.....

.....

QIZ TƏVƏKGÜLÜN BREND AYAQQABISI – ƏLİ BƏY AZƏRİ (hekayə)

QIZ TƏVƏKGÜLÜN BREND AYAQQABISI – ƏLİ BƏY AZƏRİ (hekayə)

QIZ TƏVƏKGÜLÜN BREND AYAQQABISI
(hekayə)

Gün çoxdan günortanı keçmişdi. Evdə tək idim, divanda oturub televizorda gedən verilişlərdən hansınısa seyr edirdim. Reklamlar başladı, ticarət mərkəzindəki ayaqqabıların sərgisini göstərdilər. Jurnal masasının üstündəki pultu götürüb başqa kanallarda nə getdiyini yoxlamaq istəyirdim ki, qapı döyüldü:
-Tak, tak.., tak, tak, tak…
Danqıltıdan hiss elədim ki, gələn qonşulardandır; ya Bahəddindir, ya da uzaq qohumlardan olan Təvəkgül.
Hündür binaların arxasında yerləşən ərazidə yaşayırdıq, burda hamı bir-birini tanıyırdı. Qaçqınçılıqdan bir-neçə il sonra, hardasa iyirmi il bundan əvvəl salınan məhəllə elə kəndə oxşayırdı. Kənddə hamının hər şeydən xəbəri olduğu kimiydi. Burda Bahəddinin başına nələr gəlməmişdi, zarafata salıb deyirdilər, bircə ağıldan savayı. O da kəmhövsələ və hüttülümlüyündən irəli gəlirdi. Nə deyilənləri eşidirdi, nə də öz düşüncəsi vardı. Yaşı yetmişi haqlasa da əlindəki çəliklə qapı-pəncərəni elə döyürdü ki, elə bil durduğu yerdə havalanıb, davaya gəlib. Az qalırdı ki, şüşələr cilik-cilik olub yerə tökülsün. Adamı çağıranda balaca uşaq kimi çağırırdı, çağırırdı yox e.., cavab verilənədək dayanmadan çağırırdı.
-Həsən, ay Həsən. Həsən, ay Həsən. Həsən.., Həsən.., Həsən.., Həsən…
Gözləmək yoxdu ki, çağırdığı adam qapıya çıxıb hay versin.
Təvəkgülün də onunla oxşar cəhətləri çoxuydu. Bircə fərq onda idi ki, Bahəddin özünə təzə bir şey alanda onu bir müddət gizlətməyə çalışırdı, Təvəkgül isə həmin dəqiqə əyninə geyinib qapı-qapı gəzər, hamıya; qonum-qonşuya, dost-tanışa, qabağına çıxan hər kəsə təzə aldığını göstərərdi. Bahəddin Pişik ilində dünyaya gəlmişdi, amma bürcünü özü də bilmirdi. Gah yayın cırhacırında doğulduğunu söyləyər, pələng, şir olduğunu car çəkir, gah da qışın oğlan çağında doğulduğunu bildirər, “məndən heç kim baş açmaz, dolçayam” deyərdi. Təvəkgül isə qız bürcündə dünyaya göz açmışdı, işi-gücü güzgüyə baxmaq, özünə bəzək-düzək vurmaqdı. Məhlədə hamı onların bu xasiyyətlərinə öyrəşmişdi.
Molla Əsgər deyirdi ki, məmləkətdə ərəblərdən qalma bir adət var, uşağa ad qoyanda onun qulağına “Quran” duası oxunur, sonra da adına layiq olmaq tapşırığı tövsiyyə edilir. Bahəddinə ad qoyan qulağına necə üfürübsə yetmiş ildir ki, onu qulağından çıxardıb ata bilmir. Kim ona nə deyirsə, nə danışırsa, doğruluğuna, yalanlığına fərq qoymur, dinləyir və sonda şübhəylə yanaşır:
-Baah!
