.....

.....

QOCA ADAM – ZƏHRA SƏFƏRALIQIZI (hekayə)

QOCA ADAM – ZƏHRA SƏFƏRALIQIZI (hekayə)

QOCA ADAM
( hekayə- pritça)

Yeridikcə ayağının altındakı qarın xırçıltısı sükutu pozurdu.Hərdən də meşənin dərinliyindən gələn quşların səsi ətrafa yayılırdı.Əlindəki palıd ağacının budağından kəsib düzəltdiyi əlağaclna söykənib dayandı.Ayazlı, tərtəmiz havanı sinədolusu ciyərlərinə çəkdi .Bir az sükutu dinlədi. Sonra ağır- ağır başını qaldırıb göyə baxdı.Apaydın göy ulduzlarla dolu idi. Ona elə gəldi ki, heç iynənin ucu qədər də göydə yer yoxdu.Hamısını rəngbərəng, işıldaq ulduzlar tutub. Birdən xatırladı ki, uşaqlıqdan bəri ilk dəfədir ki, belə gözəl , parlaq və çoxlu ulduz görür. On beş, on altı yaşlarında görüb belə ulduzları. Axşam hamı yatmaq üçün yatağa keçəndə o, sakitcə , xəbərsiz çölə, evlərinin qənşərindəki yekə qayanın üstünə çıxardı.Üzərində arxası üstə uzanıb , əllərini başının altına çarpazlayıb göyə baxardı.Göydəki parlaq ulduzlar gözlərini qamaşdırardı və onları elə çox sevərdi ki…
Sanırdı ki,o ulduzlar da onu tanıyırlar.Ürəyindən keçən bütün istəklərini bilirlər, xəyallarından xəbərdardırlar.Və hərdən də düşünərdi ki , parıldayan ulduzların arasından bir cütü ona baxıb gülümsəyir, onu izləyir.Onlar o qədər işıqlı, o qədər möhtəşəm idi ki…Və heç kəsin bilmədiyi sirli bir dostu var idi onun.Öz- özünə qürrələnərdi də… Uşaq ağlı ilə o işığın nə olduğunu bilməsə də onun qəlbinə bir rahatlıq , bir güvən gəlirdi.İnanırdı ki, o bir cüt işıq ömrüboyu onu izləyəcək, sevəcək və qoruyacaq…
Anasının şəfqət dolu səsinə diksinib xəyaldan ayılardı…
–Ay bala, yenə o daşın üstündə uzanmısan? Soyuq olar, dur gəl evə, gecdi, yat .Sabah dərsə gedəcəksən.
Anası heç vaxt soruşmazdı bu qayanın üstündə nə edirsən, hara baxırsan.Ona elə gəlirdi ki, anası onun ürəyindən keçən bütün xəyallarından xəbərdardır. Ulduzlara baxıb nə düşündüyünü də bilir, hətda yazıb kitabının arasında gizlətdiyi şerini də oxuyub.Hərçənd ki, anası yazıb- oxumağı bilmirdi, amma onun ilk şeirini oxuyub…
İlıq, şəfqətli , işləməkdən codlaşmış əlləri ilə onun gur saçlarını sığallayanda fərəh hissi ilə anasına baxır, onların ortaq bir sirləri olduğuna qürurlanırdı və bir də düşünərdi ki, anasının o göydəki ulduzlarla tanışlığı var.Hətta ona elə gəlirdi ki, anasının boynundakı rəngbərəng muncuqlar o ulduzların bir neçəsidi , onlar hədiyyə edib anasına . O da sapa düzüb boynuna asıb…
Budağa qonan yekə bir quş qanad çalıb uçdu.Silkılənən budaqlar bir- birinə dəydi, üzərindəki qar onun üzərinə töküldü.Başına tökülən qar o qədər çox idi ki, sanki onu təpədən ayağa qədər yudu…
Xəyaldan ayıldı.Arıqlayıb sümüyü çıxmış əlləri ilə gur saçlarının arasına dolan qarı asta- asta təmizlədi, əlağacının köməyi ilə addımlamağa başladı.
