Yeni ailələr, köhnə talelər
(Esse)
Yeni dövrün yeniyetmılərinin ailə dramına nəzər salmazdan əvvəl indiki nəslin dili ilə desək— ” keçmiş dövr”ə az da olsa səyahət edək.
Bu keçmiş dövr, keçmiş zamanın adamları, dedikdə sən demə indiki nəsil çox da uzağı nəzərdə tutmurlarmış. Təxminən iyirni il öncəni nəzərdə tuturlarmış. Yəqin çox dərinə getmək belə ağır və ya çətin görünür onlara.
Məlum məsələdir. İndi hər işin asanını seçirlər axı…Texnologiya dövrüdür! “anlamaq olar.” Dayaz düşüncələr nəinki adət-ənənəmizə, hətta ailə durumlarına da təəsir etdi. Məsələn; çətinliyə alışmamaq, mənasız liderlik əldə etmək, sosial şəbəkələrdə tanış olub “beş günlük” ailə qurmaq, bəzi psixoloqların işini asanlaşdırıb uşaq nə dedisə o, olmalıdır kimi fikirlər yürüdüb ailədə ikitirəlik yaratmaq, uşağa “Olmaz” kəliməsini işlətməyin qadağan olduğunu qloballaşdırıb gələcəyə ərköyün nəsil ötürmək və ən əsası da sonda nəticədə statistika hesablamalarına görə boşanmaların sayının evlikilərin sayından çox olması kimi amillər və s kimi fikirlər kiçik dövlətləri (ailələri) qərarsız vəziyyətə gətirib çıxarır.
Bəlkə də gənc nəsil məni və mənim kimi düşünən yazıçıları, şairləri, publisistləri və s kimi insanları qınayacaq. Olsun, bəzən qınaq obyektinə çevrilən məsələlər sonda haqlı yerdə olduğunu sübut edir.
Bircə sözə bəndsən ki, ailə dramlarını dinləyəndə bir öyüd verəsən ki, ay cavan oğlan, ay cavan qız nə olar, hər evdə söz olar, adamın biri od olanda, o birisi su olar. Baxmayaraq ki, elə də ciddi məsələ deyil, böyütmək üçün kuçik bəhanələrdir. Sadəcə ərköyünlüyün və liderliyin, bəlkə də loru alınsa da bu fikrimi də çatdırım– görməmişliyin nəticəsidir. Və yaxud deyirsən ki, evin kişisidir, həyat yoldaşındır fikirlərinə hörmət et. Adamı az qala topa tutsunlar.
—Nə danışırsınız! İndi qadın–kişi bərabərliyi var. Siz keçmişdə qamısınız. Ağlınız o dövrə getməsin.
Görəsən ö dövr çoxmu uzaqda qalıb??
Bu qadın–kişi bərabərliyi isə məni heç açmır vallah. Nə bilim, yəqin təzə qayda–qanunlardır. Geridə qalmışıq, xəbərimiz yoxdur. Axırımız, axırınız xeyir olsun.
Hələ qaynata–qaynana məsələlərini demirəm…
Bünövrəsi elə elçilikdən başlayan və qloballaşmaqda davam edən yeni tendensiya.
—”Mən ayrı yaşamaq istəyirəm. Qaynata-qaynana ilə yaşaya bilmərəm”. Baxmayaraq ki, hələ ailə ilə heç dərindən tanışlığı da yoxdur bəlkə. Bəziləri fikirləşəcək ki, bəs neçə aylardır, bəlkə də ildir ki, nişanlıyıq tanıyırıq. Əzizlərim tanıyırsınızsa ailəni də sevməlisiniz, hörmətlə yanaşmalısınız. Oğula, yəni gələcək həyat yoldaşınıza sevgidən başqa hörmətiniz də varsa. Əzizlərim “Su girdi qaba, oldu içməli” Birlikdə yaşamadan heç bir qərarı düzgün vermək olmaz. Əlbəttə hər kəs birgə yaşamaq məcburiyyətində deyil. Əlbəttə gəncləri də anlayan vardır. Sadəcə adət-ənənənin ilk gündən pozulması münasibətlərin soyumasına gətirib çıxarır.
Şərtlər yerində və məqamında, ölçüsündə və hörmətlə olsa daha yaxşı olmazmı?? Yeni şərtlərdən biri də dünya malıdır. Məsələn;
—”Evin, avtomobilin olmasa, mən səninlə ailə qura bilmərəm!”
Hələ şəxsi avtomobili demirəm, həyatımızın ayrılmaz hissəsinə çevrilən son model telefonu demirəm. Şeilərimdən birinidə belə bir ifadə işlətmişəm; “Qara qutu”
Qara qutu adlandırdığım mobil telefonlar indiki nəslin öyüd-nəsihət verəninə çevrilib. Deyəsən mən özüm də inanmağa başlayıram, təbii ki, bəzi məlumatlarda. Marifləndirən və tərbiyəvi əhəmiyyət daşıyan nüansları çıxmaq şərti ilə.
Çoxlarının dönə-dönə oxuyib qaşının çatıldığı və üzündə təbəssüm yaratdığı bu şeirimdə sözü gedən məsələlər əslində bir həqiqətdir.
Bu da indiki nəslin məhəbbəti. Əşyalara olan məhəbbəti insanlara qarşı olan məhəbbəti üstələyib. Yəqin əziyyətə qatlaşmaq, alın təri ilə nəsə əldə etmək ar olub.
Mən təkcə gəncləri qınamıram, heç qınamağa da haqqım yoxdur bəlkə. Mənim şəxsi düşüncələrimdə belə nəticəyə gəlirəm ki, bəzən biz böyülklər də öz misyamızı yetərincə yerinə yetirmirik. Əvvəllər deyərdilər ki, gələn insan sənin evinin qibləsinə, yəni qayda-qanununa uymalıdır. İndi məsələlər Mirzə Ələkbər Sabir demişkən “Hər şey tərsinə dövran edir indi” Əvvəldən vədlər verilir. Gücü (imkanı) çatanı başa düşdük, bu gücü olmayanlar da o odda yanmağa məhkum edirik axı. Verilən vədlər bəzən baş tutmayanda ya bir az zaman tələb edəndə “Su qalır körpünün o tayında”
Əşyalara olan məhəbbət və qayğı insanların qəlbini qırır. Hətta bu amillər elə bir zamanda baş verir ki, ortalıqda olan qığılcımlar sönməyə başlayır.
Körpələr travma alır.
Nə deyirəm ki, yolunuz açıq, işiniz avand olsun!
Hə, bir məsələni az qala unutmuşdum…”Keçmişini unudanın gələcəyi olmaz! Və yaxud keçmişini unudanı gələcək topa tutar!”
Yeni ailələr köhnə talelərdən az da olsa bəhrələnsə məncə pis olmaz!
Rəqsanə Tapdıqlı
AYB-nin üzvü