.....

.....

Ayaz Arabaçının şeirləri

Ayaz Arabaçının şeirləri

***

Lap elə kül altda olsa da belə,
Közümü tutmağa çalışıram mən.
Səbrimin sonuncu telinə qədər,
Dözümü tutmağa çalışıram mən.

Gəlmişəm dünyaya sıxılmaq üçün,
Murdar adamlardan çıxılmaq üçün,
Çoxdu rahat yerlər yıxılmaq üçün-
Özümü tutmağa çalışıram mən.

Günlərim sınaqdı, bəlkə də qəsdən,
Çölə buraxmıram nəfsi qəfəsdən,
Hələ ki, bir neçə əyri həvəsdən
Gözümü tutmağa çalışıram mən.

Cummadım üç mənim-beş mənim deyə,
Heç kimi seçmədim düşmənim deyə,
Özüm-öz gözümdən düşməyim deyə,
Sözümü tutmağa çalışıram mən.

***

Pozulub Tanrıdan gələn naxışlar,
Nifrətə çevrilib qanlı baxışlar,
Damır təpəsindən qara yağışlar,
Fərli ev də yoxdur, eşik də yoxdur.

Nə söz var, qulaqda sırğalamağa?
Başlayın di görək, zırvalamağa..
Yığıb xəyalları yırğalamağa,
İçimdə bir isti beşik də yoxdur.

Gəlib bu torpağa düşmüş əsirəm,
Məni bilən bilir, kiməm, nə sirəm,
Bir həsir, bir də ki, Məmmədnəsirəm,
Adıma bir dənə yeşik də yoxdur.

Gah tavan ağnayır, gah pol oynayır,
Köhlən meydanında Pit Pull oynayır,
Cibimdə siçanlar futbol oynayır,
Hakimlik etməyə pişik də yoxdur.

Gördük gülünü də, xəzəlini də,
Yaşayıb bir əsrin yüz ilini də,
Şuşanı da aldıq, Füzulini də,
Məzə partlatmağa Paşik də yoxdur.

Qarışıb şəhərdə acı-şirinə,
Sabun çatdırmırıq dərdin kirinə,
And olsun “müqəddəs” deşik pirinə,
Girməyə bir dənə deşik də yoxdur..

Ya ölkə qürbətdi,ya da biz qərib..
Canım sıxıntılı, könlüm müztərib,
Payız bir balaca burun göstərib,
Qaz da kəsilibdir, işıq da yoxdur.

***

qağayılar təlaşla baş vurur dənizlərə,
külək süpürgə çəkir qumda qalan izlərə,
baxıram qabığında qurumuş ilbizlərə,
əhvalım qarışıqdır..

qovuram gözlərimdən daş asan uyquları,
hürküdürəm fit çalıb qoşa üzən quları,
ütüləyib geyinib mavi qırçın suları,
dəniz gör necə şıqdır.

batıb -çıxır sularda Ay..
bu nə gözəl ovsun,
dağılıbdı sahilin saçları yosun-yosun,
çoxdan arzulamışdım belə bir evim olsun,
hər yanım sarmaşıqdır.

hara gedirəm belə, hara,
yolumu çaşıb,
bəlkə elə bu dəniz mənim gözümdən daşıb..
qəfil heç sezilmədən hava qaranlıqlaşıb,
içim amma, işıqdır.

durna qatarı kimi düzdüm sözləri səfə,
hardasan su pərisi boy göstər bircə dəfə,
gəl, çək “haqq-hesabını” çox yaxınam hədəfə,
qanım bircə qaşıqdır..

gecənin qulağından asılıb tana kimi,
bir saz səsi ağladı qəlbim yatana kimi,
öldüm-öldüm, dirildim gəlib çatana kimi,
bir mənəm bir aşıqdır..
Ayaz Arabaçı