.....

.....

Qırılmış ümidlər – AYNURƏ İNCİ

Qırılmış ümidlər – AYNURƏ İNCİ

Qırılmış ümidlər( hekayə)

Səmayənin adı illər sonra bir çoxları üçün nümunəyə çevrilmişdi. Xaricdə təhsil alıb tanınmış bir ali təhsil ocağında pedaqoq kimi çalışması, onun həyatını uğur hekayəsi kimi göstərirdi. Amma bu hekayənin pərdəarxası fərqli idi – o pərdə arxasında bitməyən ağrılar, qırılmış ümidlər və taleyin çətin sınaqları vardı.
Səmayə həyatını təhsilə və biliyə həsr etmiş bir qadın idi. Xaricdə aldığı ali təhsil ona yalnız dərin bilik deyil, həm də sevgi gətirmişdi. Tələbəlik illərində tanış olduğu Əli ilə keçirdiyi günlərdə özünü dünyanın ən xoşbəxt insanı sanırdı. Onlar saatlarla parkdakı qədim ağacın altında oturub gələcəkdən danışardılar. Ağacın budaqları arasından süzülən günəş işığı sevgilərinin saf şəfəqlərini əks etdirirdi. Amma taleyin işığı uzun müddət saçmır – bir gün külək budaqları silkələyir.
Təhsilini başa vurub Azərbaycana qayıdanda ailəsi onu Cavid adlı başqa bir həkim,hörmətli oğlana nişanladı. Cavid sakit və hörmətli biri idi. Səmayə onunla ailə qurmağa razılaşsa da, qəlbinin bir küncündə Əliyə olan sevgisini gizlətmişdi. Toya iki gün qalmış hər şey dəyişdi.
Alış-veriş üçün çıxdıqları bir gündə Əli qəfil peyda oldu. Gözlərində əvvəllər gördüyü hüzurdan əsər-əlamət yox idi – indi yalnız qəzəb və tənhalıq vardı. “Mən səni heç kimə vermərəm!” – deyə qışqıran Əli, onu zorla avtomobilə mindirdi. Küçənin ortasında çaxnaşma yarandı. Hamı çaşqınlıqla baxırdı, amma heç kim müdaxilə etmirdi. Əli onu qaçırdı və bu hadisə Səmayənin ailəsindəki münasibətləri tamamilə alt-üst etdi.
Həyat boyu xəyallarını bəzəyən Əli, indi onun üçün fırtına gətirən bir küləyə çevrilmişdi. Onların evliliyi cəmi iki il çəkdi. Əli onu xoşbəxt edə bilmədi, boşandılar. O gün küləyin sovurduğu yarpaqlar kimi Sərmayənin həyatından da hər şey bir-bir uzaqlaşdı.
Bu arada Cavid də həyatını davam etdirmiş, başqa bir qadınla evlənmişdi. Lakin onun da xoşbəxtliyi uzun sürmədi. Həyat yoldaşı ağır xəstəlikdən dünyasını dəyişdi. Cavid tək qalmışdı, amma keçmişdə yarımçıq qalan toyun kölgəsi hələ də onun üzərindən çəkilmirdir.
İllər sonra Səmayə və Cavidin yolları bir payız günü kəsişdi. Tanınmış pedaqoq olan Sərmayə, təsadüfən bir tədbirdə Cavidi gördü. Onların baxışları keçmişin ağırlığını bir daha xatırlatdı. Tədbirdən sonra parkda görüşdülər. Hər ikisi səssiz addımlayırdı. Payız küləyi ağacların qızıl rəngli yarpaqlarını yerdən qoparıb sovururdu. “Bəlkə də bu külək keçmişin günahlarını da sovurub aparır,” – deyə Cavid pıçıldadı.
Həyat onlara yenidən bir şans vermişdi,yolların kəsişməsi, amma xoşbəxtlik bu dəfə də qısa sürəcəkdir .
Bir neçə il davam edən bu sakit həyat, Cavidin xərçəng diaqnozu ilə sarsıldı.
Səmayə illər əvvəlki yaralarını unudub bütün gücü ilə onun yanında olmağa çalışırdı. Onunla keçirdiyi hər anı ən qiymətli xəzinəsi kimi qəbul edirdi. Axşamlar Cavidi uşaqlıqda eşitdiyi nağıllarla sakitləşdirirdi. Cavid isə hər dəfə onun əllərini sıxaraq, “Sənin qucağında ölmək istəyirəm,” deyirdi.
Bir payız axşamı, külək yenə yarpaqları sovurarkən, Cavidin gözləri əbədi olaraq bağlandı.
Həyatları bir daha ayrılmazcasına birləşmiş kimi görünsə də, bu dəfə ölüm onları ayırdı. Cavidin yoxluğu, Səmayənin həyatında artıq  doldurulmaz bir yer buraxdı.
Onun həyatda hər şeyi vardı – işi, karyerası, adı, hörməti. Amma onun ürəyində hələ də sağalmayan bir yara və
ürəyində bir boşluq vardı.
Həyat ona hər şeyi vermişdi , amma xoşbəxtlik – onu heç vaxt tam qazana bilmədi. Həyatın ona verdiyi bütün sınaqlardan sonra o, anladı ki, sevgi nə qədər böyük olsa da, taleyin hökmü hər şeydən güclüdür.
. Həyat ona hər şeyi bəxş etsə də, təkcə xoşbəxtliyi əsirgəmişdi.
Həyat, Səmayənin qollarından sevdiklərini çəkib almışdı. İndi o, tanınmış bir pedaqoq, ailəsi üçün fəxr mənbəyi idi. Amma ürəyində daşıdığı dərin boşluq, küləyin hər əsintisində ona yenidən xatırladırdı: “Həyat sənə hər şeyi verə bilər, amma xoşbəxtliyi almağa gücün çatmaz.”
Təbiət isə yenə simvolik səslərlə danışırdı. Ağacdan düşən sonuncu yarpaq, sanki onun qırılan ümidlərini təkrar təsvir edirdi.