Ümid, qaçma, yıxılacaqsan.
Həzin payız axşamlarından biri idi. Fikirli halda pəncərədən çölə baxırdım. Yağış çiskin şəkildə yağmağa davam edirdi. Küçədə insanlar harasa tələsik formada gedirdilər – kimisi çətir tutmuşdu, kimisi də gödəkçəsin başına atmışdı. İnsanların belə təlaşla harasa getdiklərini izləmək qəribə bir hiss yaradırdı. Bir də belə havada ən sevdiyim şey yağışa baxa-baxa siqaret çəkib düşüncələrə dalmaq idi.
Yenə o qədər düşünməyə özümü verdim ki, siqaretin külü üzərimə töküldü. Əlimlə silməyə çalışanda köynəyimi buladım. Əsəbi halda siqareti söndürüb külqabıya qoydum. Külqabı artıq dolmuşdu, kötükləri aparıb zibil qutusuna atmağa isə tənbəllik etdim.
Anamla tək yaşayırdıq evdə. O artıq yuxuya getmişdi, mənim üçün isə gecə hələ indi başlayırdı. Bir az internetdə gəzindikdən sonra başladım ən yaxın dostlarıma müraciət etməyə – kitablarıma. Dostoyevksinin “Yeraltından qeydlər” kitabını qaldığım yerdən oxumağa davam etdim. Gecə uzandıqca kitabın sehrində itməyə başlamışdım. Artıq səhər açılmaq üzrə idi, fikirləşdim, bir az yatmağa çalışım.
Anamın səsinə oyandım:
-Ümid, oyan, artıq günortadır bala, bu qədər yatmaq olar? Dur nəsə ye, tənbəl olub getmisən lap.
Gözlərimi ovuşdura-ovuşdura:
-Ana, duracağam indi, sən yeməyi qoy, gəlirəm, – deyib yenə yuxuya getdim. Birtəhər yuxudan oyandım. Əl-üzümü yuyub ayılmağa çalışdım, masaya oturdum. Tələsik yemək yeməyə başladım. Nədənsə həmişə yemək yeyəndə tələsirdim. Anam qarşımda oturmuşdu. Başımı boşqabdan qaldıraranda anamla göz-gözə gəldim, gözləri yaşarmışdı.
-Ana, nolub, niyə gözlərin yaşarıb? – təlaşla soruşdum.
-Ümid ,daha nə olmalıdır, belə nə qədər davam edəcəksən? Bu nə həyat tərzidir, özünə heç yazığın gəlmir? Sənin tayların hərəsi bir işin qulpundan yapışıb, sən isə işsiz, gücsüz, səhər yatıb, günorta durursan. Ancaq siqaret çəkirsən, kitab oxuyursan. Nə görmüsən axı bu kitablarda? Kitab oxumaq dövrü getdi, bala, indi ancaq işləməlisən, pul qazanmalısan.
Getdikcə emosionallaşan anam subay olmağıma ilişdi:
-Dost-tanışının hamısı ailə qurub, sən yapışmısan kitablardan. Sənə dedim, gedək, qonşunun qızı Sevinci alaq, amma razılaşmadın.
Özümdən çıxıb əlimi sərt şəkildə masaya vurdum:
-Bəsdir daha, ana, mən sevmədiyim biri ilə heç vaxt evlənməyəcəm.
-Yaxşı ki, atan tez köçdü bu dünyadan, bu günləri görmədi.
Gözlərindən yanaqlarına süzülən yaşlar ürəyimə çox pis oturdu. Kədərləndim, ən yaxşısı evdən çıxmaq idi.
Siqaret çəkə-çəkə küçədə gəzməyə başladım. Gördüm, qarşıdan Sevinc gəlir. Axırıncı tüstünü vurub siqareti qırağa tulladım, yaxınlaşdım.
