.....

.....

AMMA YAŞAYA BİLMİRƏM, BİLMİRƏM… – Salam Sarvan (şeirlər)

AMMA YAŞAYA BİLMİRƏM, BİLMİRƏM… – Salam Sarvan (şeirlər)

***

Bu xırda, bu cılız insan
yalnız qapısı olan yerlərə can atar:
evə, idarəyə, maşına…
Nəhayətsiz göylərə, çöllərə dartınmaz.

Otağında neçə-neçə qapı var, pəncərə var.
Hətta kitab dolabına da qapı qoydurar.
Doğmalarının şəklini şüşəli çərçivəyə saldırıb
pəncərədən baxar sevdiklərinə.

Bu xırda, bu cılız insan
fani bir ömürdə əbədiyyət rahatlığı qurar özünə –
mətbəxdə yemək yeyər,
qonaq otağında televizora baxar,
yataq otağında yatar.

Utanıb-qızarmadan
küləyin tumarladığı nəhayətsiz zəminin yanında
başındakı beş-altı tükü darayar…
Gur-gur axan çayların böyründə beş-altı damcı göz yaşı axıdar…
Uca dağların ətəyində beş-altı qarış boy atar.
Od saçan Günəşin altında tüstü saçan ocaq qalayar.

Guya onun azadlığının həddi
başqasının azadlığının civarına qədərdi…
Əslində isə, dustaqlığının sərhəddi
başqasının kamerasının divarına qədərdi.

Əslində isə…
Bu xırda, bu cılız insançün
bütün azadlıqlar tələdi:
çünki hətta hər gün ütülədiyi
paltarının qulluğunda kölədi.

Bu xırda, bu cılız insan
əlvan parıltılar yaradar qapqara niyyətindən…
Hər qarış torpaqda nəsə tikər –
fələyin gərdiş eləməsi üçün
bir metr də yer saxlamaz həyətində.

Belə…
Tanrı bu xırda, bu cılız insanın
başını soxması üçün qapılar yaradıb yalnız –
dünyanı yaratmayıb hələ…

AMMA YAŞAYA BİLMİRƏM, BİLMİRƏM…

Bir az iş-güc qatır başı,

bir az da yazı-pozu:

sənsiz yaşaya bilirəm,

narahat olma, “Qızım”.

Amma yaşaya bilmirəm, bilmirəm.

Bir az səndən zəhləm gedir,

bir az da özümdən.

Narahat olma, “Qızım” –

sənsiz yaşamaq mümkünmüş deyə

yavaş-yavaş düşürsən gözümdən.

İçirəm-kövrəlirəm, kövrəlirəm-içirəm…

Narahat olma, “Qızım” –

öldürdüyün gündən bəri yavaş-yavaş dirilirəm:

o dünyadan bu dünyaya hər gün bir az köçürəm.

Amma yaşaya bilmirəm, bilmirəm…

Hərdən züm–zümə edirəm,

hərdən də ulayıram…

Narahat olma, “Qızım” –

yavaş-yavaş sağalıram iflicdən,

məsələn, artıq səni xatırlayanda başımı bulayıram.

Amma yaşaya bilmirəm, bilmirəm…

Narahat olma, “Qızım” –

mən şəhərdə gəzəndə

insanlar bir adamlıq kənardan keçirlər,

sanki yanımda yeriyirsən deyə.

HƏƏ, DEMƏLİ MƏLUMDU MƏSƏLƏ…

Ata-anayçün, dost-tanışçün, arvad-uşaqçün,

lap elə vətənçün yaşayan insan

ömrün son illərini cənnətçün yaşar –

ata-anasız, arvad-uşaqsız, vətənsiz bir yerçün.

Həə, deməli məlumdu məsələ…

Məsələn, işıq sönmüş otaqda bir kibriti tapanacan

nə qədər lazımsız əşyaya toxunursan – stola, divara, televizora…

Həə, deməli yaşamaq da belədi –

bir “kibrit” axtarışında arvad-uşağa, vətənə, dost-tanışa

və sairəyə toxunmaqdı yaşamaq.

YAŞAYIŞ

Məsələn, bir stəkan suyun

ömrü yoxdu əslində.

Donmaq və ərimək hərəkətində yaşayır su.

Məsələn, qazılan quyulardan

çıxarılmış torpaq zibildi daha.

Təxminən, sən də yaşamırsan.

Yalnız saçlarının və dişlərinin

yavaş-yavaş tökülməsidi həyat əlamətləri.