.....

.....

Aydın Murovdağlı – Vaxt uçur kəpənək həyatlarında

Aydın Murovdağlı – Vaxt uçur kəpənək həyatlarında

BU DÜNYA MƏNDƏN BAŞLANIR…

Hesabın dörd əməliyəm,
Mən axırın əvvəliyəm…
Göyün Yerdə təməliyəm,
Bu dünya məndən başlanır!


Daha yoxdu haqsız,haqlı,
İt də yemir sümük ağlı,
Dəyirmanın çörək nağlı,
Zəmidə dəndən başlanır!


Bu gəliş-gediş oyunu,
Səhv salıb saqqalı,yunu…
Dəvənin əyri boyunu,
Ondakı kindən başlanır!


Şərhsizdi Türkün türklüyü,
Ey bəşər,qurtar səs-küyü!
Təkin cəmdən böyüklüyü,
“Ol”dakı zənnən başlanır!


Tərəzi,bazar yekəlir,
Hər yerdən səda dikəlir,
Bu gün-dünəndən yol gəlir,
Sabah bu gündən başlanır!
05.08.2024.

SƏNİ ŞAİR-ŞAİR
GÜLLƏLƏDİLƏR…

Səni kitab-kitab oxuduq, Vətən,
Səni tarix-tarix yaza bilmədik.
Səndə sənsiz kimi doğulduq, Vətən,
Səndə qəbrimizi qaza bilmədik!


Aldın göz yaşını dərddən mükafat,
Yay oldun, özünü oxlamaq üçün.
Hər gün balta-balta itiləndi yad,
Səni meşə-meşə doğramaq üçün.


Səni sən şəklində toxumadılar,
Uçan xalçalarda sənə enmədik.
Səni alma-alma oğurladılar,
Biz keşikdə yatan Məlikməmmədik.


Mişar Araz ilə hey səs-küyünü,
Qanlı imperiyalar mişarladılar.
Tabuta qoydular bütövlüyünü,
Rus, Fars hökmüylə mismarladılar…


Axı Dədə Qorqud niyyətdəyik biz,
Milyon yaşlı səhər, axşam bizimdi.
Füzuli-Füzuli qürbətdəyik biz,
Nəsimi-Nəsimi edam bizimdi.


Biz nəyi səhv etdik, düzgün eylədik?!
Niyə yürüşünü böldürdük,Vətən?!
Səni Cavid-Cavid sürgün eylədik,
Səni Müşviq-Müşviq öldürdük, Vətən!


Səni Babək-Babək yada salmadıq,
Xətai-Xətai unutduq səni.
Niyə ağlımıza nökər olmadıq,
Niyə yaltaq-yaltaq qorxutduq səni?!


Qızılın, gümüşün, misin talandı,
Neftini sağdılar qara süd kimi.
Səbrinin üstündə ocaq qalandı,
Yadlara baş əydin Tanrı, Büt kimi.


Səni Dərbənd-Dərbənd səndən kəsdilər,
Borçalı-Borçalı yada verdilər.
Boyunu uzundan,endən kəsdilər,
Adını sınığa,çata verdilər.


Başlara qul olmaq dərsinə getdik,
Səni Təbriz-Təbriz fars aldı səndən.
Yalquzaq uladı, səsinə getdik,
Boyun Qəzvin-Qəzvin qısaldı səndən…


Leninin tacının,taxtının vaxtı,
Səni alim-alim kül elədilər.
Gördülər ki,sənsən sözün paytaxtı,
Səni şair-şair güllələdilər!!!
28.07.2023.

KƏPƏNƏK MÜNASİBƏTLƏR…

Saata bənzəyir ağ kəpənəklər,
Saat əqrəbidi qanadları da!
Saat tək işləyir, bax, kəpənəklər,
Vaxt uçur kəpənək həyatlarında!


Saat kəpənəyi qoluna bağla,
Bir də görəcəksən dayanıb saat!
Kəpənək zamanı gül üstdə haqla,
Gör ki, gül ətrndə ölüb gül həyat!


Çoxalıb kəpənək münasibətlər,
Kəpənək salamlar bir an qədərdi!
Kəpənək yaşında bu mərhəmətlər,
Qarışqa daşıyan saman qədərdi!


Gəl gedək, kəpənək dostluğu görək,
Tanıyaq kəpənək etibarı da!
Tüstüsü kəpənək bir siqaret çək,
Əylən kəpənəklər uçan sarıda…


Yağışlı, küləkli sevənlərin də,
Kəpənək-kəpənək itkiləri var!
Kəpənək ürəkli sevənlərin də,
Kəpənək ömürlü sevgiləri var!


Dilinin ucuna hörüklü vədi,
Hürküdüb qaçıran nə zirək imiş?!
Söz verən başını sözünə əydi,
Demə, verdiyi söz kəpənək imiş!
04.07.2024.