.....

.....

Zimhəri (14- cü hissə) – İlhamə Kədər

Zimhəri (14- cü hissə) – İlhamə Kədər

***
Anasının qısalıb seyrəlmiş kiprikləri düz bir həftə yuxuda tikan olub bədəninə batdı,oyananda gözünün qabağından getmədi.Bir gecə o “tikan”lar toplaşıb göbəyinin altına necə sancıldısa yerindən dik atılıb dizi üstə döşəməyə çökdü.Nə əcəbsə həmin gün ayıq olan Tale üzbəüz çarpayıda ağzı açıq xoruldayan şəfqət bacısının çarpayısına bir təpik ilişdirib :
-Ölmüsən az,o boyda pulu donuz kimi yeyib-yatasan deyə verirəm sənə-deyə qışqırdı.Qadın yaxası başı açıq,elə gözüyumulu çarpayıdan düşüb gərnəşdi:
-Noolub başuva dönüm,bir çimir gözümün acısını almayım mən?.
Şiddətli ağrıdan alacalanan gözləri ağ gecəliyin ətəyində gördüyü çiyələklərə dikilib qaldı.
Yenə həmin tikanların ağrısına özünə gəldi.Tikanlar bu dəfə batmırdı,göbəyinin altını o başdan tutub dərindən cıza-cıza bu başa hərəkət edirdi.Hələ səsi də var idi xırıltılı,tükürpədici səs.
-Ay amaaan,bu ayıldı ki,ay qız neçə kub vurmuşdun?
-Polnu doza eləmişdim vallah,həkim.İndi neynəyək,iynə vuraq?
-Yox olmaz daha,bərk tutun,hərəkət etməsinin.
Ağrılara qarışıb onu daha da dözülməz edən səslər qurğusuna dönüb qollarının,qıçlarının üstünə çökdü.
Narkozdan yarımçıq ayılan Qarışqa yarılan qarnına sancılan iynələri,dartılan sapları aydınca hiss edirdi ətini “gəmirən yırtıcılar” hər dəfə hücuma keçəndə var gücüylə qışqırmaq istəsə də taqəti çatmırdı.
Elə o çətin anda birdən leytenantın səsini eşiti-Sən dözməlisən 222,bu əzabın sonunda ən gözəl hədiyyəni alacaqsan.Onun yaşıl gözləri səni bu qaranlıqdan çıxaracaq.
Bircə anda bütün ağrıları yox olan Qarışqa sinə dolusu nəfəs çəkdi “Kimin,kimin?”deyə səs gələn tərəfə dönüb leytenantı axtardı.
-Nə kimin?-əməliyyat vaxtı eşitdiyi səs cavab verdi-gözünü aç,gör nə gözəl oğlun olub,bəxtəvərin balası elə bil iki-üç aylıqdı,hələ bu uzunda saçla doğulan uşaq görməmişəm.
Həmin gün nə qədər çalışsa da ayılıb həkimin dediyi uzun saçlı uşağı görə bilmədi.Yalnız səhəri gün günorta saatlarında sinəsinin üstündə pişik kimi balaca və isti bir varlığın yatdığını hiss edəndə özünə gəldi.Sağ əlini çətinliklə də olsa qaldırıb toxundu aram-aram mışıldayan balacanın təmasından barmaqlarının ucuna daraşan “qarışqalar” bütün vücuduna yayılıb yeni bir həyat verdi bütün doğmalarını itirdikdən sonra gen dünyada tək -tənha qalan Qarışqaya.
Artıq o tək deyildi,yüzlərlə yad insanın içində nəhayət bir doğması olmuşdu,yüzlərlə insana bədəl doğması.
Doğrudan da upuzun,lap çiyinlərinə düşən saçları var idi uşağın,elə kiprikləri də uzun idi ağappaq üzünə kölgə salan burma kiprikləri.Bir də yosun yaşılı gözləri var idi.
Bu rəng əzəldən psixi xəstəliyi olan Talehin yeni tutmalarının başlamasına səbəb olsa da Qarışqanın sevincini birə min artırdı.
Həkimlər deyirdi ki bəzi uşaqlar körpə olanda gözləri göy,yaxud yaşıl olur böyüdükcə bu rənglər qəhvənin müxtəlif tonlarına çalır.Həkimləri dinləyib azca sakitləşsə də Talehin xəstə təfəkkürləri aram olmaq bilmirdi.Elə durub -dayanıb dava çıxarırdı:
-Düzünü de o gorbagorun oğludur hə bu ölmüş?
Biçarə qadın nə qədər and-qəsəm edib :
-Ay insan,bu boyda möcüzə olar heç on il əvvəl ölən adamın necə uşağı ola bilər-desə də narkotik və əsəb dərmanlarının qarışığından olan ağlı da oynamış cahili başa sala bilmirdi.
