.....

.....

“Təhlükənin bir addımlığında” – ŞAHZADƏ (hekayə)

“Təhlükənin bir addımlığında” – ŞAHZADƏ (hekayə)

“Təhlükənin bir addımlığında”

Baxmayaraq ki o günlərin üstündən illər keçib və hər şey də yaxşılıqla bitib, amma… Bəli, xatirələr amansız olur. Xatirələr üçün heç nə bitmir, hər şeyi yaddaşa atır. Üstündən illərin keçdiyi o hadisələr mənim uşaq yaddaşımda əbədi kök atıb. Hər xatırlayanda o qanlı-qadalı illəri təkrar yaşamış oluram.
Atam məzuniyyətə çıxmaq üçün icazə almışdı. Səhər gəlməli idi. Səhər ötüb günorta oldu, sonra gün əyilib yerini axşama verdi. Ondan isə hələ də xəbər yox idi. Artıq anam çantaları qablaşdırıb qapının yanına yığmışdı. Mebellərin üstünü örtmüşdü. Ortalıqda sanki gözəgörünməz bir intizar dolaşırdı. Divar saatının çıqqıltısı bu intizarı daha da dözülməz edirdi.
O gecə anamın yanında yatdım. Buna yatmaq demək olarsa. Səhərə qədər gözlərimə bir çimir də getmədi. Sağa-sola çevrilib elə hey düşünür, düşünürdüm. Arada kövrəlirdim, amma tez də ötüb keçirdi. Müharibə olacağına inanmırdım, inana bilmirdim. Uşaq ağlım bütün olanları qaldıra bilmirdi.
Səhəri top atəşinin sədaları ilə açdıq. Sərhəd rayonu olduğumuz üçün səslər çox aydın eşidilirdi. Anam çantalardan ikisini götürüb maşına sarı gedəndə qardaşımla mən anamın ətəyindən tutduq. Bu zaman qarşıdakı binanın yaxınlığında dəhşətli gurultu qopdu. Titrəyişdən maşının qapıları kilidləndi. Artıq dayanmaq olmazdı.
Budur Tərtər rayonundan çıxırıq. Yollara səpələnmiş insan axını özünü maşına tərəf atır. Hayqırtılar, bağırtılar, ağlaşmalar… Maşın dayanmadan uzaqlaşır, qorxudan başlarını itirən insan kütləsi arxada qalır, nənəm dayanmadan anama təsəlli verir, mən isə sanki bir anın içində baş vermiş bu hadisələrin təsirindən özümü hələ də yuxuda hiss edirdim…
Məskunlaşdığımız Naftalan şəhəri Tərtərə görə daha səssiz idi. Hər gün dua edirdim – bu məni nisbətən sakitləşdirirdi. Günlər beləcə həyəcan və intizar dolu keçməkdə davam edirdi.
Nəhayət, o gün televizorun qarşısında dayanıb növbəti xəbərləri dinlədiyimiz an İlham Əliyevin ürəkləri yerindən oynadan xəbəri… Bəli, 44 günlük müharibə bitmiş, torpaqlarımız öz həqiqi sahiblərinə geri qaytarılmışdır. Çətinliklərlə keçən 44 gün ərzində atam Laçının və Suqovuşanın işğaldan azad edilməsində yaxından iştirak etmiş, və qazilik mərtəbəsinə yüksəlmişdi.
Atamın söylədiklərindən aydın olur ki, müharibənin qızğın günlərinin birində Suqovuşanda bir əsgərimiz ağacın altında, açıqlıqda dayanmışdı. Atam təhlükəsizliyi üçün əsgəri yanına çağırdı. Bu vaxt çox güman ki, onları uzaqdan izləyən bir erməni bizim əsgərə atəş açdı. Yaralanan əsgər müvazinətini itirib yerə yıxıldı, qanı ana torpağa dağıldı. Atam özünü əsgərin üstünə atdı. Mənfur erməni bu dəfə də fürsəti əldən buraxmadı. Əlindəki bombanı atdı. Yerə düşən bombanın zərbəsinin təsiri atamı xeyli uzağa tulladı. Amma başından zərbə almasına baxmayaraq, atam özünü toplaya bildi və yaralı əsgəri maşına qoyub xəstəxanaya çatdırdı. Yol uzunu bir əli ilə maşını idarə edir, digər əli ilə əsgərin ürəyini tuturdu…

Vaxtında xəstəxanaya çatdırılan əsgər hazırda həyatına davam edir. Naftalan xəstəxanasında isə hər kəs atam Ceyhun Rzayevə qəhrəman kimi sayğı və hörmət göstərir.