SINMAYAN QADIN…
(novella)
Xəstəxananın dəhlizində yerli adamlara bənzəməyən psixoloq otağının qapısını açıb içəri girdi. Eynəyini çıxarıb sildi. Nəmli salfetlə masasının üstünə əl gəzdirəndən sonra daxili telefonla qeydiyyat masasında əyləşən qızdan qəbula gələn pasiyentlərin olub-olmadığını soruşdu. Qeydiyyatçı qız pasiyentlərin mobil və ev nömrələrini ona verməklə işini bitmiş hesab edib “sağ ol” gözlədi. Psixoloq “sağ ol”u gecikdirmədi. Onsuz da qeydiyyatçı qıza təşəkkür edib-etməsə də şəhərdə tanınan psixoloqlardan idi. Həm də tez-tez televiziya verilişlərində müxtəlif mövzularla bağlı çıxışlarına görə adamların rəğbətini qazanmışdı.
Qapı açıldı. Vaxtilə auditoriyada mühazirələrə birlikdə qulaq asdığı, tələbə yataqxanasında qaldığı, 45-46 yaşlarında ucaboy kişi – baş həkimin müavini içəri girdi:
– Sabahın xeyir, qədeş.
– Sabahın xeyir.
– Bu günə pasiyentlərin var?
– Deyəsən, var.
– Sifətini niyə turşutmusan? Gecəni pis yatmısan?
– Heç yatmışam ki?! Gecə bir qızı intihardan çəkindirmək üçün telefonda saatlarla mühazirə oxumuşam.
– Noldu…özünü öldürdü?
– Öldürmədi. Gördüm dediyindən əl çəkmir, bir üsuldan istifadə etdim. Dedim ki, ölməzdən əvvəl günəş şəkli çək. Günəşin 12 şəfəqi olsun.
– Günəşin 12 şəfəqi olur ki?
– Elə o qız da bu sualı verdi ki, “məgər günəşin 12 şəfəqi olur”. Mən də qayıtdım ki, “günəşin 12 şəfəqi olur… sən o şəfəqləri çəksən, rahat öləcəksən”.
– Aha, maraqlıdır. Bəs, qız nə dedi?
– Qız da dedi ki, “həkim, interneti ələk-vələk edib sizə sübut edəcəyəm ki, günəşin 12 şəfəqi olmur”. Beləcə, o qızın başı günəşin şəfəqlərini axtarmağa qarışdı. Bir saatdan sonra zəng etdi ki, “e-mail ünvanınızı verin, sizə günəşin 12 şəfəqinin olmamasının sübutu üçün link göndərəcəm”. Göndərdi.
– Aha, aha…
– Mən də linkə baxdım və ona yazdım ki, “doğrudan da günəşin 12 şəfəqi olmurmuş. Bunu indiyə qədər bilmədiyimə görə xəcalət çəkirəm. Siz məni sıxıntı burulğanına saldınız. İlahi, gözümü açdınız. Görüm uzun ömür sürəsiniz. Necə də xeyirxah iş gördünüz”. Belə tərifdən sonra qız da yazdı ki, “nə vaxt çətinliyiniz olsa, mənə müraciət edə bilərsiz”. Təşəkkür etdim.
– Dahisən. Belə üsulla bir gicbəsəri intihardan çəkindirməyi yalnız sən bacararsan.
– Türklər demiş, çox abartma. Pasiyentimə də gicbəsər demə, qadağan edirəm. Bu, psixologiyada sadə üsuldur. Mənimlə işin vardı? Otağıma elə-belə gəlməzsən.
Baş həkimin müavini qapını içəridən bağladı, yeriyib pəncərəni də örtdü. Deyəsən, məxfi söhbəti vardı:
– Sənə bir işim düşüb. Bilirsən ki, burda işə düzəlməyində böyük rolum olub. Qardaş canı, minnət-zad vurmuram, nə də kişi elədiyini deməz.
– Artıq dedin.
