Allahdır
Qəlbini həmişə onunla düz tut,
Əgər bir veribsə, birini yüz tut,
Arınmaq istəsən tək ona üz tut,
Bütün günahları yuyan Allahdır.
Çoxdu din adıyla alver edənlər,
Timsah iştahalar, naqqa gödənlər,
Bir onu anladır gəlib-gedənlər,
Bil ki, gerçək olan röyan Allahdır.
Nə qorxun,nə çəkin,nə də üşən tut..
Dönüb bəhməz olur, qopub düşən tut,
Qəlbini fərəh tut, könlünü şən tut,
Səni hər halınla duyan Allahdır.
Ən çətin günündə bürünmə qəmə,
Çevirmə ruhunu şeytana yemə,
Allahı heç yerdə tapmadım demə,
Görmək istəyənə hər yan Allahdır.
Sən ona qəlbini, ruhunu xoş ver,
Nəyin var adına, uğruna ,qoş, ver
Yerdəki qulbeçə şahları boş ver,
Hər hökm Allahdır,fərman Allahdır.
Əl qoysa sərvətə,varə tükənməz
Tutuşar ürəyim narə tükənməz,
Ayaz, İlahidən çarə tükənməz ,
Dünyada hər dərdə dərman Allahdır.
Bilməyək.
Ola bilərmi ki, özümüzü biz,
Təzədən yoğurub-yapa bilməyək.
Və bir də adına ömür deyilən,
Bu atı doyunca çapa bilməyək.?.
Tamah zəhər olsun, mar bizi boğsun,
Verməsin pis arzu bar, bizi boğsun..
Harama uzansaq ar bizi boğsun,
Ayıbdı söyləyək, qapa bilməyək.
İnsanlıq hər kəsin mərəzi olsun,
Alçaq əməllərə qərəzi olsun,
Hamının ürəyi tərəzi olsun,
Heç cür ədalətdən sapa bilməyək.
Dinc olsun həmişə baş-qulağımız,
Çağlasın durmadan pul bulağımız,
Elə güclənsin ki, könül bağımız,
Elə güclənsin ki…qopa bilməyək.
Hərəsi bir cürə yolla girməsin,
Sağdan baş aldadıb solla girməsin,
Tanrıynan araya, molla girməsin,
Keşiş tanımayaq, papa bilməyək.
Qatıbdı başını min-min qan-qada,
Bəlkə də onunçün düşmürük yada,
Qorxuram gedəndə heç o dünyada,
Allahı salamat tapa bilməyək..
VAR
Həsrətimin qədərini bilirəm,
Bir kitablıq o”yanım” var,” bərim” var.
Nə olsun ki, təklifimə “yox” dedi,
Hər misrama ilham verən pərim var.
Keyləşəndə bir acını duymuram,
Xatirələr çox şirindi doymuram,
Mən imzamı elə-belə qoymuram,
Yazdığımın arxasında tərim var.
Baxmıram ki, korlanıbdı zəmanə,
Ölsəm belə itməz məndə əmanət,
Torpağımın sabahına zəmanət,
İki körpəm-iki igid nərim var..
Döyüşürəm hər cəbhədə tək durub,
Sapandımın qabağında tank durub,
Bu quyunun başında üç bank durub,
O, quyunun başında da “Kərim” var.
Göyərtmişəm,böyütmüşəm haqq sözü,
Ömür boyu deməmişəm lax sözü,
Şillə kimi oturtmuşam şax sözü,
Soyulmağa hazır olan dərim var..
Ayrılıqdı gəlib-keçər döz dedim,
Alovlanır canımdakı köz dedim,
Gözüm tutan bir gözələ söz dedim,
Dedi şair vallah mənim ərim var..