SEVGİ ZARAFATI
(novella)
O, qışqıra-qışqıra nəsə deyirdi. Mənsə bəlkə də zəhlətökən sualımla ondan əl çəkmək istəmirdim:
-Yalnız onu bilmək istəyirəm ki, kimi sevirsən?
Onun nə qışqırıb-bağırdığını eşitmirdim. Çünki söyüşlərini eşitməməkçün qulaqlarımı qapamışdım.
Əlbəttə, əl-qolunu oynadıb çığır-bağırını müvəqqəti hesab edirdim. Açığı, çox istəyirdim ki, onunla evlənim. Və istəyirdim ki, uşaqlarım ona oxşasınlar, amma həyasızlıqda yox. Mən riyaziyyat müəllimiyəm. Universiteti bitirdim, bun məktəbə işləməyə gəldim. Sonra o gəldi, gombul. Heç kim onu vecinə alıb gözünün ucuyla da baxmırdı. Çünki çox kök, acıdil, qeybətcil, həyasız idi. Bəzən müəllimlər otağında uzun-uzadı mənasız qeybətlərinə qulaq asar, guya yanıb-töküldüyündənmi, yoxsa başqa nədənmi, əllərini dizinə çırpmasına baxardım. Əslində, kimsənin ona fikir verib eşq elan etməməsinə sevinirdim. Lazımım olacaqdı. Əgər gombulu özümə həyat yoldaşı etsəm, istirahət günlərində gəzməyə çıxsaq, bir bəni-adəm, bir ins-cins yanımda ona baxmayacaq. Bəs, onun köklüyünə necə dözəcəyəm?
Uşaqlıqda nənəm divlərin incəbelli, püstədodaqlı nazəninləri necə yeməsini nağıl edərdi. Onda arzulayardım ki, incəbel qızla, badam yeyəndə udlağı görünən nazəninlə evlənəcəyəm. Bəs bu gonbul? Gecələr onunla bir yastığa necə baş qoyacağımı düşünəndə dəhşətə gəlirəm. Təsəvvür edirəm ki, gözlərim tavandadır, hərdən də onun pilləvari piy qatlarını sayıram. Öpüşəndə çənəsinin altındakı buxağının sifətimə necə dəydiyini düşünəndə ətim ürpəşir. Uşşş…. Yanaqlarının qırmızılığından bilinir ki, qara ciyərində yara yoxdur, sapsağlamdır. Yəqin dalağı, böyrəyi də piylidir… Bu axmaq fikirlər yenə girdi beynimə. Uşaqlıqda belə gic-gic danışıb mırıq dişlərimlə hırıldayar, “gic oğlu gic” deyən atamdan şapalaq alardım. Saçları gurdur, deməli, dözümlüdür, bərbərxanada kəsdirməyəndə qulac olur, hörükləyir. Bilirəm ki, varlı olmayacağam. Pulsuzluğuma dözüb oturacaq, “sənin kimi əri yerə quylayım” deyib atasının xarabasına qaçmayacaq. Gözləri işıldayır. Çətin olacaq onunla yaşamaq. Hər gün deyinəcək, qoyun əti almağımı tələb edəcək. Mənsə otağımın qapısını kilidləyib riyazi araşdırmalarla başımı qatacağam. Çətin də olsa, iki həftədən bir ərlik borcumu yerinə yetirəcəyəm. Ortabab pulum olsa işimizdəki Sima ilə gəzərəm, bəlkə hələ məşuqə kimi saxladım onu.
-Deyəcəksən, ya yox? Kimi sevirsən?
Daha cavabının əhəmiyyəti yox idi. 32 yaşı var. Özü yaxşı bilir ki, ərə getmək vədəsidir. Aşağısı 80 il yaşayacaq. Mənsə tez öləcəm. Ulu nəslimin tacir, baqqal, menşevik nümayəndələri 45-50 il yaşayıblar. Bilirəm ki, vaxtsız gəbərəcəm. Tez öləcəyimin günahkarı onlardır, güman ki, nəslimizin bünövrəsini qazanda hansısa biri səhv edib, bəlkə də haradasa günah işlədib ki, indi Allah qarşımıza çıxarır.
