.....

.....

Ayaz İmranoğlunun şeirləri

Ayaz İmranoğlunun şeirləri

DƏRDİM
Elə oxşayırsan mənim dərdimə,
Dərdim tək gözəlsən, ağrım tək şirin.
Yaramı hey öpüb sığallayırsan,
Hərdən də köz basdın, acısı dərin.

Bir azca ağladın, bir azca güldün,
İlahi, dərdində sevinməyi var.
O qıpçaq gözlərin ovsuna salıb,
Dərdində dərd ilə öyünməyi var.

Dərdində qocası, cavanı olur,
Gecəsi, gündüzü sabahlanarmış.
Dərd adlı sevgimiz necə ağılsız,
Özü öz eşqindən havalanarmış.

Haraya baxıram onu görürəm,
Həmişə, həmişə ucalıqdadır.
İç üzü, çöl üzü olan dərdimin,
Astarı eybəcər qocalıqdadır.

AĞRIM
Ürəyim ağrıdı həkimə getdim,
Ruhumun ağrısın de kimə deyim?
Orada bir sevgi hələ can verir,
Canıma can olan ağrımı yeyim?

Ağrıdan əyildi çiyinlərim də,
Ürəyim bir yetim uşağa dönüb.
Ovuda bilməyir ağılın gözü,
Kül altda qorunam demə ki, sönüb.

Çapılır, talanır bu vətən kimi,
Sökülüb obası, dağılıb yurdu.
Hələ əsirlikdə can verir canım,
De, hardan haylayım yatmış Boz qurdu?

Canımdan can kimi çıxır nəfəsim,
Uçuram, uçuram göyün üzündə.
Yelinli bulud tək yağım torpağa,
Adım da çəkilsin Tanrı sözündə.

Bölün şəhər-şəhər, kəndbəkənd məni,
Hər tində, döngədə dilənçi payım.
Yaltaqlıq, məddahlıq peşəmə dönüb,
Hanı əsilliyim, harayım, hayım.

Min ildi yatıram ağrı içində,
De niyə özünə gəlmirsən canım.
Babəkin kəsilmiş qolları kimi,
Donub yaddaşım da bu qara qan da.

Eyy!..qara qanın durulmağı var,
Vətən torpağa yox, quma ki, dönür.
Missoner su yolu edib bu yurdu,
Mənə sırıdığı kimin dinidir?

Qəsdi nə? döyüşmək əzmimi qırıb,
Bacı əsirlikdə, qardaş toydadır.
Bu ağrı, bu acı canıma sığmır,
Mənim ağrılarım Vətən boydadır…

***

Kərpicdən hörülmüş evimin iki pəncərəsi var.
Qabaq pəncərəsi küçəyə açılır.
Küçənin tinində ət kəsim yeri
Qoyun cəmdəkləri qırmaqlardan asılıb,
Milçəklər darışıb üstlərinə.
Qanlı torpaqda qoyun başları, dəriləri, ayaqları.
Üfunət qoxusu…
Süləngi itlərdə yaxınlıqda durub
Dilləri çölə çıxıb bir qarış,
Quyruqlarını bulayırlar
Yemək üçün.

Evimin arxa pəncərəsi
Gül-çiçəkli bağa açılır.
Meyvə ağacları çiçəkləyib
Bal çəkən arılar qonub çiçəklərə.
Çiçək ətri dolur ciyərlərimə
İçimdə eşqim qaynayır…

Bu dünya boydadır evim.
Evimin pəncərələri –
Şərq pəncərəsi,
Qərb pəncərəsi…

***
Mənim kədərimin beli bükülüb,
Mənim dərdlərimin boyu kiçilib.
Ağrıdan, acıdan elə seçilib,
Dünyanın ən xoşbəxt dərdidir dərdim.

Dəhnəsi uçrulmuş arxım kimidir,
Zamanı üyüdən çarxım kimidir.
Bir az da, bir az da baxtım kimidir,
Dünyanın ən xoşbəxt dərdidir dərdim

Elə bil dərdlərim loto daşıdır,
O ömür kartına dolur, yaşadır.
Yaxşı ki, dərdimi sevgi yaşadır,
Dünyanın ən xoşbəxt dərdidir dərdim.

Hərdən də dərdimi yun tək çırpıram,
Bədöy at kimidir möhkəm çapıram.
Ruhum göy evində inam yapıram,
Dünyanın ən xoşbəxt dərdidir dərdim.

Dərdimi sevinclə danışan oldum,
Bütün bəşər ilə dalaşan oldum.
Nə yaxşı dərdimlə barışın oldum,
Dünyanın ən xoşbəxt dərdidir dərdim.
Ayaz İmranoğlu