.....

.....

Əli Rzazadə – Allah yanağımdan öpüb bir dəfə…

Əli Rzazadə – Allah yanağımdan öpüb bir dəfə…

“Dost”

Yalnız bir dostun ola
İkinci bir sən kimi,
O qədər güvənəsən
Dənizdə yelkən kimi.

Qorxulu bir röyadan oyanasan bir gecə,
Zəng edib oyadasan, gecənin bir yarısı,
Sanasan, tək tənhasan, özünlə danışırsan,
Ağlayasan, incidə ürəyinin ağrısı.

Dəstəyin o başında, susa dinləyə səni,
Vicdana ağrı verən, səhvlərini deyəsən
Boşaldasan illərlə qübar tutmuş qəlbini,
Danlayıb, soruşmaya “axı niyə beləsən?”

Sonra Tanrı danışa o dostunun səsiylə,
Deyə: Qorxma əzizim, axı Allah böyükdü,
Qorxma mən yanındayam, sən ki tənha deyilsən,
Həyat da çətin deyil, çəkiləcək bir yükdü.

Girib yorğan altına lap arxayın yatasan,
Uça ruhun röyada məsumlar diyarına.
Növbəti gün səhvlərə yeni imza atasan,
Qoşulasan yenə də insanlar qatarına

“Tanrının öpüşü”

Başqa obalarda sən nə gəzirsən,
Qəzəbin vicdanı boğduğu bu vaxt?!
Gəl, indi oturub həmin kafedə,
Yağışlı küçəyə baxmağıma bax.

Asfalt güzgüsündə insan kölgəsi,
Addımlar qaçışır suyun içində,
Köhnə radioda xoş melodiya,
Lampalar danışır işıq dilində.

Həyat belə yerdə iyrənc görünür,
Sərxoş adamların qoxusu kimi,
Bəzən də dəyişib şipşirin olur,
Gecə yarısının yuxusu kimi.

Sən də gəl, oturaq yad adam kimi
Baxıb uzaqlara gülümsə sən də,
Ürəyim daş deyil izin verirəm,
Gəl otur mənimlə, ölümsə sən də.

Başını çiynimə qoyma istəməm,
Öpmə yanağımdan, qəlbini əzər,
Allah yanağımdan öpüb bir dəfə
Bəsimdir ömrümün sonuna qədər.

“Gələcəm…”

Gəldin yenə xəyalıma,

Etdim tamaşa xalına,

Dəysələr hal- əvalına,

Olma pərişan, gələcəm.

Onsuz da gerçək deyiləm,

Xəyalam, gərək deyiləm,

Həyatda dilək deyiləm,

Röyana axşam, gələcəm.

Qol açıb, saxlasan məni,

Oxşayıb, nazlasan məni,

Bəxt quşum, anlasan məni,

Durub, obaşdan gələcəm.

Saçlarına düşəndə dən,

Bezikərsən yurddan, eldən,

Görüşümüz olan yerdən,

Məni soruşsan, gələcəm.

“Satılıq çiçəklər”

Küçə satıcısı, bir dayan, bir dur,
Gəl oturaq, söhbətləşək, dərdləşək.
Gəl, tut əllərimdən gedək keçmişə
Gedək, illər öncələrdə gəzişək.

Dayandığın soyuq küçə, bir vaxtlar,
Bilirəm ki, sənin görüş yerindi,
Qucağında al qırmızı çiçəklər,
Dayanardın, sanki doğma evindi.

Bu küçədə özlənərdin sən gözəl,
Göz oxşayan, sarı güllü donunla,
Şux qamətin, düşmən bağrı yarardı,
Ah çəkərdi səni görən, onunla.

Küçə satıcısı, bəxtəvər qarı
Bu küçəydi sənin sevgi ocağın,
Sevgi payın tini dönüb gələrdi
Çiçəklərlə doldurardı qucağın.

Keçib illər, neçə soyuq fəsillər,
Şəkil kimi dayanmısan yenə də,
Daha tindən dönən də yox, gələn də
Satılıqdır çiçəklər də əlində.