ŞAM AĞACI
Aeroportda İsveçrə pasportunu göstərəndən, həmin ölkənin vətəndaşı olması tam yəqinləşəndən sonra yoxlama keçid məntəqəsindən irəli addımlamasına işarə etdilər.
-Yükünüz yoxdur?
Keçid məntəqəsinin qadın əməkdaşı bu sözü elə dedi ki, elə bil İsveçrə vətəndaşı olan azərbaycanlı xanıma yazığı gəldi:
-Sima xanım, – deyə xarici pasporta baxa-baxa, – Sima oldu da adınız?
-Bəli.
-Sima xanım, deyirəm yükünüz yoxdur?
-Yox, yoxdur. Yeni ili rayonumda keçirməyə gəlmişəm. Nə varsa əynimdədir, paltarı da bacımdan alıb geyinərəm. Üç günlüyə nə paltar, nə yük?
-Buyurun, bütün sənədlər qaydasındadır. Zəhmət olmasa bura keçin, üst-başınızı yoxlayım.
Qadın əməkdaş onun üst-başını detektorla yoxlayandan sonra gülümsədi.
-Yeni iliniz mübarək.
-Sizinlə bir yerdə. Kokaindən-heroindən… bir şey çıxmadı?
Gömrükçü qadın gülümsədi:
-Kokain-heroin daşıyanı gözündən oxuyuruq. Bura baxın, ay həmyerli, camaat neçə ay əvvəldən Yeni ili qarşılamağa o tərəflərə bilet sifariş edir, sizsə rayonunuza gəlmisiz. O Şaxta Baba çıxan yer var e, adı nə idi onun?
-Laplandiyanı deyirsiz?
-Hə…hə… ora sizə yaxındır?
-Belə də, bir az aralı olar. Ordan çıxıb gəlib bizə salam verir, sonra uçur evlərə.
-Ən axırda bizə gəlir. Əvvəl Finlandiya, Kamçatka, Çukotka tərəflərə uçur, neynir ki, birinci bizə gəlib yolunu uzaq eləsin.
-Yox, niyə ki, hələ bizdən uzaqları da var… Şimali Amerika, Cənubi Amerika. Bizə kim gəlmək istəsə əl uzatsa çatar, heç marallara əziyyət verməyinə dəyməz.
-Şaxta Baba da üzünə kim yaxşı baxdı ora tez yollanır. Yoxsa o biri ölkələrə hamı yatandan sonra gedir, özü də sobalardan asılan corablara hədiyyələr qoyub tez uzaqlaşır.
-Bəlkə də haqlısız. Bir daha Yeni iliniz mübarək. Bay, qar yağmağa başladı ki…Yeni ilinki qardır, qar olmayanda ürəyimə yatmır.
-Sizə yaxşı yol.
-Sağ olun.
Aeroportdan çıxanda bir neçə saatlıq havasızlığın yerini təmiz hava doldurdu, “oxay, ləzzət eləyir” deyəndə taksi sürücüləri qurcalanıb qabağa gəldilər.
-Şəhərə 40 manat.
-Mən rayona getməliyəm.
-Məsləhət görmürəm, – yaşlı sürücülərdən biri dilləndi, – birbaşa aeroport taksisi ilə rayona getməyin, baha başa gələr. Sizi “20 Yanvar” metrosunun yaxınlığında düşürərəm, ordan rayonlara maşınlar çıxır, minib gedərsiz.
-Yaxşı.
Əyləşdi. Doğma rayonuna gedir. Neçə ildir görmür, darıxıb, indi evdəkilər sevinəcəklər, sinif yoldaşlarına bir-bir zəng edəcək. Deyəcək “nətərsiz, mənəm də Sima”. Onlar da deyəcəklər ki, “hansı Sima, sinifkom Sima?” O da deyəcək “aaz, başqa Simanız var ki?” Gülüşəcəklər, sonra deyəcəklər ki, “gəl bizə Yeni ilə stoliçni hazırlayaq”. O da deyəcək ki, “stoliçni hazırlayaq? Xeyir ola, mən sizə qonaq gəlmişəm, yoxsa siz bizə? Qonağı işlətmək də sizdən çıxdı?” Qayıdıb deyəcəklər ki, “Sima, sən bizim evimizin içisən, bacımızsan, canımızsan”. Beləcə, güləcəklər, sonra kiminsə evində toplaşmaq qərarına gələcəklər. Toplaşacaqlar, hi-hi-hi… ha-ha-ha…Ay Allah, bircə çatsaydım, bircə hamını görsəydim.
