Mən büllur külqabıyam
Hərracda satılacam
bir azdan
Taleyi çat atmış
büllur bir şairin
çat atmış büllur külqabısı
satılacaq hərracda.
O nakam şairin
nəyi var – bölünüb,
nəyi var – satılıb
bir az aşağı,
bir az yuxarı.
Ömrün payızında
onu satdı arvad-uşağı.
Mən büllur külqabıyam –
Məni satan qazanacaq,
məni alan sevinəcək…
Mən – şahidəm.
Əldən salsalar məni
çilik-çilik olacam.
Mən – şəhidəm!
Kül acıyam.
Yanmış əlyazmaların
kül qoxusu var canımda.
Mən büllur külqabıyam.
Məni ortaya qoyub
satacaqlar hərracda.
Bir mən satılacam,
bir də satılacaq
qəm çəkmiş şairin
toz basmış,
nəm çəkmış əlyazmaları.
- * *
Nə atmısan özünü
həsrətin qucağına.
Leysan yağışı düşüb
könlünün ocağına.
Fələk səni qarğıyıb
özü düşüb həvəsdən.
Canında bir qorxu var –
canın çıxır qəfəsdən.
Sənin qayğına qallam,
Ey əlahəzrət zaman.
Ürəyim bombolomboş,
Salam, boşluğa salam.
Sən – dərzi qız …
Ömrü parça-parça dağılmış,
misraları yetim,
balaları dərbədər.
Bu yalquzaq ömrümə
hardan gəlib çıxdın,
dərzi qız?..
Baxıb bu dünyaya
nəğmələr oxuyurdun,
təzə-təzə söz tikirdin
köynəklərin yaxalığına.
Ürəyində ev tikirdin,
ev qururdun
yalqız-yalqız
Bu yalquzaq ömrümə
hardan gəlib çıxdın,
dərzi qız?!
Mənə çox şeyləri öyrədib şəhər,
qızdırma içində,
“narkoz” altında.
Mənim ürəyimin çiçək yerindən
bir kafe sökülüb “Nərgiz” adında.
Sən ki, ürəyində ev tikirdin,
ev qururdun yalqız-yalqız.
Bu yalquzaq ömrümə
hardan gəlib çıxdın, dərzi qız?..
İndi buyur,
dağılan taleyi təzədən qur.
Ömründən təzə parça kəs,
cala ömrümə.
Həsrətimi qayçıla,
dərdlərimi yama.
Mən yalquzaq,
Sən – dərzi qız.
Yana-yana, dərzi qız, yana-yana.
* * *
Bu ürək mənim deyil ki…
Sənindi.
Hərdən qəm əkəsən,
dərd becərəsən…
Ürəyim Sənindi –
işlə damarlarıma –
bəlkə qan verəsən,
qan köçürəsən?!
Ayrılıq çox şeylər
öyrətdi mənə.
Bacarsan
ürəyimin şəklini çək, –
as yaxannan…
Bu ürək mənim deyil ki…
Sənindi..
Bilənlərin nə vecinə,
bilməyənlərin nə qulağına?!.
***
Çəkilib uzaqdan baxdım özümə, –
Gördüm görkəmim dəyişib,
Üst-başım tamam köhnəlib,
Dabanı yeyilib çəkmələrimin…
Tanrının gözünə dik baxdığımdan
Xəbərim olmayıb üzümə düşən qırışdan
Yaman inanmışam arvad sözünə:
«- Dağa bənzəyirsən sən bu duruşda».
Güzgüdə özünə baxıb göz vuran
O şux, o kür adam mən deyilmişəm.
Adamlar dəyişir havalar kimi
İlahi, mən niyə dəyişməmişəm?!
Dünyaya piyada gəlib-gedənlər
Odu eee… yanımdan atlanıb keçir.
Ürək qızdırdığım, çörək kəsdiyim
Qəfildən üstümdən atdanıb keçir.
Mən koram… Sən hara baxırsan, Tanrım!
Sənin də oyunun yamannan-yaman.
Haqqın tərəzisi qurulan vaxtı
Kiminə taxt verdin, kiminə palan.
Çəkilib uzaqdan özümə baxdım, –
bir də üzə gülüb,
arxamca daş atanlara…
Yol üstə ilantək qıvrılanlara…
Başımın üstündə qovğalar kimi
Bu yağış adamlar, külək adamlar –
Bu payız oğlanlar, bu qış gözəllər,
Bu külək oğlanlar, kələk oğlanlar,
Bu payız gözəllər, bu xəzəl qızlar,
Dayanıb yolumda qovğalar kimi, –
Adamlar dəyişir havalar kimi, –
Niyə dəyişmədin, Cəfərin oğlu?!