SƏMƏD VURĞUNUN «İNSAN» DRAMINDA MÜHARİBƏ DÖVRÜ İNSANININ FACİƏSİ
Böyük Vətən müharibəsi dövründə yaranan «müharibə ədəbiyyatı»nı Səməd Vurğunun həmin illərdə yazılan əsərləri olmadan təsəvvür etmək mümkün deyil. O dövrün ədəbiyyatını bir sıra mükəmməl poeziya nümunələri və «Bakının dastanı» adlı məşhur poeması ilə zənginləşdirən S.Vurğunun «İnsan» mənzum dramı bu baxımdan mühüm hadisə sayıla bilər. Bu əsər yarandığı dövrdə insanların əbədi sülh arzusunun və bəşəriyyətə ağır fəlakətlər gətirən müharibəyə nifrət hissinin ifadəsi kimi meydana çıxmışdır.
S.Vurğun fəlsəfi məzmuna malik olan dram əsəri yazmağa birdən-birə başlamamışdı. O, hələ «İnsan» pyesindən əvvəl qələmə aldığı «Həyat fəlsəfəsi», «Ürək», «Dörd söz», «İlk bahar və mən», «Sözün şöhrəti», «İstiqbal təranəsi» və «Qərinədən qərinəyə» şeirlərində öz fəlsəfi düşüncələrini irəli sürmüşdü.
S.Vurğun yaradıcılığının əsas tədqiqatçılarından biri olan B.Vahabzadə onun fəlsəfi dram yazmasını şərtləndirən amilləri belə izah edir: “Şairin Böyük Vətən müharibəsi illərində yazdığı bir çox əsərlərində fəlsəfi məfhumlara meyl etməsi və “fəlsəfi şeir” axtarışları onun gələcəkdə böyük bir fəlsəfi əsər yazacağını, filosof obrazı yaradacağını xəbər verirdi”.
Bu axtarışlar, nəhayət, “İnsan” dramının meydana gəlməsi ilə nəticələndi. Əsərdə müəllif kamala dolmuş insanın qalib gəlib-gəlməyəcəyi haqqında mühakimə yürüdür. Şekspirin Hamletini “Olum, ya ölüm?” sualı düşündürdüyü kimi, S.Vurğunun Şahbazını da “Qalib gələcəkmi cahanda kamal?” sualı məşğul edir. B.Vahabzadəyə görə “İnsan” pyesinin əsas qayəsi də bu sualdadır”. Müəllif özü isə əsəri haqqında bu fikirdədir: “Yalnız onu deyə bilərəm ki, “ İnsan” əsərini mən çox sevirəm. Orada insan taleyi faciələr içində günəşli-gündüzlü bir səhərə, istiqbala, şüur və idrakın hakim olduğu bir dünyaya yol açır. O dünyanı yaradanlar siyahısında Azərbaycan xalqının da adı var”.
Səməd Vurğunun bu qənaətinə baxmayaraq “İnsan” dramı, xüsusən də əsərin baş qəhrəmanı Şahbaz obrazı uzun müddət kəskin mübahisələrə səbəb olmuşdu.
Əziz Şərif “İnsan” haqqında bəzi mülahizələr” adlı məqaləsində sözü gedən əsəri həm “mürəkkəb əsər”, həm də “yeni bir hadisə” kimi səciyyələndirir.
Halbuki, “mürəkkəb” deyilən əsər S.Vurğun qələminə xas olan sadə bir dildə yazılıb. Fəlsəfi məzmununa gəlincə isə, demək lazımdır ki, burada müəllifin dramaturji qayəsi də kifayət qədər aydın və anlaşılandır. Ə.Şərəfin “yenilik” kimi qələmə verdiyi: “İnsan” əsərində hadisə yoxdur, olsa da əsərin əsasını təşkil etmir, burada olan hadisə olmaya da bilər” fikrinə isə B.Vahabzadə belə bir münasibət bildirir: “Əvvələn, “İnsan” dramında hadisə yoxdur” demək olmaz. İkinci tərəfdən, əsərdə hadisənin olmamasına bəraət qazandırmaq da səhvdir. Hadisəsiz dram əsəri olmaz”.
“İnsan” əsərindəki əhvalatlar məlum bir sujet xətti üzərində qurulub. Hadisələr yüksələn və enən xətt üzrə inkişaf edir. Demək əsərdə hadisə var. Digər tərəfdən bütün dram əsərlərinin sürəkli hadisələrdən ibarət olması da şərt deyil. Nəinki hadisələrin, hətta bəzən düşüncələrin üstünlük təşkil etdiyi dramların olması da zəruridir.