Təvəkgülün də atası evlilikdən sonra uşağının olmamasından bərk narahatçılıq keçirib. O yer qalmayıb ki, müalicəyə getməsin. Axırda ona məsləhət görüblər ki, arvadını da götürüb bir molla yanına getsin. O, inanmasa da buna əməl edib. Molla “Allaha təvəkgül” deyib yola salandan sonra atasının beynində bir fikir hakim kəsilib: “Uşağım olsun, adını Təvəkgül qoyacam” və niyyəti hasil olub.
…Odur ki, dərhal ayağa qalxıb dəhlizə çıxdım ki, evin giriş qapısını açıb gələn qonağı qarşılayım. Qapını açan kimi qarşımda Təvəkgülü gördüm. Tez onu başdan ayağadək süzdüm ki, görüm üst-başında nə yenilik var.
Həmişəki kimi idi – şux duruşdaydı, səliqəli geyimindən, bir də saçını arxaya daramasından hiss olunurdu. Saçı səliqəli olsa da bu günlərdə bərbərxanaya gedənə oxşamırdı. Gözündəki qara eynək də təzə deyildi, ötən ilin payızında da həmin eynəyi Təvəkgülün gözündə görmüşdülər. Əla pencəyi, güllü köynəyi, enli dəri qayışı, boz mil-mil butulka şalvarı; əynində nə vardısa hamısı köhnəydi. Köhnə deyəndə, yəni bir müddət əvvəl alınmışdı, artıq neçənci dəfəydi geyilirdi. Ayaqqabısına baxdım, amma ayırd edə bilmədim. Təvəkgül paltarını çox səliqəli geyinirdi, ayaqqabısını da tərtəmiz parıldadandan sonra ayağına taxardı. Hətta şotka ilə təmizləyib kremləyəndən sonra da geyinməzdi, ya məxmər, ya da keçə parçası ilə sürtüb par-par parıldatmayınca rahatlıq tapmazdı.
-Salam, Təvəkgül. Niyə qapıda durmusan? Keç içəri.
Xalaxətrin qalmasın təklif etdim, gəlməsə də təklif etməyəndə inciyirdi. Bir həftə üzü o tərəfə gedirdi. Bir həftə də gileylənər, sonra sakitləşərdi.
-Qonağı belə qarşılayarlar?! – Təvəkgül nəyə isə eyham vurdu, təxmini bilsəm də ayırd edə bilmədiyimdən heç nə demədim.
-Sənə yüz kərə demişəm ki, pəncərəni elə döymə. – Mən onu qabaqladım. – Bir də gördün şüşəsi sındı. Mart ayında soyuqda qalmalıyıq ki? İndi…
-Sən axı köhnə çekistsən, gözündən tük də yayınmamalıdır. – Təvəkgül durub baxdı, baxdı, bir də eyham vuranda bildim ki, təzə nə isə alıb.
-Ee.., ay Təvəkgül! – Sağ əlimi sağa-sola hərlədim. – Vallah, istəyirdim deyəm, ancaq nədənsə saxladım.
-Yaxşı, görək. Bircə öncə görənlik edib “ayaqqabı darlıqdır” demə. Bircə bu ilaxır çərşənbəsinə xatır köhnə fikirlərini unut. Ayaqqabının heç bir darlığı-filanı yoxdur. Ayaqqabı ki, ayağa rahat oturdu, canın elə rahatlaşır ki, elə bil dünyanın rahatlığını yığıb sənə veriblər. Lap cənnətdəki kimi özünü hiss edirsən. Bircə huri-mələklərin çatışmır.
-Ədə, yenə huri-mələklər?! – Yarıciddi, yarızarafat sifətimi bozartdım Təvəkgülə. – Sənin bu köhnə fikirlər deyə nəzərdə tutduqların min illərin sınağından keçib, özünü doğruldub. Bunlar elə-belə deyim deyil axı.
-Bəlkə o vaxtın ayaqqabıları rahat deyilmiş, darrıq gətirirmiş?
-Ə, sən nə danışırsan? O vaxtın ayaqqabıları ən rahat ayaqqabılarımış. O vaxt çarıq geyirmişlər, çarıq.
-Sən indi mənim ayaqqabımı qeyd eləməyəcəksən?