– Yaxşı da… İkincisi, qeydiyyat masasında əyləşən qıza birinci gündən tapşırmışam ki, pasiyentləri o biri psixoloqa yox, sənə yönəltsin. Maşallah, qazancın da pis deyil. Heç vaxt səndən pasiyentlərin ödədiyi pulun fazini də istəməmişəm, ancaq istəyə bilərdim. Halbuki, indi bazar iqtisadıyyatıdır və klinika özü-özünü dolandırmalıdır. Bax, bu neçə ildən sonra sənə vacib işim düşüb. Bizim doğum şöbəsindəki Baş tibb bacısını tanıyırsan?
– O, əvvəl kiçik tibb bacısı idi axı?
– Ay sağ ol. Onu mən Baş tibb bacısı etdirmişəm, üstəlik hər xəstəyə görə faizi də maaşının üstünə gəlir. Ümumiyyətlə, o qadını mən bura işə düzəltmişəm. O biri klinikalar işə götürmürdü, bizə gəlib müraciət edəndən sonra kömək etdim. İşsiz qalmışdı, əri ilə boşanmışdı. Bir uşaqla dolanması çətin idi. Cibimdən nə qədər pul verib evinə bazarlıqlar etmişəm, oğluna məktəb çantasına qədər almışam, hər Qadınlar bayramında gülünü, qızıl sırğasını, üzüyünü qulaqlarına, barmağına taxmışam. Hələ üstəlik məvacibini artırmaq üçün Baş həkimə dil tökmüşəm. O da sağ olsun, xahişlərimi yerə salmayıb. Axırda da Baş tibb bacısı təyin etdirdim.
– Sən Allah qarşısında savab iş görmüsən ki.
– Nə savab? Mən bütün bunları ona görə etmişəm ki, onunla yatım.
– Sən də qoyunun dərisini soyub quyruğunda murdarlama da.
– Anlamadım. İndi bu qədər xərc çəkmişəm, deməli hamısı havaya uçsun?
– Özü bu barədə nəsə bilir?
– Eyham vurmuşam, özünü bilməməzliyə qoyur. Sonra uşaq variantına keçib dedim ki, “səni sevirəm”. Düşündüm təmiz sevgiynən aldadaram. Yenə alınmadı.
– Bəs, burda mənim öhdəmə düşən işin mahiyyəti nədən ibarətdir?
– Sən seanslar keçirib onu yola gətirməlisən.
– Yaxşı görək, – psixoloqun qanı qaraldı, – sütenyor-zadam?
– Sən canın, etiraz eləmə. Eləcə de ki, bir qadın bir kişinindir.
– Bura bax dostum, sən Allah, məni belə murdar işə bulaşdırma.
– Anlamadım. Deməli, mən murdaram?
– Sən murdar deyilsən. İşin özü murdardır.
– Yalvarıram. Bilirsən, ona nə qədər xərc çəkmişəm. Ailəmə qıydığımı ona xərcləmişəm. İndi hamısı batıb getsin? İndi kim kimin kitabını oxuyub kömək edir, işə düzəldir, cibinə pul qoyur ki?! Allah haqqı, pulum göyə uçsa, ürəyim partlayar. Sən canın, razılaş.
Psixoloq əlini çənəsinə dayadı. İki-üç dəqiqə susdu. Gülümsədi:
– Razıyam. Amma 5 seansdan artıq olmaz.
– 5 seansa əhliləşdirə biləcəksən ki?
– Məncə, alınacaq. Sadəcə bilmirəm ki, onu 5 gün ərzində 5 seansa necə çağırım? Hansı əsasla?
– Nəsə bir bəhanə tap da. Bax, ölənlərimizin goru haqqı, onu razı salsan, bir qızıl saat alıb qoluna taxacağam. And içirəm.
– Oldu. Razılaşdıq. Onu elə əhliləşdirim ki, ilan kimi sürünüb yatağına girsin.
– Ay sağ ol. Kişi adamsan!
I seans
– Keçin əyləşin.
Qadın kresloda psixoloqla üzbəüz əyləşdi:
– Niyə çağırmısız?