-Sevinc, vaxtın var, bir az söhbət edək? Sevinc özünü itirmiş halda:
– Olar, amma vaxtım məhduddur, – dedi. Yaxınlıqdakı kafedə oturduq. Sevinc məni qabağladı:
-Hə, danış, Ümid, deyəsən, fikrin dəyişib, mənimlə evlənmək qərarına gəlmisən, – deyib gülməyə başladı
-Əslində yox. Bilirsən, necədir? Mənim fikirlərim qarışıqdır bir az. Açığını da bilmək istəsən, sənə qarşı da tam nəsə hiss etmirəm, istəmirəm ,sənə yalan danışım. Məni bilirsən də, bir az qəribə adamam, düşüncə tərzimiz də fərqlidir. Mən kitablara aşiq biriyəm, öz dünyam var mənim.
Sevinc diqqətlə dinləyəndən sonra mənə diqqətlə baxdı:
-Çox özünə qapanıq birisən, bu sakitliyin, qəribəliyin başına bəla olacaq deyim, biləsən. Özündən, öz taleyindən qaçma, yoxsa yıxılarsan.
Bunu niyə dediyini tam başa düşməsəm də, çox maraqlı gəlmişdi bu fikri.
– Nə isə, mən gedim, – deyən Sevinc snki bir az pərt olmuş halda: – Heyf… Bəlkə də hər şey çox fərqli ola bilərdi. Amma bunu unutma ki, səndən çox xoşum gəlmişdi, – deyib masadan sürətlə uzaqlaşdı.
Masada tək qalıb öz-özümə: “Bu nə qəribə gündür belə? Bayaq anam, indi də Sevinc”, – deyə düşündüm.
Siqaret yandırdım. “Çəkim, sonra yavaş-yavaş evə gedərəm”, – deyib, telefonda internetə girdim. İnstaqram hesabıma bildiriş gəlmişdi, baxmayaraq ki, sosial şəbəkələrə çox gec-gec girirdim. Bildirişə baxanda oxuduğum məktəbdə paralel sinifdəki tanış qız Lalənin dostluq təklifi göndərdiyini gördüm. Sosialda kimləsə münasibət qurmaq və ya yazışmaq kimi bir istəyim olmamasına baxmayaraq nədənsə sanki boşluğuma düşdü, təklifi qəbul edib mən də dostluq təklifi göndərdim. Masadan qalxıb evə yollandım.
Yenə axşam olmuşdu. Həmişəki kimi pəncərə önündə siqaret çəkib küçəyə baxırdım. İnsanlar yenə harasa tələsirdi. Siqareti söndürüb külqabıya qoyanda külqabının təmiz olması diqqətimi çəkdi, – anam təmizləyib qoymuşdu. Günorta anamla olan söhbəti xatırladım. Xətrinə dəydiyimi və bunun üçün üzrxahlıq etmək lazım olduğunu bilib otağına yaxınlaşdım. Otağın qapısın sakitcə aralayıb içəriyə girdim. Anam yatmışdı, amma sanki üzünü nəyəsə söykəyib yatmışdı. Bir az da yaxınlaşanda çərçivədə olan şəkli qucaqladığını gördüm. İllər öncə ibtidai sinifdə oxuyarkən çəkdirdiyimiz şəkli gördüm – anam, atam və mən. Gözümdən yanağıma düşən yaşın üzümə verdiyi istiliyi hiss edib tez əlimlə yaşı sildim və otağı tərk etdim. Boğazıma qəribə bir kədər yığıldı. Əlim əsə-əsə tez siqaret yandırdım, çəkə-çəkə atamı fikirləşdim. Tez həyatdan köçməsi, çətin keçən uşaqlığım, uğursuz gənclik dövrüm, həyatımın anamı üzməsi – bir an içində çoxlu düşüncə ilə üz-üzə qaldım. Ürəyimin həyəcanı bir qədər azalmışdı artıq. Stəkana su doldurub otağıma keçdim, çarpayımda uzandım. Kitab açıb oxumağa başladım. Bir neçə səhifəni oxuyub qurtardıqdan sonra yuxumun gəldiyini hiss etdim. Uzun zaman olmuşdu ki, bu qədər tez yuxum gəlmirdi. Kitabı bağlayıb yatmağa çalışdım. Bir az vaxt keçmişdi ki, telefonuma mesaj səsi gəldi. “Bu vaxt kim olar?” – deyə təəcüblə telefonu əlimə aldım. Mesajın instaqramdan gəldiyini görüb mesaj yerinə girdim. Lalə mesaj yazmışdı: “Salam, Ümid. Necəsən? Səni neçə il sonra tapmaq xoş oldu”.