Sübhün sökülməyinə xeyli vaxt qalmasına baxmayaraq hər yer işıqlı idi. Ağappaq qarın şəfəqi ətrafı süd rənginə boyamışdı. Qarın çoxluğundan ağacların, kolların budaqları aşağı əyilmişdi.Budaqların üstündə bərqərar olan qarlar elə bil ikinci budaq şəkli çəkmişdilər. Sanki bir rəssamın əl işi idi. Çox gözəl və füsünkar görünürdü…
Qoca Adam yorğun, nuru getmiş gözlərini dolandırıb bu gözəlliyə xeyli baxdı, sonra ağır- ağır komasına tərəf addımladı…
Komanın bacasından çıxan tüstü burula- burula səmaya yayılırdı. Qapıya yaxınlaşdı.Ayaqlarını yerə vurub qarını astaca çırpdı.
Düz qapının ağzında bitən gül koluna baxdı:
— Məni gözləyirdin? Gəldim — gözləri ilə oxşadı və astaca dilləndi.
Komanın qapısı hər açılıb örtüldükcə içəridən çıxan ilıq havanın təsirindən gül kolunun bəzi qanadlarının üstündəki qar ərimiş, göz yaşına bənzəyən buz damcısı yaranmışdı .Göz yaşına oxşayan buzları şəhadət barmağının ucu ilə sığalladı.Sanku göz yaşını silirdi. Və:
— Ağlama mələyim, sən heç ağlama, yaxşımı…– sevgi və yanğı ilə pıçıldadı.
İçəri keçdi.Əlağacını qapının arxasına qoyub komanın ortasındakı sobaya yaxınlaşdı.Əllərini sobanın üstündəki çaydan toxundurdu.İstı hərarət vücuduna yayıldı.İki əlini də salavat çəkirmiş kimi üzünə çəkdi.Deyəsən ayazdan üşüyən üzünü əlləri ilə isitməyə çalışdı.
Sonra əyilib sobanın qapısını açdı.Maşa ilə öləziyən közləri bir- birinə yaxınlaşdırdı.Sobanın qarşısındakı axırıncı odun parçasını közlərin üstünə qoyub qapısını örtdü .
Sobanın üstündəki çaydanın dızıltı səsi komanın sükutuna qarışıb qəribə , nisgil dolu bir harmoniya yaradırdı.Səs hərdən azalır, hərdən də yüksəlirdi.Otağın aurası ilə bu səsin və sükutun səssizliyi arasında sanki bir bağlılıq var idi. Onlar bir- birini tamamlayır, ya da komanın içini tam anlamı ilə ifadə edirdilər…
Qoca Adam dincini almaq üçün çarpayıya uzanmaq istədi, amma fikrindən vaz keçdi. Ayağını sürüyə- sürüyə bir küncdə demək olar divarın hamısını tutan taxtadan hazırlanan taxçanın üstünə yığılan kitablarına yaxınlaşdı.Əsən əlləri ilə demək olar ki, kitablarının hamısına sığal çəkdi– ömrüm– dilinin altında pıçıldadı. Qıraqdakı yarımçıq əlyazmasını əlinə götürdü.Axırıncı cümləsinə nəzər saldı, fikir tamamlanmamışdı. Nə isə yazmaq istədi , nə düşündüsə yazmadı . Sonuncu cümlənin axırına üç nöqtə qoyub əlyazmanı yerinə qaytardı.
Taxçanın bir küncünə sərdiyi , anasından qalan, rəngbərəng saplarla işlənmiş , çox sevdiyi dəsmalın üzərinə səliqə ilə qoyduğu üç saralmış, qurumuş çinar yarpağını və bir qom bənövşəni barmaqlarının ucu ilə sığalladı.Astaca gözlərini yumub xeyli hərəkətsiz dayandı və dərindən bir ah çəkdi…
Hənir duydu.Yavaş- yavaş dönüb komanın pəncərəsindən çölə baxdı.Bir cüt işıq ona baxırdı. İşıq elə parıldayırdı ki…
Get- gedə işıq komaya doldu və hər tərəf nura qərq oldu . O, gözlərini bir cüt işığa dikdi. Solğun , üzgün , qırış- qırış çöhrəsinə ilıq bir təbəssüm qondu…
Dan yeri sökülürdü.Uzaqdan Azanın ecazkar səsi ətrafa yayılırdı…

ZƏHRA SƏFƏRALIQIZI