.....

.....

Zimhəri (12-ci hissə)- İlhamə Kədər

Zimhəri (12-ci hissə)- İlhamə Kədər

Zimhəri (12-ci hissə)

“İntihar etmək ölümlərin ən ağır,ən ağrılısıdı” deyirlər amma özünü qurban verməyin yanında heç nəymiş.

Bir sürü dilbilməzin təzyiqiylə özünü qurban verdi Qarışqa.

Üzdə çox mədəni,mərifətli görünən əslində isə hər cür pis vərdişləri (içkisi,qumarı, pisxoloji travmaları,daha nələri,nələri) olan,amma bütün qızların can atdığı,Qarışqadan bir neçə yaş kiçik bir adamla evlənməyə “razı oldu”.

Çoxdandı gəlib-getməyən bacı-qardaş külfətlikcə tökülüb gəldi.Çoxdandı əl dəyməyən həyət -baca,ev -eşik bir günün içində lap əvvəlki,diri halına gəldi.

Bacılarının içində ən istədiyi,uşaq vaxtı həmişə bir yerdə oynadığı bacısı yanından əl çəkmir,dil boğaza qoymadan danışır,öz dəyərsiz sözlərinə uğunub gedirdi:

-Ay tülkü,millətin gözünü yaman bəzəmişdin haa,biz də deyirik “bu elə qız qarıyıb öləcək”.Qismət qovalıyırdın hə,gördün qəşəng oğlan qapını döydü o saat leytenantın sevgisi bıdışşş,uçdu göyə?

Onun belə yersiz danışmağı,arsız-arsız hırıldamağı qəlbini qırsa da səsini çıxarmadan qulaq asırdı.Öz şitliyindən özü də yorulan bacı axırda “son iynə”sini sancmağa da unutmadı:

-Elə o vaxtdan öyrənmisən hər şeyin ən yaxşısını qamarlamağa.Uşaq olanda atam bizdən çox sənə xərclik verirdi,ən gözəl oyuncaqları,paltarları,şirniyyatları sənə alırdı.

Bacısı haqsız danışırdı,ataları heç vaxt ayrı seçkilik eləməzdi.Tək bircə dəfə olmuşdu bu.

Qonşu alverçi Əbülfəz dayı Tiblisidən dəri gödəkcəıər gətirmişdi. Qəhvəyi rəngli,yaxası iştəməli gödəkçələrə iki göz gərəkdi tamaşa eləsin.Qiyməti özündən “gözəl” olan gödəkçələri bir xaral başqa paltarlarla bərabər gətirib divanın üstünə tökmüşdü.Adətiydi yeni mal gətirəndə ən birinci onlara gələr,əli xeyirli kişidən “sabah siftəsi”eləyib ondan sonra düşərdi kəndin arasına :

-Ayə Tiflizin gözünü gətirmişəm,iynə batmaz,qayçı kəsməz,qonşu bağrı partladan,qaynananı çatladan.Ayə qurtardı,qalmadı.

Onun səsini eşidən arvad-uşaq küçəyə tökülər, hərə bir şey alardı.

Malları həm gözəl və keyfiyyətli olduğundan , həm də nisyə verirdi deyə tezcə satılırdı.

Həmin gün də :

-Qadan alaram ay el atası,siftəmi ver,gedim malımı satım,sabah varıb Tiflizə gedirəm.-deyə “eşşək yükü”xaralını onlara dartmışdı.Gödəkçələri görən qızların “ürəyi getmişdi”. Di gəl ki,Qarışqanın düz əyninə biçilən geyim toppuş bacısının əyninə gəlmədi.Onda atası o bir qızına zoğalı rəngli,yun şalvar jaket,Qarışqaya da həmin gödəkçənin aldı,alverçiyə də tapşırdı ki,gələn dəfə o gödəkçənin böyük,dəst paltarın da kiçik razmerini gətirsin.Pulunu da qabaqcadan verdi.Ama Əbülfəz kişi o sifarişləri gətirə bilmədi.Həmin günün axşamı malını satıb evə qayıdan kişi körpüdən yıxılıb ayağını sındırdı.O sağalanacan da atışma şiddətləndi,aclıq camaatın üstünə ayaq aldı,nə alver yada düşdü,nə alverçi.Millət öz dərdinə qaldı.

Bacının isə bir dərdi var idi -dəri gödəkcə.

Bu “dərd”o həddə çatdı ki ata -ananın evdə olmadığından istifadə edib heç vaxt acı söz

belə demədiyi Qarışqanı sıxışdırıb gödəkçəni əlindən alaraq eyvandan həyətə atdı:

-Mənə olmurdu,sən də götürməzdin,paxıl.