Məmməd Arif isə pyesin qəhrəmanlarını “şairin fikrini ifadə edən deklamator” adlandırır. O, “bu əsəri hələ içərisinə ruh daxil edilməmiş gözəl bir insan vücudu kimi təsəvvür edir”.
Bu əsər Böyük Vətən müharibəsi illərindən bəhs etsə də S.Vurğun “İnsan”da döyüşən insanı deyil, düşünən insanı qələmə almışdır. Əsərdə ilk baxışdan nəzərə çarpan dramatik süstlük və qəhrəmanın “fəaliyyətsizliyi” bununla izah edilməlidir. Əlbəttə, əsərdə böyük bir ruh hakimdir. Lakin bu ruhu görmək deyil, duymaq lazımdır. Bu baxımdan B.Nəbiyevin aşağıdakı fikirləri daha məntiqli görünür: “Burada döyüş səhnələrinin təsvirinə müəyyən yer verilsə də, müəllifi bundan daha çox müharibənin psixologiya və mənəviyyatlarda əks-sədası maraqlandırır”.
Müsbət qəhrəmanlar
Əsərin baş qəhrəmanı Şahbaz filosofdur. Eyni zamanda həyat eşqi ilə dolu bir insandır. O, daim insan zəkası və kainatda baş verən fəlakətlər barədə düşünür. Fikirlərini məşğul edən bu müəmmalara cavab tapmağa çalışır:
Qalib gələcəkmi cahanda kamal?
Toplar, təyyarələr gəlmiş baş-başa,
Al qana qərq olmuş bütün kainat.
Bu ki, həqiqətdir… deyil tamaşa.
Bəlkə də məhv olur müqəddəs həyat?
Atını dörd nala çapdıqca zaval,
Qalib gələcəkmi cahanda kamal?
Şahbaz istər evində, istər döyüş düşərgəsində, istərsə də faşist zindanında bu şübhələrdən uzaqlaşa bilmir. Lakin ömrü yarıda qırılan filosof, bir nəticəyə gəlməyə də macal tapmır. Onun yarımçıq qalmış əsərini ölümündən sonra oğlu Kiçik Şahbaz tamamlayır. Ə.Şərif Şahbazın filosofluğu haqqında yazır: “Müəllif Şahbazı böyük bir filosof, ümumbəşəri məsələlərlə məşğul olan, bəşəriyyəti bütün tarix boyu düşündürən məsələləri həll etməyə çalışan bir mütəfəkkir kimi yaratmaq istəmişdir. Buna əsərin özündə də açıq işarə vardır: faşist filosofu Albertin Şahbaz ilə maraqlandığı təsadüfi deyildir. Şahbaz artıq o qədər şöhrət tapmış bir alimdir ki, onu Yevropa belə tanıyır”.
Şahbazın bir müsbət qəhrəman kimi ən mühüm xüsusiyyəti həyata bağlı olmasıdır. Şahbaz yaşamağı və yaratmağı sevir. Gözəlliklərdən zövq almağı bacarır. Saatlarla düşüncələrə dalır. Elə əsərin ən çox riqqət doğuran cəhəti də bundan ibarətdir ki, qəlbi yaşamaq və yaratmaq eşqi ilə döyünən gənc bir insan tərəddüd etmədən özünə ölüm hökmü çıxardır. Şahbaz ona edilən müdhiş təklifdən – faşist casusu olmaqdan qəti imtina edir:
Əmr edin daxmaya qoy od vursunlar
-deyərək əsiri olduğu general Hansa meydan oxuyur. Bu məqamda faşistlə filosof arasında son dərəcə təsirli bir dialoq yaranır:
Hans: – Nəsibin ölümdür, ölümdür heyhat!
Şahbaz: – Fəqət mən, yaşasın! – deyirəm həyat!
Hans: – Yaşamaq desən də ölürsən, ölür.
Şahbaz: – Ölüm də şərəfli həyatla gülür.
Şahbaz həm də alovlu bir vətənpərvərdir. O, lazım gələn məqamda Vətən və vətəndaşlıq naminə ölməyi də bacarır. Təsadüfi deyil ki, “Şahbaz nəsillərimizin qara gün görməməsi üçün döyüşlərdə canından keçməyə hazır olan əsgər şücaəti ilə əldə silah Terek sahilində vuruşur”.
