Yoxdu
Keçən günlərimi bir də sal yada,
Demə ki, tənbəldi, azarı yoxdu.
Bir zaman düşməni asıb-kəsərdi,
Əfsus, heç birinin məzarı yoxdu.
Kaş qəlbin hər sirri üzdə olaydı,
Onu düz anlamaq gözdə olaydı,
Dostlar əvvəlki tək bizdə olaydı,
Daha gedib-gəlmir, güzarı yoxdu.
Günlər xoş keçəndə dostlar cəm gəlir.
İşlər əyiləndə kədər-qəm gəlir.
Hayına bəs kimsəsizin kim gəlir?
Ha çalış, ha çağır, azarı yoxdu.
Divanə nə qanır səfil-sərsəri,
Kamil bir sərraf tap, sərf elə zəri.
Hər yetən nadana satma gövhəri,
Hələlik qoy qalsın, bazarı yoxdu.
Qızıldaş
Çox yerlər dolandım, gəldim sinənə,
Duydum hər kəsini mən dönə-dönə,
Kimi qardaş oldu, kimi dost mənə,
Ey dostlu, qardaşlı gözəl Qızıldaş.
Qoruyur başının üstünü dağlar,
Bu dağlar düz əli özünə bağlar.
Özü tək hündürdə insanı saxlar,
Sənə daşdı, dağdı əzəl, Qızıldaş.
Bir evdə doydusa, hər ev şənlənir,
Ürəklər böyüyür, sinə enlənir.
Segahlı, nəğməli ürək dillənir,
Oqtay da söyləyir qəzəl, Qızıldaş.
Gül üzlü qızların şən üzü xallı,
Xoş sinəndə oğlun, qızın xoş hallı.
Adiləm, dolannam qəmli, xəyallı,
Ollam bir payızda xəzəl, Qızıldaş.
Döndü
Qırıldı məftillər, yığışdı tellər,
Bir canda birləşdi bölünən ellər.
Öpüşdü dodaqlar, görüşdü əllər,
Sevinclər damlaydı, dənizə döndü.
Bir-birindən ayrı düşüb neçə can,
Bütövləşər söylə mənə, de haçan?
Bakılı, Təbrizli bu Azərbaycan,
Gözləyə-gözləyə day közə döndü.
Özüm adiləm ki, Adildi adım,
Gündüz günəş, gecə ayla yaşadım.
Apardı göyümdən onu da yadım,
Nahaq haqqa batan bir bizə döndü.
“