Özümü həm qəribə hiss etdim, həm də bu səmimiyyəti mənə yersiz gəldi. Öz-özümə: “Bu da gecə vaxtı bikar qalıb, deyəsən” – deyib telefonu bağlamaq istəsəm də, nədənsə adını qoya bilmədiyim bir hissmi deyim, boşluqmu deyim, götürüb məni də o tərzdə səmimi cavab yazmağa vadar etdi. Söhbət getikcə şirinləşirdi. Qəribə də olsa, Lalənin söhbəti mənə maraqlı gəlir, xoş təsir bağışlayırdı. Yazışdıqca ara yaranan kimi girib şəkillərinə baxırdım. Çox dəyişilmiş, gözəl biri olmuşdu. Özümü çox xoşbəxt hiss edirdim, sanki hər şey ürəyimcə idi. İllərdir qəlbimdə yaranan boşluğu doldurmuş, yalnızlığımdan uzaqlaşmışdım. Bu xoş söhbətin beynimə verdiyi dopamindən elə hiss edirdim ki, qəlbimdə sevgi yaranır, aşiq oluram.
Artıq səhər açılırdı, amma biz hələ də yazışırdıq. Lalə yorulduğunu, sonra yenə yazışmağa davam etməyimizi təklif edəndə mən sevincəklə görüşmək istədiyimi dedim. Razılaşdı, saat və məkanı ona deyib sağollaşdım. Həyəcandan yata da bilmədim, üzümü qırxıb yaxalandım. Çox səliqəli geyinib ətirləndim. Laləylə ilk görüşdə ona verəcəyim ən yaxşı hədiyyənin kitab olacağı qərarına gəldim. Halbuki yazışanda heç kitab sevgimdən bəhs etməmişdim və bilmirdim o kitab oxumağı sevir ya yox. Özümlə Sabahattin Alinin “Xəz Paltolu Madonna” kitabını götürdüm.
Görüşəcəyimiz kafeyə yaxınlaşdım, Laləni gözləməyə başladım. Bir az oturub kofe sifariş etdim, siqaret yandırdım. Vaxt keçirdi, Lalə isə hələ də gəlmirdi. Telefonuna zəng vurdum ki, maraqlanım, zəng çatmadı. Bu vəziyyət məni artıq sarsmağa başlayırdı. Bir az da qəribə bir narahatlıq, həyəcan gəlmişdi.
Bir qədər keçmişdi ki, telefonuma zəng gəldi. Sevincək telefona baxdım ki, yəqin ki, Lalədir. Amma yox, tanımadığım bir nömrə idi. Telefonu açanda özünü Elçin kimi təqdim edən, çox kobud tərzdə danışan bir oğlanın sözlərinə tuş gəldim: – Ə, qudurmusan sən mənim sevgilimə görüş təyin edirsən?
Açığı tutulub qaldım, bilmədim, nə deyim. Həm elə də dava-dalaşla arası olmayan bir insan kimi özümü itirdim. Mənə məkan bildirib orada gözlədiyini dedi. Qəribə bir çaşqınlıq içində həmin məkana getdim. O qədər qəribə halda idim ki, hədiyyə olaraq apardığım kitabı da özümlə götürmüşdüm. Demişdim axı, ən yaxın dostlarım kitablardır. Davaya kitabla gedən insan kimi tarixə düşəcəkdim, deyəsən.
Çatdım məkana. 3 nəfər gözləyirdi. Yaxınlaşıb:
• Elçin kimdir aranızda? – soruşdum.
• Elçin mənəm. Sən kimsən? – onlardan biri qarşıma keçdi.
Açığı, ilk dəfə idi belə vəziyyətə düşdürdüm. Həyəcanla:
-Adım Ümiddir, – dedim.
-Ümid, bu gün sənin ümidini öldürəcəyik, – onlardan biri istehza ilə dilləndi.
- Onu bilmək olmaz, – dedim.
Elçin əlimdəki kitabı aldı.
