.....

.....

Sonuncu məktub – Rəqsanə Tapdıqlının hekayəsi

Sonuncu məktub – Rəqsanə Tapdıqlının hekayəsi

Sonuncu məktub
(İsmayıllı rayon şəhidi Daşdəmirov Xəyyama həsr olunmuş hekayə)

İsmayıllı rayonunun Bali kəndində Xəyyam adlı bir oğlan yaşayırdı. Daşdəmirovğ Xəyyam Məhəmməd oğlu. O, çox sadə və mehriban idi. Məktəbdə hər kəs ondan çox razı idi. Ailənin ilk övladı idi.Qardaşı ondan balaca idi.
Atası Məhəmməd müəllim, anası Vüsalə xanım həmişə tərbiyyəsinə və gözəl davranışlarına görə onunla fəxr edirdilər. İllər bir-birini yola salır, zaman o zaman olur ki, Xəyyam orta məktəbi bitirir.
Hər kəsin həyata keçməsini istədiyi arzuları olduğu kimi Xəytamın da özünə məxsus arzuları car idi. Amma, bu arzuların içərisində bir arzusu var idi. Avtomobil idarə etmək. Bəlkə də kimlər üçünsə adi görünə bilər və yaxud kimlərinsə də belə bir arzusu ola bilər. Amma Xəyyam üçün bu böyük bir həvəs idi. Məktəbi bitirdikdən sonra avtoşkolaya müraciət edir və avtomobil idarə etməyi öyrənir, eyni zamanda sürücülük vəsiqəsini də alır.
Hərbi xidmətə gedib qayıtdıqdan həmən sonra isə özünə avtomobil alacağını deyir. Zaman gəlib çatır, Xəyyam da digər yoldaşları kimi əsgər gedir. Vətəninin xidmətində olmağı, torpağının keşiyində dayanmağı ən üstün peşə olduğunu bildirir. Vətənpərvər ruhda böyüdüyü üçün, canında, qanında vətənsevərliyi onu hərbi xidmətə getməyə tələsdirirdi. Hətta dəfələrlə Voenkamata müraciət edib maraqlanırdı. Sanki həyat onu tələsdiridi.
Əsgərlikdən söz düşəndə anası Vüsalə xanım deyərdi ki, Xəyyam, kaş Bakıda qulluq edəsən.
Xəyyam isə belə deyərdi;
—Bakıda yox, mən döyüş bölgələrində xidmət etmək istəyirəm. Xəyyam dediyi kimi də döyüş bölgəsinə hərbi xidmətə yollanır. Hərbiçi yoldaşları, komandiri ondan çox razı qalırlar. Həmişə nizam-intizamla və məsuliyyətlə tapşırıqları yerinə yetirir.
Daşdəmirov Xəyyam, əsgərlərinə qarşı çox mərhəmətli və qayğıkeş General-Mayor Polad Həşimovun əsgəri olur.
Cəmi üç ay idi ki, hərbi xidmətdə idi. 2020-ci ilin iyul ayında Tovuzda atışmalar başlandı. Mənfur düşmən yenə öz qanunsuzluğundan əl çəkmədi. Xəyyam gənc əsgər olduğuna baxmayaraq çox qorxmaz və cəsur idi. Düşmən tuzağı onun gözünü qorxutmadı. Bir neçə gün əvvəl telefon zəngi ilə atasıgillə danışır, sonra nənəsi ilə danışır. Üç aydır nəvəsini görməyın nənə darıxdığı üçün Xəyyamdan bir şəkil göndərməsini istəyir. Xəyyam isə belə deyir.
—”Dayımın nömrəsini burda bir dostuma vermişəm, o sizə şəkil göndərəcək.Məndən nigaran qalmayın! Mən yaxşıyam. Şəkili isə dediyim kimi, göndərəcəklər”
Ön xəttə döyüşlər gərginləşir. Xəyyam ağır yaralanır. Ağır vəziyyətdə sadəcə cibində olan qələm kağıza ancaq bu sözləri yazaraq anasına bəzi ürək sözlərini çatdırmaq istəyir.
“Ana! Yıxılma ha. Dik dayan. Nəfəsim birazdan dayanacaq. Bölük yoldaşlarım məni evə gətirəcəklər. Elə ki çatdım, məni bərk qucaqla. Bu son görüşümüzdür. Ana, elə bərk qucaqla ki, dadı qalsın. İyimi burnuna çək, ana!
Sən şəhid anasısan, dik dayan, qəddini əymə! Ataya da salam de, şəhid salamı. O başa düşər.
Qardaşım evlənəndə oğluna mənim adımı qoyarsız.
Mənim Günəşim söndü, Ana! Bir-birinizi qoruyun.
Ana, məni bağışla, daha güçüm qalmadı.
Mən şəhid oldum…”
İyulun 12-dən 13-nə keçən gecə Xəyyam şəhid olur.
Arzuları da onunla birgə.
Ondan geriyə sadəcə nakam arzuları və sonuncu məktubu qalır.
Nənəyə isə iki gün sonra Xəyyamın şəkilləri deyil, Bayrağa bükülü nəşi gəlir. Bu bir nənə üçün taleyin ən ağır oyunu, ən çətin həyat dramı demək idi.
Ruhun şad olsun, ölməz qəhrəmanımız, ölməz şəhidimiz, Xəyyam!
Vətən səninlə və sənin kimi igidlərlə öyünür, Azərbaycan xalqı sizin kimi qəhrəmanları ilə fəxr edir!

Rəqsanə Tapdıqlı.
AYB- nin üzvü.