S.Vurğun Şahbaz obrazını və ona məxsus fərdi cizgiləri poetik bir dəqiqlik və böyük bir rəğbət hissi ilə yaratmışdır. Onun qarşılaşdığı fəlakətin özündə də müəllifin keçirdiyi təəssüf hissi açıq-aşkar duyulmaqdadır. Bu baxımdan Şahbazın istər şəxsiyyəti və düşüncələri, istərsə də həyatı və ölümü həssaslıqla qələmə alınmışdı. O, nəinki sağlığında, ölümündən sonra da yad edilmiş – varlığı və amalları ilə əsərin aparıcı qəhrəmanına çevrilmişdi. Başqa sözlə, “dövrün odları-alovları insanı məhv etsə də, onun idrakını, kamalını məhv edə bilmir. İnsan kamalı qələbə çalır”.
Səhər Şahbazın xanımıdır. Bəstələdiyi əsərlər qədər incə və kövrək qəlbə malik olan Səhər Şahbazın iftixar yeridir. O, ağlı və düşüncəsi ilə heç də Şahbazdan geri qalmır. Biri filosof, o biri bəstəkar olan bu iki insan mətin iradəli olmaları ilə də bir-birini tamamlayır. Şahbaz bu mətinliyi faşist zindanında təsdiqləyir. Səhər isə Şahbazın ölümündən keçən otuz il ərzində həyat yoldaşının xatirəsi qarşısında göstərdiyi sədaqət ilə eyni nəticəyə gəlib çıxır. Valentinin Səhər haqqında dediyi “Qoca Şərq, Qoca Şərq, qadın vəfası!” – sözləri də bu sədaqətin bir göstəricisidir. Nəzərə almaq lazımdır ki, “bu sözləri həyat yoldaşı faşistlərə satılmış bir şəxs, başqa xalqın nümayəndəsi deyir. Bununla da o, Azərbaycan qadınının xarakterindəki milli xüsusiyyəti, bu xalqa məxsus cəhəti etiraf edir”. Səhərin Şahbazın həsrəti ilə bəstələdiyi “Hicran nəğməsi” isə əsər boyu bu böyük məhəbbətinin simfoniyası kimi səslənir. Lakin əsərin sonunda – oğlunun toy günündə Səhərin ölməyi anlaşılmaz olaraq qalır. Tənqidçilərin bir qismi bu ölümdə məna axtarmağa təşəbbüs göstərir. Digər qismi isə bunun əksini isbatlamağa çalışır.
Ə.Şərifin fikrincə “Səhəri öldürməkdə müəllifin məqsədi xəyalında təsəvvür etdiyi kommunizim dünyasını əfsanəvi bir parlaqlıqla göstərməkdir.
Səhərin ölümü, təbii və qanuni bir hadisə olaraq, heç kəsi ağlatmır, heç kəsdə kədər yaratmır, çünki bu cəmiyyətdə hamı ölümün dərin mənasını, onun zəruriliyini anlamışdır və məsud, mənalı həyatdan sonra insanın qapısını döyən ölümü ağıllı bir sakitlik, dərin bir vüqar ilə qarşılayır”.
“İnsan” dramı və onun haqqında irəli sürülən fikirlər Sovet hakimiyyəti illərinə təsadüf etdiyindən bir çox məsələlərə də kommunizm nəzərləri ilə baxılmışdı. Xalqımızı dinindən və adət-ənənələrindən uzaqlaşdırmağa çalışan hakimiyyət, hətta insanlara əzizlərinin yasını saxlamağı belə yasaq etmişdi. Ə.Şərifin fikirləri də bundan qaynaqlanır və obyektiv səslənmir.
B.Vahabzadənin mülahizələri isə daha tutarlı və ağlabatandır. O, M.Arifin “Oğlunun toy məclisində Səhər qəflətən ölür. Bu bir təsadüfdürmü? Yox, təsadüf deyildir, burada bir məna var” – sözlərinə belə bir cavab verir: “Hamının deyib-güldüyü bir zamanda Səhərin ölməsində nə məna ola bilər? Müəllif bu qəfil ölümlə nə demək istəyir? Bunun arxasında doğrudanmı bir məna, fəlsəfə dayanmışmı? Əgər dayanmışsa, tənqidçi gərək bu mənanı açaydı. Müəllif bu qəfil ölümlə melodrama uymuş, sadəcə olaraq əsərin təsir gücünü artırmaq istəmişdir”.