– Axmağa bax! Kitabla qız tutmağa gəlib, – kitabı fırladıb uzağa atdı. Onun sözünə hamısı gülüşdü. Nə qədər bu sözünə soyuqqanlı olmağa çalışsam da, çox pis təsir etdi. Əsəblərimi cilovlaya bilməıyib elə o anda gözlənilmədən Elçini yumruqla vurdum. Bir-birimizə girdik. Onlar 3 nəfər, mən tək. Onlar daha zirək davrandılar, məni üstələdilər. Tək və təcrübəsiz olmağıma baxmayaraq üçünə də zərbə endirdiyim məqamlar oldu.
Dava qurtarmış, gücdən düşmüşdüm. Bulanıq şəkildə görürdüm ki, yavaş-yavaş uzaqlaşmağa başlayırlar. Çətin də olsa, ayağa qalxmağa çalışdım. Üst-başım toz- torpağa, köynəyim qana bulanmışdı. Yavaş-yavaş yeriməyə başladım. Heç bir ağrımı hiss etmədən, başıma gələn bu hadisəni fikirləşmədən tək bir şey istəyirdim – kitabımı axtarıb tapmaq.
Hava artıq qaralmışdı. Yerə əyilib əlimi torpağa sürtə-sürtə kitabı axtarırdım. Birdən arxamdan səs gəldi:
-Qaqaş, deyəsən, bunu axtarırsan.
Tam aydın görməsəm də, hiss elədim ki, hündür, dolu bir oğlan təbəssüm edə-edə mənə yaxınlaşır. Əzilmiş kitabı mənə verdi:
-Oyunun olsun, Ümid. Adam da davaya kitabla gələr heç?! Adım Cabirdir. t
Toparlan bir az, gedək, aparım səni evə, min maşına.
Cabir mənə kömək etdi, çətinliklə boz 07 markalı maşına mindim. Arxada uzanıq vəziyyətdə oturdum. Ön oturacaqda bir nəfər də vardı.
Cabir bizi tanış etdi:
-Tanış ol, dostumdur, adı Şeyxdir.
Asta səslə dillənib özümü təqdim etdim:
-Şad oldum. Ümid.
Evin ünvanını deyəndən sonra yola düşdük.
-Həə, danış, nə məsələdir? – Cabir maraqla soruşdu.
Yol boyu bütün hadisəni olduğu kimi danışırdım və fikir verirdim ki, Cabir tez-tez Şeyxə baxıb yenidən yola baxırdı. Əsəbimdən o qədər dolmuşdum ki, çox emosional danışırdım. Əslində, belə insan olmadığımı, kiminsə sevgilisinə ayrı gözlə, niyyətlə baxacaq biri olmadığımı, sakit, Dostoyevskinin kitablarını oxuyan, öz dünyası olan biri olduğumu izah etməyə çalışırdım. Artıq evə çatmışdıq. Düşəndə Cabirə baxıb:
-Üç nəfərin bir nəfərə qarşı dava etməsi ədalətsizlikdir, – dedim.
-Səni davaya çağıranın adı nə idi? – Cabir soruşdu.
-Elçin.
-Nömrəni mənə ver, Ümid, get evə, dincəl, sabah görüşərik, gecən xeyrə.
Maşından düşəndə Cabirin Şeyxə dedi:
-İnan ki, bu bizdən də güclü uşaqdır, sadəcə, fərqində deyil. Elə bilir, qorxaqdır. Bugünkü hadisədə o, qorxusunu itirdi, bunu sonra başa düşəcək. Nə isə, Şeyx, Elçini və yanındakıları tapıb vurmalıyıq, başa düşsünlər ki, tək və zəif adamı tapdalamaq nə deməkdir. Tapa bilərsən də, hə, Şeyx?
-Tapmaq nədir, lap ağızlarını da… – deyib güldü və sonra davam etdi:
-Mənə bax e, bu qaqaş, deyəsən, kriminal əsərlər oxuyur, Dostoyevski kimdir ki, adı rus oğrusuna oxşayır, – gülə-gülə yola davam etdilər.
