.....

.....

YENİ BAŞLANĞICIN ƏVVƏLİ – Mahir Cavadlının hekayəsi

YENİ BAŞLANĞICIN ƏVVƏLİ – Mahir Cavadlının hekayəsi

YENİ BAŞLANĞICIN ƏVVƏLİ

Bir azdan güləş döşəyinin üzərinə çıxacaqdılar. Bu dəfəki yarımfinal görüşləri əvvəlki olimpiyadalara bənzəmirdi. Zəif idmançı, demək olar ki, yox idi. Yarışlarda ilk dəfə mübarizə aparanların təcrübəli, adlı-sanlı, titullu rəqiblərini sıradan çıxardığı hallar az deyildi. Bununla da olimpiya həyəcanı daha da artırdı. Ancaq bu günki qarşılaşma, həm də bu qarşılaşmadan öncəki baxışların toqquşması tam başqa idi. Qatbaqat təcrübəli əcnəbi idmançı bir neçə il idi ki, Azərbaycanı təmsil edirdi, uğurları da az deyildi. Buna münasib olaraq qazancı da, dolanışığı da! Azərbaycanlılar arasında hörməti də kifayət qədərdi, yerli idmançılara münasibətdə hələ bir az da artıq idi. Axı bütün dünya bilir ki, bu millətin digər millətlərə qarşı ayrıseçkiliyi heç vaxt olmayıb. Təkcə onu xatırlatmaq kifayətdir ki, beynəlxalq yarışlarda bu ölkəni təmsil edən yerli idmançıların sayı ilbəil artır. Əcnəbi idmançılar yerlilərdən daha çox qazanırlar, daha çox qayğı, diqqət görürlər. Beynəlxalq yarışlarda nəticə əldə etməyənlər belə komandalardan kənarlaşdırılmır və kollektivin daimi üzvlərinə çevrilirlər. Bir çox idmançıların ölkədə qalıb yaşaması da buna sübutdur.
…Vestübüldə bir-birini mehriban salamladılar, adi hal idi. Azərbaycanlı idmançının Azərbaycandan bir köynək yaxın olan əcnəbi baş məşqçisinin də əlini sıxmağa vaxt tapdı. Bütün bunlar həm idmançılar aasında isti münasibətə yaxşı jestlər idi, həm də…

-Necə olacaq?!..

-Nə?..

