.....

.....

Arzu Hüseynin şeirləri

Arzu Hüseynin şeirləri

Üşüdəcək əllərini sazaqlar,
Yandıracaq üz gözünü isti də.
Darıxacaq pəncərəndən uzaqlar,
Çağıracam deyəcəksən, səsdi də.

Ağlayacam, deyəcəksən, yağışdı,
Bilirəm ki, tanımazsan belə də.
Gör kimlərin ulduzları barışdı,
Bizimkilər qovuşmadı hələ də.

Bəlkə düşər payımıza xoş halın,
Qısa olar mənə gələn yol bu gün.
Bəhanələr qatilidir vüsalın,
Sabah gecdir, gəlirsənsə, gəl bu gün.

Armududa qızardıqca çay dəmi,
Alışarsan nəfəsimə, istimə.
Başın altda yastıq elə sinəmi,
Qucağımı yorğan elə üstünə.

Kipriyini çətir bilib gizlənim,
Baxışının sual dolu selindən.
Eşq istəyim, ay ürəyi zəmzəmim,
Ovuc ovuc içir məni əlindən.

Noğul kimi damağımda ərisin
Dodağının şirinliyi, bəs demə!
Elə öpüm sübhə qədər, Nəfəsim,
Birdə məndən ayrı qalmaq istəmə.


Qoxlamadım üzərinə gül sənin,
Əl üstündə saxladıqca saxladım.
Az fikirli hiss edəndə mən səni,
Uşaq kimi ağladım e, ağladım.
Bu deyilmi məhəbbət?

Tellərinə qar ələndi yaz oldum,
Qəhərləndin qucağımda kiritdim.
Özgələşdin daşa döndün, buz oldun,
Öpə-öpə qarlarını əritdim.
Bu deyilmi məhəbbət?

Şübhə səni sıxışdırdı inandın,
Ürəyində başqasını bəslədin.
Hamı səni tərk edəndə duamdın,
Hamı səni unudanda gözlədim.
Bu deyilmi məhəbbət?

Dabanına daş dəyəndə ləngidin,
Çiyinlərin büküldükcə kiridin.
Leysan idin, külək idin, səngidin,
Mən arxanca ayaqyalın yeridim.
Bu deyilmi məhəbbət?

Yoxdur məndən nə sonrası, nə ilki,
Sən dənizsən, mən limanam, mən ada.
Ölüm bizi ayırası deyilki,
Ruhlarımız qovuşacaq səmada.
Bu deyilmi məhəbbət?


Deməzdim bu sevgidən,
Sən uddun, mən uduzdum.
Elə həmin qış idin,
Elə həmin payızdım.
Bərabər olmadıq ki,
Sən tənha, mən yalnızdım.
Adını hər nə qoysaq,
Daş olar, sevgi olmaz.
Belə ömür-gün olmaz.

Ehtirasın, şəhvətin
Qucağında iki lal.
Bu dəlilik içində
Mum olmaz ki, ihtilal.
Ürəyində getmisən,
Nə mənası desəm, qal?
Bitib tükəndim artıq.
Məndən sənə yem olmaz.
Belə ömür-gün olmaz.

Sayrışan ulduzların,
Sehrinə dalıb qaldım.
Yaş olub gözlərindən
Axmadım, dolub qaldım.
Mən sənin dünənində
Eləcə donub qaldım.
Özgəninsən bilirəm,
Bizimki mümkün olmaz.
Belə ömür-gün olmaz.

Həsrət göy qurşağıymış,
Rəngli, əlvan dərd imiş.
Getdiyin bütün yollar,
Ayağıma yurd imiş.
Şübhə ilan deyilmiş,
Kiçik, sinsi qurd imiş.
Qalanı təfərrüat,
Bu boyda sürgün olmaz.
Belə ömür-gün olmaz…


Qara çətir, yalın ayaq gecələr,
Ala gözlü o sevdaya xəbər ver.
De ki, onsuz yiyəsizdir küçələr,
De ki, onsuz sevinclərim qəhərdir.

Bakı yolu bağırışan maşınlar,
O bilir ki, xoşlamıram səs-küyü.
Az deyil e, özüm boyda yaşım var,
Yaraşarmı yollarına göz döyüm?…

Qaya dedi, ürəyimə daş dedi,
Heykəl oldum, buza döndüm anında.
Toxunmazdın nəfəsimə kaş dedi,
Bir də baxdım üşüyürmüş yanımda.

Qucaqladım, uşaq kimi ağladı,
Kiprikləri titrədikcə əridim.
İkimizdən bütöv dünya olmadı,
Tez anladım, tez yoruldum, kiridim.

Özüm mətin, məhəbbətim qürürsuz,
Səbrim hər gün biraz daha incələr.
Səpələyib saçlarına ay-ulduz,
Qara çətir, yalın ayaq gecələr.

Ona deyin yiyəsizəm mən onsuz,
Ona deyin yiyəsizdi küçələr…


Daha üşütmürsən, nə yalan deyim,
Əriyib buzları gözlərimin də.
Dünya öz dünyalıq taxtında elə,
Balıqlar xoşbəxtdir dənizlərində.
Sərçələr xoşbəxtdir yuvalarında,
Çiçəklər xoşbəxtdir ilk baharında.
Xoşbəxtdir o qoca çinar da, xoşbəxt,
Yaxın da xoşbəxtdir, kənar da xoşbəxt.
Bircə sən, bircəcik, birdənəm adam,
Bədbəxtsən bilirəm bütün hamıdan.
Çünki üşütmürsən əvvəlki kimi,
Çünki dizlərimin çözülüb bağı.
Çünki çiyinlərim öz yükü kimi,
Daşımır dərdini ağırdan ağır.
Bircə sən qəmlisən, hamıdan qəmli,
Soyuyur masanda çayın da dəmli.
Üzünün gülüşü bürünüb yasa,
Hökmün üzərimdə yaşadı qısa…
Ölmədim, bax elə həminki mənəm,
Çətin daş atasan həndəvərimə.
Ağlasam, son dəfə sevin birdənəm,
Son dəfə gülümsə öz əsərinə.
Çətin dərd içində ardınca baxam,
Artıq küçədəki həminki yadam.
Ölsən üzülmərəm, ölsəm üzülmə,
İlahi, bu günə necə də şadam.
Qarşında biçarə durub əzilməm,
Get, adam!