QUYU
“Rahat yatın, ey nahaq qurbanlar, rəhmətlər sizə” – bu manşeti Tiflisdə “Qardaş qayğısı” (12 no- yabr, 1918-ci il) adı ilə yalnız bir nüsxəsi işıq üzü görən qəzetdə oxuyurdum.
O dəhşətli faciəli günlərdən cəmi altı-yeddi ay keçməsinə baxmayaraq, sanki, mənə dünən baş vermiş kimi gəlirdi. Bir tərəfdən məqaləni oxuyur, digər tərəfdən məndən yazı istəmiş müxbir dostum üçün acı xatirələr barədə düşünürdüm. Bunun haqqında düşünmədiyim gün, saat vardımı, bilmirəm. Yenidən içimə sıxıntı çökdü, oturacağa yastılanıb, həmin acı xatirələrə qayıtdım. O quyu, İlahi, o quyu yaddaşımdan silinməyəcək…
Biz doqquz nəfər – beş nəfərimiz şəhərli, dörd nəfərimiz kəndli – arabayla gedirdik ki, yolda erməni qırmızı qvardiyaçılar bizi həbs edib Zabrata apardılar.
Sonra bir su quyusuna bənzər neft quyusunun yanında dayandılar. Beş şəhərlini gülləbaran edib quyuya tulladılar, digərlərininsə başına nə gəldi, bilmədim, ancaq güllə səsləri hələ də eşidilirdi. Yaralanmışdım, üstümə atılan dörd ölüylə birlikdə quyunun dibindəydim. Bu halda ağlıma ilk gələn “meyitlər soyuduqca (hələ kimin ölü, kimin diri olduğunu anlamasam da) daha da ağırlaşacaq” düşüncəsi oldu. Havalanmış adamlar kimi bədənimi yükdən qurtarmağa çalışdım. Gücəndikcə böyrümdəki istilikdən hiss etdim ki, yara daha çox qanayır, bədənimin yuxarı hissəsini xilas etsəm də, ayaqlarım meyitlərin altında qaldı. Dəsmalımı çıxarıb, yaramın üstünə basdım. İsti maye vücudumdan axdıqca məni xoş, sakit rahatlıq bürüyürdü. Dəsmalı yarama daha da möhkəm basdım…
Başıma gələn faciənin şokundan huşumu, deyəsən, itirmişdim.
Ayılanda nəfəsimin çatmadığını, ayaqlarımın üzərindəki meyitlərin ağırlığının ağrısını hiss etdim. “İlahi, bu nə dəhşətdir, yer üzündə cəhənnəm cəzası deyilən şey varsa, yəqin bu olmalıdır” – düşünərək, ümidsizliyə qapıldım. Son gücümü toplayıb hərəkət etməyə çalışdım. Hərəkət nədir, üstümdəki dörd meyit qurğuşun kimi ağırlaşmışdı. Heç cürə tərpənə bilmirdim. Bir an istədim yuxarıya doğru səslənim, imdad diləyim, bağırım, ancaq hay verəcək adamın kimliyindən əmin olmadığımdan vaz keçdim. Hələ ki, bizimkilərin səsini eşitmirdim. Üstümə yenə ölü atsalar, necə olacaqdı?
Yaram incidirdi, sağ qala bilməyim üçün çox ehtiyatla hərəkət etməliydim, ya da elə burda ölüb getməliydim. Ayaqlarımı yavaş-yavaş tərpətməyə çalışdım, ölənlərin qanları axıb ayaqlarımı islatmışdı…
Həmin günlərdə şəhərdə baş verən dəhşətli hadisələrdən xilas ola bilmədik. Axı niyə çıxmışdıq küçəyə? Kaş, Səlim və Balabəy Mərdanovları yola gətirə bilsəydim. Yoxsa indi üstümdə ölü yatmazdılar. Ailələri necə oldu, İlahi?! Yəqin həyəcanla axtarırlar. Bəs mənim ailəm?! Ah… Lənətə gəlmiş ermənilər! Alçaq vəhşilər!
Yox, yox, adam olmayacağıq! 1905-ci il hadisələri də bizi ayıltmadı. Elə bil, hansısa izaholunmaz qüvvə qəsdən keyləşdirib, hələ də yatırıq! Bu gedişlə illər uzunu yatmağa davam edəcəyik! Ölənlərə rəhmət, qalanlara ibrət deyirik, amma ibrət olmur, qardaş, olmur! Sanki hadisələrin “əbədi qayıdışı”na şüursuz məhkum olunmuşuq.
Qulağımıza çatmışdı ki, ermənilər bolşevizm bayrağı altında müsəlman firqəsini qırıb-talayıblar. Buna səhlənkarlıqla yanaşmışdıq, hətta ermənilərin evbəev gəzib, ziyalı müsəlmanları yığaraq, naməlum yerə aparmalarına da inanmamışdıq. Bu ağırlıqda vəhşilik gözləmirdik. Nahaq yerə! Gözləməliydik!