Bacısının hərəkətindən çox onu paxıl adlandırmağı balaca qızın ürəyinə necə böyük dərd oldusa çox sevdiyi gödəkçəsini bir daha geyinmədi.Keçən ildən qalıb qolları azca qısalmış yaşıl palto ilə getdi məktəbə.Ata ana nə qədər israr etsə də sevimli geyiminə niyə yaxın durmadığını demədi,eləcə  “daha o kurtkadan doydum” deyib durdu.Bir ətək pula alınan qəhvəyi gödəkçə eyvandaki asılqanda yaza çıxdı.

Sonra da qış paltarlarına qarışıb taxtapuşa qaldırıldı.Evdə artıq yer tutub əl-ayağa dolaşmasın deyə ana hər il yazda qışlıqları,payızda yaylıqları yuyub səliqə ilə iri çantalara yığaraq taxtapuşdakı böyük şkafa yığardı.

Həmin ilin yayı çox da pal-paltar alınmadı uşaqlara.Alverçi Əbülfəzin sınıq ayağı qanqrena olub kəsiləndən sonra özü də yeyib-içməkdən kəsildi.payıza dönəndə isə kişinin “kəndiri kəsildi”.

Dağların başında ilk qar görünəndə Qarışqa sevinə-sevinə evdəkiləri muştuluqladı:

-Xəbəriniz var,qar yağıb?

Atası demişdi “kim qarın yağdığını birinci görsə ona muştuluq verəcəm”.Hər dəfə də bu muştuluq Qarışqaya düşürdü,uşaq ağlıyla inanırdı ki,yuxudan hamıdan gec dursa da qarı birinci özü görür.

Bu dəfə də “muştuluğunu”alıb bacısının üstünə qaçdı:

-Potuş,bax ata mənə pul verdi,gəl gedək portağal alaq.

“Portağal”dediyi əslində meyvə yox partlamış qarğıdalıların şirni ilə bir-birinə yapışdırılıb top halına salınaraq,or-burasına çəhrayı rənglər vurulmuş halıydı.Kənd uşaqlarının hamısı bu dadlı,ətirli qarğıdalı topların çox sevirdi.

Bir az şişman olduğuna görə Potuş dedikləri bacısı hər dəfə bu toplardan alanda evə çatana can üç-dördünü  yeyirdi.

Bu dəfə isə əlini də uzatmadı.

Axırda səbri Qarışqa :-Bacı-deyə qolundan dartıb -niyə yemisən?-deyəndə qız gözlərini qıyıb kinayə ilə güldü:

-Bunları hansı pula almısan?

-Atan bayaq vermədi? O pulla aldım də,görmədin?.

-Yox eee,ata niyə verdi o pulu?.

-Muştuluq verdi də,qarı birinci mən gördüm axı.

-Ala,kül tupoy başına- bacısı birinci dəfə,güya zarafatla bir qapaz vurdu başına

-Necə olur ki,hamıdan gec durub,hamıdan tez görürsən qarı?Atam səndən qabaq görür,amma özü sənin ağlını yoxlayır,səndə də ki,ağıl nə gəzir.

Bacısının iynəli sözlərinə “mən yaxşı bilirəm,hamının o qarı gördüyünü,amma atamın məni sevindirmək bəhanəsilə toxunmaq istəmirəm”deyə cavab vermək yerinə yalandan içini çəkib “Sağ doğrudan”dedi.Bacısı da eyni istehza ilə “Bee yalandan” deyə əl atıb portağal torbasını qamarladı:

-Hər şey məlum olduğuna görə bunlar sənə haramdı,birdə portağal yediyini görsəm səni zirzəmidə ki yekə qazana salıb ağzını bağlayacaq,cəhənnəm mələyinə də deyəcəm tez qazanın altını yandırıb səni qaynadaraq,ondan sonra asfalt çəkənlər sənin əriyib qırsaqqız olan bədənini maşına yığıb yola tökəcəklər,sonra da katoqla yerə yayıb yoxa çıxaracaqlar.

Onda Qarışqa elə qorxmuşdu ki,həftə ilə rahat yata bilməmişdi.Gözünü yuman kimi bacısı onu qazana basıb ağzını örtürdü,sonra zəhmli bir səs “səni qır kimi qaynadacam” deyə guruldayırdı.Səs kəsilməmiş qazan qıpqırmızı olub onu əridirdi.Yazıq uşaq qorxulu yuxuların əlindən gözünü yummağa qorxurdu.

