NAHAQ QİSAS
Dünyaya insan doğuldu. Göylər narahat, ağlağan bir uşaq göndərdi yerə.
Torpaq yuxudan sərsəm ayılıb əlləri ilə başını tutdu. Uşaq isə hey ağlayır, çığırırdı. Torpaq onun yersiz istəklərindən, tələbkar qışqırığından bezib:
— Sən məndən deyilsən, mənə bənzəyəndə qayıdıb gələrsən—deyərək onu səmaya atdı. Göylər bu nadinc “top”a baxıb gülümsədi və dedi:
—Sən iki dünyanı özündə daşıyan insansan! Vaxtı çatanda hər iki dünya səndə olan əmanətinə sahib çıxacaq, hələlik isə yerə dön. Beləcə insanı torpaq göyə atdı, göylər qaytarıb yerə çırpdı. İnsan iki dünya arasında böyüdü, amma qisasla böyüdü. Gecə–gündüz fikirləşib, onu top kimi oynadan, hər iki dünyadan qisas almağın yollarını aradı. Və tapdı. Bir raket düzəldib göyün bağrını dəlmək üçün göyə atdı. Göylər yenə də bu nadinc uşağın “oyun”larına gülümsədi və dedi:
—Vaxt gələcək, sənin nankor qəzəbinin bəhrəsini sənin nəslin dadacaq. Sən ikiyə bölünüb hər iki dünyaya yol alacaqsan!..
Nadinc uşaq daha da qəzəblənir. Hiddətindən çatlamaq həddinə çatır. Bu dəfə Torpağı cəzalandırmağı düşünür. Elə öz daxilindəki hiddətə uyğun bir mərmi düzəldib yerin köksünə atır. Öz övladından aldığı zərbədən yerin bağrı sökülür. Nankor övlad əlindən dərin bir ah çəkir. İçindən çölə püskürən vulkan nəfəsi sinəsində çalın- çarpaz dağa çevrilir. insan yenə də sakitləşmir. Öz nadinc “oyun”larına ortaq, bir uşaq axtarır və tapır. Qonşuluqda yaşayan Dövlət adlı bir uşaqla “top” oyunları düşünür. Qonşu uşaq Dövlətlə oynadığı raket, mərmi, top oyunlarından Torpaq yaralanır və qan onu boğur, amma yenə də səbrlə gözləyir ki, quduzlaşmış övladı ipə-sapa yatsın. Ağır oturub, ağır dursun, və zaman çatır. İnsan yaşlanır. Torpağı döyəcləyən nankor ayaqları heydən düşür, beli bükülür, insan dərindən nəfəs çəkib torpağa üstünə çökür. Ən böyük həqiqəti o zaman anlayır insan. Ana torpağın qoynu necə rahat, necə munis və necə doğma olduğunu anlayır. Bütün ömrünü mənasız istəklərə, quduz hiddətə qurban verdiyinə peşman olur. Son nəfəsdə Göylərin də gülümsəyərək əlini ona uzadıb əmanətini istədiyini görür və anlayır ki, ikiyə bölünmək vaxtı çatıb. Dərindən bir ah çəkib ruhunu göylərə, cismini Torpağa təslim edir. Son nəfəsi təəssüf dolu bir cümlə ilə bərabər onu əbədi tərk edir.
—Qazancın nə oldu insaaan?…
Zemfira Ziyadqızı (Salmanova)
Şair-qəzəlxan, publisist.