Evdə isə hərə öz kefindəydi evin yeni sakini üçün qurban kəsib paylayan kim,rəfiqələrini yığıb çalıb -oynayan kim,”ad qoydu”şənliyinə dəvətnamələr hazırlanan kim…
Elə bil Talehin çıxardığı hoqqaların,etdiyi fironluqların onlarla yaxından-uzaqdan əlaqəsi yox idi.Üstəlik hərə bir yandan Qarışqanı günahlandırdı:
-Ona neynəmisən yenə dəliliyi tutub,evdə qab-qacaq qalmadı.
-Niyə qabağına durmusan,niyə qoyursan evi xaraba qoysun?
Onsuz da bu evdə heç kim özündə,özününkündə günah görmürdü.
Bircə yolu qalırdı Qarışqanın yosun gözlü oğlunu götürüb uzaqlara,heç kimin tapa bilməyəcəyi bir yerə qaçmaq.
Amma bu yöndəmsiz,nəhəng “zindan”dan qaçmaq bir yana burnunu qapıdan çıxarmaq da mümkün deyildi.
Üstəlik uşaq da qəflətən xəstələndi,gül kimi açıldığı kimi gül kimi də solmağa başladı.Bir neçə günün içində əriyib çöpə döndü.Oğluyla bərabər həyata yenidən gələn Qarışqanın qara günü lap göy əskiyə düyünüb qaranlıq qutulara atıldı.Bir ilə bərabər bir həftə xəstəxanada,dörd divar arasında,cihazlara qoşulmuş balasının yanında keçdi.Sonra baş həkim”Burda saxlamağın xeyri yoxdu,aparın evə,hər gün gəlib sistemini qoşarlar”deyə xəstəxana çıxışına möhür vurub ikisini də yola saldı.
Oğlunun yaxşılanmaq yerinə daha da pisləşdiyini görən ana əlini hər yerdən üzüb dayanmışdı.
Üstəlik evdəkilər də yağıya dönüb canına daraşmış “uşağa baxa bilməmisən”deyə ona qarşı cəbhə almışdılar.Evə gəlib-gedənlər bir yana
heç ara sıra zəng edən ana ilə danışmağa da qoymurdular.Hələ üstəlik elə qulağı eşidə eşidə “Yenə özünü səyliyə qoyub heç kimlə danışmaq istəmir” deyə onu günahlandırırdılar.
Əslinə qalsa doğrudan da heç kimi görmək,danışmaq istəmirdi.Bütün günü səsini içinə salıb boğula-boğula ağlayan oğlunun çarpayısı önündə diz çöküb başını ona söykəyib ümidsiz halda gözləyirdi.Nəyi gözlədiyini isə özü bilmirdi,ölümümü,sağalmağımı.Həkimlər də “boş yerə əziyyət verməyək,yazıqdı”deyə o gedən getmişdilər .Bir el dolu millətin,bir ev dolu adamın içində can çəkişən məsumla tək qalmışdı Qarışqa.
Gündə bir neçə dəfə qapını açıb baxan Tale narkotikin təsirindən yellənə-yellənə “zəhərini axıdıb gedirdi:
-Nədi,ölüüür?s……..cən,öləcək,aparıb bastıracam, amma səni böyrünə quyulayacam,onun belə olmağı sənin günahındı.Nooldu,hamının uşağı top kimi yerə vurursan yer yarılır,sənin doğduğun “parok”çıxır.Nədi,ürəyindən keçirirsən ki,mənim içməyimə,çəkməyimə görə olub?Təpəvə and olsun elə.
Hər dəfə qapı açılanda olan qalan iniltisini də udub yarpaq kimi titrəyən uşaq qapı örtülən kimi yaşıl gözlərini açıb yazıq-yazıq anasına baxır,yenidən zarıyırdı.Həmin an Allaha bütün hüceyrələriylə yalvarırdı çarəsiz ana:
-Noolar,ilahi,balama qıyma,ya da ikimizin də canını al.
Bu duanı müharibə vaxtı nə qədər ana etmişd.O anaların içində bir ananın səsi,üzü indidə gəlib durdu ala-bula vuran gözünün önündə.Mərmilərin hər tərəfdən xəzan vuran xəzəl kimi yağdığı günlərin birində dedilər ki “ermənilər kəndi mühasirəyə alıb,hamını əsir götürəcəklər”.
Atası və qardaşı şəhid olan,əri itkin düşən bir qadın var idi,üç qızıyla bir tərəfi uçmuş damın altında sığınmışdılar.Mühasirə xəbərini eşidəndə qızlarını da götürüb çayın üstündəki qayalığa qaçdı.Qayanın ovuğuna təpilib atışmadan gizlənən uşaqlar bir az da sıxlaşıb onlara yer vermək istədi,amma qadın “İlahi,noolar bizi düşmən əlinə keçirmə,bizim canımızı al”deyə yalvara-yalvara qayanın ucuna tərə gedəndə on,on iki yaşlarında olan böyük qız anasının ətəyindən tutub:
-Ana-deyə ağladı-ölməyə məcburuqmu?noolar,gəl biz də bu uşaqların yanında gizlənək.