Siqaret çəkməkdən sifətim boğunuqdur. Yəqin ağ ciyərim Afrika zəncisi kimi kömürləşib. Hamısı tələbəlikdə oldu. Başımı qızlarla yox, çətin teoremlərlə məşğul etdim. İndi 37 yaşımda siqareti atsam, içməyi tərgitsəm, 3-4 ilə güclə təmizlənəcəm. Hərdən gözlərim torlu görür, qaranlıq olur, səhər yuxudan duranda balıq yağı içirəm. Fu… çətindir, amma neyləməli? Ailə qurmaq lazımdır. Əgər özümə fikir verməyib tez-tez xəstələnsəm, uşaqlarım da xəstə doğulacaq. Sonra əliqandallı məhbuslar kimi qarşılarında diz çöküb hesabat verəcəm. Hesablayıram ki, dünyamı dəyişəndə, ilk uşağımın 13 yaşı olacaq. Canları çıxar, anaları ilə əl-ələ verib evi dolandırarlar. Anaları dözümlü olacaq, gorumu söyəcək, amma el-oba qınağından çəkinib qəbrimin üstündə ağlayacaq, hələ bəlkə şam da yandırdı. Evlənəcəyim bu gombul ailə dolandırmağın çətin olduğunu görüb ərə getmək istəyəcək. Kimdir onu alan? Əgər indi belədirsə, o yaşda Allah göstərməsin. Soyuq qəbirdə sakit uzanacam, ruhum onlara baxıb inciməyəcək, od tutub odlanmayacam, gorum da çatlamayacaq. Gombul qadınlar ehtiraslarını tez itirirlər. Bəs, imperatriçə Yekaterina? O da cəhənnəm olsun, elə hamısı da. Gombulumun ehtirası ölməsə də, hansı axmaq kişiciyəz ona yaxınlaşar? İndi gözlərini bərəldir. Mənə ərə gələndən sonra göz bərəltməyi sənə göstərərəm, ifritə. O, pəncərədən küçədəki səkiylə irəli-geri addımlayıb avtobus gözləyən ucaboy oğlana baxır. Oğlan da ona baxır. Axı, oğlan nəyəsə, kiməsə baxıb vaxtı öldürməlidir. Deyəsən, axı vaxt bizi öldürür. Fəlsəfəni xoşlamıram. Mənim reallığım riyaziyyatdır. Ucaboy oğlan ona əl edir. Gonbul sevinir. Dəqiq bilirəm ki, oğlan xəyalında onu kafeyə aparır, ya da çoxluca öpüşmək üçün 32 mərtəbəli binanın liftinə dartışdırır. Gələcək arvadım onunla gəlinlik paltarında şəkil çəkdirir, qədəhlərini çanqa-çanq salıb bir-birinə toxundururlar. 32 yaşı var, hələ də romantika ilə yaşayır. Bəlkə mən olmasaydım, 50 yaşınacan səni kimsənin alacağı şübhə altındaydı. Oğlana baxır, gözləri gülür, birçəklərini nazla qulağının ardına sığayır, xəyalında oğlanın qoluna girib başını onun çiyninə söykəyir. Sonra da yağış altında qaçışırlar, islanırlar. Daha sonra eyvanların, yay kafelərindəki çətirlərin altına yüyürürlər. Saçları islanır. Ürkəkcəsinə bir-birlərinə baxırlar. Oğlan qızın saçının dibindən ucuna gəlib yumrulanan, parıldayan, bundan sonra yaddaşlarında, xatirələrində qalacaq, ölümqabağı yada düşəcək, səhərin şehinə, təzə tərinə bənzəyən həmin yağış damcılarını ovcuna süzüb şərbət kimi içəcək, sonra ehtiyatla qıza içirəcək.
