.....

.....

Şairlər yerlə göy arasında körpü salan ən yorğun mələklərdir – Gündüz Sevindik

Şairlər yerlə göy arasında körpü salan ən yorğun mələklərdir – Gündüz Sevindik

(“Yuxundakı dünya” kitabından yarpaqlar…)

Dilimiz elə əsrarəngiz dildir ki, “səs” sözünün özündə bir səs, “şimşək” sözündə isə sanki ildırım görüntüsü, ildırım çaxışı var.
*
Düşündürmək istəyirsənsə, əvvəlcə özün düşün!
*
Güclünü yamsılayaraq ondan oğurladığın uğur əslində sənin məğlubiyyətindir. Zəif ol, amma
özün ol.
*
Yaradıcılığını oxucunun (kütlənin) zövqünə, istəyinə yönəltdinsə, heç bir ədəbi uğurdan söhbət gedə bilməz.
*
Allaha, Vətənə, anaya həsr olunmuş şeir bu üç müqəddəsliyin heç olmasa yarısını fəth
etməyəcəksə, həmin şeirləri heç yazmağa dəyməz.
*
Bayraq haqqında yazılmış şeir bayraq kimi dalğalanmırsa, deməli o BAYRAQ şeiri deyil…
*
Vətən sevgisi şeir misralarında olmur. Silsilə, ucdantutma Vətən şeirləri yazmaq hələ həmin
müəllifin heç də vətənpərvər olması demək deyil.
*
Dünyanın ən gözəl, ən möhtəşəm Vətən şeirini bizim şəhidlər “yazıb!”
*
Zəif yazılmış bir kitab yüz çirkin niyyətli adamdan daha dəyərli, daha üstündür.
*
İnsana (fərdə) yazılmış şeirin bədii yükü yoxdursa, o şeirin ədəbiyyata heç bir dəxli yoxdur.
*
Dahi şəxsiyyətlərə, vətən qəhrəmanlarına yazılmış zəif şeirlər həmin insanların ruhuna
hörmətsizlikdir.
*
Şairlər yerlə göy arasında körpü salan ən yorğun mələklərdir.
*
Ən böyük söz cəmi üç hərfdən ibarət olan EŞQ sözüdür.
*
Sevgidən bezdiyini, doyduğunu, ona inanmadığını deyirsənsə, sən hələ heç sevgini dadmamısan demək…
*
Doğulan fərddir, yetişən şəxsiyyətdir, kamilləşən insandır!
*
Əgər sən qarşına çıxan insanın adını yox, onun dərdini soruşursansa, deməli sən peyğəmbərsən.
*
Ey özünü dərk edən elmli, kamil insan! Unutma, bu dünyada heç kimin sənə borcu yoxdur,
amma sənin hamıya borcun var – Öyrətmək borcu!
*
Hələ dilinə yalan gəlməyən, gözləri heç bir əyriliyi, pisliyi görməyən, ayaqlarının altı yerə
dəyməyən, heç bir bəd əməlin və günahın sahibi olmayan, ana südündən başqa heç nə
dadmayan bələkdəki məsum körpə – əslində nə qədər zəngin, nə qədər varlısan sən…
*
İnsanın özündən küsə bilməsi, özünə hesabat verə bilməsi, onun təmiz mənəviyyatının
göstəricisidir.
*
Ağacın altında ağac əkməzlər!
*
Ailə münaqişəsi zamanı susmaq (susa bilmək) qadının ən gözəl müdafiəsi, eyni zamanda ən
amansız “silahıdır” (anlayan kişi üçün).
*
Fanatizm qədər qorxulu heç nə yoxdur.
*
Mən səni Allahdan qorxmağa yox, Allahı sevməyə dəvət edirəm. Əbədi, kor-koranə bir qorxu
hissi ilə Allahı dərk elədiyini və sevdiyini düşünürsənsə, yanılırsan, dostum!
*
Vaxtında əlimizə kitab alsaydıq, indi hər aşura günündə əlimizdə zəncir olmazdı…
*
Qəbiristanlıq – sükut himninin hakim olduğu məkan… Qəbiristanlıq – dünyanın ən ədalətli yeri…
Amma yox, bahalı və ucuz qəbir daşları burada da haqqın, ədalətin “öldüyündən” xəbər verir.
*
Haram deyilən bir şey yoxdur, bütün halalları bir anda harama çevirən adamlar var.
*
Sosial şəbəkələrdə dünya şöhrətli bəstəkar Üzeyir Hacıbəylinin adını yazıb axtarışa verəndə
birinci Üzeyir Mehdizadənin adı gələn cəmiyyətdə yaşayırıq…
*
Qəssabların soyuqdan üşüdüyünü hələ görən olmayıb…
*
Ən ağır təhqir yaltaq bir adamın səni tərifləməsidir.
*
Dünyanın ən böyük bəlaları, ən dəhşətli faciələri siyasət elminin yarandığı gündən başlayıb.
Siyasət elmini yaradaraq dünyanı kor qoyan Adəmoğlu hələ də sülh, firavanlıq, xoşbəxtlik
axtarışındadır.
*
Çirkin insan yoxdur, çirkin düşüncə var.
*
Dünya o vaxt DÜNYA olacaq ki, hər kəs tanrı ilə Allahın, adamla insanın, dindarla möminin, sevgi
ilə eşqin, qəmlə dərdin fərqini bilmiş olacaq!
*
Mühit insanı təkcə yaxşı tərəfdən formalaşdırmır. Eyni zamanda, ona həm də bütün
eybəcərlikləri, əyrilikləri, yalanları və xəyanəti də öyrədir.
*
Bəşəriyyətin ən böyük bəlalarından biri də dinin insanlara yalnız müəyyən həddə qədər lazım olmasıdır.
*
İnsan dünyaya gələrkən özü ilə bərabər iki müqəddəslik də doğulub bu dünyaya gəlir:
Eşq və Ölüm. İnsanoğlu ömrü boyu bunlardan qaça bilməz. İnsanın bu dünyada fəth edə
biləcəyi altı ən uca məqam var:
İnsanlıq
Eşq
Möminlik
Şəhidlik
Dahilik
Xoşbəxtlik
*
Bəşər övladı olan şairlər həmişə dünyadan şikayətləniblər, şeirlərində onu fani, puç, bivəfa,
etibarsız adlandırıblar. Maraqlıdır, bəs dünya özü şair olsaydı milyon illərdir bu dünyanı dağıdan
insanları necə dəyərləndirərdi, necə təqdim edərdi?!…
*
Təklik ən böyük dərsdir… Tənhalıq özü ən gözəl “mütaliədir”.
*
Gecələr küçədə qalan küçədən kimsənin xəbəri olmaz…
*
Sabah kilid kimidir, açılmaya da bilər!