaşında ilk dəfə anasından ayrı qaldığı o gün yazdığı məktubu qalmışdı. Elməddinin on bir yaşı olanda Arzu xanım səhəti üçün Mingəçevir rayonuna gedir və orada əməliyyat olunur. Bu müddətdə Elməddin nənəsinin yanında qalır. İlk dəfə o gün ayrılır anasından və ona məktub yazır. O məktubu Arzu xanım illərlə çantasında saxlayırdı. Bilmirdi ki oğlundan geriyə xatirə qalacaq.
Elməddinin anasına yazdığı ilk məktubu:
Salam ana, sənin üçün çox darıxmışam. Arzu edirəm ki, tez gələsən və sağlam olasan. Mən bayaq səninlə danışanda, kədərləndim və gözlərim yaşardı. Səni çox istəyirəm. Mənə zəng vurasan. Sənə bir şey olsa,qoy Allah baba mənim ömrümdən alıb, sənə versin. İstəmərəm ki, sənə bir şey olsun. Mənim arzularım ürəyimdə qalsada, qoy sənin arzuların həyata keçsin. Səni həyatımdan çox istəyirəm.
Oğlun Hüseynzadə Elməddin.
Bir gün arzularının yarım qalmasını diləyən Elməddin, bilməzdi ki bir gün gələcək ömrünün ən gözəl çağında arzuları yarım qalacaq. İyirmi iki yaşlı Elməddin həyatını, arzularını, xəyallarını, canından çox sevdiyi anasını Vətən uğurunda qəhrəmanca qurban verdi. Onun vətən sevgisi, hər zaman qəlbində aşıb, daşırdı. Üç dayısının vətənpərvərliyini özünə nümunə götürmüşdü. Onun dayıları, birinci Qarabağ müharibəsinin veteranları və qazisi idi. O, öz atasını tanımasada, ata yurduna, Kəlbəcərə qovuşmağı dinləyirdi. Uşaqlığından söylədiyi bir şey var idi. Hər zaman deyərdi ki, Kəlbəcəri azad edəcəm. Kəlbəcəri azad etməyə ömrü vəfa etməsədə, Suqovuşanı azad etməkdə böyük sücaəti olub. Ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğurunda”, “Cəsur döyüşçü” Medalları ilə təltif olunur.