Paltarlarımı çıxarıb anam görməsin deyə çarpayımın altında gizlətdim. Su içib pəncərəyə yaxınlaşdım. Birdən yadıma düşdü ki, neçə saatdır, siqaret çəkmirəm. Əlimi atdım şalvarımın cibinə ki, siqaret çıxardım, gördüm, siqaret yoxdur. Ya o biri şalvarda idi, ya da dava vaxtı itirmişdim. Ərindim axtarmağa. Pəncərədən çölə baxdım – artıq gecə idi, küçədə heç kim yox idi. Qarşıdaki işıq dirəyindən yayılan işığa ağacın yarpaqlarının arasından baxa-baxa fikrə getdim. Olanları düşünəndə birdən ağlıma sual gəldi: “Yaxşı, bəs Cabir mənə yaxınlaşanda məni adımla çağırdı. Adımı haradan bilirdi ki?”
Fikirləşə-fikirləşə çarpayıma yaxınlaşıb uzandım, yuxuya getməyə çalışdım.
Anamın səsinə oyandım:
-Ümid, oyan. Dünən bütün günü haradaydın sən? Bu paltarların nə gündədir belə? – ard-arda suallar verdi.
-Heç, ana, salamatlıqdır, bir şey yoxdur.
-Dur, dur, yemək ye. Hə, bir də, bir neçə dəfə telefonuna zəng gəlib.
Anam mətbəxə keçdikdən sonra zəng gələn nömrəyə geri yığdım.
-Ümid, sən nə qədər yatırsan, ay qaqaş? Cabir idi. Şən halda danışırdı.
-Hazırlaş, bir-iki saata gəlib səni götürəcəyəm. Bu gün gedəcəyik kitablarını bağlamağa. Kitabı götürmək yadından çıxmasın, – deyib gülə-gülə telefonu yerə qoydu.
Bir qədər sonra Cabir gəldi, Şeyx də onunla idi. Maşına oturub yola düşdük. Bir az aralandıqdan sonra meşəlik kimi yerə gəldik. Düşəndə gördüm ki, Elçin və yanındakı iki nəfər orada bizi gözləyir. Yaxınlaşan kimi Cabir söhbətə başladı:
-Siz üç nəfər birləşib bir nəfəri təkləmisiniz, sakitliyindən istifadə edib əzməyə çalışmısınız. Bu kişilikdən deyil, – deyəndə Elçin Cabirin üstünə cumdu, dava etməyə başladılar. Şeyx və mən o biri iki nəfərin üstünə cumduq. Hamı bir-birinə qarışdı. Bir neçə dəqiqədən sonra Elçin gəldikləri maşına yaxınlaşdı, oradan silah götürüb Cabirə tərəf gəldi. Atəş açdı. Cabir yerə yıxılanda Şeyx Elçinin üstünə tullandı. Silahı onun əlindən alıb qırağa fırlatdı. Mən silahı götürüb Cabirin yanına gedəndə artıq gördüm ki, Cabir can verir. Bu mənzərəyə dözə bilməyib silahı Elçinə tuşladım. Ard-arda üç dəfə atəş açdım. Elçinin yerə yıxıldığını görən dostları qaçmağa başladılar. Şeyxlə mən Cabirin yanına gələrək dizimiz üstə oturduq.
Bizim üçün çox çətin də olsa, Cabirin cəsədini maşına qoyub apardıq. Cabiri itirdik. Mənə də həbs yolu göründü. 15 il müddətinə azadlıqdan məhrum olundum. Depresiyaya düşmüş halda həbsdə günlərimi keçirirdim. Tez-tez olmasa da, kitab oxumağa çalışırdım. Otaq yoldaşım ağsaqqal bir dayı idi. Bir gün onunla dərdləşən zaman bu hadisələri danışdım. Ağsaqqal diqqətlə üzümə baxıb dedi:
-Sən kimi birinin belə addım atması, mübarizədən qaçmaması təqdirəlayiqdir. Ümumiyyətlə, gərək insan özündən və taleyindən qaçmasın, yoxsa yıxılacaq.
Ağsaqqalın bu sözü illər əvvəl eynisini mənə deyən Sevinci xatırlatdı. Bir anlıq düşündüm ki, görəsən, Sevinc haradadır və neyləyir?