– Beş gün ərzində sizinlə seans keçməliyəm. Ümumiyyətlə, bütün əməkdaşlarla. Klinikanın tibbi heyətini narahat edən problemlər, yaxud sarsıntılar iş prosesinə təsirsiz ötüşsün. Axı, biz canlı insanların sağlamlığı ilə məşğuluq. Adi narahatlıq onların ölümü ilə nəticələnər. Son vaxtlar sizi də narahat görürəm.
– Evdə oğlumun dərsləri ilə məşğul oluram. Müəlliməsi hazırlığından nəsə narazıdır. Həm də “kompleks hissi var” deyir.
– Gəlin, ürəyinizi açmaq üçün sizə lətifə danışım.
– Lətifə? Lətifələrdən xoşum gəlir.
– Birinci sinfə gedən uşaq müəlliməsinə deyir ki, onu birbaşa 3-cü sinfə keçirsin, çünki o uşaqların hamısından çox bilir. Müəlliməsi onu məktəbin direktorunun yanına aparır və uşağın fikrini deyir. Direktor da qayıdır ki, “indi yoxlayarıq”.
– A bala, de görüm 6 vur 6 neçə edər?
– 36.
– Yaxşı, bəs 9 vur 9 necə edər?
– 81.
Direktor da razılaşır ki, “onu birbaşa 3-cü sinfə keçirək”. Müəllimə təklif edir ki, bir neçə sual da o versin:
– A bala, o nədir ki, inəkdə 4 dənədir, məndə iki dənə?
– Ayaqlar.
– Yaxşı, bəs o nədir ki, sənin tumanında var, məndə isə yoxdur?
– Cib, – deyə uşaq cavab verir.
Bu söhbətdən gözləri böyüyən direktor deyir:
– Gəlin, bu uşağı birbaşa 5-ci sinfə keçirək. Çünki sizin axırıncı 2 sualınız məni də çaşdırmışdı.
Bu lətifədən sonra qadının şaqraq gülüşü otağa yayıldı. O, otaqdan çıxan kimi Baş həkimin müavini hövlnak içəri girdi:
– Hə, nə oldu?
– Çox yorulmuşam. Birinci seans çox ağır keçdi. Mən ona Adəmin torpaqdan yaranmasından, tək qaldığını görən Tanrının ona Həvvanı göndərməsindən danışdım.
– Bəs, demədin ki, mənimlə yatsın?
– Bunu birbaşa demək olmaz. Digər seanslarda buna yaxınlaşacağam. Yüzə dözən yüz birə də dözər. Səbr elə dostum, hamısı mənlikdir.
II seans
Baş tibb bacısının əvvəlki iki lətifədən gözləri yaşar-mışdı.
– Birini də danışım?
– Yox e, ölürəm gülməkdən, danışmayın nə olar.
– Yox, sonuncunu da danışım.
– Yaxşı.
– Bir kişinin evi yanır. Kişini xəstəxanaya aparırlar. Həkim kişinin əlini qaldırır. Kişi qışqırır ki, “ağrıyır”. Həkim onun ayağını qaldırır. Kişi ufuldayır ki, “ağrıyır”. Həkim soruşur:
– Siz yanmısız, ya sınmısız?
– Mən yananda lomla söndürdülər.
Baş tibb bacısının sonuncu lətifədən sonrakı gülüşü bu dəfə dəhliz boyu eşidildi:
– Allah sizi güldürsün. Bu sonuncu lap….ha, ha, ha… belə lap… ha, ha, ha… bağışlayın, özümü saxlaya bilmirəm.
O, öz şöbəsinə getdi. Baş həkimin müavini beş dəqiqədən sonra özünü içəri təpdi:
– Hə, nə oldu? Razılaşdı?
– Bu gün dünənkindən daha ağır keçdi. Çox yorulmuşam. Başım çiynimdə durmur. Bilsəydim, seanslar belə ağır keçəcək, heç razılaşmazdım. Sadəcə, mənə etdiyin yaxşılıqlara görə sənə borcluyam. O, necə də çətin qadındır, sındırmaq olmur.