Onun bu halını görənlər əvvəlcə soyuqlayıb qızdırdığını düşünsə də vəziyyətinin ağırlaşdığını görüb qonşu kənddə yaşayan nənəsinin dalınca adam göndərdilər.Bu nənə hər cür türkəçarəni,yuxu yozmaları bilən pəhləvan cüssəli qadın idi.Yeddi para kəndin ağ birçəyi Qarışqanın xəstələndiyini eşidən kimi ağ şəhərinə süvari olub özünü yetirdi.(Şeytan arabası adlandırdığı avtomobilə minmirdi,hara getsə at üstündə gedərdi,elə öləndə də meyidini maşına qoymadılar.Yaşıl xaraya tutulmuş mafəsinin qabaq tutacağını Göyərçinin yəni atının yəhərinə bağlayıb əllərində haq yerinə çatdırdılar)

Hamının hayına Xızır kimi yetişən nənə içəri girən kimi əlini dizinə çırpıb:

-Ay başınız batsın,uşaq ölüb əldən çıxıb ki,niyə vaxtında xəbər eləməmisiz-deyə evdəkiləri yaxşıca danlayandan sonra dua oxuya-oxuya uşağı başdan ayağa,ustufca ovuşdurdu.Qırx açar adlandırdığı üstü yazılı balaca mis kasaya su töküb ona içirdə -içirə  sorğu suala başladı:

-Qadaların canıma,yuxuda nə görmüsən?

Bir gözü qıraqda durub “sus”işarəsi verən bacısında olan uşaq :-Heç nə-dedi-bir yekə kişi məni qazanda qaynadırdı.

Nənə gözlərini geniş açıb xeyli baxandan sonra :-Tövbə, əstəğfürullah,cəhənnəm mələyi Maliki görmüsən yuxuda.Bu elə -belə yuxu deyil,bunun bir səbəbi olmalıdı.De görüm bu yuxunu görən gün nə iş tutmusan,pişik balası zad öldürməmisən ki?

-Yo-yoox.

-Bəlkə yalan danışmısan,ya nəsə oğurlamısan?

-Yo-yoox.

-Bax nənə qurban düzünü deməsən o cəhənnəm mələyi səni doğrudan qır qazanına atacaq.

“Məni bacım qorxudub”desə nənə Potuşu danlayacaq,o da hərlənir,fırlanıb acığını çıxacaqdı.Odur ki,zavallı uşaq həqiqəti deyə bilmədi.Cəhənnəm mələyi Malik də heç vaxt ondan əl çəkmədi.

***

Qız toyunun səhəri elə qonaqların yanında leş qarğaları evə,zirzəmiyə daraşdı.Kimin əlinə nə keçdikdə öz maşınına daşıdı.Nəsil yadigarı yazılı,mis piyalələr,məcməyilər,güyümlər bəs etmədi,Qarışqanın qorxu yeri yekə qazanı da götürdülər.

Arada  böyük qardaş dözməyib :

-Aaz,az,yağı malı talayırsız,noolub?

-Sənə nə var,payını hamıdan qabaq aparmısan,evin ayrı,köçün ayrı.

-Bura bax əə,təkcə sənin dədən evidir?

-Hər şeyin gözü sənə verilib yerdə qalana da göz dikmisən?.

Yavaşca dediyi sözə qoşunla bağırtı cavabı abırlı kişini peşman elədi,əlini ağrına vurub “susun,susun,cammat içində xəcalət olduq” deməkdən başqa çarəsi qalmayan qardaş geri dönüb evə girmək istəyəndə Qarışqa ilə üz-üzə gəlib dayandı:

-Bu ailə qurmaq işi deyil,Allaha and olsun bu qancıqların əlindən qaçırsan.Əvvəldən xəbərim olsaydı qoymazdım.

Bu qardaşın xarici görünüşü atasına çox oxşayırdı amma təbiətcə çox sakit,qız kimi utancaq idi.Bibisinin baldızı qızı ilə evlənmiş,övladları olmadığına görə boşanmışdı,o vaxtdan da baş götürüb Almaniyaya gedən idi,indi qayıdıb bacısını köçürməyə gəlmişdi.

Köçürmək deyəndə ki,o evdən heç nə götürmədi Qarışqa bircə dənə babadan qalma balaca xəncərdən başqa.

Onu da leytenantın ölüm xəbəri gələn gün yastığının altına qoymuşdular ya qorxusunu,ya da özünü kəssin deyə.