-Əlbəttə edəcəyəm. Ancaq əvvəlcə pəncərədən şotka ilə kremi götür, təzə ayaqqabılarını tərtəmiz təmizlə. Axı mən sənin ayağında heç vaxt tozlu, çirkli ayaqqabı görməmişəm.
-Mənim xasiyyətimə bələd deyilsən? Mağazadan təzə aldığım ayaqqabıya ən azı üç gün şotka, krem vurmuram ki, parlaqlığı pozulmasın.
-Üç gün e.., üç günə bir bax. Sən özünü harda hiss edirsən? Parisdə, Londonda, Berlində, Tokioda, yoxsa Pxenyanda? Bəlkə Amerikada? Bəlkə Rusiyanın, Ukraynanın yamyaşıllıqlarla əhatələnmiş mərkəzi şəhərlərində? Yəqin sən unutmusan ki, küləklər və liman şəhəri Bakıda yaşayırsan. Bakıda üç gün yox, heç üç saat da ayaqqabını təmiz saxlamaq mümkün deyil. Mən də baxdım ki, Təvəkgül ayaqqabısını harda belə toza, torpağa batırıb. Sən axı hərdənbir xoşlayırsan təzə tikilən hündürmərtəbəli binaların həndəvərində fırlanıb, nə vaxtsa həmin binalarda özünə mənzil almağına xəyal qurasan.
Danışa-danışa içəri keçdik. Mətbəxdə, qazın zəif xodunda dızıldayan çaynikdən hər ikimizə açıq rəngli çay süzdüm. Çay içə-içə söhbətimizi davam etdirdik.
-Bilirsən ki, mən hər ayaqqabını ayağıma taxmaram. Mənim geydiyim ayaqqabı ancaq brend mal olmalıdır.
-Əlbəttə, əlbəttə. Mənim kimi dəyirmanın arxasındakı sexdən Elxanın tikdiyi dermantin ayaqqabılardan alıb geymirsən ki…
-Elxan da yaxşı ayaqqabı tikir. Onda bəzən dəriəvəzedicilər də olur. Ancaq.., mənlik deyil, onun tikdiyi ayaqqabılar mənim zövqümdə olmur.
-Təzə aldığın ayaqqabı Türkiyənindir, yoxsa Kitayın?
-Yalan nə deyim. Özün bilirsən ki, indi ancaq Türkiyədən, bir də Çindən mal gətirirlər. Kim də deyir ki, Dubaydan, İndoneziyadan, Avropadan mal gətirirəm, bil ki, yalan deyir. İndi Çində bütün dünya mallarının poddelkasın hazırlayırlar. Mənim ayaqqabım da Kitaydan gəlib, amma təmiz fabriçnidir, brenddir.
-Təvəkgül, mənim də ayaqqabım köhnəlib. Təzəsini hardan ala bilərəm?
-Botinkanı deyirsən?
-Bundan belə botinka geyəcəm? Bu gün-sabah istilər düşür, əlbəttə ki, tufli almaq istəyirəm.
-Mən sənə bir yaxşı yer deyim, get, ürəyin istədiyi ayaqqabını, özü də başqa yerdə satılan qiymətdən xeyli ucuz al.
-Allah köməyin olsun, de.
-Gedirsən “Karvansaray” ticarət mərkəzinə. Axtarıb tapırsan, ikinci cərgə, 73-cü mağaza. Deyirsən ki, Təvəkgülün qohumuyam.
-Kimə deyirəm?
-Kimə deyəcəksən, satıcıya. Mağazanı iki qardaş işlədir, kəndçilərimdir. Böyük qardaşın adı Anardı, kiçik qardaşın adı Arif. Dindar uşaqlardı, namaz əhlidirlər. Çox yaxşı qardaşlardır, milyonerdilər.
-Hə, hə, deyəsən, Anarı tanıyıram. Bir-iki dəfə hüzür məclislərində görmüşəm. Bunu mənə özü də deyib. Həmişə gileylənir ki, Şiştəpə camaatı gəlib bizdən alver eləmir, gedib başqalarından alır.
-Düz deyir də. Şiştəpə camaatı qırx mindən çoxdur. Hər kəs azından ildə üçcə cüt ayaqqabı geyir. Hamı gedib Anarın mağazasından ayaqqabı alsaydı, heç bilirsən nə olardı?