Ağrılı düşüncələrdən qəhərləndim, gözlərim yaşardı. Özümə gələndə quyuya düşən işığın azaldığını hiss etdim. Deyəsən, qaranlıq öz pərdəsini yer üzünə çəkməkdəydi. Günəşin hər kəsə səxavətlə payladığı və payıma düşən cüzi şəfəqi son nəfəsini yaşayırdı. Tərslikdən bu dəfə kibrit götürməmişdim, üstəlik, siqaretim yoxuydu. Elə əsəbiləşdim özümə!.. Qəfildən ağlıma gəldi ki, ölü yoldaşlarımın (necə dilim gəlirdi belə düşünməyə!) ciblərinə baxım. Güc- lə tərpənib, oturan yerdə dikəlməyə çalışdım. Balabəyin cibindən kibrit tapdım, xəzinə tapmış bəxtəvərlər kimi gözlərim işıqlandı, özümə zülm edib digər cibə də siqaret tapmaq sevinciylə əlimi soxmağa çalışdım, ancaq səyim əbəsdi, ayaqlarımın meyitlərin altından qurtulması lazımdı. Hər dəfə meyitləri tərpətdikdə qan qoxusu quyuya yayılırdı. Məni qusmaq tutdu, ögüməyə başladım və qusdum. Bun- dan sonra da öz qaytardığımın qoxusuna ürəyim bulandı. İyrəndim.
Hansısa əsərdən oxumuşdum, “turşumuş, qaxsımış iylər birinci dəfədən adama xoş gəlmir, amma iki dəqiqədən sonra öyrəşirsən, çünki sənə də hopur, özündən də gəlir, öyrəşirsən. Amma quşlar bu havaya öyrəşə bilmir, ölürlər”. Yəqin, quş kimi burda tora düşmüş vəziyyətdə olsaydım, indiyə ölmüşdüm. Hə, axı Adəm övladı hər şeyə öyrəşir!
“Allahım, bu necə cəzadır, çəkirəm! Heç Həzrəti Yusif quyuya düşəndə bu əzabı çəkməyib”. “Əstəğfürillah”, – dedim, başım xarab olub, yenidən ayaqlarımı qurtarmağa çalışdım. Ağlıma Yusif peyğəmbər gəlmişkən, dörd ay əvvəl rəhmətə getmiş nənəmi xatırladım. Ölmədən öncə ailəni halallaşmaq üçün çağırmışdı. Mənlə söhbətindən sonra əlimə qara ipli, al-qırmızı məxmər örtüklü kiçik “Quran” kitabı vermişdi, mən də xoşuna gəlsin deyə, elə yanındaca boynuma taxıb nənəmin alnından öpmüşdüm. Əlimi sinəmə doğru apardım, köynəyimin düyməsini açıb, boynumdan asılan kiçik medalyonu çıxardım, burnuma yaxınlaşdırıb, gül ətrini ciyərlərimə çəkdim. Bu, məni bir qədər sakitləşdirdi, qoxlamağa davam etdim. Sonra medalyonun qoxusunun itməsi qorxusuyla yenidən köynəyimin içinə saldım. Öz hərəkətimə rişxəndlə güldüm, elə bil, burda əbədi sağ qalacaqdım.
Bərk susamışdım, mədəmdəkiləri qaytardıqdan sonra isə boğazım qurumuşdu. Vaxt keçdikcə susuzluğumun daha da artacağını yaxşı bilirdim. Artıq əlacım Allaha dua etməyə, yalvarmağa qalmışdı. Gecə burda bağırsam, kimsə eşitməyəcəkdi. Bu vəziyyətdə yuxuladım. Səhərin açıldığını quyuya güclə gəlib çatan günəş şəfəqlərindən anladım. Şiddətli baş ağrım vardı. Ayaqlarım sanki yoxdu, qopmuşdu. Özümə o qədər acıdım, elə bu dəqiqə ölməyi arzuladım.
Lakin bir qədər sonra erməni qaniçənlərin törətdikləri vəhşilikləri xatırladım, qəzəbdən gözlərimdə şimşək çaxdı. Qəzəbim o qədər şiddətliydi ki, daxilimdən gələn anlaşılmaz bir qüvvəylə sağ ayağımı dartıb meyitlərin altından çəkdim. Bir neçə dəqiqə dizdən bükülmüş sağ ayağımdakı damarlarda qanın hərəkətiylə müvəqqəti sevinc yaşadım. Əlimlə böyrümdəki yaranı yoxladım, xoşbəxtlikdən daha qan axmırdı. Yorğunluqdan gözlərim yumuldu. Bu vəziyyətdə nə qədər qalmışam, bilmədim.
Başımı qaldıranda yuxarıdan bir qaraltının iplə yavaşca aşağı sallandığını gördüm. Ürəyimə damdı ki, bizimkilərdir, var-qüvvəmi toplayıb: “Kömək edin!” – deyə, bağırdım. Qaraltı bir neçə saniyə da- yandı, sonra yuxarıya doğru çəkildi. Yəqin qoxunun təsirindən aşağı enməyi mənasız hesab etdilər. Məni burda qoyub gedəcəkləri fikri elə sarsıtdı, elə qorxutdu ki, son gücümü toplayıb, bütün varlığımla bağırdım: “Kömək edin! Burda sağ qalan var!”
Bir neçə dəqiqədən sonra qaraltının yenidən aşağı endiyini gördüm. Sonrasını xatırlamıram, deyəsən, huşumu itirmişdim. Daha sonra xəstəxana və uzunmüddətli müalicələr başladı. Lakin sağalmağı- mın ən böyük səbəblərindən biri Cümhuriyyətimizin qurulması oldu. Çəliklərimə söykənərək, xəstəxana- nın pəncərəsindən Bakıya baxdıqca ürəyim açılırdı. Artıq azad idik…