Sonra… Sonra dodaqlarını onun dodaqlarında, islanan boyun- boğazında gəzdirəcək…
Avtobus gəlmir. Oğlan ona baxır, nağıllardakı 40 incəbellidən birinə bənzədir. Yazığım gəlir. Yox,
gombuluma yazığım gəlsə, gələcəkdə boynumda oturacaq. Evdə elə qayda-qanun qoyacam ki, pəncərəni açıb heç kimə baxa bilməsin. Kişiləri onun gözündən salacam. Beyninə yeridəcəm ki, kişilər qadınlara yalnız bir məqsədlə yanaşırlar. İnandırmaq üçün dostlarımı misal çəkəcəm. Hər şey düsturumla gedəcək, buna əminəm. Nahaq yerə riyaziyyatçı deyiləm ki. İşlər hesablanma və planlı şəkildə
olmalıdır. Onu döyməyəcəm. Amma toy gecəsində yağlı sifətinə elə sillə çəkəcəm ki, qulaqları cingildəyəcək, qorxacaq, dediyim hər sözü qanun maddəsi biləcək. Səhəri gün ehtiyatla soruşanda ki, “niyə belə etdin?”, deyərəm ki, halım özümdə deyildi, içmişdim. İnanacaq, amma qorxu canında qalacaq, yalnız dodağının altında it kimi mırıldanacaq. Qadınların 90 faizində olduğu kimi gombulum da 12-13 yaşında sevdiyi oğlanı yadına salıb “kaş ona ərə gedəydim” düşünəcək, iki uşaq dünyaya gələnəcən keçid dövründəki sevgisini mənlə müqayisə edəcək. Lakin yağlı sifətinə dəyəcək ikinci sillədən sonra sakitləşəcək, mətbəxdə kartofun çürüklərini təmizləyəcək. Çox uşaqcanlıyam. İlk uşağımı çox oynatmayacam. Bilsə ki, uşaqdan ötəri ürəyim gedir, bundan sui-istifadə edəcək, “uşağı götürüb gedəcəm bu xarabadan” deyib minnət qoyacaq. Yaxud “uşaq məktəbdə acır, pul ver bufetdən bir şey alıb yesin” qışqırıb pulun hamısını özünə götürəcək, uşaq da bəyirə-bəyirə qarnını tutacaq.
Gecələr yatanda pullarımı gizlədəcəm, yoxsa qaranlıqda cibimi qırxacaq, səhəri gün boğazına bıçaq
çəkilən qoyun kimi mələyə-mələyə qalacam. Əgər qızım olsa hər maaşda cehizi üçün qab-qacaq, mebel alaram. Ucaboy oğlan gonbuluma öpüş göndərir, gonbulumsa utandığından başını aşağı salır. Eh… yazıq
oğlan bilsəydi ki, bunun canında nələr var??? Avtobus gəlmir. Hava da soyuqdur. Adamlar titrəyir, dodaqlarının tərpənişindən bilirəm ki, yayın gəlməsini arzulayırlar, yayda da qışın gəlməsini gözləyirlər. Əslində, fəlsəfə mənlik deyil. Həyat riyazi düsturlar üzərində qurulur və gözəgörünməz inşaatçının
layihəsi əsasında sxemlənir. Əgər bu gombulla ilin 365 gününü düzgün bölüşdürə bilməsəm, onda ailə həyatında uduzacam. Riyazi hesablamalar aparmalıyam. Deməli, 182 gün küsəcəm, 183 gün barışacam ki, maraqlı olsun, bezməsin. Ərlərinə xəyanət etmiş arvadların öldürülməsi haqqındakı kitabları göz qabağında qoyacam ki, ayağı sürüşməsin. Qaldı uşaq məsələsinə, üç uşaq bəsimdir, biri ölsə, ikisi qalacaq. Çalışacam dekabr ayında “ərlik borcumu” artıqlaması ilə yerinə yetirim ki, uşaqların hamısı oğlan olsun. Qalan aylar isə evə gecə gələcəm. Pozğun Sima ilə kef edərik, gombulumun sağlığına da
vurarıq. Ah, pozğun Sima. Sən məşuqəm olacaqsan, gonbulsa arvadım.