Əsərin digər müsbət surətlərindən olan şair Cəlal, memar Valentin və zabit İslam daha çox özlərinin insani keyfiyyətləri, danışıq tərzi və zarafatları ilə yadda qalır. Şahbazın dostları olan bu adamlar ya Şahbazın ətrafında, ya da onunla bağlı xatirələrin aid olduğu məkanda təsvir edilir. Zamanın müharibə ruhuna və təfəkkürünə yad olan dostlar, Vətəni qorumaq məqamında dərhal silaha sarılırlar. Tale onları müharibədən otuz il sonra da qarşılaşdırır. Aydın olur ki, müharibənin odu-alovu bu sadə insanların ruhi əzmini və dostluq ülfətini sındıra bilməmişdir. Onlar Şahbazı ömürləri boyu qəlblərində yaşatmış – Cəlal şeirləri ilə, Valentin isə “Qardaşlıq məzarı” adlı abidəsi ilə onun ruhunu əbədiləşdirmişdir.
B.Vahabzadə bu surətlərdən daha çox İslam obrazı üzərində dayanır. İslamın şən və oynaq təbiətini Şahbazın “dumanlı” düşüncələrinə qarşı qoyur. Tənqidçi müharibəyə getmək ərəfəsində Şahbazın kiçik oğlunu görən İslamın:
Doğrudan adamın bir oğlu ola,
Öləndən sonra da yurdunda qala
-fikirlərinə diqqət çəkir və yazır: “Bu canlı səhnə Şahbazın həyat, insanlıq, kamal, zaval və müharibələr haqqında yürütdüyü fəlsəfi mühakimələrdən daha fəlsəfi, daha güclüdür. Həyat haqqında danışmaqdansa, həyatın bir parçasını göstərmək lazımdır”.
Əvvəla Şahbazla İslamı müqayisə etmək doğru olmazdı. Şahbaz dahi filosaf, İslam isə döyüşlərdə mətinləşən əsgərdir. Demək biri fikir adamı, digəri isə qılınc adamıdır. Onların müxtəlif təbiətlərə və baxışlara malik olması təbiidir. Bu surətləri təhlil edərkən də hər birinə bu istiqamətdən yanaşmaq lazımdır.
B.Vahabzadənin Şahbazı “həyat haqqında danışan”, İslamı isə “həyatın bir parçasını göstərən” fikirləri ilə də razılaşmaq olmur. Onun rəğbət bəslədiyi İslam ömrü boyu ailə haqqında düşünməyən və tüfeyli həyat keçirən bir dəliqanlıdır. Əksinə “öz xəyalları ilə yaşayan bir idealist” adlandırdığı Şahbaz isə ailə-uşaq sahibidir. Demək Şahbaz daha çox həyatidir. Tənqidçinin dediyi “həyatın bir parçası” da elə ona məxsusdur. Mənfi qəhrəmanlar “İnsan” dramında müsbət surətlərlə birlikdə bir sıra mənfi obrazlar da yer almışdır. Feldmarşal fon Holts, general Hans, marşal Albert, fon Holtsun arvadı Amaliya və onların tərəfinə keçmiş Nataşa faşizmin simasızlığını özündə əks etdirən tipik obrazlardır. Amansız hökmləri və daxili düşkünlükləri ilə ikrah hissi oyadan bu adamlar qeyri-insaniliyi təmsil edirlər. Bu fikri əsaslandırmaq üçün yuxarıda adı çəkilən mənfi surətlərin təhlili üzərində qısaca dayanaq. Dünyanın al-qana qərq olmasından nəşə duyan, xüsusən də Qafqaza göz dikən və həriscəsinə Bakının neft buruqlarını arzulayan fon Holts faşist qəddarlığının timsalıdır. Alman ordusunun böyük itkiyə məruz qalmasından hiddətlənən Holts cəmiyyəti təşvişə salmamaq üçün bu rəqəmlərin “azaldılmasını” təklif edən bir saxtakardır. Amma qəbul edilməsi nə qədər acınacaqlı olsa da Holtsun “haqlı” fikirləri də var. Necə olursa-olsun qalibiyyət əldə edilməsini mütləq sayan Holts:
Nə dünən, nə bu gün, nə də istiqbal
Qalib insanlara verməyir sual.
