.....

.....

AMİNİN ŞEİRLƏRİ

AMİNİN ŞEİRLƏRİ

Bu gecə yarı
Bir külək başlasa bu gecə yarı
Gəlib otağımdan götürsə məni.
Heç vaxt görmədiyim heç tanımadığım
Nağıl küçənizə ötürsə məni.
Sən də darıxıb eyvana çıxsan
Səsin yetməyəcək qədər uzaqda,
Lap xırdaca göz yaşı boyda
Parlayan ulduzlara baxsan.
Qarışsam özümtək utancaq mehə
Qarışsam gecənin melodiyasına
Çırpsam özümü yanaqlarına
Dolaşsam tellərinin arasına
Doğma nəvazişlə saçını hörsəm
Öpsəm, doyunca öpsəm nəfəsindən
Hamıdan xəbərsiz alıb götürsəm
Səni tənhalığın dar qəfəsindən.

Gedirəm
Sovruldu,nəyim yox, nəyim vardısa.
Məni eşitməyə qəlbin kardısa,
Bu boyda şəhər də bizə dardısa,
Bağışla, gedirəm mən bu şəhərdən.

Əllərim əlinə yetməyəcəksə,
Həsrətli günlər ki ötməyəcəksə,
Sevgimiz vüsalla bitməyəcəksə,
Bağışla, gedirəm mən bu şəhərdən.

Qalıb damağında dad olacamsa,
Səninçün quruca ad olacamsa,
Gah doğma, gah da ki, yad olacamsa,
Bağışla, gedirəm mən bu şəhərdən.

Yaz axşamı
Ümidlər cücərir bu yaz axşamı
Arzulu ulduzlar ovcuma düşür.
Gündüz görüşməyə vaxt tapmayanlar
Gecəli, ulduza dönüb görüşür.

Eyvanlar işıldaböcəklərdi bax!
Sayrışır, sayrışır hələ yatmayıb.
Görünür, hardasa yolunu azmış
Gözlər ünvanına hələ çatmayıb.

Duyğular oyanır bu yaz axşamı,
Adamlar hisslərin toruna düşür.
Köhnə xatirələr bir-bir göyərir
Hərənin ağlına biri ilişir.

Döyür pəncərəmi mürgülü külək,
Deyəsən, gecənin yuxusu gəlir.
Hamı darıxırmış bu yaz axşamı
Gecədən darıxmaq qoxusu gəlir.