Avtobus gəlmir, gonbulum iri gözlərini süzdürür ki, ucaboy oğlan ona vurulsun. Yenə də xəyalında oğlanla
yağışın altında, dənizin qumluğunda qaçışırlar. Qumluqda nazik budaqla MƏHƏBBƏT + SEVGİ yazırlar. Dəniz dalğalanır, bilinmir biri arıq, digəri gombul olan bu sevgililərə baxıb gülür, yoxsa ağlayır. Dalğalar qoynundan qanadlı, qızılı saçlı ağ atlar çıxır, sevgililər isə bir-birlərinə baxıb xəfifcə gülümsəyirlər, qanadlı atların tərkində otururlar, çapdıqca çapırlar. Narın qumluqlarda at nallarının izi qalır, dalğalar isə izləri rəngbərəng balıqqulaqlarına qarışdırıb onların qızaran yanaqlarına sıçradır. Gonbulumun ağırlığından atın beli sınır. Ucaboy oğlan onu qucağına götürüb öz atının tərkinə əyləşdirir, çapdıqca çapırlar. Beli sınan at dalğalar qoynunda çabalayır, əzab çəkir, biləndə ki, məhəbbət yolunda can verir, ölümqabağı rahatlanır, dəniz onu qoynuna çəkərək gizlədir. Sevgililər isə çapdıqca çapırlar. Qız qəlbində and içir ki, çiyinlərinə sığındığı oğlana ömürlük vəfalı olacaq, qarlı qış gecələrində başını əzələli sinəsinə qoyacaq, qoynunda
bir istilik, bir yaxınlıq tapacaq, şirin və dadlı yuxuya gedəcək, tezliklə üçüncü insan övladının dünyaya
gəlməsini arzulayacaq. Avtobus gözləyən ucaboy oğlanınsa gonbulumun xəyallarından, arzularından xəbəri yox idi. O, gombula baxır və 32 mərtəbəli binanın liftini arzulayırdı. Bir-birilə əlaqəsi olmayan iki ziddiyyətli arzular. Əslində, fəlsəfə mənlik deyil, riyaziyyat reallığımdır. Gələcəkdə uşaqlara dayə tutmayacam. İndidən dili adamı yeyir, uşaqlarını saxlaya bilməyəcək? Mən ölənəcən o işləməyəcək. Xarabada qaxılıb uşaqları özü kimi sağlam böyütsə, bəsimdir.
Avtobus gəldi. Soyuqdan üşüyən ucaboy oğlan özünü avtobusa təpib nərmənazik qızın yanında oturdu və ondan nəsə soruşub gülümsədi, heç gombuluma baxmadı. Öl, canın çıxsın, sənə bu da azdır, yan-tökül. Buna bax, bayaqdan qumluqda at çapırdı. Ay yazıq, sənə qalan mən olacam e. Bunu bərkdən deyə bilməzdim, çünki hələlik ondan qorxurdum.
-Nə kəsdirib durmusan yanımda? – gombul qanrılıb məni gördü, gözlərini bərəltdi.
-Bilmək istəyirəm ki, gələcək ərin səni işləməyə qoymasa, körpələri oynatmasa, ərlik borcunu iki həftədən bir yerinə yetirsə, məşuqə saxlayıb pullarını gizlətsə, nə edərsən?
-Bilirsən neylərəm? Gecə yatanda başını kəsib qanını
içərəm.
