Unudulmayan tarix, Xocalı soyqırımı.
Dünyada ən böyük, ən dəhşətli faciəvi hadisələr yaşanmışdır ki, tarixin yaddaşından heç vaxt silinmir. Belə dəhşətli hadisələrdən biri də Azərbaycanın payına düşmüş, Azərbaycan xalqının başına gəlmiş Xocalı faciəsidir, Xocalı soyqırımıdır ki, ömür boyu nə xalqın, nə də ki, tarixin yaddaşından silinməyəcək. Xocalı faciəsi erməni vəhşiliyinin ən bariz nümunəsidir. Çünki onlar Azərbaycanın qədimliyini, zənginliyini, yeraltı, yerüstü sərvətlərini, birliyini, gücünü və güclü iradəsini heç vaxt həzm edə bilməyiblər.
Torpaqlarımızdan pay verdik, çörək verdik özlərini ev yiyəsi kimi hiss edib bir az da urəliyə keçdilər. Öz millətimizi öz doğma torpaqlarımızdan qovdular. Saysız soyqırımlar törətdilər. Xocalı soyqırımı müasir dövrümüzün ən dəhşətlilərindən idi.
Qışın soyuğunda əliyalın camaatı qovmaq, dağa-daşa salmaq, azyaşlı uşaqlara, qocalara, qadınlara və yaralılara işgəncə vermək, sözün əsl mənasında ən dəhşətli terror hadisəsidir, vəhşilikdir, vandallıqdır.
Ermənilər xalqımıza qarşı saysız soyqırımlar törədiblər hansı ki, tarix boyu unudulmur və gələcək nəsillər bunu bilməli və unutmamalıdır!
Bu millət 1918-1920, 1937-1940, 1948-1953-cü illərdə də Bakıda, Şamaxıda və Zəngəzurda kütləvi soyqırımlar törətmişlər.
Təkcə Xocalı soyqırımı zamanı 3813 nəfər qətlə yetirilmiş, onlardan 613 nəfərinin nəşi əlimizə gəlub, xalqımıza məlum olanıdır. 487 nəfər, 76 nəfəri az yaşlı uşaq olmaqla yaralanmış, 1275 nəfəri girov götürülmüş, 150 nəfəri itgin düşmüş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini itirmiş, 130 uşaq isə bir valideynini itirmişdir.
Azərbaycan xalqı sülhsevər və səbirli bir xalqdır. Bu dözümlü millət çox əziyyətləri bağışlamış və səbr etmişdir. Yalnız səbrin də bir həddi, bir ölçüsü vardır. 2020-ci il, sentyabrın 27- də əks hücum zamanı bu xalqın səbr kasası dolub daşdı. İgid oğullarımız şəhidlərimizin qisasını və xalqımızın başına gətirilən müsibətlərin qisasını layiqincə aldılar. 30 il ərzində səbrlə sıxılmış əllər “Dəmir yumruğa” döndü. O “Dəmir yumruq” ki, Azərbaycan xalqına, böyük türk dünyasına, bütün dünyaya səs salan qələbəni yaşatdı.
Bakıda Xocalı prospektində Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış hüznlü “Ana harayı” heykəlinin dağlanmış sinəsinə su səpildi.Bu dəfə bu məğrur abidəyə göz aydınlığına gəlmişdilər.Torpaqlarımız işğaldan azad olmuş, şəhidlərimizin, günahsız körpələrin qanı, qan bahasına igidliklə alınmışdı.
Hər köhnəldikcə təzələnən, hər səhifəsi qan yaddaşına çevrilən, qızıl qanla yazılan tarixi susdurmaq olmaz!
Təkcə qanla deyil, günahsız insanların və anaların göz yaşı ilə yazılan tarix həmişə danışacaq! Ədalət hökmü zəfər çalana qədər!
Xocalı
Günahsız körpələr boyandı qana,
Gözü yaşlı qaldı, gör neçə ana…
Sandıq ki, yuxudur sabah açılar,
Qorxulu kabusdan, hamı oyana.
Doğrudur, oyandıq…kabus bitmədi,
Düşmən azğınlaşdı, zülmü yetmədi?!
Qaysaq bağlasa da yaralarımız,
O ürək yanğısı, bizdən getmədi.
Xocalı deyəndə, o mənzərələr,
Gözümün önündə canlanır, nələr…
Donmuş bədənlərdə, donmuş gözlərdə,
Donmamışdı hələ, həmin dəhşətlər.
Böyüdü körpələr, böyüdü dərdlər.
Yerini bərkitdi, azğın namərdlər.
Sanki unutdular, ev özgə evdir,
Adət etmişdilər, saxta sifətlər.
“Qisas qiyamətə qalmaz” deyiblər.
Atalar yüz ölçüb, yüz də biçiblər.
Döğmalar, doğmanı çəkər özünə,
Bütövləşmək üçün, bir and içiblər.
Artıq igid oldu, yaralı, çağa.
And içdi Vətənə, Qızıl Bayrağa!
Qisasın almağa yetdi otuz il.
Qalibtək qayıtdı, həmin torpağa.
Ana harayı.
Hüznlü, qəmli ucalan heykəlin,
Ana harayına yığılmışdılar.
Köksündə, günahsız körpə balanın,
Tökülən qanında boğulmuşdular.
Qocalar, cavanlar, körpə uşaqlar,
Carəsiz qalmışdı, düşmən əlində.
Qatil gülləsinə qurban oldular,
İnsanlıq məhv oldu, vəhşi əlində.
İndi cəsur dayan, azadlığınla!
İgid oğulların, yetdi dadına.
Axan göz yaşını sil yaylığınla,
Məğrurluq yaraşır, sənin adına.
Otuz ilə çatıb, qəminin yaşı,
Tam otuz ildir ki,sən haray etdin.
Daha əzilibdir düşmənin başı.
Bu əzmi, bu gücü xalqa sən verdin.
Bir az üzün gülsün, kədər yerinə…
Təbrikə gəliblər, səni ey ana!
Bu dəfə qanlı qərənfil yerinə,
Xarıbülbül düşüb, sənin payına.