Belə desə də özünü aldadırdı. Hamıdan əvvəl oxuduğu 5 saylı məktəbə gedəcəkdi. Birinci sinifdə əkdiyi şam ağacını görməyə. Beş il əvvəl də Yeni il bayramında həmin şam ağacına sığal çəkib qucaqlamışdı. Ondan sonra gedəcəkdi sevdiklərinin yanına.
Metronun “20 Yanvar” stansiyası yaxınlığında taksidən düşdü. Ordan da rayonuna gedən maşınlardan birinə əyləşdi. Sürücünün üç müştərisi vardı, o da oldu dördüncü, indi yola düşmək olar.
…Qar hələ də yağırdı. Pəncərə içəridəki beş nəfərin nəfəsindən çıxan buğdan nazik təbəqə ilə örtülmüşdü. Heç kimin nə deyəcəyini, necə düşünəcəyini fikirləşmədən çeçələ barmağı ilə pəncərədə şam ağacı çəkdi. Sonra başını qapının çərçivəsinə söykəyib mürgülədi. Şirvan körpüsünü keçəndə ayıldı. Uşaqlıqda da belə idi. Bakıdan çıxanda nə qədər yuxu tutsa belə bu körpünü keçəndə ayılardı. Kürə baxır, onun artıb-azalmasını müşahidə edərdi. Sonra böyüklərin səsi gələrdi: “Bu il Kür azalıb. Əkin yanıb tələf olacaq. Zinə pis günə qoyacaq hər yanı”. O da qulaq asar, hərdən söhbətə qarışardı, yəni mən də varam. Yəni mənim də fikrimi dinləyin, bəlkə vacib nəsə deyirəm. Onlar ya “hə, düz deyirsən” deyib yola verər, ya da gülə-gülə “sən Allah, yalan demirsən?” deyə lağa qoyardılar. İstəyir gülsünlər, istəyir lağa qoysunlar, hər halda şirin xatirələr İsveçrədə də yuxusuna girərdi.
Rayona çatdılar. Sürücü kimin harada düşəcəyini bircə-bircə soruşdu. Üç nəfər rayon mərkəzinə gedən istiqamətdəki kəndlərdə düşdü. Təkcə bir nəfər – o, rayon mərkəzində düşəcəkdi:
-Zəhmət olmasa, rayonda 5 nömrəlinin qarşısında saxlayarsız. Məktəbi deyirəm.
-Baş üstə. Nə əcəb hələ evə getmirsiz?
-Adətimdir, birinci oxuduğum məktəbə gedirəm, sonra evə qaçıram.
-Yəqin məktəb əsil evin olub. Əvvəllər müəllimlər elə şərait yaradardılar ki, məktəbdən evə getmək istəməzdin. Əlimizdən tutub hərfləri yazmağı öyrədərdilər. İndiki müəllimlərin çoxusu deyir ki, məktəbə qədər halvanı bişir hazır yeyim. Nə əziyyət, nə əldən tutma, nə həvəs? O müəllimlərdən çox az qalıb. Müəlliminə dəyəcəksən qızım, ya sinif yoldaşlarınla burda görüşəssən?
-Xeyr. Bir balaca işim var.
-Çox mədəni adama oxşayırsız. Xoşum gəlir belə adamlardan. Deyir özünü necə apararsan, elə də hörmət görərsən. Yəqin, valideynlərinizdən keçib, ya da müəllimləriniz dünyagörüşlü olublar.
-Hər ikisi. Elə burda saxlasaz pis olmaz.
-Saxlayaram da, gözləyərəm də.
-Siz gedin, əziyyət çəkməyin.
-İşinizi görün qurtarın, gözləyərəm. Qar yeri örtür, bir azdan evə getməyə maşın tapmayassız.
