.....

.....

“XANIM” – Yeganə Əhmədova

“XANIM” – Yeganə Əhmədova

“XANIM”
(hekayə)

Bu hadisənin üstündən illər keçib. O zaman hələ torpaqlarımız işğal altında idi. Faciələrin il dönümündə “Qarabağ” deyə-deyə fəryad edirdik. Vətənin bir parçasının azad ediləcəyinə inam həm var idi, həm də yox idi. Amma o zaman üçün ən yaxşısı o idi ki, Azərbaycanın qəhrəman oğlu Ramil Səfərov həbsdən azad edilmişdi. Bu hekayənin yazılmasına səbəb olan Xanım qarı da o zaman sağ idi. İndi isə kim bilir, bəlkə də çoxdan haqqın dünyasına qovuşub.
Həmən günlərin birində günəş şüaları yeri-göyü yandırıb yaxırdı. Payızın ortaları olmasına baxmayaraq, qızmar istilər tüğyan edirdi. Cadar-cadar olmuş yollar və bircə yarpağı belə tərpənməyən ağaclar bir damcı yağış üçün göylərə üz tutmuşdu. Yolun kənarında sərnişinlərini gözləyən şəhərarası avtobusun içərisində bürküdən nəfəs almaq olmurdu. Bəlkə bir az meh əsər deyə avtobusun pəncərəsini açıb qarşısında oturmuşdum. Dəqiqələr keçir, amma avtobus yola düşmək bilmirdi. Səbrimin daraldığı bir vaxtda göydən düşmüş kimi bir qarı avtobusa daxil oldu.
Qocalıb əldən düşən adamlar haqqında adətən, “yumağa dönüb” deyirlər. Amma nəticədə yumağın da bir görkəmi var axı. Bu qarını bənzətməyə isə bəlkə də dünyada heç bir şey yoxdur. Balaca və quru vücudu, çuxura düşmüş boz-bulanıq gözləri, çil-çil yastı sifəti və paltar adına geyindiyi nimdaş əyin-başı, necə deyərlər, cini də hürküdürdü, elə şeytanı da.
Onu görən kimi üzümü pəncərəyə tərəf çevirdim ki, qarı tək olduğumu görüb məni söhbətə tutmasın. Adətən, belə avtobuslarda bir-birini tanıdı, tanımadı, adamlar vaxtı “səmərəli” keçirtmək üçün söhbətə başlayırlar. Bu gün isə heç kiminlə, xüsusən də bu qarı ilə danışmağa nə səbrim var idi, nə də marağım… Amma görünür qarının mənə əhəmiyyət vermək fikri yox idi. O, əvvəlcə əlində gətirdiyi böyük bir vedrəni yerləşdirib, sonra da özü oturdu. Başına bağladığı yaylığının ucu ilə damarları çıxmış boyun-boğazının və quruyub qaxaca dönmüş sinəsinin tərini sildi. Sonra isə bir-neçə dəfə dərindən nəfəs alıb arxaya söykəndi.
Avtobus yola düşməyə hazırlaşırdı ki, bir qadınla cavan bir oğlan içəri girdi. Görünür hər ikisi qarını yaxşı tanıyırdı. Qadın əyləşən kimi:

– Xanım xala, hara belə? – deyə heydən düşüb huşa getmiş qarıdan soruşdu.
Qarı qadına cavab verməyə tələsmədi. Sanki əvvəlcə qadının sözlərini başa düşməyə çalışdı. Nəhayət aram-aram söhbətə başladı:

– Bağa gedirəm, üzüm yığmağa. Neçə gündür evdən çıxa bilmirəm. Elə ki, evdən çıxıram qəsəbənin uşaqları barıdan həyətə düşüb evimi dağıdır.
Qadın həmən uşaqların arxasınca deyinə-deyinə bir də soruşdu:

– Bu istidə niyə oturmursan evində? Bağa gedib-gəlmək səni lap əldən salar.
Qarı bir əliylə boş vedrənin kənarından tutub:

