.....

.....

Zaur Ustacın şeirləri

Zaur Ustacın şeirləri

PAYIZ
Təbiətin möcüzəsi,
Bizə olan sözdü payız…
Dağ-dərədə deyib-gülən,
Düzdə dolan gözdü payız…
Sarı yarpaq gör nə gözəl,
Kimə güldü, kimə xəzəl,
Həzin-həzin, gözəl-gözəl,
Cıbrıq olan qozdu payız…
Ustac dəyər verər sözə,
Qabda nə var, çıxar üzə,
Aram-aram, məzə-məzə,
Ömrə düşən izdi payız…

YARIM BARDAQ
O yarım buraxdığın
Bardaq, de yadındamı?
Sən gedəndən düz üç gün
Söndürübdü yanğımı…
Dodağın dəyən yerdən
Öpmüşəm, neçə kərə…
Dadsız şüşə o gündən
Dönüb bala, şəkərə…
Sənin tutduğun yerdən
Çalışmışam tutmağa…
İz tapanda izindən
Qanad olmur uçmağa…
Bütə dönüb, bu bardaq
Bəzəyidir evimin…
Üstündə barmaq-barmaq
Bəzəyi var əlinin…
Qalan son damlaları
Qıymadım, içəm özüm…
Qonaq etdim gülləri,
Belə bulundu çözüm…
Dibçəklər Yer kürəsi,
Güllər Mən, Sənsə susan…
Heç nə yox itirəsi,
Ta canıma hopmusan….

BƏLKƏ DƏ…
Bəlkə də payızı biz uydurmuşuq?!
Yarpaqlar yalnızca bizimçün sarı….
Bəlkə də fəsillər durub yerində?!
Qaçan biz, payıza, ya yaza sarı…
Yarpağı tökülüb olsa da sarı,
Payızda yetişir tutların xarı,
Deyirlər, payızda qarşıla yarı,
Nar sulu, alma bol, heyvası sarı…
Ustac ha, indinin deyil adamı,
Sözləri görübdü Nuhi-əyyamı,
Ruhu neçə kərə Ömər Xəyyamı,
Dədəsi Ələsgər, babası Sarı…

BƏNÖVŞƏ
Kimi öyər, bənövşəni,
Kimi qara, qara yaxar…
Bənövşənin od həsrəti,
Qarı da yandırıb, yaxar…
Bulaq başı buz, sırsıra,
Əlin düşə, köz ısıra,
Rəbbim yol verməz qüsura,
İçindən can qalxıb, baxar…
Ustacam, xeyməm laməkan,
Rusqat* verə, qıla imkan,
Tər bənövşəm olar kankan,
Qar içindən çıxıb, qoxar…



YARADAN YARATDI
(Dodaqdəyməz)
Tala tala, meşə meşə, dağı dağ,
Yaradan yaratdı yer naxış-naxış.
Sısqa sısqa, dərya dərya, arxı arx,
Yaradan yaratdı yer naxış-naxış.

Aqil alar dərsi iki alandan,
Haqq ayrılar, çıxar yağtək yalandan,
Həyat keçər, əyri-əyri dalandan,
Yaradan yaratdı yer naxış-naxış.

Taclı Şair, taxtın, tacın sirdi sirr,
Sənə çatan baxtın, bacın sirdi sirr,
Qarşı yatan ağrın, acın sirdi sirr,
Yaradan yaratdı yer naxış-naxış.

GƏZDİM
Gəzdim, qarış-qarış Vətən torpağın,
Hər dağda, dərədə izim var mənim!
Hələ keçilməmiş, uca dağların,
Uca zirvəsində gözüm var mənim!
Gəzdim, yorulmadan aranı, dağı,
Seyr etdim, ən ucqar çəməni, bağı,
Heç vaxt qınamadım zamanı, çağı,
Çox bulaq başında üzüm var mənim!
Gəzdim, bu torpağı, mən oymaq-oymaq,
Ən adi daşa da olmuşam qonaq,
Hər otun, çiçəyin halın soraraq,
Sinəmə yığdığım, sözüm var mənim!!!
Müəllif: Zaur USTAC,
Azərbaycan Yazıçılar və Jurlalistlər Birliklərinin üzvü.