(Real hadisə əsasında)
Ü R Ə K
Sübh çağı dənizin mavi dalğalarından aldığımız həyat eşqini bir anda qalxan tufan pozdu. Külək sahilin qumunu ovuc-ovuc ağzımıza, üz-gözümüzə doldururdu. Odur ki, bu gün digər günlərdən fərqli olaraq evə tez yollandıq. Uşaqlar məyus idi. Havanın belə dəyişməyini qəbul etməyib arada dodaqaltı deyinirdilər də. Həmişəki kimi, Rəşid maşında radionu işə saldı. Musiqilər ard-arda səsləndikcə qalxan tufanın bizdə yaratdığı məyusluq hissini unudurduq. Hüseynağa Hadıyevin ifasında “Ürək” mahnısı səslənməyə başladı.
-Sözlər Bəxtiyar Vahabzadənindir. Əslində bu şeiri daha çox başqa musiqi ilə eşitmişəm. İkisi də gözəldir. Bu şeirə hansı musiqi bəstələnsə, gözəl alınacaq. Bu şeir onun üçün bəstələnmiş musiqilərə həyat bəxş edib.- dedim. Rəşid başı ilə təsdiqlədi.
Musiqi sədaları uşaqlara da dinclik gətirirdi. Üç uşaq başlarını bir-birinə söykəyib xumarlanırdılar. Əslində onlar çox vaxt belə edirlər. Uşaqlara doğru boylandım. Onları belə görcək ürəyimə qonan gözəl hisslər yanağımda kiçik bir təbəssüm yaratdı. Yaşadığım bu zaman içində özümü necə də xoşbəxt hiss edirdim. Sonra baxışlarımı yolun kənarı boyu əkilmiş şam ağaclarına yönləndirdim. Daxili rahatlığım baxışlarımın yaşıllıqdan aldığı zövq oxşaması ilə birləşib məni, sanki, bu yer üzündən ayırırdı. Bu anda heç qopan tufan belə mənim əhvalımı korlaya bilməzdi. Bir az qarşıda park göründü. Bu tufanda əlində otbiçən maşınla parkın həyətinə əl gəzdirən bir adam diqqətimi çəkdi. Əynində nimdaş paltar vardı. Çox ürəklə işləyirdi. Lakin qolları ilə arada bir gözlərini silməyindən aydın olurdu ki, külək onun rahat işləməyinə imkan vermir. Yazığım gəldi. Bunu dilimə də gətirdim.
-Bəlkə də o özünü səndən xoşbəxt hiss edir. Bax, ürəyini qoyub işinə. Belə demə, – dedi Rəşid.
Bir az qarşıda çox bahalı bir maşın gedirdi. İşıqforda dayandıq. O da qarşımızda. Əvvəlcə arxada əyləşmiş iki körpə diqqətimi çəkdi. Qorxu və göz yaşı içində qarşıda əyləşən qadınla kişiyə doğru irəli əyilmişdilər. Kişi və qadın arasında mübahisə getdiyi aydın şəkildə görünürdü. Bahalı maşın, bahalı geyim içində qorxu, göz yaşı və qəzəb vardı. Cəmi bir neçə saniyə içində kədərə qərq oldum. Ən çox uşaqlara görə məyus oldum. Gözlərimi çəkdim. Yaşıl işıq yandı. Maşın sürətlə küləyə meydan oxudu.
Yol kənarında yaşlı bir qadın əlində süpürgə daşın üstündə oturmuşdu. Sanki, qalxan küləyin dinməyini gözləyirdi ki, işinə davam etsin. Üzündə yorğunluq vardı. Bu yorğunluğun üzərini isə düşüncələr örtmüşdü. Onun qarşısından keçən gənc sevgililər o qədər xoşbəxt idilər ki, yorğun düşüncələrin önündən keçdiklərinin belə fərqində deyildilər. Gözləri sevgilərindən başqa heç nəyi görmürdü. Sanki, musiqi sədaları altında film izləyirdim. Hər filmdən bir fraqment keçirdi gözlərimin önündən. Həyat özü film çəkirdi. Aktyorların daha təbii oynamağı üçün, onun çəkdiyi filmin daha təbii və təsirli alınmağı üçün həyat öz aktyorlarını aldadıb. Aldadıb ki, bax bu sənin həyatındır, yaşa. İnsanlar da lap ürəklərini qoymuşdular ortaya. Körpələr də özlərini qorxu və kədər içində əsl olduqları kimi aparırdılar. Həyatın onları filmə çəkdiyindən xəbərsiz. “Həyat, nə olar, onlara bunun yalnız film olduğunu bildir.” – demək keçdi ürəyimdən. Ancaq həyat öz çəkilişində idi. Aktyorlar da rollarını yaşamağında.
Bir yaşlı kişi əlində taxtadan hazırlanmış mətbəx əşyaları, gedib-gələnə baxışları ilə satıcılıq etdiyini bildirirdi. Rəşid bikef halda:
-Heç bu xalqa yaraşdırmıram belə yaşamı. Düzdür, o da pul qazanır. Amma bu xalqın nümayəndəsini belə görmək istəmirəm. Yaraşdırmıram.
“ Mənim fərəhim sənin bu xalqa olan sevgindən keçmirmi? Elə bu üç –dörd cümlən yetmirmi sənin üçün ürəyimi alovlara yandırmağa? “ – düşündüm.
Həyat öz çəkilişində idi, musiqi isə bu filmə yazılmış fon musiqisi kimi səslənməyində :
Ürək odur daim yana,
Od püskürə, alovlana.
Od vermirsə qəlbə, cana,
Demək, o heç ürək deyil.
O heç mənə gərək deyil.