Şəhid məktubu
(Hekayə)
Vətən müharibəsi başlamışdı. İgid əsgərlər canla-başla döyüşə atılırdılar. Artıq 30 illik səddin aşılması zamanı çatmışdı. Fizulidə qızğın döyüşlər gedirdi. 2020-ci ilin sentyabr ayında başlanan Vətən müharibəsi igidlərin gözündə ölüm-qalım savaşına dönüb Vətən eşqi ilə onları ruhlandırırdl. Axı doğma torpaqlarımızdan, Qarabağımızdan otuz il idi ki, ayrı düşmüşdük. İndi döyüşən əsgərlərin yaşı işğal dövrümüzün balaca körpələri idi, bəziləri isə heç dünyaya göz açmamışdı. Amma illər ötüb, onlar böyüyüb, məktəbə gedib və vətənpərvərlik hissləri ilə aşılanmışdılar. Ramil də həmin şagirdlərin sırasında idi. O Babək rayonunun Güznüt kəndində böyüyüb, həmin kənddə orta məktəbdə təhsil almışdı.
Sonra Cəmşid Naxçıvanski adına Hərbi liseydə, daha sonra isə Heydər Əliyev adına Ali Hərbi məktəbdə ali təhsil almışdı.
Ata-anasına və yeganə qardaşına düşkün bir oğul idi Ramil. Təbii ki, vətən sevgisi öncə ailədən başlayır. Əlbəttə ki, ailəsini sevməyən Vətəni necə sevə bilərdi?! Ramil çox həssas və eyni zamanda təmkinli idi. O, hər zaman nümunəvi olmağa çalışardı və bunu bacarardı. 2018-ci ildən ordu sıralarında xidmət edən Ramil, 2020-ci ildə 44 günlük ikinci Qarabağ müharibəsində iştirak edir və əsil igidlik nünunəsi ilə digər yoldaşlarını da ruhlandırırdı.
Leytenant Ramil qorxmaz və fədakar idi. Hərdən qəlbindən keçən misraları telefonunun yaddaşına köçürərdi. Görünür qəhrəmanımızın həm də poeziyaya marağı olub. Fizuli uğrunda gedən döyüşlərdə Ramil artıq şəhidlik zirvəsinə ucalmışdı. Ən çətin döyüşlərdə qəhrəmancasına həlak olmuşdu. 48 gündən sonra nəşi özünün dediyi kimi “Ata ocağına” Güznüt kəndinə gətirildi. Özü ilə bərabər telefonundan əldə olunan məktubu da gəlmişdi. “Şəhid məktubu”
“Bir gün şəhid olsam Vətən elində,
Qoymayın nəşimi düşmən əlində!
Araz sahilində axtarın məni
Öz ata yurduma göndərin məni.”
Leytenant Əliyev Ramil.
Bir bəndlik şeirdə bir igid ömrünün nakam ruhu, o ömrə sığmayan ata ocağına qovuşmaq arzusu və bir o qədər də həsrət var idi. Böyük bir izdihamla Bayrağa bükülmüş Qəhrəmanımız qarşılandı. Hüzünlü və ağır anlar yaşanırdı, amma igid dəyanəti ata qüruru, şəhidə sədaqət, Vətənə məhəbbət, düşmənə nifrət o izdihamı sarsıda bilmədi. Ehtiramla dəfn olunan şəhidimizin məzarı başında məğrurcasına yellənən Bayraq qalib olacağımızdan xəbər verirdi. Ramil kimi igidləri olan Vətən heç vaxt basılmaz!
Dekabr ayının 15-i Ramilin anası Gülnarə xanımın ad günü idi. Anasının ad günündə hər kəsdən əvvəl o zəng edər ya da ki, mesaj yazardı. Təbrik mesajı. Yenə dekabr ayının 15-i Gülnarə ananın gözləri telefonda, qulağı səsdə qalmışdı. Adət etdiyi təbriki gözləyirdi. O təbrik mesajı gəldi, amma tam fərqli. Ölümündən sonra Prezidentimiz Ramili “Vətən uğrunda” medalı və “Fizulinin azadlığına görə” medalı və “İgidliyə görə” medalı ilə təltif etmişdi. Ramil yenə gecə saat 11-in yarısı anasını medalları ilə təbrik etmişdi.
Ruhun şad olsun!
“Bir gün şəhid olsam Vətən elində,
Qoymayın nəşimi düşmən əlində.
Araz sahilində gözləyin məni,
Öz ata yurduna göndərin məni”.
Şəhid Əliyev Ramil.
Öz ata yurduna gətidik səni
(Nəzirə)
(Babək rayon Güznüt kənd şəhidi Əliyev Ramil Qurban oğluna həsr olunub)
O bir gün yetişdi, oldun qəhrəman,
Xəbərini aldı, atanla-anan.
Sən isə Vətənin oduna yanan.
Öz ata yurduna gətirdik, səni.
Sən şəhidliyini arzu etmisən,
Azadlıq yolunu özün seçmisən,
Vətənin uğrunda qurban getmisən.
Öz ata yurduna gətirdik, səni.
“Bir gün şəhid olsam Vətən elində”
Neçə yol söylədin, bunu dilində,
Bəlkə qulağı da duymuş yerin də,
Öz ata yurduna gətirdik, səni.
“Qoymayın nəşimi düşmən əlində!”
Sən qırdın düşmənin qəddin, belin də.
Səni qarşıladıq insan selində,
Öz ata yurduna gətirdik, səni.
“Araz sahilində gözləyin məni”
Bu necə hiss idi, almışdı səni?!
Anana bəxş etdin saçına dəni,
Öz ata yurduna gətirdik, səni.
Məqamını aldın uca zirvədən,
Şanını göndərdin, özün gəlmədən.
Bəlkə də yazmışdın, özün bilmədən
Arzunu yerinə yetirdik, sənin.
Rəqsanə Tapdıqlı (Nəcəfova) Ərəfsə.
AYB-nin üzvü
Şair-publisist.