-Nə olacaqdı?
-Anar beş ilə milyarder olardı.
-Bəlkə bankrot olardı?!
-O da ola bilər. Anar axı ayaqqabıları özününkülərdən hamıya güzəştlə satır.
-Yaxşı, görək. İndi elə alverçi qalıb? Ola bilər ki, Şiştəpə mahalında yaşayanda xətir-hörmət var idi. Gör, ermənilər o – suyu saf, havası təmiz, təbiəti gözəl səfalı yerlərdən neçə ildir qovub çıxarıb. Düz iyirmi beş ildir. Ötən bu iyirmi beş ildə hamı dəyişib. İndi şiştəpəlilərdən heç bir şiştəpəlilik qalmayıb.
-Elə demə. Dur, get, ayaqqabını al, özün görəcəksən ki, Anargil necə şiştəpəlidir.
-İndi çataram? – Mənə elə gəldi ki, Təvəkgül belə deməkdə nəsə bilir, inanmaq istədim.
-Niyə çatmırsan? Ticarət Mərkəzində mağazaların bağlanmağına hələ iki saat qalıb.
İkimiz də ayağa qalxıb evdən çıxdıq. Avtobus dayanacağına qədər birlikdə getdik. Təvəkgüldən ayaqqabısını necə aldığını, neçəyə aldığını qəsdən soruşmadım. Bilirdim ki, necə olsa özü danışacaq. Elə darvazadan çölə çıxmışdıq ki, dilləndi:
-Mənim ayaqqabımdan alacaqsan?
Bilirdim ki, qız Təvəkgül bunu da soruşacaq. Ona qalsaydı bütün məhəllənin kişilərinə öz ayaqqabısından aldırardı. Sonra da qürrələnib deyərdi ki, baxın, bu ayaqqabıları məhəlləyə mən mod salmışam. Qız Təvəkgül ki, qız Təvəkgül. Hər kim ad qoymuşdusa, Allah qəni-qəni rəhmət eləsin, diriyə də rəhmət düşür, torpağı sanı yaşasın, özüydü ki, vardı.
-Yox. Mən ondan ala bilmərəm, sən axı bahalı ayaqqabı geyinirsən.
-Heç bilirsən ayağımdakı bu ayaqqabılar neçəyədir?
-Ən azından yetmiş-səksən manat olar.
-Anargil bunu altmış manata satırlar.
-Müəllim babayam. Mən altmış manata ayaqqabı ala bilmərəm. Bəs sən neçəyə aldın? Deyirsən ki, Anargil həmyerlilərimizə güzəştlə satırlar?
-Deyəcəm, inanmayacaqsan.
-Sən de, mən inanaram.
-Arif mənim əsgərlik yoldaşım olub. Gecələr hərbi hissənin yeməkxanasında birlikdə o qədər kartof, ət, balıq qızardıb yemişik. Hə, indi də üç gün əvvəl getmişdim ayaqqabı almağa. Arif snikerslə çay təşkil elədi. Oturub çay içə-içə söhbət edirdik. Müştərilər də gəlib-gedirdi. Onları Anar yola salırdı. Gözüm bir ayaqqabını tutmuşdu. Tələsirdim ki, ayaqqabını alıb gələm. Arif isə əl çəkmir, söhbəti uzadırdı. Qorxurdum ki, kimsə gəlib həmin ayaqqabını alar. Anarın xasiyyətinə bələdəm, hər ayaqqabıdan bir cüt gətirib qoyur vitrinə. Həmin ayaqqabı satılmayınca anbardan yenisini gətirmir. Birdən mağazaya bir oğlan gəldi, kopya mənə oxşayırdı, boyumuz da eyni olardı, tanımayan olsaydı, deyərdi əkiz qardaşımdır. Vitrindəki ayaqqabılara baxmadan gəlib durdu həmin ayaqqabının yanında. O dəqiqə ürəyimə damdı ki, ayaqqabıları alacaq. Bilirsən də, həmişə mənim ağlıma gələn başıma gəlir. İstədim durub qışqıram ki, ayaqqabılara dəymə, onları özüm alacam. Elə bil məni eşitdi, götürüb baxdı və sonra da ayağına geydi. Bir az o tərəfə getdi, bir az bu tərəfə gəldi, rahatlığını yoxladı. “Əladır, götürürəm” deyib pulunu ödədi və köhnə ayaqqabılarını bir sellafon torbaya qoyub çıxıb getdi. Əlim qaldı ağzımda.
