SONUNCU TƏBƏSSÜM
hekayə
Bir təhər əlini qaldırıb işarə ilə dərmanları qablasdıran tibb bacısını yanına cağırdı. Tibb bacısı cəld ona yaxınlaşıb:
-Buyurun, xanım. Nə isə istəyirsiniz?
– Xahiş edirəm sizdən, sistemi dayandırın, iynəni qolumdan çıxarın…
-Dərman pis təsir etdi?
Həyəcanla şok əlehinə yığılan dərman qutusuna tərəf yönəldi.
O, zəif səslə:
-Dayanın… Heç nə istəmirəm. Sadəcə , sistemi dayandırın. Və mümkünsə, sizə əziyyət olmayacaqsa bütün bu dərmanları, aparatları otaqdan çıxarın.
Tibb bacısı karıxmıs halda, təəccüblə xəstəyə baxdı və:
– Axı…
Sözü ağzında qaldı.
– Bilirəm, olmaz, müalicə olunmalıyam, həkim icazə verməz…- acı – acı gülümsədi – xahiş edirəm, dediyimi edin. Narahat olmayın , mən özüm həkimə deyərəm…
Tibb bacısı yarıkönul sistemi onun qolundan çıxardıb iynənin yerini spirtlə siləndən sonra balaca yarabandanı yapışdırdı.
– Mən həkimlə bir danışım – deyib qapıya tərəf getdi və telefonla zəng edib vəziyyəti söylədi. Cavab deyəsən qısa oldu. O, telefonu söndürüb otaqdakı tibbi ləvazimatları düşüncəli halla yığışdırmağa başladı. Xəstənin üzünə baxmırdı. Asta- asta yır -yığış edirdi. Baxışlarını xəstədən gizlədirdi. İşini qurtarandan sonra sağollaşıb getdi.
O, ağır- ağır dərindən nəfəs aldı. Pəncərəyə tərəf baxdı. Yağış dayanmışdı. Qalxıb oturdu. Otağını nəzərdən keçirdi. Səliqəli və zövqlə bəzənmiş otaq ona bumbuz bir məkan kimi göründü. İstilik bateriyalarının yanmasına baxmayaraq üşüdü. Üşüməyinə məhəl qoymadı. Carpayının baş tərəfindən tutub yavaş -yavas ayağa qalxdı. Asta – asta paltar dolabına yaxınlaşdı. Bahalı dolabın boyük güzgüsündə özünü görcək içindən bir ah qopdu. Tez də özünü toparladı. Əlləri əsə- əsə başına bağlanan çalmanı açıb çarpayının üstünə atdı. Dolabın yan gözünü acdı. Hər dəfə podiuma çıxanda rəngbərəng, cürbəcür yaraşıqlı , bahalı taxdığı parikləri süzdü. Bir an -mən niyə hər dəfə bu pariklərdən istifadə etmişəm. Mənim saçlarım heç də pis deyildi ki…-düşundü. Qeyri – ixtiyarı əllərini basına apardı və əli başının dərisinə dəyəndə diksindi. Tez əlini yanına saldı…
Divar boyu yerləşən bahalı , qoz ağacından olan dolabın bütün qapılarını taybatay açdı. Rəngbərəng, gözqamaşdıran, hər birinin qiyməti necə min dollara olan paltarları süzdü. Üzündə acı bir ifadə yarandı. Hər bir rəngdə paltarla birgə eyni rəngdə ayaqqabı, daş-qaşlar, çanta və sürdüyü maşınları düşündükcə yenə də acı- acı gülümsədi. Nə üçün bura gəldiyini düşündü və fikrindən daşındı. Dolabın qapılarını örtüb, kreslonun üstündə olan qalın yun şalı çiyninə salıb ağır- ağır pəncərəyə yaxınlaşdı . Süşənin arxasından çölü bir az seyr etdi. Sonra pəncərəni taybatay açdı. Axşamdan yağan yağışın dayanmağına sevindi. Yağışın yağması onu nədənsə hüzünlü etmişdi. Göy üzu tərtəmiz idi.Günəş parlayırdı. Şəfəqləri ağacların yağısdan yuyulub təmizlənmiş yarpaqlarının üstündə bərq vururdu. Hava o qədər təmiz idi ki . Yerə tökülən yarpaqların qoxusu havaya qarışıb ətrafa yayılmışdı. O, gözlərini qapayıb, üzünü göyə tutub , qollarını bacardığı qədər yana açıb ciyər dolusu nəfəs aldı. Bir- neçə dəqiqə beləcə durdu. Ona elə gəldi ki, belə gözəl qoxunu heç vaxt duymamışdı. Halbuki o, hər zaman ən bahalı ətirlərdən istifadə etmişdi…
Necə qatlı evinin ikinci mərtəbəsində yerləşən otağının pəncərəsindən xeyli ətrafa həsrətlə baxdı. Səhər- səhər, həm də istirahət günü olduğundan küçədə maşın da az idi. Səs- küy yox idi.
Həzin – həzin əsən mehin təsirindən tərpənən budaqların və yarpaqların səsi qulağını oxşadı. Bu səslə içindəki səs sanki bir- birinə qarışıb hüzün dolu bir harmoniya yaratdı. Gözləri nəmləndi. Tez özünü ələ aldı…
Uzaqdan küçəni süpürən qadına baxdı. O, cəld şəkildə səkinin kənarlarına küləyin yığdığı yarpaqları əlindəki əldəqayırma süpurgə ilə süpürur, yarpaq topası böyüyəndə əyilib əlcəkli əli ilə yarpaqları yanında gəzdirdiyi böyük zibil qabına atır və yenə də işinə davam edirdi. Xeyli süpürgəçi qadının gordüyu işi və onun cəld şəkildə işini görməsini izlədi. Və bu, ona xoş bir həlimlik hiss etdirdi. Qadın get- gedə onun evinin yanına yaxınlaşırdı. Üz- gözünü dəsmalla bağlamışdı. Yerişindən, duruşundan gənc olduğu açıq- aydın görünürdü.
-Yəqin kimsələr onu tanımasın , ya da nə bilim , bəlkə havanın sazağından qorunmaq üçündü üzünün belə bağlaması – düşündü. Onun boyu hündür, qaməti də şux idi.
– Lap bizim manikenlərdən də yarasıqlı boyu və yerişi var bu xanımın – maraqla onu süzüb ürəyindən keçirtdi. Qadın onun pəncərəsinin altındakı səkini də süpürüb, yarpaqları toplayandan sonra qəddini düzəltdi. Üzünə bağladığı balaca dəsmalı açıb silkələdi. Sonra o da üzünü göyə tutub dərindən nəfəs aldı. Yəqin belə təmiz və gözəl hava onu da etkiləmişdi. Birdən pəncərədən ona heyran- heyran baxan qadını gördü. Əvvəl karıxdı ,sonra əlini qaldırıb , əl elədi, gülümsədi , başı ilə salam verdi və üzünü yenə bağlayıb işinə davam etdi. O da qeyri – ixtiyarı taqətsiz qolunu yavaşca qaldırıb ona əl etdi. Gülumsəməsinə qarşılıq verdi. Ağrıdan və kədərdən , arıqlayıb üzülmüş sifətinə xəfif bir təbəssüm qondu…
ZƏHRA SƏFƏRALIQIZI