Şəhid evi
Mən elə bir məmləkətdə doğuldum ki,
Gənc ömürlər yarpaqlardan öncə solur.
Köçəri quşlardan öncə şəhidlər uçur cənnətə
Payız fəsli belə gəlir bu yerlərə.
Bahardan doymayan pöhrələr,
Atadan doymayan körpələr,
Xəzan anaların saçından başlayır burda,
Torpaq ataların ürəyindən başlayır çürüməyə.
Mən elə bir məmləkətdə doğuldum ki,
Şəhid evləri, uçuq-sökük damlardan asılmış
Təzə bayraqlardan bəlli olur.
Mən elə bir məmləkətdə doğuldum ki,
Kişilər ya şəhid olur ölür,
Ya da utandığından ölür.
Ən çoxum
Mən, ən çox bu qədər
sevə bilərdim birini.
Necəki uşaqdan soruşarlar,
Göstər, görüm, nə qədər sevdiyini.
O da aça bildiyi qədər
Açar sərçə qollarını,
Xəyalında dənizləri,
Günəşi, Ayı, səmanı,
Tanıdığı, bildiyi
Bütün çoxlarını
Sığdırar qollarına.
Sən də elə…
Sən də mənim qollarımın arasında
Həmən çoxsan.
Mən, ən çox bu qədər
Sevə bilərdim birini.
Sən, mənim ən çoxumsan!
Uzaqlar
Bilsəydim, çoxdan gedərdim.
Nə gözəlmiş, məni sənə yaxın edən uzaqlar.
Deyirdin, qiymətli olur,
Ara-sıra, qəfil gəlib, qəfil gedən qonaqlar.
Sözünü yerə salmadım,
Səssiz olur, əziz olur, sözə baxan uşaqlar.
Mən də getdim, elə getdim,
Barmağımın uclarında hələ də küt ağrı var.
Səs etmədən,
Ayrılıqdan söz etmədən,
Gurultusuz,
Qırıb-töküb yox etmədən.
Nəyim varki, o komada
mənim səndən başqa, onsuz.
Uşaqlardan söz açmışkən,
Sən mənimlə çox oynadın.
Gah oynatdın, gah da atdın
Daha sənlə oynamıram.
Oyun bitib, mən getmişəm.
Mən gedəndə yuxudaydın,
Oyatmadım.
Oyananda ağlamısan,
Oyuncağı axtarmısan.
Sinəmdədir,
gizləmişəm.
Mən hamıdan, mən hər şeydən
gizlənmişəm.
Bilsəm,elə ən birinci,
Elə səndən gizlənərdim.
Bilsəydim,çoxdan gedərdim.
Ən azından bilərdim ki,
Məni gəzən, mənim üçün qəribsəyən bir uşaq var.
Nə gözəlmiş, məni sənə yaxın edən uzaqlar,
Nə gözəlmiş, məni sənə yaxın edən uzaqlar!
Hələ də sevirəm
Məni yetim qoyub getmə, deyən, sən.
Tərk edib gedəli özün necəsən?
Məyər ki,sən məni heç sevməmisən
Mən niyə hələ də səni sevirəm?
Qürurum hardadır?
Sənləmi getdi.
Ya sənin vicdanın,
Nə zaman itdi?
Güvənmi? Nə güvən?
Çoxdan tərgitdim.
Bəs, niyə hələ də səni sevirəm?
Xatirən amansız bir tozlu külək,
Üzümü ovcuma sıxıram bərk-bərk,
Ya dayan, ya belə döyünmə,ürək,
Bizi unudanı, unudaq gərək.
Zəfəri qeyd edək, gəl, badə-badə
Ağlama, ağlama, gözüm, nə badə
Sənə qalan mənəm özüm,özün də
Nə sev, nə də demə, hələ sevirəm
Nə sev, nə də demə hələ sevirəm!
Anamdan sonra
Anamdan sonra,
Çantasını açdım
İçindən bir kağız parçası tapdım.
Alacaqları varmış,
Baxdım ki,siyahı yazmış…
- Corab
- Ayaqqabı
”Gülüm”ə dəri
Õzümə adi.
Səndən sonra
aldım,anam,
Corab da, dəri ayaqqabı da.
Amma həmişə üşüdü ayaqlarım
İyulda da, avqustda da.
Həyatımı soruşsan,
Səndən sonra
mənim həyatım
sənin ayaqqabın kimidir,
Hər şey adi.