.....

.....

Qorxma, sən tək deyilsən – Eyvaz Əyyub

Qorxma, sən tək deyilsən – Eyvaz Əyyub

Qorxma, sən tək deyilsən (uşaqlıq xatirələrim əsasında)

Uşaqlıq xatirələrimdən qopan ən parlaq sima — Yekəbaş. O mənim balaca, sadə, amma sarsılmaz dünyamın ən etibarlı yoldaşı idi. Qaçqınlıq həyatı, kənardan gələn soyuq baxışlar, yersiz sözlər – bunların arasında bircə o vardı ki, məni heç dəyişmədən, heç sorğulamadan sevirdi.

Kəndə yeni gələndə, uşaqlar məni “qaçqın uşağı” çağırırdı. Sanki adım yox imiş kimi. Hər dəfə bu sözü eşidəndə içimdə nəsə qırılırdı. Evimiz, kəndimiz, uşaqlığımız getmişdi, indi bir də adımız da yad idi. Onlar oynayırdı, mən isə kənarda dayanırdım. Amma Yekəbaş – o, həmişə mənim yanımda idi. Nə vaxt qəmgin olsam, o, yanıma gəlib quyruğunu mənə sürtərdi, gözlərimə baxardı. Sanki deyirdi: “Sən mənimsən, mən də səninəm. Başqalarının dediklərinin nə fərqi var?”
O, kəndin ən qəribə iti idi. Adını da elə gülə-gülə vermişdim – Yekəbaş. Çünki hər kəs onun kobud, yekə başına gülürdü. Amma mən bilirdim ki, bu başın içində elə bir sadiqlik var ki, onu heç kəs anlamaz. Biz birlikdə hər yerə gedirdik.
Bir gün, kənd uşaqları mənimlə dalaşdı. Dedi ki, sən yad adamsan, burda yerin yoxdur. Yumruqlar havada uçuşdu. Mən yerdə qaldım, amma gözləmədiyim bir şey oldu – Yekəbaş qapıdan içəri girdi və dişlərini qıcadı. Onun baxışlarında elə bir qəzəb vardı ki, uşaqlar qaçıb dağıldılar. O gün anladım ki, bu dünyada kimsə məni qəbul etməsə də, Yekəbaş həmişə edəcək.
Aradan bir neçə il keçdi. Mən böyüdüm, amma o, həmişə eyni qaldı – sadiq, mehriban və qoruyucu. Amma həyat həmişə istədiyimiz kimi olmur. Bir gün, kəndin sərt adamlarından biri – mənimlə heç vaxt barışmayan kişi – qəzəbləndi. Dedi ki, bu it onun toyuqlarına hücum edib. Amma mən bilirdim ki, Yekəbaş elə şey etməz. O, məndən də saf idi.
O kişi tüfəngini götürdü. Mən qaçdım, yalvardım, amma gec idi. Bir güllə atıldı. Hər şey dondu. Yekəbaş qıvrılıb yerə yıxıldı. Mən onun yanına qaçdım, əllərimlə qucaqladım. Gözləri mənə baxırdı, amma içindəki işıq solurdu. Sonuncu dəfə quyruğunu tərpətdi – həmişə olduğu kimi, məni sakitləşdirmək üçün.
O an hiss etdim ki, təkliyim ikiqat artdı. Kənd uşaqları nə desə də, böyüklər məni nə qədər yad saysa da, məni tam qəbul edən, mənimlə bu dünyada tək bir yerə sahib olan varlıq getdi.
Yekəbaşı kəndin ən sakit yerində, meşənin kənarında dəfn etdim. Üstünə bir daş qoydum, amma ürəyimdə ona bir dünya tikdim. Hər dəfə ordan keçəndə, sanki o, hələ də mənimlə idi. Quyruğunu mənə sürtüb deyirdi: “Qorxma, sən tək deyilsən.”