.....

.....

Səhər açılırdı – Sevda Əfsər

Səhər açılırdı – Sevda Əfsər

Səhər açılırdı.
Günəşin al şüaları kəndi daha da gözəlləşdirmişdi. Zaur samovara od atıb pilləkənlərlə ikinci mərtəbəyə qalxdı. Gözündə yuxu olmadığından sübhdən oyaq idi.
Hər səhər ertədən durub həyət- bacanı yığışdırar, toyuq- cücələri çölə çıxarar, dənini, suyunu verər, malları çobana təhvil verərdi. Sonra da gəlib köhnə samovarı silib təmizləyər, odlayar, yuxarı qalxıb yataq xəstəsi olan Sürəyya xalanı oyadardı. İyirmi il idi ki, eyni həyatı yaşayırdı Zaur…
Otağa girib çarpayıda gözləri yarıyumulu, dərindən nəfəs alan Sürəyya xalanı seyr edirdi. Ana əvəzi idi ona, bu nur üzlü qadın…
Acı taleyi olub Zaurun. Ermənilər kəndə basqın edəndə yeddi yaşı vardı. Ata- anasını, nənə- babasını gözünün qabağıda öldürmüşdülər, özündən üç yaş kiçik körpə bacısı Zəminəni əldən- ələ ötürüb boğmuşdular.
Heç nə başa düşməyən Zaur qəfil bir təsadüf nəticəsində sağ qala bilmişdi. Kəndin camaatı əli- ayağı yalın qonşuların evinə girir, sanki bir- birini xilas edəcəklər kimi zalım ermənilərlə boğuşurdular. Bu anda qarışıqlıq düşür və yaxınlıqda yaşayan qonşu Kazım baba birtəhər Zauru qamarlayıb komadan çıxa bilir. Gecənin qaranlığında sağ qalan kənd camaatı evlərindən didərgin düşüb ayağı yalın, əyin- başsız meşəyə tərəf qaçmışdılar. Vahiməli səs- küydən körpə Zaurun qulaqları uzun müddət tutulmuşdu. Hamı onun kar qalacağını düşünürdü. Gecələr qorxudan gözünə yuxu getməzdi. Yaxşı ki, Kazım baba və onun həyat yoldaşı Sürəyya xala Zaura mehriban ata- ana oldular. Yaşlı vaxtlarında ömürlərini körpə Zauru böyütməyə həsr etdilər. Özlərinin Murtuz adlı oğlanlari evlənib ailəsi ilə birgə Saratova köçmüşdulər. Gedəndən heç iki dəfə gəlib ya gəlməyiblər. Söz düşəndə “Yol uzaqdır, gəlmək olmur” deyib canlarını qurtarırdılar. Elə xiffət çəkməkdən yazıqlar vaxtsız qocalmışdılar. Bu hadisələr də baş verəndən sonra Zaura bağlanmışdılar.
Zaur da hər gecə Sürəyya xalanı qucaqlayıb yatardı, elə bilərdi ki, anasıdı, oyananda ağlamaqdan boğulardı. Körpə bacısı Zəmınənin də səsi qulağından getmirdi, tez- tez diksinib durardı. Əzizlərinin öldürülməsi, həyatda yetim qalması hər yaşadığı gün Zauru bərk sarsıdırdı. Unuda bilmədiyi o dəhşətli gecə səhhətində də ciddi xəstəliyə səbəb olmuşdu. Qulaqları pis eşidir, həyəcanlanan kimi ürək tutması olurdu. Həkimlər, “epilepsiya” diaqnozu qoymuşdular…
-Bıy başına dönüm, Zaur bala, burdasan?
-Sabahın xeyir olsun, anam, necesən, yaxşı yata bilmisən, ağrımırsan ki?
-Şükür ay balam, yatıram e, ancaq ayaqlarımın ağrısı yuxumu qaçırır.

-Bəs deyirsən yatıram, görürüsən məni aldadırsan, qoy Səkinə bacını çağırım, seni yoxlasın, dərmanlaın da qurtarıb, gedib alacam.

-Yox, Zaurum, ayaqlarım düzələn deyil, o vaxtı meşədə elə donmayıb ki, indi açıla. Sən öz dərmanlarını al, vaxti- vaxtında iç, bəxtsiz balam. Kazım baban da səni mənə tapşırıb.
Yazıq kişi öz oğlundan yarımadı. Erməni küçüklərinin vəhşiliyinə də dözmədi, ürəyi parçalandı. On ildi ikimizin də üzü gülmür. Allah axırımızı xeyir eləsin, bala.

-Amin, amin, ləyəni gətirmişəm, əl- üzünü yuyaq, səhər yeməyini yeyək, samovarı da qaynatmışam, soyumasın.

