Mənə bir məktub göndər
Susuzluqda su təki,
Bəlkə, yadına düşəm.
Mənə bir məktub göndər
Bilim ki, ölməmişəm.
Səndən başqa bilən yox,
Dərdimə bir dərman yaz.
İki kəlmə nədi ki,
Ay gözünə qurban, yaz.
Çox yox, bir varaq göndər,
Vaxtın yoxsa, ağ göndər,
əllərinin izini
evimə qonaq göndər.
Bilim harda solursan,
ay gülüm, ay bənövşəm.
Mənə bir məktub göndər,
Bilim ki, ölməmişəm.
Payız yağışları hopur canıma
Buludlar dənizi qaldırıb yerdən,
Çırpır küçələrin boz sifətinə.
İslanmış kölgələr qaçır işıqdan,
Oğru adam kimi qısılır tinə.
Bəlkə bir nadanın günahı üstə,
Hamının başına döyür bu yağış.
Kiminin gözündə yağışdı elə,
Kiminin içini oyur bu yağış.
Mamır bağlayacaq daşların üzü,
Dərdsiz ürəklərin divarı – yosun.
Belə yağandısa mənim qəlbimdən
Vəfasız bir qızın izini yusun.
Bu payız yağışlar hopur canıma,
Daha itirilmiş torpaq kimiyəm.
Yağışlar yorulub kəsəcək bir gün,
Mən bundan o yana çətin kiriyəm.
Nə qədər gözlərdə görünməz oldum,
Məni gəzən gözlər islanır harda?
Çiçəklər, yarpaqlar quruyub ölür,
Göyərib öləcəm bu yağışlarda.
Kim çəkib gətirdi düzə dağları
Qoşula bilmədik qayalarına,
Qoşduq tükdən yüngül sözə dağları.
Havası çatışmır aran yerində, –
Kim dartıb gətirdi düzə dağları?
Qartallar səsini içində boğub,
Qayalar kolların dibinə sığıb.
Əl boyda kağızın üstünə yığıb
Barmaqla göstərir bizə dağları.
O mənəm, hər yandan yolu kəsilən,
Babəklə bir yerdə qolu kəsilən.
Köçürün bu yurdun xəritəsinə
Sinəmə çəkilən təzə dağları.
Adın var alnımın güllə yerində
Nə özün gəlirsən, nə məktubların,
səninlə gedibmi yox olan yollar?!
Bəlkə Yer üzündən qırılıb düşüb
bizim aramıza yıxılan yollar?!
Qaldığın illərin yan-yörəsindən
seyrəlib çəkildim duman, çən kimi.
Tək sənin yadına düşmürəm deyə
yadımdan çıxıram çıxan can kimi.
Ulduzu tökülüb bizim göylərin,
nə sən o çiçəksən, nə mən o dəli.
Dadı, duzu qaçmış bu xarabada
hələ ki ölməyib həmən o dəli.
…Darıxan əllərim özündən çıxıb,
Döyər qapınızı günün birində.
Mən başdan ayağa başağrısıyam,-
Adın var alnımın güllə yerində…
Anam, dizlərim bükülür
Sinəm, kürəyim dağılır
Şah İsmayıl qılınc çəkən
Ölkənin sərhədi kimi.
Anam, dizlərim bükülür
Xocalıdan əsir düşən
O gəlinin qəddi kimi.
Kitaba, dərsliyə salın
Mənim də çəkdiyim dərdi
Sonsuzluğun həddi kimi…
Köhnəlmədim, vaxtım nə tez çıxdı ki
Heç darıxma,
mən də çıxıb gedəcəm, –
Adiləşim, unudulum…
Və sonra.
Ürəyində soruşursan, bilirəm:
“Deyək – getdin, tutaq – qaldın,
bə sonra?!”
Mən nə bilim o sonranı kim bilir? –
Sonrasını Allah bilir, cin bilir,
İnanmıram hansı kitab, din bilir, –
Nə tutubsan “bə sonra?”dan, nə sonra?!
Tanrı dönüb biz tərəfə baxdı ki,
Köhnəlmədim, vaxtım nə tez çıxdı ki?!
O dünyada görüş yeri yoxdu ki,-
Gözləyəcəm, görüşərik…
Hə, sonra.