Beləcə günlər keçir, vaxt aramla ötüşürdü. Arada anam gəlib mənə baş çəkirdi. Uzun müddət keçmiş, həbs həyatına öyrəşmişdim. Bir az arıqlamış, bir az da saçlarım ağarmış, qocalmışdım.
Müddətin bitməsinə 5 il qalmış amnistiyaya düşdüm. Azadlığa çıxmaq nəsib olmuşdu. Sevinə-sevinə anamla evimizə gəldik. Yenidən evdə olmaq daxilən məni hüzurlu, xoşbəxt etmişdi. Anam mətbəxə yemək hazırlamağa getdi, mən də həmişəki kimi pəncərə qarşısına keçib siqaret yandırdım. Küçədə çox az insan vardı, heç kim harasa tələsmirdi. Həyat gözümdə çox aram şəkildə təzahür edirdi. Yaz fəslinin xoş mülayim havasında mətbəxdə anamla yemək yeyib, söhbət edir, olanlardan danışırdıq. Cabirdən bəhs etdim, sabah gedib qəbirini ziyarət edəcəkdim illər sonra. Cabirdən söz düşəndə anam tez ayağa qalxdı:
-Gözlə, bir şey gətirəcəyəmm sənə. Cabirdən son əmanət.
Bir neçə dəqiqə sonra əlində məktubla gəldi:
– Bunu Cabirlə ilk tanış olduğun vaxtlarda gətirib mənə vermişdi. Bir gün sənə verim deyə. Dönə-dönə tapşırmışdı ki, illər sonra sənə verim.
Məktubu götürüb evdən çıxdım. Həm dənizi seyr etmək, həm də məktubu oxumaq üçün dəniz qırağına gəldim. Məktubu açıb oxumağa başladım:
“Əziz dostum, Ümid. Nunları oxuyarkən kədərlənmə. Amma bunları deməliyəm. Sənin davaya düşdüyün Laləni biz çox yaxşı tanıyırdıq. O yüngül əxlaqlı biri idi, heç Elçinlə də sevgili deyildi. Birlikdə vaxt keçirirdilər. Hətta onun yanındakı oğlanlarla da münasibəti olmuşdu. Sənin haqqında da fikri ciddi deyildi. “Bikarçılıqdan məzələnirəm onunla, elə bilir, sevirəm onu” demişdi. Sadəcə, bunu o vaxt səninlə bölüşmədim ki, özünü daha pis hiss edib ümidsizliyə qapılmayasan. Nə isə, olan olub, keçən keçib. İndi isə, keçim əsas məsələyə. Biz əslində sənlə dostluq etmək istəməzdik. Çünki biz ara uşağı, sən isə sakit təbiətli, öz dünyası olan bir adam idin. Bizi sənlə bir araya gətirən ailəvi dostumuzun qızı, çox hörmət etdiyimiz Sevinc oldu. Sevinclə sən kafedə olan son gorüşdən sonra həm özünü pis hiss edir, həm də sənə görə çox narahat olurdu. Səni çox sevirdi. Mənə tapşırdı ki, səndən muğayat olum, sənə nəzarət edib pis adamlardan qoruyum. Çox həssas, sakit biri olduğunu deyirdi. Başına bir bəla gələcəyindən qorxurdu. Belə, Ümid, sən mənəvi olaraq Sevincə borclusan. Bu məktubu nə vaxt oxumağından aslı olmayaraq, Sevinci tap, ona təşəkkür et, onun qədrini bil, onu sev. Sənə dəyər verəni görməzdən gəlmə. Özündən və öz taleyindən qaçma, yoxsa yıxılacaqsan. Sağ ol, əziz dostun Cabir”.
Ağlaya-ağlaya məktubu oxudum. Sonra Sevinci tapıb ona təşəkkür edib onunla danışmağım vacib oldu. Evə qayıdıb anamdan Sevinci harada tapa biləcəyimi soruşduqda məktəbdə müəllimə işlədiyini öyrəndim. Səhər açılan kimi məktəbə gedəcəkdim.