-Axı?!
Azərbaycanı təmsil edən əcnəbi idmançı rəqib soydaşının küskün baxışları altında başını aşağı dikdi.
-“Tsarmatedebi”, – bunu əcnəbi güləşçü döşəyə dəvət olunanda sakitcə pıçıldadı.
-“Udaçi” – bunu da illərdir Azərbaycanı təmsil edən güləşçi. Mikrofonda adı çəkiləndə tamaşaçılar arasında alqışlar ucaldı. Özünü şax tutaraq o da seyrçiləri salamladı. Rəqiblər göz-gözə baxıb bir-birinin əllərini sıxdılar. Bu jestlər yalnız nəvazişdən, doğmalıqdan soraq verirdi, bəlkə rəqiblikdən də uzaq jestlər idi.
Hakim əllərini yuxarı qaldıranda rəqib soydaşının şəstlə atılıb-düşməsi müqabilində belə açıq hiss olunan aciz baxışlarını sezdi və sanki yuxudan ayıldı, düşüncələr onu yaxın uzaqlara, bir neçə il əvvəl hələ öz komandasında çıxış edərkən yaranmış eyni situasiyanı yadına saldı. Medal uğrunda yad ölkəni təmsil edən idmançıya uduzan komanda yoldaşı bir qıraqda qalmışdı, hamı qalib idmançının ünvanına lənətlər yağdırırdı.
…“Məni də söyəcəklər, qohum-əqrəba, dost-tanış məni də lənətləyəcək, elə doğmalarım da məni qınayacaq. Onlara necə izah edim ki, Azərbaycan xalqı bizim kimi düşünmür, onlarda milli qürur da var, milli düşüncə də, məğrur, mərd, dostcanlı millətdir. Mən bu illər əzində onlardan çox şey əxz elədim.”
Döşək hakiminin biləklərindəki göy və qırmızı lentlər diqqətini cəlb elədi. Nə vaxt döşəyə çıxmışdılar xəbəri olmamışdı. Fit çalındı, güləşmək lazımdır. Meydana qırmızı rəngli formada çıxmışdı, qan rəngində. Yadına Azərbaycan xalqının qanlı tarixi ilə bağlı gördükləri və eşitdikləri düşdü.
“Bu millət nələrdən keçibdi, ilahi! Minlərlə günahsız insanı qurban vermiş, 30 il torpaqlarının işğalda qalması qürurunu sındırmamışdı bu millətin. İçi biz gürcülər qarışıq dünya onları qınayıb, haqq səsinə səs verməyib, nahaq qanlar tökən baiskara tərəfdar olub. Bir dindən olduğumuza görə azərbaycanlılardan yaxın sandığımız ermənilərin “dənizdən-dənizə” xülyaları bölgəmizə hansı bədbəxtliklər gətirdi?! Bu haqda da düşünməmişik. Boynumuza almalıyıq ki, dar ayaqda kömək əlini uzadan azərbaycanlılara qarşı biz də haqsız olmuşuq”.
…Çiyin-çiyinə söykənmişdilər, bir-birinə əzələ nümayiş etdirirdilər. Hərdənbir yekəpər əlləri ilə başdan itələyir, ayağa sarınmağa cəhd göstərir, aldadıcı manevrlər üçün fürsət axtarırdılar. Yaxşı başa düşürdülər ki, bəlkə də qızıl medalın taleyi bu çəkişmədə həll olunur, başqa sözlə qalib gələn təmsil etdiyi ölkənin himnini səsləndirməyə, bayrağını ucaltmağa daha bir addım atmış olacaq.
“Nə gözəl olar ki, mən də təmsil etdiyim müzəffər Azərbaycanın üçrəngli bayrağını ən ucalara qaldırıb, himnini dünya arenasında səsləndirə bilim. Çox yəqin ki, bütün azərbaycanlıların sevincinə səbəb olacam, təbriklərini qəbul edəcəm, hətta ölkənin Ali Baş Komandanı, Birinci xanımı da sosial şəbəkələrdə təbrik ünvanlayacaq. İdmançıya başqa nə lazımdır axı?!”…
“Bəs VƏTƏN?! Doğma yurd, el-obam, qanım-qanından, canım-canından olan ulu millətim?! Əzizlərim, doğmalarm, onlar necə? Görəsən, mənim bu qələbəmə də sevinə biləcəklərmi? Məni təbrik etmyə milli qürurları yol verəcəkmi? Görəsən…”
Fənd işlətmək istədi, həm də işlətməyə ürəyi gəlmədi. Həmişə uğurla tətbiq etdiyi fəndi bu dəfə yarımçıq qaldı, ayağı nə vaxt rəqibinin əlinə keçdi, bilmədi. Belə boşluq buraxacığı ağlına belə gələ bilməzdi. Tablonun göy rəngl tərəfində 2 rəqəmi onu sarsıtdı. Elə bil əlləri, ayaqları boşalmışdı: bir tərəfdən qələbə gələrək çoxdan ürəyində gəzdirdiyi arzularını həyata keçirmək haqqında düşünürdüsə, digər tərəfdən hansısa qüvvənin təsiri ilə bunu etməyə ehtiyatlanırdı.
Fasilədə məşqçilərin onu təlimatlandırmalarına özü də hiss etdi ki, çox loyal yanaşır, yalnız başını yelləməklə cavab verirdi, nədənsə gözlərini gizlətməyə çalışırdı. İdmançılar yenidən döşək üzərinə dəvət olunanda rəqibi bir daha atılıb-düşməyə başladı, özünü mübarizədən yayınırmış kimi göstərməyə çalışdı. Yenidən gah çiyinləri, gah da başları ilə bir-birinə hərbə-zorba gəlməyə girişdilər. Artıq vaxt keçirdi, tələsmək lazım idi.
…“Mən indi nə edə bilərəm, hansı fəndlə qələbəni geri qaytara bilərəm. Bu qələbə bütün həyatımın mənasına çevrilə bilər, şöhrətim, şanım, qazançım… Olimpiya ulduzu olmaq hamıya qismət deyil. Bəs…”
Rəqibinin cəld manevrindən çıxılmaz vəziyyətə düşdü, çaşqınlıqdan bu dəfə də ayağının birini öz həmyerlisinə təslim etdi… Bu, son idi, yeni başlanğıcın əvvəli – SON!…