Bir Allah bilir ki, neçəyəm indi.
Mənə gözlərinin şəklini yolla,
Görüm o gözlərdə necəyəm indi.
Sizin qapınıza gedib çıxacaq,
Səmti bilinməyən küçəyəm indi.
Ağ günə çıxmağı məndən istəmə,
Alışıb yanıram qızın istimə,
Ayrılıq kölgəni sərib üstümə,
Görsən, tanımazsan gecəyəm indi.
Nə sənə mən yadam, nə də tanışam,
Bir ömür tək səndə unudulmuşam,
O qədər əzilib xırdalanmışam,
Bir Allah bilir ki neçəyəm indi.
Hansı dildə mən ağlayım.
Hansı dildə mən ağlayım,
Sən siləsən göz yaşımı.
Çıxıb gedərdim, qorxuram,
Birdən kəsərlər qarşımı.
Göydə gəzirəm, yerdə yox,
Göy də yox olub, yer də yox,
Gediləsi bir yer də yox,
Bir azca qatım başımı.
Yarı sevinc, yarı qəməm,
Eh, mən də bir bəxti kəməm,
Soruşma nəçiyəm, kiməm,
İtirmişəm yaddaşımı.
Nə gedib saçın yolasan,
Nə də xəyala dalasan,
Bəlkə Tanrım, sən salasan,
Öz başıma, öz daşımı.
Hökümə Əliyevanın əziz xatirəsinə.
Taleyin hökmünü nə bilmək olur
Açılan sabahın nədir qərarı.?
Nə çıxar qarşına bu yollar boyu
Bilməyə heç kimin yox ixtiyarı.
Xoş gündə,bir ölüm gəlmir xəyala
Can atsız həmən gün eşqə,vusala
Nə qədər arzuyla çıxmışdiz yola.
Ömrünüz göylərdə kəsildi yarı.
Qara buludlardan qarmı gəlirdi
Odmu ələnirdi,qormu gəlirdi.
Sizə bu yer üzü darmı gəlirdi.?
Üz tutub getdiniz göylərə sarı..
Ağrıyıram
Dayanıb başım üstə
Ruh yorğun,bədən xəstə
Son nəğməni ahəstə
Oxuma,ağrıyıram
Məni isitmir odun
Düyünə düşüb adın
Ürəyim sancır qadın
Toxunma ağrıyıram
Sökülən damın olum
Axır gümanın olum
Gəlmə,qurbanın olum
Yuxuma ,ağrıyıram
Bu da çəkdiyim son ah
Çətin doğula sabah
Sən də gəl,Tanrım,burax
Yaxamı,ağrıyıram
Bir nəğmə qışqırdım üzü küləyə.
Səpildi havaya quşların səsi
Töküldü ulduzlar dən dən aşağı.
Bir nəğmə qışqırdım üzü küləyə,
Bir ağac kövrəlib tökdü yarpağı.
Bir qəmli bayatı yaşayacaqdım
Bir qarı dilini ağıya açdı.
O qıza sevirəm söyləyəcəkdim
Dilimdən naqəfil əlvida qaçdı.
Getdi,bir qayıdıb baxmadı geri
Qırıldı könlümün incə pərdəsi.
Gəlib eyni vaxtda duşməyəydi kaş
Vüsal nəgməsiylə,vida nəğməsi..
Sənə də bir canlıq borcum var, Allah.
Gecəsi üstünə çökmüş səhərəm,
Bir daha qızarmaz dan yeri məndə.
Səni axtarmağa gedirəm, gülüm,
Axtarma tapmazsan can yeri məndə.
Özümdən içəri gedirəm, çəkil,
Əriyib qanıma qarışım təki…
Sən də gəl üstümdə elə ağla ki,
Zərrə də qalmasın qan yeri məndə.
Qarışıb gecəyə çəkdiyim bu ah,
Yaman çox gecikir bu gələn sabah.
Sənə də bir canlıq borcum var, Allah,
Onu da gəl alıb yan yeri məndən..