-Neçəyə satıldı həmin ayaqqabı?
-Altmış manata.
-Alıcı bazarlıq eləmədi?
-Nəyin bazarlıq eliyəcək? Görmür ki, brend ayaqqabıdır. Dərhal pulunu çıxardıb verdi.
-Deyirəm də. Hər ayaqqabı sənin xoşuna gəlməz, zövqün əladır.
-Hə. Arif narahatçılığımı dərhal hiss elədi. Juk uşaqdı, sözü serçənin dimdiyindən yox, gözündən tutur. Soruşdu ki, niyə narahat oldum. Dedim, heç. Ayaqqabıya diqqətlə baxdığımı hiss etdiyini bildirdi. “Day, nəyə soruşursan, gördün ki, ayaqqabıdan xoşum gəldi” dedim. Gülə-gülə dedi ki, narahat olma, sənə də taparıq. Ayağa durdu, gedib pərdənin dalından bir korobka gətirdi, qoydu qabağıma. “Aç yoxla” dedi. Korobkanı açanda gözlərimə inanmadım. Həmin model, həmin rəng, mənim ayağımın razmerində. Gördü ki, baxa-baxa qalmışam, Anar dilləndi. “Təvəkgül, sən özümüzünküsən, Arifin dostusan. Səndən artıq pul ala bilmərik. On üç manat mayasıdır, ikicə manat da qoy üstünə, mağazanın yer pulu, apar, can sağlığıynan gey”, dedi. Sevincimdən bilmirdim neyləyim, Arifi qucaqladım, tələsdiyimdən eləcə başından öpdüm.
Söhbət edə-edə gəlib dayanacağa çatmışdıq. Mən Ticarət Mərkəzinə gedən avtobusa minib yola düşdüm.
“Karvansaray”da müəyyən bir qanunauyğunluq vardı; birinci iki cərgə ayaqqabı, sonrakı iki cərgə qadın, uşaq paltarı, sonra kişi geyimləri, xırdavat və digər ləvazimatlar üzrə sıralanırdı. Dərhal ikinci cərgəyə daxil oldum. Çoxdandır gəlmirdim, vitrindəkilər hamısı mənim üçün yeni ayaqqabılardı. Xəbərim olsun deyə yeni modellərlə, qiymətlərlə maraqlanmağa başladım. Gəlib Anarın mağazasına çatanda artıq xeyli məlumatım vardı, mənə münasib hansı ayaqqabının neçəyə satıldığından xəbərdardım. Anar mağazada yoxdu, ona oxşayan başqa adamla qarşılaşdım, görünür qardaşıydı, bəlkə də Təvəkgülün dostu Arifdi. Bir neçə ayaqqabı göstərib qiymətlərini soruşdum. Satıcının dediyi qiymətlər çox yuxarıydı, əlimdəki ayaqqabını tez vitrinə qoydum, istisi az qala əlimi qarsacaqdı. Dodaq büzüb narazılığımı bildirdim. O da qiymətlərdən xəbərdar olduğumu hiss elədi.
-Siz başqa mağazalardakı qiymətlərə baxmayın. Onların hamısı ya kitayskidi, ya da sex məhsuludu, özü də dəriəvəzləyici sırtıq dermontindən tikilib. Bizim mağazadakı ayaqqabılar isə hamısı türk malıdır, fabriçnidir, həm də brenddir.
Ayaqqabılara bir də nəzər saldım, əksəriyyəti sex malıydı, özü də Elxanın sexində tikilən ayaqqabılara oxşayırdı. Sex olanda nə olar? Guya ki, sex malı əl ilə tikilir? İndi hər yerdə maşınla tikirlər, bir fərq ondadır ki, usta işinə nə qədər diqqətlə yanaşır.