– Çox sağ ol e. Kişi adamsan. Bu gün nədən danışdınız?
– Bu gün tarix boyu kişi-qadın münasibətlərinin formalaşmasından söhbət açdım. Çox dərinliklərə getdim. Aristoteldən tutmuş Freydə qədər, hətta müasir seksopatoloqların əsərlərinə qədər danışdım, lazımi sitatlar gətirdim, təcrübələrindən, müşahidələrindən danışdım. Ona izah etdim ki, bir kişinin bir qadına istəyi onun təbiətindən irəli gəlir. Və istənilən təklifdən qorxmaq, üşənmək, sarsılmaq, onu “əclaf” adlandırmaq olmaz. Çünki yaradan belə yaradıb. O da gülümsədi.
– Gülümsədi? Səncə, bu nəyin əlamətidir?
– O, belə gülümsəməklə sənin onun yatağına sürünməyinə doğru bir addım atdı.
– Qardaşım, gəl üzündən öpüm, – Baş həkimin müavini əyilib onun üzünü marçıldatdı. Sonra yenə də “kişi adamsan” deyib otaqdan çıxdı.
III seans
– Həə, bu gün seansımızın üçüncü günüdür. İndi bir lətifə danışacağam ki, gülməkdən özünüzdən gedəcəksiz. Deməli, belə. Ruhi dispanserə komissiya gəlir. Komissiyanın rəhbəri tapşırıq verir ki, iki pasiyentin sağlamlığını yoxlamaq istəyir. Onun otağına iki pasiyent gətirirlər. Komissiyanın rəhbəri birinə deyir:
– A kişi, get gör evdəyəmsə, məni çağır.
Biri tez qaçır ki, onu çağırsın. Digər pasiyent başlayır gülməyə. Komissiyanın rəhbəri düşünür ki, “yəqin ağıllanıb”.
– Sən nəyə gülürsən?
– Onun gicliyinə gülürəm.
– Niyə?
– Özünüzü çağırmaq üçün onu evə niyə göndərdiz? Elə telefonla zəng edib öyrənin ki, evdəsiz, ya yox da.
Baş tibb bacısı ürəkdən uğundu. Səsi bir anlıq itdi. Psixoloq onu sakitləşdirmək istəsə də, alınmırdı. O, əlini yelləyir, dabanlarını yerə döyür, şaqraq gülüşünün içində itib-batırdı.
Qadının getməsindən yarım saat sonra Baş həkimin müavini onun mobil nömrəsinə zəng etdi:
– İndi saat mağazasındayam. Qızıl saatlara baxıram. Sənə elə İsveçrə saatı seçmişəm ki, iki göz istəyir baxsın. Hə, bugünkü seans neçə keçdi?
– Sən Allah, elə yorulmuşam ki, axşam zəng edərsən danışarıq. Qadın çox yorur məni. Necə də əyilməzdir, onu sındırmaq üçün ekskavator lazımdır.
– Bir-iki kəlmə de də. Axşamacan ürəyim partlayar. Sən canın, seans neçə keçdi?
– Bu gün mən ona qadınların kişilər qarşısındakı öhdəliklərindən danışdım. Hər bir qadının bu öhdəliklərə əməl etməyə borclu olduğunu xatırladım. Başa saldım ki, qadınlar kişilərin təkliflərini yerinə yetirməlidir. Yerinə yetirməsələr, vaxt keçdikcə hər iki tərəfdə psixoloji diskomfort yaranar. “Namus”, “qeyrət” nisbi anlayışlardır. Həmin anlayışlar indi Avropa insanının leksikonundan çıxmaqdadır. Əgər biz Avropaya inteqrasiya ediriksə, bu anlayışları xalqımızın qan yaddaşından silməliyik. Yoxsa, inteqrasiya ləngiyər, axsayar, sonda yenə qara şərqliliyimizdə qalarıq.
– Aha, aha… razılaşdı?