Qadın maşından düşdü, gödəkçəsinin boynunu qaldırdı ki, sinəsinə, boynuna qar düşüb dama-dama gölləndirməsin. Məktəbin qapıları açıq idi. İri darvazadan içəri keçib ağaclığa üz tutdu. Ən mübhəm xatirələrinin ağacları. Arxasında gizlənpaç oynadıqları ağaclar, istədiyi oğlanın hansı qızlarla danışdığını izlədiyi ağaclar. O ağaclar ki, birinci sinfə gedəndə kiçik bellə yeri oyub əkmişdilər. Bapbalaca şam ağaclarının boyu indi üç mərtəbəli məktəb binasını da keçmişdi. Yeri oyub əkmiş, torpaq qalağını əllərilə çalaya doldurmuş, heç dırnaqlarına palçığın dolmasının fərqinə varmadan sevincək halda “birinci mən əkdim” deyib qışqırmışdı. Müəllimə demişdi, “Sima, dibinə su tök ki, sənə sağ ol desinlər”. Külək ağacı tərpədəndə Bikə müəllimə bunu dediklərinin təsdiqi kimi qiymətləndirmişdi: “Bax görürsüz, ağac tərpənir, sizə ağac dilində sağ olun deyir”. Balaca Sima da inanmışdı.
Ağaclığın arasındaykən məktəbin akt zalının pəncərəsindən “В лесу родилась ёлочка” mahnısının xorla ifası eşidilirdi. “Yəqin bir azdan “Şaxta baba, Şaxta can” mahnısını da oxuyarlar”.
Bilirdi harda əkib o ağacı, körpə əllərilə əkdiyi şam ağacının ətrini içinə çəkmək istəyirdi. Bilirdi ki, şam ağacının ətri olmur, amma qəlbində o ətri yaratmışdı. Bax, bu üç ağacın arxasında olmalıdır. Başını əyə-əyə addımlayırdı ki, sağa-sola çıxan budaqlar gözünə girməsin, üzünü cızmasın. Çatdı. Lakin…
Ağacı kökündən çıxarmışdılar. Barmaqlarını torpaqda gəzdirdi, iyirmi iki illik ağac yenicə çıxarılmışdı, təxminən beş-altı saat əvvəl. Gözləri böyüdü. Sağa-sola baxdı. “Bəlkə çıxarıb başqa tərəfdə əkiblər?” Yeyin-yeyin addımlayıb məktəbin arxa tərəfinə keçdi. Tapmadı. Sonra məktəbin sağ, sol tərəflərini də gəzdi. Tapmadı. Yeni əkilən köhnə ağac gözə dəymədi. Yenidən kökündən çıxarılan çuxura yaxınlaşdı, əyilərək başını dizləri arasında sıxdı. Ağacı kökündən çıxarmışdılar. Bəlkə rayon mədəniyyət evinə yolka bəzəmək üçün aparıblar? Ya kiminsə bağına? Canlı ağacı yolkaya çevirib bəzəməyi İçvecrədə çox görmüşdü, elə Sankt-Peterburqda bacısıgildə də canlı ağac bəzəyirdilər. Yeni ildən on iki gün sonra tullayırdılar. Amma o ağaclar daha iyirmi-otuz ilin ağacları olmurdu. Uzaqbaşı bir-iki ilin şamları idi.
Ayağa qalxıb dizlərinin palçığını silməyə çalışdı. Məktəbə sarı üz tutdu. Qapıçı dəmir çaydanda çay dəmləyirdi, Simanın keçməsini görmədi. Qadın akt zalına doğru irəlilədi, bütün dəhlizin, bütün otaqların yerini əzbər bilirdi. Elə bil neçə il əvvəl hər şeyi öz əllərilə qoyub getmişdi. Necə vardı, elə də qalmışdılar.
Mahnının, uşaqların sevincli çığırtılarının, müəllim və valideynlərin səsinə yaxınlaşırdı. Zalın qapısını taybatay açdı. Gördü. Öz şam ağacını gördü. Ona al, qırmızı, yaşıl zərlər dolayıb elektrik lampalarla bəzəmişdilər. Yuxarı sinfin gombul şagirdi Şaxta Baba olub ağacın yanında qotazlı çomağı ilə dayanmışdı, “di şeir deyin, di mahnı oxuyun” hayqırırdı. Sümüyünə mahnı düşənlər əl-ələ verib dövrə vurur, o birilər əl çalmaqla kifayətlənirdilər. Sinif rəhbərləri fəal idilər, istəyirdilər heç olmasa ildə bir dəfə öz fəaliyyətlərini, dərs dedikləri uşaqlarının istedadını nümayiş etdirsinlər. Rayon mədəniyyət evinin ansamblına ehtiyac qalmamışdı, məktəbin gitara, nağara, klarnet çalmağı bacaran uşaqları vardı, ona görə də direktor daha hər il xərc çəkib mədəniyyət evinin müdirinə yalvarmırdı və buna görə çalıb-oxumağı bacaran şagirdləri dərslərdən azad etmişdi.
