.....

.....

Xilas edilmiş həqiqət – Elsevər Abdullayev

Xilas edilmiş həqiqət – Elsevər Abdullayev

Xilas edilmiş həqiqət

1990-cı illər idi. Mobil telefonlar, kompüterlər, texniki avadanlıqlar təzə-təzə gündəmə gəlirdi. Bu vəziyyət dəyişdikcə dünyadakı yaşıllıqlar da yavaş-yavaş azalırdı. Sanki hansısa sehrli bir əl texnikanı inkişaf etdirir, təbiəti isə məhv etməyə çalışırdı.
Faiq kompüter üzrə mütəxəssis idi. Əslində, bu məsələdə onun da rolu az olmamışdı. Faiq iddia etdiyinə görə, bir neçə il əvvəl elektrikçi atasının yanında köməkçi kimi işləmişdi. Elə atasına kömək edən zaman da onu elektrik vurmuşdu. İşə bax ki bundan sonra o özündə yeni istedadlar kəşf etmişdi. Nəyə əl atırdısa, onunla bağlı beynində yeni fikirlər yaranır və o bu fikirləri necə tez bir zamanda reallaşdıra biləcəyinin yollarını gözləri önündə görürdü. O bu istedadını ilk dəfə anasına yemək bişirmək üçün kömək etdiyi zaman kəşf etdi. Anasının yemək hazırlamağa nə qədər çox vaxt sərf etdiyini anladığı an robot aşpaz ixtira etmək düşüncəsinə qapıldı. Qısa müddət sonra onların evlərində robot yemək hazırlayırdı. Sonra özü yeriyən robot-süpürgə yarandı. Sonra robot tərcüməçi, robot fəhlə, robot dəllək…
Onun bu istedadının gündən günə aşıb-daşdığını görən anası ona söz verdirdi ki, bacarıqlarını insanların xeyrinə istifadə etsin və heç kimə imkan verməsin ki, bu istedaddan insanların əleyhinə, onlara zərər verəcək nələrdəsə yararlansın. Faiq söz verdi, amma zaman keçdikcə bunu unutdu. Bir yandan onun köməkliyi ilə məktəbdəki dərsliklərin yerini tabletlər, elektronik lövhələr aldısa da, digər tərəfdən də onun yaratdığı meşəbiçən robotlar, heyvan ovlayan robotlar, quştutan robotlar meydana çıxdı. Dünya robotlarla, robot-zavodlarla doldu.
İllər keçdi, Faiq yaşlaşdı. Artıq onu dünyada tanımayan yox idi. O xalqın sevimlisi olmuşdu, eyni zamanda da ayrı-ayrı dövlətlər onun bacarıqlarını əldə etmək üçün bir-biri ilə mübarizə aparırdı.
2034-cü il gəlmişdi. Faiq artıq yaşlamışdı, oğlunu öz davamçısı kimi yetişdirirdi. Oğlunun adı Cek, qızının adı isə Mariya idi. Bəlkə də fikirləşəcəksiniz ki, necə olur ki atanın adı Faiq, uşaqların adı isə Cek və Mariyadır? Məsələ ondadır ki, Faiq dünyanın qloballaşacağına inanırdı. Ölkələrin bir gün birləşəcəyini, eyni dil, eyni əlifba, eyni adlar və eyni hegemon mədəniyyətin olacağını düşünürdü.
Bir gün Faiq ağciyər çatışmazlığından əziyyət çəkməyə başladı və yatağa düşdü. Həkimlər onun ciyərlərinin yaşadığı şəhərin havasına dözə bilmədiyini dedilər. Hava çox zəhərli idi.
Cek və Mariya atasını ziyarətə gəldikləri zaman onun evində, iş masasının üstündə təsadüfən bir fayla rast gəldilər. Byu faylda dünyadakı yaşıllıqların necə yox olacağını proqnozlaşdıran xəritəüstü sxemlər təsvir edilmişdi. Qəfildən Mariyanın gözü xəritədə işarələnmiş balaca bir yaşıl dairəyə sataşdı. Bura dünyada ən əlçatmaz yer – okeanın tam ortasında yerləşən bir ada idi. Bu ada xalqı digər xalqlardan o qədər izolə edilmiş halda yaşayırdı ki, hələ də qəbilə quruluşunda idilər. Ən əsası da bu ada dünyada artıq mövcud olmayan yaşıllıqları özündə qoruyub saxlayırdı.
Faiq Mariyaya atalarını ora aparmalı olduqlarını dedi. Lakin Faiq ağzında keçirilmiş nəfəs cihazını kənarlaşdıraraq güclə eşidiləcək səslə uşaqlarına bu sözləri söylədi: “Yaxşısı budur o adaya gedib oradan bu yerlərə ağac tingləri, bir az torpaq, bir də toxumlar gətirəsiniz. Əsas olan təkcə mənim xilas olmam deyil. Əsas olan dünyanı qurtarmaqdır. Mən anama verdiyim sözü tuta bilmədim. Bacarıqlarımdan insanların əleyhinə istifadə olunması üçün imkan verdim. İndi də sizin mənə söz verməyinizi istəyirəm. Dünyanı xilas etmək üçün çalışacağınıza söz verin”.
Mariya və Cek bu sözləri deyib gözlərini yuman atalarının vəsiyyətinə əməl edirlər. Məhz o gündən başlayaraq yer üzündə yaşıllaşdırma hərəkatı başlayır. Dünyanın xilas edilməsi üçün bu hərəkatın hələ yüz illər sürəcəyi ehtimal edilir. Amma eyibi yox. Əsas məsələ həqiqəti görmək, dərk etmək və xilas etməkdir.

Elsevər Abdullayev
9-cu sinif şagirdi