Vəzifə gözləntisi
Hava qaralırdı. O isə tank böyüklüyündəki avtomobili ilə tıxaca düşdüyündən salonda əsəbi hərəkətlər edir, bəzən sakit, bəzən gur səslə deyinirdi. O birilər kimi başını pəncərədən çıxarıb tıxacın hansı avtomobil sürücüsünün günahı ucbatından yarandığını öyrənməyə çalışmırdı.
Bəlkə böyür-başında ona vəzifə söz verənlərdən kimsə gedir? Qışqırar, həmin adam səbrsizliyini və mədəniyyətsizliyini “yuxarılara” çatdırardı.
Yaşadığı binaya çatıb maşından endi. Ağır-ağır alaqapıya tərəf irəlilədi. Həyat yoldaşının qonşu qadınla söhbətləşdiyini görəndə gözünü ağartdı ki, evə girsin:
Axı, sənə əlli dəfə demişəm ki, qonşularla söhbət etmə. Qadındır, bəlkə səndən mənlə bağlı söz almaq istəyir? Bəlkə, elə onu kimsə bizə qonşu etdirib ki, görsün mənimlə ailəm necə adamıq? Buna vəzifə vermək olar, ya yox? Özün də görürsən ki, təzə qonşudur. Fərli-başlı adam olsaydı gedib başqası ilə söhbət edərdi də, daha bit kimi yaxana niyə yapışırdı ki?
Oğlunun onu dəhlizdə qarşılamaması evin sahibini lap şübhələndirdi. Qalstukunu açmadan onun otağına girib qulağına pıçıldadı:
– Məni qarşılamağa niyə çıxmırsan? Yoxsa atanın düşmənləri səni də yoldan çıxarıblar?
– O müavinin oğlu var e… Zaur… onunla dalaşmışam.
– Necə, necə?
– Günah məndə olmadı. Birdən-birə üstümə hücum çəkdi ki, dərsdə lövhənin qarşısında duranda niyə Malayziyanın paytaxtını ona pıçıldamamışam.
– Birinci sırada səndən başqa kimsə oturur?
– Hə. Köməkçinin oğlu.
– Amma o ancaq sənə hücum etdi. Payını verdin?
-Yox, özün demisən ki, kimsə vursa cavabını vermə. O da başıma 2-3 qapaz vurdu.
Arvadı onu şam yeməyinə çağırsa da, iştahası küsdü. Lap dilxor olmuşdu. Masanın arxasında oturub qara çörəyi ağzına yaxınlaşdıra bilmədi, hirsindən siqaret odlayıb eyvana çıxdı. Hərgünkü düşüncələr serialı başlandı: “Əgər müavinin oğlu mənim oğluma Malayziyanın qotur paytaxtına görə hücum çəkirsə, burda nəsə var.
Bununla da məktəbə gedib o uşağa qulaqburması verib-verməyəcəyimi sınamaq istəyirlər. Görək bir uşağa görə o biri valideyni haqq-hesaba çağıracaq, ya yox? Yox, mən elə də asan sınan qoz deyiləm”. Həyətdə nərd oynayan kişilərdən birinin başını qaldırıb onu eyvanda görməsi ilə ucadan “qonşu, düş nərd ataq” çağırması eyni vaxta düşdü.
Çox sağ olun… çox yorğunam e… oyunçu aparsın…
“Aşağı təbəqənin adamları ilə nərd atmağım yerinə düşməz. Sonra yuxarılara xəbər çatdırarlar ki, nərd oynayanlara qoşulub. Bəlkə qonşu bloklarda da öz adamlarını yerləşdiriblər? Ola bilər”.
Zivədən asılan brend köynəklərini və zərli-qotazlı pərdələri görəndə arvadına cinləndi. Mətbəxə keçib qulağına pıçıltı ilə qışqırdı. “Pıçıltılı qışqırığı” ancaq o edə bilərdi. Və son 8 ildə belə qışqırığa evdəkilər öyrəşmişdi.
