.....

.....

Aynur Haqverdinin şeirləri

Aynur Haqverdinin şeirləri

YENƏ

Yenə ağlımdan keçdin, gözləri şeir adam, 
Dəyişdi abu-havam nəfəsi ətir adam.
Sevgi mi yağır göydən islanmısan lap tamam?
İslanmaq da gözəldir, götürmə çətir, adam.

Yenə yadıma düşdün qaranlıq düşən kimi,
Yenə bir dilək tutdum ulduz sürüşən kimi.
Bəxş etdiyin fərəhlə qəlbim görüşən kimi
Hislərim dastan olur, yerişi sətir adam.

Yenə xəyalın gəlib, gözlərimdə dincəlir
Röyalar ərşə çıxır, görsə xəyalın gəlir. 
Saatın əqrəbləri ömrümün bağrın dəlir 
Vüsalı məlhəm təki özünlə gətir, adam.

SƏNİ UNUTMAQ

Səni unutmaq asan olardı 
Birgə çərpələng uçurduğumuz 
Küləklər olmasaydı.
Bir zamanlar məni bənzətdiyin
Çiçəklər olmasaydı.
Səni unutmaq asan olardı.
Sevgimizin şahidi
Günəş, Ay olmasaydı, 
Təqvimdə fəsillərdən
Ən sevimli fəslin
Yay olmasaydı.
Bahardan sonra payız gəlsəydi,
Səni unutmağa nə vardı ki?! 
Səhərlər Günəş doğmasaydı,
Axşamlar Ay çıxmasaydı
Səni unutmağa nə vardı ki?! 
Küləklər əsməsəydi,
Çiçəklər bitməsəydi…
Səni unutmağa nə vardı ki?!

ÇƏRÇİVƏDƏKİ ŞƏKİL

Çərçivədəki şəklimizin sən olan tərəfin
kəsib, təyyarə düzəldib
uçurmuşam laaap uzaqlara.
Bəlkə də, bir sevinc payı göndərmişəm
Göydə təyyarə görəndə sevinən uşaqlara.
Dağları, çayları sülənib gəzən küləklərdən
Daha istəmirəm ətrini sənin.
Səni boğulmaqdan qurtaran köpəyintək
Daha istəmirəm xətrini sənin.
Məni sularına daş atdığım
Balıqların ahı tutdu.
Amma balıqlar atdığım daşları unutdu.
Daha darıxmıram, deyim biləsən.
Otağımın pəncərəsinə
Günəş şəkli çəkmişəm.
Gecələr qorxmayım deyə.
Şəkil deyirəm…
Şəklin…
Çərçivədə yerin bomboş qalıb.
Üstəlik məzartək qaralıb.

SƏNDƏN ÖZGƏ BİRİNƏ

Gözlərimin buludlara dolmağı,
Yağışlara yağmağı öyrətdiyi
Günlərdə yazıram sənə.
Gözlərim çəkən yollarda
Səni gəzib azıram yenə.
Küləklərdən dilənirəm qoxunu.
Elə atmısan ki, zalım həsrətin oxunu.
Gündüzlərimdən günəşi, gecələrimdən ayı
parçalayıb töküb yerə.
Dualarım da çatmır ulu göylərə
Ki görəydim səni barı bir kərə.
Xatirələr xatırlanıb şeir olur, 
Gecələrim uzanıb ömür olur,
Darıxanların içdiyi su da zəhər olur.
Ağı deyir qəlb atışım,
Nakam ölən sevincimə, ümidimə.
Bu qosqoca təkliyimi
öldürtmək istəmirəm
səndən özgə birinə.