Nəhayət, tanışlıq verdim, onsuz da ayaqqabı almağa gəlmişdim, razılaşıb münasib qiymətə bir ayaqqabı almalıydım.
-Onda Anarı çağırım. – deyə satıcı bildiyim oğlan, yəni Arif, pərdənin arxasına keçib pilləkənlə yuxarı qalxdı və heç bir dəqiqə keçmədən Anarla qayıtdı.
-Hə, müəllim, xoş gəlmisən. – Tanıdı, elə aralıdan hal-əhval tutdu, bir az da yuxulu-yuxulu danışdı.
-Xoş gününüzə gəlmişəm.
-Ayaqqabı almaq istəyirsən?
-Həə. Özün gileylənirsən ki, gəlib səndən ayaqqabı almırıq. Mən də gəlmişəm almağa, amma ala bilmirəm.
-Xeyir ola, ala bilmirsən? Xoşuna gələn ayaqqabı yoxdur?
-Əksinə, xoşuma gələn ayaqqabılar çoxdur. Amma elə qiymətlər qoymusunuz ki, müəllim maaşı ilə belə ayaqqabılar geyməyə çatdıra bilməzsən.
-Eee.., ay müəllim, indi kimdə pul var ki? Pul bir “Atabank”dadı, bir də müəllimlərdə.
-Bax, bu ayaqqabını götürmək istəyirəm. – Xoşuma gələn ayaqqabını göstərdim.
-Nə olar, götür. Neçə razmer geyirsiniz?
-Baxmışam. Bu ayaqqabı elə mənim ayağımın razmerindədir, 43-dür.
-Bəlkə bir də geyib baxasınız?
-Ehtiyac yoxdur, yoxlamışam.
-Baxın, müəllim. Siz bəyəndiyiniz ayaqqabının satış qiyməti 60 manatdır. Amma biz həmyerliyik. Təsəvvür edək ki, siz ayaqqabını indi yox, 20 gün əvvəl almısınız, yəni sonuncu bahalaşmadan əvvəl. Onda qiyməti 35 manat idi. Siz də köhnə qiymətlə ödəyin, demək olar ki, maya dəyərinə.
“Bu nə danışır? Bəs Təvəkgül deyirdi ki, maya dəyəri 13 manatdır”. Öz-özümə düşündüm.
-Lap beş manat da biz güzəştə gedərik. – Anar çox düşündüyümü görüb dilləndi. – Bu gün axı əziz gündür, ilaxır çərşənbədir. Bayrampayı olsun.
Başımı buladım, dilucu sağollaşıb geriyə qayıtdım. “Day bura nəyə gəlirdin? Gedib dəyirmanın arxasında Elxanın sexində iyirmi manata alardın də!” Anar arxamca astadan mızıldasa da dediklərini eşitdim, amma əhəmiyyət vermədim. Birinci mağazada eyni ayaqqabını 25 manata vitrinə qoymuşdular. Həmin mağazaya qayıdıb satıcı ilə bir az çənə döyəndən sonra iyirmi manata razılaşıb aldım. Mağazadan çıxmaq istəyirdim ki, telefonuma zəng gəldi.
-Alo, eşidirəm.
-Nə oldu? Çatdırıb ayaqqabı ala bildin? – Qız Təvəkgül idi, səsindən tanıdım.
-Hə, elə sənin ayaqqabından aldım.
-Neçəyə?
-On manata. Anar dedi ki, dəriyə oxşasa da dəri deyil, sırtıq dermontindir. – Özüm qəsdən belə dedim. – Maya dəyəri səkkiz manatdır. İki manat da yerpulu ver, götür.
-Ax, əclaf. Deməli, məni də aldadıb? Bu da mənim həmyerlim, əsgərlik yoldaşım.
-Nə olub, dostluğunuz elə bura qədərmiş?
-Sabah aparıb qaytaracam, başına dəysin brend ayaqqabısı. Üç gün deyil geydiyim. İndi baxıb görürəm ki, böyrü sökülüb.