Məktəbə gəldim, uşaqlar həyətdə oynayırdı. Gözlərim Sevinci axtarırdı. Birdən uşaqlar arasında mübahisə düşdü. İki-üç oğlanın bir oğlanın üstünə qışqırdığını, onu sıxıb, mübahisə etdiklərini görüb müdaxilə etdim:
-Uşaqlar, sakitləşin, ayrılın bir-birinizdən, – deyib tək qalan uşağı özümə tərəf çəkdim. O birilər gedəndən sonra:
-Nolub, ay bala, – dedim.
-Əmi, onlardan yaxşı oxuyuram, həm də sinifimizin ən qəşəng, ən savadlı qızı mənlə otururur deyə mənə paxıllıq edirlər. Gedib Sevinc müəlliməyə şikayət edəcəyəm.
Birdən məktəbin qapısından çıxan Sevinci gördüm. Uşaq sürətlə Sevincə tərəf qaçanda:
• Ümid, qaçma, yıxılacaqsan, – dedi. Uşaq Sevincə sarıldı. Bu mənzərə qarşısında donub qaldım. Sevinc uşaqdan soruşdu:
-O əmi kimdir, söhbət edirsən?
-Bilmirəm, – deyə yoluna davam etdi. Sevincə yaxınlaşmağa utandım, arxamı dönüb oradan uzaqlaşdım. Cabiri ziyarət etməliydim. Məzarına yaxınlaşdıqca ürəyim əsirdi. Gəlib oturdum, söhbət etmək, dərdləşmək istədim:
-Məktubunu aldım, Cabir. Çox sağ ol k, həyatımda sənin kimi dostum olub. Amma dediyini edə bilmədim – Sevincə təşəkkür edə bilmədim.
Bir saat keçmişdi, mən hələ də gözüyaşlı məzarın qırağında oturub başımı aşağı salmışdım. Birdən çiynimə kimsə toxundu, baxdım, azyaşlı Ümid.
-Əmi, niyə ağlayırsan? İstəyirsənsə, Sevinc müəlliməyə deyim, o çox yaxşı insandır. Bax o sənin müəllimən olsaydı, indi burada oturub ağlamazdın.
-Haqlısan, – deyib uşağın başını sığalladmı: – Burada nə işin var?
-Evə gedirəm, yolum buradan keçir. Qaçım, anam mənə görə narahat olar, – deyib sürətlə qaçmağa başlayanda özümdən aslı olmadan qışqırdım:
-Ümid, qaçma, yıxılacaqsan.
Oradan uzaqlaşıb evə tərəf yollandım. Siqaret çəkə-çəkə gedəndə Sevinclə qarşılaşdım. Siqareti qırağa tullayıb ona yaxınlaşdım:
-Vaxtın var, söhbət edək?
-Hə, var, – deyib yenə ilk görüşdəki zarafatı etdi, – Deyəsən, fikrini dəyişmisən, evlənmək istəyirsən, – deyib güldü.
Cavabımda:
-Hər şeydən xəbərim var, çox sağ ol, təşəkkkür edirəm. Yaxşı ki, varsan! Çox dəyərlisən mənim üçün, – deyib ona sarıldım. Sonra qəfil onu özümdən aralayıb:
-Ailə həyatı qurmamısan ki? – deyə soruşdum.
-Yox, ömrümü məktəbə, uşaqlara həsr etdim, səni də unuda bilmədim.
Əl-ələ tutub yeriməyə başladı. Yolboyu söhbət etməyə başladıq.
-Ümid çox həssas uşaqdır, gərək onunla çox məşğul olasan.
-O da sənin kimi sakit təbiətlidir. İşi-gücü ancaq kitab oxumaqdır, öz dünyası var.
Birdən dayanıb gözlərimə baxa-baxa həyəcanla soruşdu :
-Mənə bax, yenə məndən qaçmayacaqsan ki, hə?
-Yox, adam bir dəfə möhkəm yıxılanda daha əvvəlki kimi qaça bilmir.
-Əla. Bir də qaçma, Ümid, – Sevinc fikrini sonlandırdı.
Əlizadə Rasim, 8.08.2025.