– Əlbəttə, razılaşdı. O qadın unudur ki, paytaxtın ən yaxşı psixoloqunun qarşısında əyləşir. Əminəm ki, iki gündən sonra o, sənə sevgi dolu sms yazacaq: “Odlu-alovlu igidim, gəl elə bu gecə sevişək”.
– Görəsən, bu arzuma çata biləcəm?
– Əlbəttə, çatacaqsan. Onu sənə elə qovuşduracam ki… Mənə ən yaxşı qızıl saatı seç a. Axı, mən elə-belə oğlan deyiləm. Sabah qızıl saatı gözləyirəm.
– Seans qurtarmamış?
– Onsuz da o qadını sındıracağam. Hədiyyəni gecikdirməyin nə mənası var?
– Oldu. Sən əsl kişisən. Kişilərin kişisi!
IV seans
– Dayı, avtovağzal hardadır?
– Bala, 100 metr irəlidə, 200 metr sağdakı 9 mərtəbəli bina ilə üzbəüz 5 mərtəbəli binanın 7-ci blokundakı 24 nömrəli mənzilin mətbəxindəki çörək qabının içindəki çörəyə and içirəm ki, bilmirəm.
Ha, ha, ha. Hər ikisinin gülməkdən az qalırdı ürəyi getsin.
– Birini də danışım?
– Yox-yox, day ürəyim dözməz.
– Bu gün rekord vurdum, 12 lətifə danışdım. Sabahkı sonuncu seansa lap gülməlilərini saxlamışam.
Baş həkimin müavini dəhlizdəki sütunun arxasında gizlənmişdi ki, qadın çıxanda onu görməsin. Baş tibb bacısı doğum şöbəsinin qapısını açıb içəri girənə qədər sütunun arxasından oğrun-oğrun baxdı. Qapı tam örtüləndən sonra sürətlə psixoloqun otağına girdi:
– Sol biləyini qabağa uzat görüm. Gör, sənə necə saat almışam e. Qızılının sarılığına bax. Elə bil, nənəmin inəyinin nehrə yağıdır. Gəl, taxım qoluna. Köynəyin qolunu bir az yuxarı edək, bax belə, indi kəmərini sıxaq. Nə gözəl yaraşır. Mübarəkdir. Sağlıqla işlədəsən. Hə, indi danış görüm bugünkü seans neçə keçdi?
– Bu gün Freydin “Qadınlar nə istəyir” sualına cavab axtardıq. Ona qadınların nə istəməsi barədə anket doldurtdurdum. O, arzulayır ki, ailəsi olsun, sevimli əri hər gün evə gələndə üzündən öpsün, kefini soruşsun, axşam yatanda yuxuya dalmazdan əvvəl qulağına şirin kəlmələr pıçıldasın, səhər duranda görsün ki, həyat yoldaşı artıq çay dəmləyib. Anketin “Başqa istəklər” bölməsində isə nəhayət sənin arzunu yazdı.
– Aha, nə yazdı?
– Yazdı ki, mən bir gizli eşq istəyirəm. İşdə məhəbbət macəram olsa, etiraz etmərəm.
– Aha, aha…
– Və bir də yazdı ki, daha ona etiraz etməyəcəm. Məncə, o, səni nəzərdə tutur.
– Ay Allah, qurban olaram sənə. Sevindirdin məni. Deməli, sabah ulduzum doğacaq. Deməli, sabah gecə əsl eşq macərası yaşayacam.
– Əlbəttə. Sən sabah xoşbəxt olacaqsan. Və həmişə o qadını yadda saxlayacaqsan.
V seans
– Bir əsgər hərbi xidmətdən sevgilisinə o qədər məktub yollayır ki, axırda qız poçtalyona ərə gedir.
Hər ikisi möhkəm gülüşdülər. Qadın dedi:
– Bu gün sonuncu seansdır. Amma sizin lətifələrdən ayrıla bilmirəm.