O, bəzədilən və iyirmi iki il əvvəl əkilib onun on ilini qulluq etdiyi, beş-altı saat bundan əvvəl çıxarılsa da, hələ də soluxmayan ağacına yaxınlaşdı. Onu sığalladı, boyuna-buxununa baxdı, iynələrinə üzünü sürtdü, gözlərini yumdu. Və birdən qeyri-iradi qışqırdı:
-Bəsdirin!
Səsi zalın divarlarını titrətdi. Məktəbli musiqiçilər Yeni il mahnısını yarıda kəsdilər. Şaxta Baba və Qar qız qırmızı gödəkçəli bir qadının qışqırmasını təəccüb qarışıq heyrətlə seyr etdilər. Uşaqlardan biri qorxub ağladı. Kişi direktor yaxına gəldi.
-Başa düşmədim, siz kimsiz belə qışqırırsız, tədbirə mane olursuz?
-Bəsdirin, qaniçənlər, yırtıcılar!
-Xanım, bu nə hərəkətdir, bu nə danışıqdır?
-Konkret olaraq siz yırtıcısız. Bütün bunlar şəxsən sizin göstərişinizlə olub.
-Nə olub axı?
-Bu ağacı iyirmi iki il əvvəl əkmişdim. Hər il dekabrın 31-də öz doğmalarımı görməyə gələndə əvvəlcə onun yanına tələsirdim, onunla danışırdım, ötən günlərimizi xatırlayırdıq, mən onu, o, mənim uşaqlıq illərimi yaşadırdıq. Amma siz onu kökündən çıxartdız. Nə var, nə var, yolka bəzəyəcəydiz. Məgər illərlə, qətrə-qətrə böyüyən bir canlını da heç nə fikirləşmədən, uf demədən məhv etmək olar?
-Axı, bayramdır, şam ağacını da hər yerdə yolka olaraq bəzəyirlər.
-Hər yerdə? Hardadır o hər yer? Göstərin mənə o yeri? Hər yerdə Yeni il bayramı üçün xüsusi şam ağacları bağları salınır. Özü də o ağacların ömrü bir-iki illikdir, daha iyirmi-otuz ilin ağacları yox. Mən xahiş edirəm, yox, tələb edirəm, ağacı necə kökündən çıxarmısız, eləcə də yerinə basdırın. Bəlkə hələ yaşaya bilməsinə ümid var.
Direktor ağır-ağır yaxına gəldi.
-Qızım, axı bu gün bayramdır. Bu bayram, bu şənlik, bu zarafatlar, şarlar, zərlər, Şaxta Baba, musiqi uşaqların yaddaşında həmişəlik qalacaq.
-Deməli, siz bir nəfərin yaddaşında ömürlük qalan bir xatirəni silməklə başqalarının yaddaşında əbədi qalacaq yeni hadisə yaradırsız? Nə qədər məntiqlidir? Nə qədər humanistcəsinədir? Başa düşün, mən öz xatirəmi yaşatmaq istəyirəm. İstəyirəm ağacı yerinə əkəsiniz, öz torpağı ilə birgə. Onu böyüdüb ərsəyə çatdıran torpağı ilə birgə. Qoy, bu Yeni il uşaqların yaddaşında bax belə də qalsın. Bir xala gəlib bayramımızı pozdu, tələb etdi ki, birinci sinifdə əkdiyi ağac yerinə qaytarılsın. Hansı yaxşıdır? Şarların, zərlərin, Şaxta Babanın, Qar qızın yaddaşlarda qalması, yoxsa kəsilmiş ağacın yaşamaq haqqının özünə qaytarılması? Mənim tələbim elə bir tələbdir ki, uşaqların torpağa bağlanmasına, təbiəti sevməsinə gətirib çıxaracaq, çıxarmasa belə heç olmasa buna zəmin yaradacaq. Üstəlik ağacın kökündən ayrılıb beş-altı saatlıq bayram üçün müqəvva kimi istifadə olunması, təzə gəlin kimi bəzədilməsi hansı xoş xatirəni yaddaşlarda saxlayacaq? Ölməyə məhkum edilmiş canlının üstündə xoş xatirə qurmağa razı ola bilmərəm. O mənim məktəb illərimin, böyüməyimin, həyata müstəqil addımlarımın, mübarizələrimin, sevincimin, kədərimin acılı-şirinli xatirəsidir. Bu gün bu xatirəni itirim, sabah birini, birisi gün başqasını, bəs sonra? Bütün həyatımı itirərəkmi yaşayacam? Bəs siz? Siz də itirərək yaşamaq istəyirsiz? Siz anlamırsız ki, itirdiklərimizlə özümüzü də itiririk? Mənliyimizi, mənəviyyatımızı, əxlaqımızı, insanlığımızı itiririk? Mən belə reallığı istəmirəm. Mənə xatirələrim lazımdır. Qürbətdə yaşayan adam üçün lazımdır o xatirələr. Başa düşürsüz? Ağacı isə aparın basdırın yerinə! Öz yerində ölsə vicdan əzabı çəkmərəm. Bilərəm ki, sona qədər qorudum, yaşaması üçün axıra qədər mübarizə apardım.