Çöldə bahalı paltarlar asma. Allah bilir kamera ilə çəkdilər. Sənə əlli dəfə demişəm ki, indi peykdən də istənilən adamı, eyvanıını çəkə bilirlər. Bu avamlığın məni öldürəcək də…
Yadına düşdü ki, dinləmə qurğuları ilə evin içindəki söhbətləri 500 metr, yaxud bir kilometrlik məsafədən eşitmək mümkündür. Hətta işdəki texniklərin birindən təsadüfən eşitmişdi ki, “indi xaricdə televizorların arxasına xüsusi çiplər yerləşdirib evdə baş verənləri izləyirlər”. Məhz bu səbəbdən televizorun qarşısında divanda ayaqlarının hərəsini bir tərəfə atıb uzanmazdı. Xəbərlərə ağ köynək və qalstukla baxardı.
Özü də kürsüdə oturaq halda. Ümumiyyətlə, soyuq qış günlərində qalın idman kostyumunda, yayda şortidə televizor yerləşən otağa keçməzdi. Sevdiyi filmləri, tamaşaları yuxularında görərdi. Yalnız çarpayısına girəndə gecə paltarı geyinərdi, səhər açılanda isə ildırım sürətilə əynini dəyişərdi ki, bəlkə otağa quraşdırılmış kamera varsa, bunu çəkməyə macal tapmasın.
İndi mətbəxdə arvadına qışqıranda bütün bunlar yadına düşdüyündən, dəftərdən bir vərəq cırıb aşağıdakı sözləri yazdı: “Əlli dəfə demişəm ki, zivədən bahalı paltarlar asma. Son”. Arvadı da ona kağıza yazmaqla cavab verdi: “Bəs, hardan asım? Gözümə soxum?
Son”. Kişi yenidən cavab yazdı: “Dilin uzanıb a… O gün dedim ki, mətbəxdən ip çək ordan as. Son”. Arvadı da ərinin uzatdığı vərəqə yarpaq dolmasının yağına batan əlini önlüyünə silə-silə son cümləni yazdı: “Mətbəxdən assam, paltarların suyu buranı gölməçəyə çevirəcək. Qayıq alarsan üzərik. Son”.
O, səkkiz ildə yediyi qayğanağa istiot tökməzdi ki, boğazı qıcıqlanıb öskürər, sonra xəstəliyini bəhanə edib vəzifəyə aparmazlar. Soyuq pivə içməzdi ki, ayaqyoluna tez-tez gedər, “böyrəkləri xəstədir” deyib vəzifəyə yaxın buraxmazlar. İt-pişik saxlamazdı ki, deyərlər üstündə bit gəzdirir. Bahalı kostyumlarını dolabdan asıb ən nimdaşlarını geyinər, rəhmətlik atasından qalmış qalstukları taxardı ki, “vəzifəyə gətirilsə el malına xor baxmaz” düşünsünlər.
Dibçək güllərini pəncərə ağzına yığmazdı, hava qaralmamış çöldə qalmazdı, səkkiz ildə nərdin, dominonun dadını-tamını unutmuşdu, hətta birinci mərtəbədə yaşayan sərxoşun atmacalarına dözməyə məcbur idi. Bəlkə əsəblərinin hansı həddə olmasını yoxlayırlar?!
Salam alə. Taxtabaş, sənünlə döyləm?
İndi yox. Vəzifəyə təyin olunan günün səhərisi bu sərxoşun ağzının üstünə tərs şapalaq çəkəcəyinə and içmişdi.
Oğlunun başına qapaz salanın atasının başına qapaz salacağına da söz vermişdi. O andlar və vədlər siyahısında zivədən bahalı paltarlar asacağı, həyətə düşüb nərd çırpacağı, üstəlik televizorun qarşısına matador paltarında uzanacağı da vardı.
Hətta mobil telefonuna gələn tanımadığı zənglərə də cavab verməzdi. Nəfəsini içinə salıb “1-2-3” deyər və həlim səslə:
Həsənzadə eşidir… Xanım, nə buyurursuz? Yox, bura hamam deyil… Ola bilsin ki, nömrəni səhv yığmısız.