Təsəvvür edirəm ki, gecə yatanda ona “gecən xeyrə qalsın” deyirəm, o isə qoynuma girib xumarlana-xumarlana soruşur ki, “əzizim, birdən qəflətən öldün, axı pullarının yerini bilmirik, nə edəcəyik?” Dinmirəm. O, dodaqlarımdan öpür, deyir ki, “səni bu qədər sevirəm, sənsə pullarının yerini gizlədirsən, yaxınlıq verməyəcəm”. Mən də çoxdan gizlətdiyim pullarımın yerini on dəqiqəlik ehtirasa qurban verirəm. O isə bic-bic gülümsəyir. Səhəri gün mənzili beş dəqiqəlik ehtirasa qurban verib onun adına keçirirəm. O isə yenə də bic-bic gülümsəyir. Birisi gün isə biləndə ki, daha heç nəyim qalmayıb, yaxınlıq vermir. Daha
bic-bic gülümsə-mir. “Gecən xeyrə qalsın” deyirəm”, o isə deyir ki, “baş-beynimi aparma”.
Yuxuya gedirəm… Görürəm ki, baba olmuşam, nəvələrimi yan-yörəmə yığıb şəkil çəkdirirəm… Uşaqlar
sevinirlər. Birdən dəhşətli ağrı hiss edirəm. Başım gərdənimdən ayrılır, diyirlənib döşəməyə düşür, ruhum isə gombulun “vay, ərimi öldürüblər” naləsini eşidir. Gonbul əlini dizinə çırpır, üzünü cırmaqlayır, saçını çəngə-çəngə yolur… arvadlar deyir ki, “can ay gəlin, dul qaldın”.
Həəə… Belə ölüm dəhşətlidir.
…Yuxudan ayıldım. Sima yanımda yox idi. Yəqin işə gedib. Təbii ki, səhər yeməyi hazırlamayıb. Uşaqlar gözə dəymir. Yadıma düşdü, bağçadadırlar. Şalvarımın cibində pul yoxdur. Hələ axşam tapşırmışdım ki, cibimə pul qoysun. Dünənki çaxırdan sonra başım partlayır, gic kimi otaqları vurnuxuram. Telefon zəng çalır.
-Alo, sənsən? Necəsən? Ay əclaf, səni səsindən tanıdım. Yadına gəlir, beş il əvvəl pəncərənin ağzında
soruşdun ki, “sevdiyin varmı?” Yadına gəlir? Yağış yağırdı e, həmin günü deyirəm. Nömrəni güclə tapdım. Həmin söhbətin səhəri günü ərizə yazıb işdən çıxmışdın, sonra tapammadım səni. Hər şeyi sonra başa düşdüm. Başa düşdüm ki, mənimlə evlənmək istəyirsən, məni sevirsən, məndən ötəri ölürsən. Yadına gəlir, demişdim ki, ərimə nifrət eləsəm başını kəsərəm. Bilirəm, cavabımdan incidin. Alo, alo… eşidirsən, zarafat edirdim. Allah eləməsin, heç mən pis qıza oxşayıram? Buna sevgi zarafatı deyirlər. Sən yenə də
mənimlə evlənmək istəyirsən? Eşidirsən, alo, alo?..
…Dud-dud-dud…
Sima gələnəcən zibilləri atmalıyam. Hələ axşama xörək hazırlamaq lazımdır, yoxsa gələn kimi hirslənəcək.
Gərək gözünə yaxşı görünüm ki, dünənki kimi içməyə çaxır alsın. Barmağıma nişan vurum ki, telefon nömrəsini dəyişdirmək üçün ATS-in rəisinə ərizə yazmaq yadımdan çıxmasın. Yoxsa Sima beş il əvvəl ürəyimdən nə keçdiyini bilib, başıma oyun açar.
…Çöldə yenə də yağış yağır. Amma bu yağış beş il əvvəlki yağış qədər maraqlı deyil.
Bakı, 1996