– Günlərin bir günündə ruhi dispanserdən iki pasiyenti buraxırlar ki, gedib göldə çimsinlər. Çiməndən sonra onlardan biri ölür. Soruşurlar:
– O niyə öldü?
– Gölə üzməyə girdi. Çox islanmışdı. Onu asdım ki, qurusun.
– Ha, ha, ha.
Qapının ağzına toplaşan pasiyentlər də onların gülüşünə gülüşdülər.
– Hə, vəssalam. Bu gün sonuncu seansı da başa vurduq. Özünüzü necə hiss edirsiz?
– Tam həyat eşqi ilə doluyam.
– Ancaq seanslardakı bu lətifələr barədə heç kimə bir kəlmə deməyin haa. Çünki mən hər pasiyentə individual yanaşıram.
– Arxayın olun.
Baş həkimin müavini bu dəfə onu kabinetinə çağırdı. Otaqda güldanlara rəngbərəng qızılgüllər, şamdanlara qırmızı şamlar qoyulmuşdu, döşəməyə çobanyastığı ləçəkləri səpilmişdi.
– Necədir? Romantika?! Bir dizayner dostumu gətirdib otağı bəzətdirdim. Bilirsən, istəmirəm hər şeyi gecəyə saxlayım, ürəyim partlayır eşqlə. Elə indicə onu otağa çağırıb qapını arxadan bağlayacam. Və biz burda… Mənə elə xoş xəbər ver ki, bu işi gecəyə saxlamayım da, nə olar.
– Yox, gecəyə saxlamağa ehtiyac yoxdur. Elə indi işdən çıxmaq barədə ərizəni yazsan, yaxşı olar.
Baş həkimin müavini kreslosundan qalxıb psixoloqla üzbəüz dayandı:
– Anlamadım.
– Anlamamalı heç nə yoxdur. Sən ona neçə dəfə bu barədə eyham vurmusan?
– İki dəfə.
– Sən demə o, sənin bütün danışıqlarını diktafona yazıbmış. Evində də olmusan?
– …
– Niyə susursan? Evində də olmusan?
– Hə… bir dəfə. Evinə bazarlıq etmişdim, uşağına da çanta, dəftər-kitab almışdım.
– Sən gör hansı qadını tələyə salmaq istəmisən?! O, sənin gəlişlərini kameraya çəkib. Orda bir kadrda sən ona nəsə pıçıldayırsan. Hamısını mənə göstərdi.
– Vallah, ona pıçıldamadım e, astadan dedim ki, “yaxşı uşaqdır, Allah saxlasın”.
– Belə dediyini kimə sübut edəcəksən? Otaqda səninlə yatmağı təklif edəndə üstümə tullandı, əlindən güclə qurtardım.
– Neylədi ki?
– Neyləmədi ki?! Stolun üstündə nə vardısa başıma çırpdı. İfritə, həyatda elə sakit görünür ki… sən demə ilan imiş. Otaqdan çıxanda dedi ki, “əgər ərimdən boşanmışam-sa, bu o deməkdir ki, mənə pozğun kimi baxmaq lazımdır? O əxlaqsız, camaatın anasına-bacısına pozğun gözü ilə baxan o əclaf, o şərəfsiz elə indicə ərizə yazıb burdan rədd olmasa, səs yazılarını, kamera çəkilişlərini birbaşa polisə aparacam. Görüm onda ailəsinin üzünə necə çıxacaq. Ona elə od qoyacam ki, başqa yekəbaşlara dərs olsun”.
Baş həkimin müavininin boğazı elə qurudu ki, qrafindən su içmək üçün addımlamadı, sanki tullandı. Yarım stəkan içib yenidən kreslosuna əyləşib siyirmədən ağ vərəq çıxarıb yazdı: “Xahiş edirəm məni xəstəliyimlə əlaqədar işdən azad edəsiniz” və Baş həkimə imzalatmaq üçün otaqdan çıxmaq istəyəndə psixoloq soruşdu:
– Qızıl saatı qaytarım?
– Heç hənanın yeridir?! Gəl, vidalaşaq!
(2003-cü il).