Yaxud, hərdən danışıq belə də olurdu:
Mənə deyirsiz balqabaq?.. Oğlum, nömrəni səhv yığmısız…
Necə? Gecə zəng edib mənə “ütülənmiş çöl ördəyi” deyəcəksiz?.. Nəzakət qaydalarına əməl etmək lazımdır…
Mənəm uzunqulaq? Hörmətinizə görə təşəkkür edirəm.
Əlbəttə, ona gecə zəng edib ağızlarından çıxanı deyənlərə, uğunub gülüşənlərə vəzifə gözləyən kişi səbrlə yanaşırdı: “Bunlar hamısı vəzifəyə yeni təyinatımdan əvvəlki sınaq testləridir”.
Müavinin dəhliz boyu qaçaraq özünü onun kabinetinə salıb loo xəbəri çatdırması rəisi təəccübləndirdi:
İşdən çıxarıblar? Nə vaxt?.. Bu gün?.. Nə yaxşı.
“Bəlkə, elə onun yerinə təyin edəcəklər? Onda kabinetdə oturmağım gərəkdir”, – deyə düşündü.
O, kabinetdə üç gün oturub saatlarla gözlədi. Müavini yemək alıb verir, o da üç dəqiqəyə yeyirdi ki, birdən yuxarıdan zəng gəlsə udqunmasın, gəyirməsin, bunu ədəbsizlik hesab edib hirslənməsinlər. Hər gələn zəngə diksinməkdən kreslosu ox atan kirpiyə dönmüşdü, böyrünü deşirdi.
– Bəli, buyurun eşidirəm… Yox, siz başqa şöbəyə zəng etməlisiz.
– Həsənzadə eşidir… Evə çörək alım? Oldu, həyat yoldaşım…
Əlbəttə, bir ailə sahibi olaraq çörək almaq mənim borcumdur. Və sizin ac-yalavac qalmamağınız üçün bunu etməliyəm.
Arvadı ilə dişlərini sıxaraq mədəni danışmağa məcbur idi. Telefonuna qulaq asıldığını zənn etdiyindən ona ya “eşqim”, ya “uşaqlarımın anası”, ya da “mənim sevgim” deyirdi. Qoy görsünlər ki, ailə dəyərini bilən şəxs vəzifə dəyərini də biləcək.
Üç gündən sonra həmin vəzifəyə başqa adamın təyinatından sonra adi qaydada otağından çıxıb şöbələri gəzdi, tapşırıqları telefonla yox, üzbəüz verdi, naharı bufetdə etdi, daha evə gecə getmədi.
Düz səkkiz il idi ki, otağından çıxanda işıqları yanılı qoyardı ki, bayırdan keçənlər hələ də işlədiyini güman etsinlər, “bu kişinin gecəsi-gündüzü yoxdur” desinlər. Bu illər ərzində facebookda da şəxsi fikirlərini yazmaqdan, lətifələr paylaşmaqdan, sevinc və kədərini bölüşməkdən məhrum olmuşdu.
Birgə qonaqlıqlara, pikniklərə gedən, otaqda tort kəsən, bir-birilə zarafatlaşan əməkdaşlarına həsəd aparar, qaxıldığı kabinetində az qalardı ürəyi partlasın. Heç olmasa metroya minib sadə vətəndaş kimi o kəskin qoxuları ciyərinə çəksəydi, bir “qol” sevinci ilə stadionda qışqırıb günəbaxan tumu çırtlasaydı, əlini oğlunun kürəyinə qoyub təbiətin qoynuna çıxsaydı, həyat yoldaşına nümayişkaranə şəkildə bahalı ətirlər alıb, qoluna qızıl saat taxsaydı, satıcı qızlarla zarafatlaşıb hələ də gənclik ruhunda olduğunu göstərib lovğalansaydı, dəniz sahilində şortla gəzişib özünü quma basdırsaydı, paraşütlə tullanıb içini silkələtsəydi – o, bütün bunlardan məhrum idi.