-Hara gizlənək,anan ölsün,orda tapımayacaqlar?Bilirsən əsir düşənlərin başına nə oyun açıllar.Ölüm ən salamatıdı,anan ölsün,ən salamatıdı.
Növbəti mərmi ananın sözünü ağzında qoydu.Dəhşətli partlayışdan sarsılıb bir-birini qucaqlayan uşaqlar özlərinə gələndə ana və balalar çoxdan qayanın dibində idi.Həmin atışmada Qarışqanın da,uşaqlıq dostunun da üz-gözü qan içində idi,ovuqda gizlənən qızlardan birinin sağ gözünə iri bir dəmir parçası sancılmışdı.Əvvəlcə hamı üst -başına,əl-üzünə bulaşan qanın bu qızın gözündən axdığını düşünsə də bütün uşaqların müxtəlif yaralar aldığı sonradan məlum oldu.Amma təkcə o qızı hospitala apardılar.Qarışqa daxil olmaqla qalan altı uşaq hərə öz yarasına yonca,gicitkan ovuşdurub basmaqla “ilkin tibbi yardım”etməli oldular.
Ara sakitləşib hamı evinə yığılandan sonra bacısı Qarışqanın yaralarını ilıq su ilə yuyub mayka cırığı ilə sarıdı və tapşırdı ki “yaralandığını heç kimə demə”.
-Axı sən bilirsən?
-Mən bacınam,mən bilməliyəm,bacıdan heç nə saxlamaq olmaz.
“Bacıdan saxlamaq olmaz”birdən yuxudan oyandı”bəlkə bacım kömək edər”.
Günlərlə oturduğu yerdən güclə durdu,uşağın əlini yavaşca əlindən ayırıb zala keçdi.Geniş ziyafət masasının başına yığışmış ev əhli burma kuklalar kimi eyni anda başlarını fırladıb balıq gözlərini ona tikdilər:
-Nooldu?
-Öldüü?
Elə bil hər hansı bir gərəksiz şeydən söhbət gedirdi,elə bil içəridə damla-damla əriyib, zərrə-zərrə yoxa çıxan öz canlarından deyil,düşmən balasıydı onun ölməyiylə hər şey yoluna düşəcəkdi…
Onların bu hərəkəti otaqdan çıxdığına peşman etsə də geri qayıtmadı :
-Telefon verin-dedi-bacıma zəng etmək istəyirəm.
Hamı gözünü Talehə çevirdi,Taleh heç kimin,heç Qarışqanın da gözləmədiyi bir sakitliklə mobil telefonunu çıxarıb stolun üstünə qoydu :
-Səndən telefon əsirgəyən var?götür nə qədər istəyirsən danış.
“Bəlkə məni ələ salır,əlimi uzadan kimi telefonu götürüb bir qırağa atacaq,sonra da stolun başındakılarla birlikdə ağız-ağıza verib cütləşmə vaxtı çatan atlar kimi kişnəyəcək”deyə beynindən keçirsə də irəli yeriyib telefonu götürdü.Nömrəni yığmaq istəyəndə Taleh son dərəcə mülayim səslə:
-Get içəridə arxayın danış -dedi.Neçə vaxtdan bəri ancaq qışqır-bağırla,kinayəylə danışan adamın bu sakitliyi canına vəlvələ saldı.Özünü içəri atıb “canım baldızım”yazılan nömrəni yığdı,dərhal bacısının səsi gəldi:
-Hay can,yeznə.Necəsən başına dolanım?.
Bu mehriban səsə bənd imiş,oyuncağı sınan uşaq kimi hıçqıra-hıçqıra ağladı:
-Mənəm bacı.
Səs bircə anın içində soyuyub sərtləşdi:
-Həə nədi,nəyə zəng eləmisən,yadıva indi düşdüm?
-Bacı noolar özünü mənə yetir,uşağım ölür.
-Bah,mən Allah zadam əzrayılın qabağına duram.Bu ölər,birini də doğarsan,yanında o cür ərin var məni kimi qısır qurda getməmisən ki,həkimlərin yolunda qalasan.
Bircə kəlmə xoş söz,bircə soluq doğma nəfəs arzusuyla telefon açan Qarışqa “xoda düşən”qadına sona qədər qulaq asa bilmədi,telefonu söndürüb oğlunun yanına qayıtdı.
Həmişə kölgəli,yaşlı olan yosun gözlərin təlatümü dinmişdi.Hətta anasını görəndə xəfifcə gülümsədi də.Möcüzə baş verdiyinə,oğlunun ağrılarının keçdiyinə inanan ana əyilib onu qucağına götürəndə uşaq uzun kirpiklərini iki dəfə endirib qaldırdı,iki gilə mirvari diyirlənən yosun gözlər zümrüd donuqluğuna döndü.
Bapbalaca bir mələk soyuq cəhənnəmin sərhədlərini yarıb isti cənnətə uçdu.