-deyərək istər hər cür amansızlıqla, istərsə də saxtakarlıqla əldə edilən qalibiyyətin hesabının sorulmayacağına da əmindir. Çünki cəmiyyətin nəzərində qaliblər həmişə haqlı olurlar. Hər cür insan riyakarlığına və ədalətsizliyinə bələd olan və bunları özündə əks etdirən Holts yaxşı bilir ki: Fəqət qalibiyyət çıxsa əlindən,
Bir Allah, bir Allah olsan belə sən,
Üstünə uşaq da baş qaldırar bil,
Bu da həqiqətdir … uydurma deyil! General Hans isə iradəcə zəif və acizdir. O, həm də buyruq quludur. Holtsun ölü sayının gizlədilməsi ilə bağlı fikirlərinə tərəddüd etsə də, dərhal əmrə tabe olur:
Həqiqət soldatın nəyinə gərək?
Onsuz da ölənlər dirilməyəcək.
-deyərək feldmarşalın “haqlı dəlilərinə” baraət qazandırır.
Nataşa ilə söhbətində isə Hansın xarakterinin daha bir mənfi cəhəti – yalançı olması üzə çıxır:
Bəli, söz verməyə çox mahirik biz
-deməklə axmaqcasına ona inanan Nataşaya istehza edir.
Şahbazı yola gətirə bilməyəcəyini görüb zindana od vuran Hans, özü mühasirəyə düşəndə qorxudan əsir. Bu qorxaqlığın nəticəsidir ki, nə qədər cəhd etsə də özünü öldürməyə əli gəlmir.
Rütbəcə marşal olan Alberti ətrafındakılar həm də filosof kimi tanıyır. Lakin o, əsl filosofla – Şahbazla üz-üzə gələndə fikirlərinin özünəməxsus olmadığı aydınlaşır. Məlum olur ki, onun fəlsəfəsi faşizmin təməl daşlarından olan Nitşe fəlsəfəsinin təkrarıdır.
Əsərin mənfi qadın obrazlarından olan Amaliya günlərini ziyafətlərdə və əyləncələrdə keçirərək boş və mənasız hisslərlə yaşayan meşşan alman qadını, Nataşa isə mənəvi siması olmayan yüngül təbiətli rus qızıdır.
B.Nəbiyev əsərdə iştirak edən müsbət və mənfi surətlərin mahiyyətini belə izah edir: “Dramda iki dünyagörüşü: humanizm və antihumanizm qarşılaşdırılır. Faşizmin antihumanist mahiyyəti müharibənin insanlara gətirdiyi fəlakətlərdə ifadə olunduğu kimi, sovet adamlarının humanizmi də faşizimə qarşı mübarizədə, bəşəriyyətin taleyi haqqında qayğı və düşüncələrdə, insan kamalının qələbəsinə inamında öz əksini tapmışdır”.
S.Vurğunun “İnsan” dramı, əslində müharibə dövrü insanının faciəsinin göstəricisidir. Ən əsası isə “İnsan” bu günümüzlə səsləşən bir əsərdir, çünki ağlın qələbəsi məsələsi heç vaxt öz aktuallığını itirmir. Bu gün yenə hər şeyi zor gücünə həll etmək istəyənlər, başqasının torpağına göz dikənlər, xalqların azadlıq hərəkatını boğmağa cəhd etmək istəyənlər var. Vətənin müdafiəsi zamanı itirdiyi əzizinin xatirəsinə “Hicran nəğməsi” qoşanlar var…. Nəhayət, əsər müharibədən sonrakı insanların xoşbəxtliyi ilə tamamlansa da bu səadətin asanlıqla başa gəlmədiyi də məlumdur. Çünki bu səadətə nail olana qədər insanlar Böyük Vətən müharibəsinin qanlı-qadalı illərindən keçmişdi. Bunun nəticəsidir ki, böyük amallarla yaşayan Şahbazın cavan ömrünə yarıda son qoyulur. Yenicə ailə həyatı quran Səhər qalan ömrünü Şahbazsız yaşamalı olur. Əsir götürülən gözəl azərbaycanlı qızı Dildar faşistin köməyini qəbul etməkdənsə əsirlərlə birlikdə yanmağı üstün tutur. Valentinin qoca anası Mariya fon Holts tərəfindən qətlə yetirilir. İslam ömrünün sonuna qədər tək-tənha yaşamalı olur.