Daha doğrusu, özünü bütün bunlardan məhrum etmişdi. Sosial şəbəkədə yalnız klassik musiqilər paylaşar, profilindəki ciddi görkəmli şəklini dəyişməz, yazılan rəylərə fikir bildirməzdi. Hesab edərdi ki, onun ciddi şəxs olduğunu tam yəqinləşdirib vəzifə təyinatında bir qərara gələcəklər.
Şöbəyə yenicə işə düzələn qəşəng qıza da gözlərinin ucu ilə baxmazdı. Qızdan ötəri əriyib getsə də, düşünərdi ki, gözəlçəni təlimatlandırıb bura qəsdən göndəriblər.
– Sizin otağa tez-tez gələndə narahat olmursuz ki? Sadəcə, işə yenicə girmişəm, tanış olmadığım məsələlər var.
– Xanım, hər hansı məsələ ilə bağlı istənilən sualı ünvanlaya bilərsiz.
Saçını daim vurdurar, boynunun ardında bir santimetr də tükün bitməsinə imkan verməzdi. Üzünü təraş edəndən sonra yanağına azacıq pudra sürtərdi ki, turp kimi qırmızılığı gözə girməsin. Deyərlər ki, “darı yeyib cənnətdən çıxan siçanlara bənzəyir”. Uzun illərdən sonra tələbə yoldaşının zəngi onu fikirlərdən ayıltdı:
– Ay sənin səsini eşidək…
– Alo, kimdir danışan?
– Bəhramdır, tələbə yoldaşın… Əə, zırrama, səsimi tanımadın? Deməli belə. Sabah “Çarli” barında diskoteka olacaq. Sənə də yer tutmuşuq, gələrsən dərdləşərik. Neçə ildən sonra sifətini də görərəm.
– Bağışlayın, mən elə yerlərə getmirəm. Bara getmək əqidəmlə uyğun gəlmir.
– A kişi, sən kimlə danışırsan? Bambılılıq eləmə, Bəhramdır e sənlə danışan. Hərdən başına qapazlayan Bəhram.
– Üzr istəyirəm, məncə siz nə ailədə, nə də orta məktəbdə nəzakət qaydalarını tam mənimsəməmisiniz. Nə vaxt bunları öyrənsəz, onda da zəng edərsiz.
-Yaxşı da… mırt tutma. Gör neçə ildir ki, səni görmürəm.
Moskvadan təzə gəlmişəm. Bir həftəyə gedirəm. Gəl, barda görüşək, Ənvər, Vaqif, Əhliman, Mirzəmməd, Araz və Salman da orda olacaqlar. Krevetkayla pivə içərik. Axırda da cavanlara qoşulub rəqs edərik. Maraqlı olacaq e.
– Bəhram müəllim, mən işləməliyəm. İşin gedişatını şəxsi əyləncəyə qurban vermək olmaz. Anlayırsız?
Dəstəyin o biri başından ağır fısıltı eşidildi. Gərgin sükut bu sözlərlə tamamlandı:
Ətin tökülsün, – deyə tələbə yoldaşı telefonu qapadı.
“Görəsən, bu otaqda gizli kamera quraşdırmayıblar?”. Kreslosundan qalxıb otağın bütün künclərinə nəzər saldı. Bir ay əvvəl xadimənin adəti üzrə otağı 15 dəqiqəyə deyil, yarım saata təmizləməsini indi anladı. Düşündü ki, xadimə təlimata uyğun qaydada kameranı haradasa quraşdırıb.
Eynəyini az qala gözünün ağına soxmaqla güldanın içinə-çölünə dəfələrlə baxdı. Ayağının altına kürsü qoyub barmaqlarını divara vurulan geniş ölçülü televizorun ekranına sürtdü, boylanıb arxa hissəsinə gözlərini zillədi.
Çöməlib masanın altına nəzər saldı. Hətta pərdələrin uclarını da yellətdi ki, kamera yerə düşsün. “Görünür, o kamera gözəgörünməzdir” düşünərək yenidən kreslosuna əyləşib əlini çənəsinə dayadı.