– Yox ey, xeyli vaxtdır həkim gəlib gözümə dərman tökürdü. Mən də nə qədər elədim pul götürmədi. Borclu qalmaq istəmədim. Dedim heç olmazsa bağdan üzüm yığıb həkimə aparım.
Qarının cavabı elə bil məni silkələdi. O danışdıqca qəribə bir maraq diqqətimi qarıya tərəf yönəltdi. İlahi, yığışmış balaca vücuduyla hörümçəyə bənzəyən bu qarı borclu qalmamaq üçün özündən ağır bir vedrə ilə çölün düzünə üzüm yığmağa gedirdi.
Qarı danışmaqda davam edir, qadın isə onu fikrindən daşındırmağa və bağa getməkdən çəkindirməyə çalışırdı. Bu vaxt avtobusun radiosunda “Xəbərlər” proqramı başladı. Bunu eşidən qarı söhbəti dayandırıb radioya diqqət kəsdi. O elə maraqla dinləyirdi ki, sanki xeyli vaxtdan bəri gözlədiyi mühüm bir xəbəri eşidəcəkdi. Amma görünür gözlədiyi xəbəri eşitmədi deyə başını aşağı salıb bir-neçə dəqiqə dinmədən durdu. Sonra isə sanki özü ilə danışırmış kimi sözə başladı:

– Televizora baxan deyiləm. Yaxşı heç nə vermirlər. Bircə “Xəbərlər”ə baxıram. Hər səhər durub televizoru açıram ki, görüm nə danışırlar. Deyirəm görəsən bizimkilər Kəlbəcəri nə vaxt alacaqlar?!
Kəlbəcəri nə vaxt alacaqlar?!
Aman Allah..!
Hələ bu balaca qarının dərdinin böyüklüyünə bax! Bu gündən sabaha yaşamaq ümidi olmayan, bu qurumuş canı ilə bəlkə elə getməkdə olduğu üzüm bağında belə istiyə tab gətirməyib keçinəcəyini düşündüyüm bu qəribə qarının saflığına və məsumiyyətinə bax!
Elindən qaçqın düşüb Murovdağ qəsəbəsində sığındığı tör-töküntülü bir daxmada qarı necə böyük xəyallarla yaşayırmış əslində!
Bayaqdan kənarda oturub qarı ilə qadına qulaq asan oğlan da söhbətə qarışdı. O, müharibənin gedişatından və cəbhədəki son vəziyyətin nə yerdə olduğundan danışdı. Ramil Səfərovun həbsdən azad edildiyini və ermənilərlə birlikdə bəzi xarici dövlətlərin də buna etiraz etdiyini deyəndə qarı lap özündən çıxdı:

– Bizim neçə-neçə gözəl oğlanlarımız şəhid oldu. Heç buna etiraz edən tapılmadı. Amma Ramilin buraxıldığına etiraz edirlər.
Oğlan da qarının sözünü təsdiqlədi:

– Elədir, Xanım xala. Nə var, nə var Ramil Səfərov bir erməni dığasını öldürüb.
Bu dəfə qarı lap uşaq sadəlövhlüyü ilə:

– Ay onun qadası bütün dığaların ürəyinə dəysin – deyə düyünlənmiş balaca yumruğunu hiddətlə havada silkələdi.
Nəhayət avtobus yol ayrıcına çatdı. Qarı vedrəsini arxasınca sürüyə-sürüyə avtobusdan düşdü. Uzaqda güclə seçilən üzüm bağları görünürdü. Demək, qarı hələ xeyli piyada getməli idi. Bağa çatana qədər kölgəsində daldalanıb nəfəs dərməyə nə bir ağac, nə də bir ev vardı. Qarı isə günəşin cadar-cadar etdiyi kələ-kötür yollarla irəliləyir, özü ilə birgə həkimə qarşı duyduğu borc hissini və Kəlbəcərin həsrətini də aparırdı.