-Yaxsı bala, gəl yeyək, Püstə xalan gəlməyib, o da bizimlə yeyərdi.

-Yox, Püstə xala qızları ilə birgə sübhdən getdilər, bu gün bütün yeməkləri özüm bişirəcəm, Sürəyya xanım ( gülürlər )
Püstə xala Zaur gilin qonşularıdı. İki qızı var, əri Mikayıl qızları körpə ikən rəhmətə gedib. Qadın evin hər işini özü görüb. Kəndin məktəbində xadimə işləyib qızlarını boya- başa çatdırıb. Sürəyya xalanın da işlərini öz boynuna götürüb. Qızları Süsən və Laləni də çox yaxşı tərbiyə edib, ev işlərini, yemək bişirməyi də oyrədib. Püstə xala və qızları olmasaydı Zaurun işi çətin olardı.
Sürəyya xala ilə Püstə ana- bacı kimi idilər, bir- birilərinə çox bağlanmışdılar, xasiyyətləri də eyni idi. Aralarında otuz yaş fərq olmasına baxmayaraq, sözləri də bir- birinin boğazından keçirdi. Öz aralarında Püstənin böyük qızı Süsəni Zaura deyikli etmişdilər. Zaurun səhhətində problemlər olduğundan orta məktəbi zorla bitirmişdi, tez- tez xəstələnirdi, dərsə gedə bilmirdi. Həm də Sürəyya anasina canla- başla baxdığından onu qoyub getmək istəmirdi. Kazım baba sağlığında kəndin məktəbində təsərrüfat işlərinə baxırdı, namuslu kişi idi, öz ailəsinə baxmaqla bərabər imkansızlara da yardım edirdi. Qızı kimi gördüyü Püstənin ailəsinə də əlindən gələni edirdi. Vaxtsız ölümü hər iki ailəni sarsıtmışdı. Ölümündən qabaq Zaura öz işlərini öyrədirdi: “Məndən sonra evin kişisi sənsən” , “ Məktəbin işlərini də əlinə al, yaxşı işlə, anana da bax, Püstə xalanın da ailəsini unutma”. Zaur da Kazım babanın vəsiyyətinə əməl edib məktəbin təsərrüfat işlərini idarə edirdi. Böyük- kiçik bilən idi, hamının hörmətini qazanmışdı. Hər ay maaş alan kimi Sürəyya anasına və Püstə xalasına kiçik bir hədiyyə alardı, Süsəni, Laləni də unutmurdu, hərəsinə konfet və peçenye alardı. Özünü xoşbəxt hiss edərdi… 20 il keçməsinə baxmayaraq. Zaurun ürəyi nisgilli idi, yarası sağalmırdı. Doğmalarının ölümü, o vahiməli gecənin uğultusu, harayı, kəndlərinin zülməti gözünün önündən getmirdi. Yuxularında ata-anasını, nənə- babasını, körpə bacısını, gözəl kəndlərini görüb, zülüm- zülüm ağlayardı, gözünün yaşı qurumazdı. Gözlərində kədər yatirdı, yaralı idi, intiqam hissi ilə yaşayırdı Zaur. Dəfələrlə hərbi komissarlığa müraciət edib cəbhəyə getmək istədiyini bildirdi, hər dəfə də yox cavabı alırdı. Qaçqınlıq, xəstəlik ömrünü bitirirdi Zaurun…
Qələbə səsi kəndi bürümüşdü…
Zaurun nisgilindən səkkiz il də keçmişdi. Hamı ağlayirdı, sevinc göz yaşları tökülürdü gözlərdən. Zaur dörd yaşlı qızı Zəminənı bağrına basıb hönkür- hönkür ağlayidı. Həyat yoldaşı Süsən başını Zaurun çiyninə qoyub xısın- xısın ağlayırdı. Püstə xala, kiçik qızı Lalə də Zauru qucaqlayıb ağlaşırdı. Təkcə Sürəyya xala yox idi Zaurun yanında. Yeri boş qalmışdı, qələbənin səsini eşitmədi Sürəyya xala. Zaurunun toyunu da görmədi Sürəyya xala. Torpaq nisgili, oğul nisgili, ər nisgili, Zaur nisgili yatağında əbədi yuxuya apardı Sürəyya xalanı.
Kənd camaatı yığışıb Zauru Püstə xalanın böyük qızı Süsənlə evləndirdi…
İllərlə düşmən tapdağı altında qalan torpaqlarımız igid, qəhrəman oğullarımızın qanı bahasına alındı. Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Yaşa Xocalım, yaşa!

Sevda Əfsər