Səkkiz il ərzində xeyir işlərə gedib sağlıq deməkdən, yas məclisində “salavat” çevirməkdən imtina etmişdi. Vəzifə gözləntisinə dözəcəkdi, əzabla, dişi-dırnağı ilə çıxacaqdı o hündür divara, qalxacaqdı o hündür nərdivanı…
…“Çarli” barı rəngbərəng işıqlardan az qalırdı od tutub alovlansın. Gənclərin əcnəbi musiqilərə dəli kimi oynamaları barın sağ tərəfindəki masada əyləşən yeddi nəfərin eyninə də deyildi.
Həmin yeddi nəfər qışqıra-qışqıra danışır, estrada musiqisinin gur səsindən bir-birinin qulağına bağırır, parçlardakı pivələrə duz tökür, kimi köpükləri üfürür, kimi başına çəkib yaxınlıqdakı ofisiant oğlanın köynəyindən dartırdı ki, birini də gətirsin. İstilənənlər tərlərini silir, qəhqəhə çəkməkdən ağızlar qulaqlara tərəf uzanır, tələbəlik illərinin xatirələri qurtarmaq bilmirdi ki, bilmirdi. Birdən musiqi kəsildi, mikrofondan səs eşidildi:
Mənim tələbə yoldaşım, neçə illər üzünü görmədiyim Bəhramın şərəfinə bir “Qoçəli” rəqsi.
Yeddi nəfər səs gələn tərəfə qanrıldı. Və gənclərin sağa-sola çəkilərək yaratdıqları dəhlizi gördülər. O, dəhlizdən Həsənzadə gəlirdi, özü də süzə-süzə. Qoluyla Bəhramı və o biri uşaqları mərkəzə – oynamağa dəvət edirdi.
Bir neçə dəqiqədən sonra tələbə yoldaşları mərkəzdə əməlli-başlı həngamə çıxardılar. Nisbətən yaşlı kişilərin cavanların əhatəsndə oynaması qəribə görünsə də, bu mənzərə bardakı müştəriləri güldürmür, əksinə sevindirirdi ki, onlar müasirdirlər. Gənclər də qoşulub milli rəqsləri oynamağa girişdilər.
Həsənzadə gah oynaya-oynaya fırlanır, gah da dizini yerə qoyub əl çalır, gah da qollarının ilanvari hərəkətləri ilə rəqsin incəliklərinə dərindən yiyələndiyini sübut etməyə çalışırdı. Bəhram ucadan qışqırdı:
– Səndən küsmüşəm. Oynamağımıza baxma, daha sənlə danışmayacam.
– Dünən telefondakı danışığıma görə? Əşi, fikir vermə.
– Doğrudan, o nə məsələ idi?
– Düz 8 il əvvəl mənə dedilər ki, yüksək vəzifəyə təyin ediləcəm, vaxtımı gözləyim. Mən də düz 8 il gözlədim. Dünən hər şeydən bezdim, getdim həmin adamın yanına. Dedim “axı, səkkiz ildir ki, gözləyirəm”. Gözlərini təəccüblə döyüb dedi ki, “bəs bilmirsiz?”. Soruşdum “nəyi?” Dedi ki, “vəzifəyə təyin olunacağınızla bağlı sizə etdiyim zəngdən üç gün sonra belə məsləhət görüldü ki, “vəzifə sizə yox, başqasına verilsin”.
Bu barədə qərarı sizə çatdırmağı köməkçimə tapşırmışdım.
Vay, vay… İndi bura gəlməyinizdən anladım ki, köməkçim məsuliyyətsizlik edib. Bu illər ərzində siz də ümidlə gözləmisiz. Nə pis oldu”.
O adamın otağından çıxanda qalstukumu çıxarıb hara gəldi tolazladım, küçənin o biri başındakı kafeyə girib duzlu xiyarla 200 qramı elə ayaqüstü aşırdım. Sonra tələsik bura qaçdım.