Lal sükut yaranmışdı. Direktor qadının onun gözlərinə israrla baxmasından və inadkarlığından anladı ki, müzakirəni davam etdirməyin mənası yoxdur. Dərs hissə müdirinə işarə etdi ki, ağacı yenidən əkmək lazımdır. Dərs hissə müdiri məktəbin iki fəhləsi ilə ağaca taxılmış zərləri, rəngli lampaları sökməyə başladılar. Pıçıltılar akt zalı boyunca yayıldı, kiçik yaşlı uşaqların bəziləri lal sükutun ağır nəfəsini faciə bilib ağladılar, bəziləri dodaqlarını büzdülər. Ansamblın uşaqları yır-yığış etdilər, gitara çalan gitarasını üzlüyə saldı, nağara və klarnet çalan isə hadisənin sonunu gözlədilər.
Dərs hissə müdiri direktora pıçıltı ilə dedi ki, ağacı geriyə aparmağa iki fəhlə az olacaq. Çünki onu kökündən çıxaranda beş fəhlə içəri sürümüşdü. Direktor inad edən qadının gözlərinə baxdı ki, bəlkə yumşala. Lakin qadının sərt baxışlarını görüb dərs hissə müdirinə fəhlələrin çağırılması barədə şifahi göstəriş verdi.
Akt zalında valideynlərin pıçıltıları ucaldı, hətta söz atanlar da tapıldı: “Bayramın qara gəlsin sənin”, “Bir ağac nədir ki, bu uşaqların bayramını yasa döndərdin”. Sima sözlərdən yayınmaq üçün gah tavana, gah döşəməyə baxır, hərdən gözlərini sağa-sola çevirirdi.
-Söz atmayın. Mənim bu inadım uşaqlarınıza ömürlük dərs olacaq. Onlar gələcəkdə prinsipial olanda, nahaqqa ram olmayanda, haqq yoldan dönməyəndə, öz əqidələrini müdafiə edəndə məni xatırlayıb ünvanıma çox sağ ol deyəcəksiz. Uşaqların başlarını tumarlayıb bufetə getmək üçün ciblərinə pul qoymaq, dırnaqlarını tutmayanda, qulaqlarını təmizləməyəndə acıqlanmaq, öyüd-nəsihət vermək hələ valideyn tərbiyəsi, insan, cəmiyyətə faydalı vətəndaş yetişdirmək demək deyil. Qoy mənə qarğış etsinlər, qoy yuxularında kabus kimi görünüm, qoy bu Yeni il bayramları yasa dönsün, amma bütün bunlar uşaqlarınızın özlərini dərk etdikləri ana qədər olacaq. Başa düşəndə ki, artıq yetkinləşiblər, hiss ediblər ki, heyvandan fərqlənirlər, bax onda mən yada düşəcəm. Deyəcəklər ki, belə bir qadın vardı, inadından əl çəkməyən qadın, özü də haqlı inadından. Deməli, vətəndaş, insan belə olurmuş. Özünün yolu, cəmiyyətə faydası olmalıdır adamın, öz fikrini, sözünü deyə bilməlidir, cəsarətli, mübariz olmalıdır, nahaqqa nahaq, haqqa haqq deməyi bacarmalıdır, ədaləti və vicdanı qorxunu, şəxsi mənafeni üstələməlidir, daha doğrunu söyləməkdən qorxub, ləbbeyk deyib, başını qarnına qədər əyib təzim etməməlidir. “O bayram günündə gördüyümüz qadın öz humanistliyini, insanlığını belə göstərdi. Biz də elə olmaq istəyirik” deyənlərin sayının çoxalacağına əminəm. Mən gec də olsa təfəkkürlərdə dəyişikliyin baş verəcəyinə inanıram!
