ZƏFƏR GÜNÜ
Səhər açılmamışdı hələ. Kəndin üstünü duman bürümüş, çayların səsi sükuta qarışmışdı. Sanki təbiət belə o günü gözləyirdi.
Günel pəncərənin önündə dayanmışdı. Bir əlində atasından qalan köhnə medalı saxlayırdı. İllərin pası bu medalın üstünü örtmüşdü, amma xəyalında o hər zaman parlaq idi. Atası mayor Səlim o zaman, hələ Günel uşaqkən Qarabağ döyüşlərində şəhid olmuşdu. Anası hər dəfə medala baxanda – “Bu sadəcə dəmir deyil, qızım, bu ruhdur, torpaqdır,”- deyərdi.
Bu gün kənd meydanında böyük tədbir olacaqdı. Hər evin qapısında bayraq asılmış, hər ürəkdə qəribə bir titrəyiş vardı. Günel güzgü önündə saçlarını sıx bağladı, atasının medalını sinəsinə taxdı və sakitcə pıçıldadı:
Ata, bu gün sənin günündür… Sən görmürsən, bəlkə, amma biz sənin nəfəsini Qarabağın hər dağında hiss edirik.
Kəndin o biri başında yaşlı bir kişi- İbrahim baba eyvanda oturub siqaret çəkirdi. Onun da oğlu 27 il əvvəl müharibəyə gedib qayıtmamışdı. Bu illər ərzində yüz dəfə – “Qayıtdılar,” – deyə xəbər verən ümidli səslər eşitmiş, amma hər dəfə qəlbi qırılmışdı.
Amma bu il fərqli idi. Bu il tank səsi yox idi, ağlayan qocalar yox idi, əsgərlərin arxasınca qaçan analar yox idi. Bu il Vətən gülürdü. Bu il Qarabağdan bayraq qayıdıb gəlirdi.
Ata, çıx hazırlaş, tədbir başlayır, deyə nəvəsi Murad qapının ağzından çağırdı.
Saat 12 yə az qalmış hər kəs meydanda toplaşdı. Bayraqlar dalğalanır, uşaqlar – ” Qarabağ Azərbaycandır!” – deyə qışqırırdı. Komandirin səsi eşidildi:
-Diqqət! Bayrağın qaldırılması mərasimi!
Bir qrup gənc əsgər Qarabağda olan bayrağı gətirdi. Bayrağın kənarları bir az cırılmışdı, döyüşlərin izləri idi. Uşaqlar bu bayrağın qarşısında sanki nəfəs almağa belə qorxurdular.
Bayraq yavaş-yavaş dirəyə qalxarkən hamı susdu. Elə bil külək belə dayanıb baxırdı. Bayraq dirəyin ucunda dalğalananda izdihamdan bir ah qopdu. Bu ahın içində həm kədər, həm qürur vardı.
Günel əllərini sinəsinə sıxıb pıçıldadı:
-Ata, bayrağın getdiyi yerə indi biz gedirik. Sən gedə bilmədin, amma biz gedəcəyik.
İbrahim baba əllərini havaya qaldırdı, gözlərindən yaş axırdı:
-Oğlum, bax torpaq geri qayıtdı. Sən dönmədin, amma Vətən döndü…
Murad babasının əlindən tutub soruşdu:
-Baba, indi müharibə bitdi?
-Hə, oğlum indi müharibə yox, sülh və sevinc zamanıdır,- dedi.
Günel həmin günün axşamı atasının məzarını ziyarətə getdi. Külək əsirdi, bayraqlar hələ də səmada idi. Məzar daşının üstünə kiçik bir Xarıbülbül qoydu və dedi:
-Sən görmədin, ata, amma biz gördük. Azad Qarabağı, ucalan bayrağı, hər bir ağacı, çiçək açmış şəhərləri. Sənin yerinə də biz baxdıq.
Səssiz bir külək əsdi. Sanki torpağın altından gələn bir səs pıçıldadı:
-Mən gördüm, qızım. Ruhumla, qürurumla gördüm.
Gün göyün lap ucunda yavaş-yavaş batırdı. Ürəkdə bir ağrı, amma gözlərdə ümid vardı.
Və o gün hər kəs anladı ki, Zəfər yalnız bir gün deyil, yaddaşda yaşayan bir ömürdür…