Adına bir arzu…
Seyr edib göylərdə axan ulduzu,
Adına bir arzu tutdum bu axşam.
Bir şam da yandırıb sənin adına,
Arzuma bir ümid qatdım bu axşam.
Gəzdim xəyallarda axtardım səni,
Tapdım saçlarımda sən adlı dəni,
Sıxdı həsrət məni,boğdu qəm məni,
Yuxumda görməkçün yatdım bu axşam.
…Bir arzu tutmuşdum səninçün gülüm…
Adını çəkməyə titrəyir dilim,
Ən böyük Arzumsan axı,ay dəlim,
Röyamda arzuma çatdım bu axşam.
Kəpənək qız
Uçub tez- tez xəyalıma,
Gəlirsən sən kəpənək qız.
Baxışınla dəli edib,
Gülürsən sən kəpənək qız.
Ürəyimdə dilək -dilək,
Gəzirsən hey ləçək -ləçək.
Yuxumu da çiçək-çiçək,
Bölürsən sən kəpənək qız.
Kirpiyini ox edirsen,
Naz qəmzəni çox edirsən,
Varlığımı yox edirsen,
Bilirsən sən kəpənək qız?
Qanadinın xəfif yeli,
Ram ruhumu edir dəli.
Oda dönür eşqin dili,
Ölürsən sən kəpənək qız.
Kətana çəkilən qəmli şeirəm
Ey Rəssam, fırçanı əlinə götür,
Yazdığım şeirin rəsmini sən çək.
Dərdin boyasını saçımdan alıb,
Baxıb gözlərimə suyundan yol çək.
Ən incə sözümü çiçəyə bənzət,
Ləçəyi qurduğum xəyallar olsun.
Qəlbimdə saralan arzular kimi,
Ətrafi saralmış yarpaqla dolsun
Sətir altindakı gizli duyğumu,
Elə çək ey rəssam bilən olmasın.
İçimdən hayqiran çığırtıları,
Səssiz çək,səsinə gələn olmasın
Üzümdə gülüş çək, təbəssüm həkk et,
Görənlər söyləsin rəsmin ucadır.
Saçımda hər dənə bir-bir çiçək düz –
Baxanlar deməsin bu qız qocadır.
Ey rəssam,qələmi əlimdə çək ki,
Orda da bilinsin dərdli şairəm.
Tabloya ad da qoy” Soluxmuş Arzum “
Baxantək bilsinlər ,qəmli şeirəm.
Bir ümid Eşq
Yenə gecə bir də mən,
Dayanmışıq üz -üzə.
Mən gecədən zülmətəm,
Dərdim həsrət gündüzə.
Dərd özü də qapqara,
İşığa həsrət üzü.
Zülmət içrə bəxtimin,
Açılmır,kordur gözü.
Zərrə ümid işığı,
Sızır qara bəxtimə.
Bu ümidin adı Eşq,
Olur çara bəxtimə.
Qəfil gələn qonaqsan
Sən içimə düşəni, ürək elə əsir ki.
Bircə adını çəkmək, nəfəsimi kəsir ki…
Kəpənək qanadına, naxış vuran toz kimi,
Səndən naxışlanıbdır, ürəyimin hər simi.
Müsait olmasam da, qəfil gələn qonaqsan,
Tör -tök olan ömrümə, bəzək vuran qınaqsan.
Süfrə açdım sevgidən,ye, nuş olsun ürəyim,
İç gözümün yaşını, duzlu olub xörəyim.
Mən ki, qonaqpərvərəm, niyə qaşqabaqlısan?
Doymadın yediyindən , inciməkdə haqlısan.
Nə deyim,necə edim? Səni məmnun edim mən,
Mən biçarə neyləsin? Axı…sən gecikmisən….