-İnanmıram ki, gördüyün bu uşaqlar böyüyəndə onların bayramını pozan adama oxşamaq istəsinlər. Siz çox pis adamsız, – deyə yaşlı direktor eynəyini çıxarıb cib dəsmalı ilə sildi.
Sima bu sözlərdən pərt oldu.
-Bilirsiz pis adam kimdir? Qorxaqlar, laqeydlər. Mən sizin qınağınızdan qorxmadım, bizi yaşadan ağaclara laqeyd qalmadım. Məgər, bu pisdir?
Direktor daha dillənmədi. Onun baxışları zala toplaşanların baxışları ilə toqquşdu. Bu toqquşma dəqiqələrlə çəkdi. Gözlərini ağır-ağır açıb-yumdu, demək istədi ki, “daha neyləmək olar, gedək evimizə, yeni ilimizi mənzilimizdə davam etdirək, həmişə etdiyimizi edək, ailəmizi masa başına toplayaq, təamlardan dadaq, limonlu çayımızı içək, saat 12-ni vuranda bir-birimizi təbrik edək, növbəti ildə bir-birimizə can sağlığı, xoşbəxtlik arzu edək, bu günün qanqaraçılığını unudaq”. Direktorun gözlərində bir məna da vardı: “Daha heç nə deməyin, bu qadına söz at-mayın, gülə-gülə ayrılaq burdan. Elə bilək ki, heç belə hadisə olmayıb”. Toplaşanlar direktorun gözlərilə nə demək istədiyini anladıqlarından uşaqlarının, nəvələrinin, qonşu uşaqlarının paltarlarını geyindirdilər. Söz atanlar, tikanlı danışanlar olmasa da, başlarını bulayanlar çox oldu, hətta bəziləri səs salan uşaqlarına hirslərindən yavaşca çımxırdılar da.
Dərs hissə müdirinin, ardınca dörd fəhlənin və yuxarı sinfin altı şagirdinin içəri girməsi ilə gərginlik daha da artdı. Acıqlı baxışlar nifrətə çevrildi. O isə əllərini qoynunda çarpazlayıb gözlərini döşəməyə zilləsə də dalğın baxışları çox uzaqlarda idi.
Xışıltı səsi eşidildi. Bu sürünən ağacın, iyirmi iki il əvvəl əkilən şam ağacının xışıltısı idi. Üstündə təkəm-seyrək pambıq topaları qalmışdı. Şam ağacı akt zalının taybatay açılmış qapılarından isti nəfəsləri tərk etdi. Qadın fəhlə və şagirdlərin arxasınca getdi. Qapıdan çıxmasından saniyələr sonra valideynlərin tikanlı sözləri, deyinmələri eşidildi. Yaşlı direktor elə hey başını bulayırdı. Həyətdə isə qadının, iyirmi iki il əvvəl totuq əllərilə ağac əkən o qadının – Simanın göstərişləri eşidilirdi:
-Bu tərəfə… bu tərəfə… ay yoldaş, budağı sındırma… axı, o budağı çiyninlə sıxmısan… bax, bu tərəfə… burda əkilmişdi, hara sürüyürsən? Dedim ki, burda əkilmişdi.
Ağacı çıxarılan çalaya yaxınlaşdırdılar və “bir, iki, üç” deyib dikəltdilər, əvvəlki doğma yerinə – çalaya saldılar, sonra dibini doldurdular. Hündür ağacın aşmaması üçün kənardan iri taxtalar gətirib gövdəsinə dirədilər. İşlərini bitirib kənara çəkildilər.
Qadın əllərilə ağacı sığalladı, iynəli budaqlarına başını söykəyib fikrə getdi. Cib dəsmalı ilə sınmış iri budağını sarıdı.
Akt zalını tərk edənlər – uşaqlı-qocalı, atalı-analı, müəllimli-şagirdli hamı məktəbin qapısından çıxanda heyrətlə qadına baxırdılar.