.....

.....

ARİF BUZOVNALININ ŞEİRLƏRİ

ARİF BUZOVNALININ ŞEİRLƏRİ

Oyan

Oyan, ey qəmlərə aludə könül, yatma, oyan,
Bu şəfəqdən süzülən rəngə boyan,
Dön qığılcımlara, yan –
Azad ol.

Sevməsən torpağı qoynunda məzar yoxdu sənə,
Onu peşkəş eləmə hər ötənə,
Bu atılmış Vətənə
Övlad ol.

Sözümün hikkəsi vicdanını bəlkə oyada,
Sənə miras olanı vermə yada,
Ya ucal ərşə, ya da
Bərbad ol.

Ruhun ölmüş, o sükunət bədənin canlı qəbir,
Yatmısan, səndə nə səs var, nə səmir,
Bu coşan qəlbimə gir
Fəryad ol.

Olma öz nəfsin üçün düşmən önündə baş əyən,
Gələcək nəslə qürur bəxş eləyən,
Məni xatırla deyən
Əcdad ol.

Haqsızı, yolsuzu susdurmağa çatmırsa gücün,
Barı, haqqın dilinə vurma düyün,
Özün öz nəfsin üçün
Cəllad ol.

Arif, ustad sayılırsan şüəra içrə, vəli,
Həqqi icranın əməldir təməli,
Sözə çatdır əməli
Ustad ol.

ÜÇLÜK

Sənsizliyə tab eyləyə bilsəydi bu könlüm,
Məcnun kimi gündüz-gecə çöllərdə gəzərdim,
Məcnun kimi çöllərdə gəzərdim və dözərdim.

Qəlbimdə əgər bilsə idim vəslə güman var,
Köksümdəki hər bir ucalan dağı çapardım,
Köksümdəki hər dağı çapardım və tapardım.

Olsaydı əgər mümkün o dünyaya gedəndə
Bir dəfə səni görməyimi arzu edərdim,
Bir dəfə səni arzu edərdim və gedərdim.

Getdin, nədi sevda qəminin zilləti bildim,
Gəlsəydin əgər sevgidəki zövqü bilərdim,
Gəlsəydin əgər zövqü bilərdim və ölərdim.

Bəxt ulduzumu olsa idi görməyə imkan,
Zülmətlər içindən özümə bir yol açardım,
Zülmətlər içindən yol açardım və qaçardım.

***

Ya könül munisim ol, ya can alan düşmənim ol,
Fərqi yoxdur, təki sən özgənin olma, mənim ol.

Qoyma könlüm gülü solsun payızın hökmü ilə,
Yaz ətirli nəfəsinlə əbədi gülşənim ol.

Eşq dəryasıdı axır yeri sevda gəmimin,
Məni bu mənzilə doğru aparan yelkənim ol.

Bədənim torpağa, ruhum sənə köçsün, ey gül,
Bu qiyamət qoparan qədd ilə son məskənim ol.

Səni versin mənə Allah, məni alsın məndən,
Eşq mülkündə ömür sürməyə canü tənim ol.

Arifəm, kuyinə qəsdim budu can əldə gəlim,
Məni yoldan çıxaran Adəmə, Ya Rəb, qənim ol.

***


Küsdümü səndən, görən, azadə çağlar, ey Vətən,
Dad edib ağlar səni sönmüş ocağlar, ey Vətən!

Torpağındır məlhəmi hicrində ağlar gözlərin,
Ağlama, çünki səninçün hamı ağlar, ey Vətən!

Çəkdiyi zülmü edib göz yaşı hər gündüz-gecə,
İsladır köksün əsir düşmüş bulağlar, ey Vətən!

Oldu viran vəhşi əllərdə çəmənlər, bağçalar,
Bayquşa mənzildi bülbülsüz budaqlar, ey Vətən!

Düzlərində gördüyüm al lalələrdir bir zaman,
İndi bu sinəmdəki həsrətli dağlar, ey Vətən!

Ölsə də düşmanə təslim etməyib öz yurdunu,
Qanlı torpağın şəhid canlar qucaqlar, ey Vətən!

Mən sənin uğrunda canından keçən bir əsgərəm,
Varlığın yalnız məni dünyaya bağlar, ey Vətən!

Arifəm, ey kaş görüm azad səni, xürrəm səni,
Var ola Amin deyən dillər, dodaqlar, ey Vətən!