ANAM VƏTƏNDİR
Toplayıb əsgərləri öz ətrafına,
Sorğu keçirərdi tez- tez komandir.
Qayğıkeş ata tək o nəvazişlə,
Dinlərdi onlarin dərdini bir- bir.
Bir gün eşitdi ki, o bir əsgərin,
Yoxdur nə atası, nə də anası.
Yox imiş heç kimi bu gənc əsgərin,
Yaxından- uzaqdan bir əqrabası.
Əsgər nümunəvi, ağlıbaşında,
Gəlmişdi xidmətə uşaq evindən.
Bir nöqsan yox idi davranışında,
Hər kəs razı idi tərbiyəsindən.
Komandir çağırdi həmin əsgəri,
Əsgər dayanmışdi qaya tək mətin.
Süzdü diqqət ilə, süzdü əsgəri,
Başladi söhbətə bir qədər çətin.
Dedi inan mənə bu gün bilmişəm,
Çox məyus olmuşam, üzüldüm hətta.
Təəssüf edirəm gec oyrənmişəm,
Bir kimsən yox imiş sənin həyatda.
Əsgər sakit- sakit, olduqca rahat,
Söylədi həyatda çox olub qəmim.
Sizə yanlış çatib dedi məlumat,
Bir kimsəm yoxsa da, anam var mənim.
Komandir hər kəsdən soraqlamışdı,
Nə məktub yazan var, nə də zəng edən.
Görüş kitabçasın varaqlamışdı,
Yox idi əsgərin yanina gələn.
Süzüb əsgərini komandir sordu:
Bəs niyə gəlməyir yanına anan?
Nə məktub göndərir,nə də zəng edir,
Bir az səmimi ol,danışma yalan.
O gəlib- getməz ki,hər an yanımda,
Zəngə ehtiyac yox, səsim yetəndir.
Mektubu qəlbimdə, ruhu canımda,
Anasiz deyiləm, Anam Vətəndir!
Bu vətən sevdali igid əsgərdən,
Komandir ən doğru cavab almişdı.
Qürurlu əsgəri süzüb sevgiylə,
Komandir yerində donub qalmışdı.
BÜTÖV AZƏRBAYCAN
Vətən sevgisiylə ürək yanarkən,
Bitər həsrətimiz, göz yaşı qalmaz.
Yurdumun ər oğlu Nəbi demişkən,
Elin də o başı, bu başı olmaz.
O gün uzaq deyil,yetişər gələr,
Tarixin çarxını geri döndərər.
Azadlıq carçısı Babək Xürrəmi,
Yenə Həmədana kömək göndərər.
Çəkər qılıncını igid Cavad xan.
Səsinə səs verər Xorasan,Zəncan.
Müqəddəs amala fəda edək can,
Əbədi bir olsun qoy Azərbaycan!
Toy- büsat qurulsun hər bir yerində,
Silinsin qəlblərdən kədərin izi.
Açıb qollarını Xudafərində,
Möhkəm qucaqlasın Bakım Təbrizi!
Qopsun könüllərdən qüssə, qəm, qübar,
Qurtulsun zülümdən bu qədim diyar.
Oğlunu, qızını görüb bəxtiyar,
Şadlıq nəğmələri desin Şəhriyar.
VƏTƏN, NƏ GÖZƏLSƏN BÜTÖVLƏŞƏNDƏ
Gəldi xoş anlarım, ən gözəl çağım,
Büründü sevincə aranım, dağım.
Ucaldı göylərə şanlı bayrağım,
Açdı qönçə güllər yenə gülşəndə,
Vətən, nə gözəlsən bütövləşəndə!
Sildik Qarabağdan düşmənin izin,
Əzdik başlarını, kor etdik gözün.
Azadlıq sırası indi Təbrizin,
Çin olar arzumuz gün yetişəndə,
Vətən, nə gözəlsən bütövləşəndə!
Çəkilən acılar bu qədər yetər,
Sonlanar ayrılıq, həsrət də bitər.
Uzməz könülləri qüssə, qəm, kədər,
Dərbəndim, Zəncanım yada düşəndə,
Vətən, nə gözəlsən bütövləşəndə!
Parlasın səmada ulduzum, ayım,
Yayılsin aləmə şadlıq harayım.
Birləşib bir olsun o tay, bu tayim,
Bir bahar çağında yaz gəlişində,
Vətən, nə gözəlsən bütövləşəndə!
KAŞ
Kaş dönüb qayğısız uşaqlığima,
Özümü dünyanın xoşbəxti sanam.
Köhnə həyətimiz, köhnə evimiz,
Kaş yenə yanımda olaydı anam…
Durub beşiyimin başında hər gün,
Şirin laylasıyla səsləyə məni.
Tez- tez qucaqlayıb basa bağrına,
Sevib əzizləyə, bəsləyə məni.
Üzündə təbəssüm,qəlbində fərəh,
Düzəydi süfrəyə nabat, qoğalı.
“Sən mənim ağıllı balamsan” deyib,
Çəkəydi başima tumar, sığalı.
Salıb qaydasına əyin- başımı,
Səhərlər həvəslə göndərə dərsə.
Olmazdı Tanrıdan başqa istəyim,
Qaytarıb anamı özümə versə.
“Bazara gedirəm sizə nə alım?” deyə soruşan bir dosta cavabım
Siyahı uzundur, deyim bir ucdan,
Çoxdur ehtiyatim günahdan, suçdan.
Toxların xəbəri olmaqçun acdan,
Bir az mərhəmət al, bir az da vicdan.
Götür sən özünlə bolluca para,
Bazarı yaxşıca bir axtar, ara.
Kəmfürsət əlindən gəlmisik zara,
Rast düşsə insaf al insafsızlara.
Yazın əvvəlidir, qışın da sonu,
Əlimiz kasaddır, biləsən bunu.
Bir həsir papaq al,bir də yay donu,
Ədalət axtarma tapmarsan onu.
Dil al bizim üçün, olsa da baha,
Təriflər deməsin vəzirə, şaha.
Haqqı söyləməyə lal olmasın ha,
Görüm alinası nə qaldı daha…